Repressiya və ədəbiyyat: hər iki məfhumun mənşəyi özgə xalqlara mənsub olsa da, lüğət xəzinəmizdə ən işlək kəlmələrdi və leksik mənası bir-birinə zidd olan şərti antonimlərdir.
Repressiya - latın kökənlidir, dövlət orqanları tərəfindən öz vətəndaşlarına qarşı tətbiq edilən cəza metodları: işgəncə, şiddət, zülm, zorakılıq, sürgün, terror, qətl və s. anlayışların sinonimi, diktatura rejimlərinin cəmiyyətdə qorxu xofu yaratmaq üçün mütəmadi müraciət etdiyi inzibati-psixoloji cəza silahıdır.
Ədəbiyyat - ərəb mənşəlidir və mənasında, məzmununda ədəb, nəzakət, nəciblik, mərifət, səmimiyyət, əxlaq, tərbiyə, mədəniyyət və s. ali-mənəvi konseptlər məcmusu, ictimai şüurun bədii təzahür formasıdır.
Repressiyanın ədəbiyyat üzərində təsiri, hökmranlığı ötəri, müvəqqəti, ədəbiyyatın repressiya üzərində tərbiyəvi-profilaktiki islah imkanları ədəbi və əbədidir. Repressiya cahillikdən, zorakılıqdan qaynaqlanır və qan, qətl ilə nəticələnir, ədəbiyyat isə ziyadan və zəkadan güc alır, mədəniyyətin, mənəviyyatın təkamülünə, tərəqqisinə təkan verir. İstiqlalına, özgürlüyünə sahib çıxmayan xalq istilaya, repressiyaya məhkumdur.
Azərbaycan xalqı da, Cümhuriyyətini, müstəqilliyini itirdikdən sonra 70 il sovet rejimi dönəmində zaman-zaman repressiv tədbirlərin ağrısını, acısını yaşamış, əzabını, məşəqqətlərini öz üzərində hiss etmişdir.
Bolşevik hərbi diktaturasının ilk işğalçı, repressiv hücumuna müstəqil Azərbaycan Cümhuriyyətinin dövlətçilik sistemi, siyasət adamları, elm, təhsil, mədəniyyət xadimləri məruz qalmışdır. Cümhuriyyətin mühüm siyasi simalarından, dövlət xadimlərindən Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli və başqaları qırmızı terrorun qurbanı olmuşlar. Cümhuriyyət Parlamenti müqavimət göstərmədən hakimiyyəti bolşevik rejiminə təhvil versə də, Məclisi-Məbusan üzvlərindən Abuzər Rzayev, Məhəmməd Bağır Şeyxzamanlı, Murtuza bəy Axundzadə, Museyib bəy Əxicanov, sabiq Duma üzvü İsmayıl xan Ziyadxanlı və digər görkəmli ziyalılar sovet rejiminin gülləsinə tuş gəlmişlər.
Gəncə Kiçik Zabitlər məktəbinin məzunu, Cümhuriyyət dövründə Tiflisdəki Azərbaycan səfirliyi yanında hərbi attaşenin xüsusi tapşırıqlar üzrə ober-zabiti, sovetləşmənin ilk illərində Azərbaycanın Ankarada hərbi attaşesi Ələsgər (bəzi sənədlərdə qısaca olaraq Əsgər - A.R.) Əsgərov-Kəngərli faktlar əsasında qələmə aldığı "Azərbaycan faciəsi" adlı memuarında Rusiya XI Ordusunun Xüsusi şöbə rəisi və Azərbaycan Fövqəladə Komissiyasının ilk sədri Semyon Pankratovun qəddarlığının, qaniçənliyinin acı nəticəsi haqqında yazırdı: "Oxucunu yormaqdan ehtiyatlansam da, bolşeviklərin Azərbaycanda ağalıqlarının birinci ilində özümə rəva bilərək şəxsən hazırladığım, yalnız öldürülmüş rütbəli hərbçilərin tam olmayan siyahısının nəticəsi: 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan, ştabs-kapitan, poruçik, 148 praporşik və digər 266 nəfər (hamısı müsəlman). ...Bütövlüklə aprel 1920-ci ildən-avqust 1921-ci ilədək Azərbaycanda 48 min insan qırmızı terrorun qurbanı olmuşdur ki, onlardan da əhəmiyyətli bir hissəsi ziyalıların payına düşür" (Ələsgər Əsgərov Kəngərli. Azərbaycan faciəsi (rus dilində) / Təqdim edəni və ön sözün müəllifi A.Rüstəmli // - Bakı, Xəzər jur., 1990, №3, s. 86-87).
Yalnız bu fakt isbatlayır ki, Azərbaycanda xalqın təhlükəsizliyinə cavabdeh orqanlar xalq üçün ən ciddi təhlükə mənbəyi olmuşdur.
I. Elm və mədəniyyət xadimlərinin repressiyası
Qırmızı terrorun qurbanı olmuş görkəmli ziyalılardan biri Azərbaycan ədəbiyyatı tarixinin banisi, görkəmli ədəbiyyatşünas-alim, maarifçi, pedaqoq, Qazax Müəllimlər Seminariyasının qurucusu və rəhbəri Firidun bəy Köçərli (1863-1920) idi. O, Qori Müəllimlər Seminariyasında işlədiyi illərdə şəriət müəllimi Mahmud Əfəndizadə ilə birlikdə "Tarixi-müqəddəs" (1899) adlı kitabın tərtibçisi, A.O.Çernyayevskinin "Vətən dili" (1908) adlı dərsliyinin redaktoru olmuş, kitabı yeni məlumat və hekayələrlə zənginləşdirmişdir.
Firidun bəy Köçərli böyük dramaturqun 100 illiyinə həsr etdiyi "Mirzə Fətəli Axundov" (1911) adlı kitabını Tiflisdə "Kultura" mətbəəsində çaplatmış, onun Azərbaycan ədəbiyyatı tarixində yerini və rolunu ədəbi meyarlara və dəyərlərə uyğun qiymətləndirmişdir. Ədib pedaqoji fəaliyyətlə, tədrislə yanaşı, həm də fədakar folklor toplayıcısı idi. Dərslərində və dərsliklərində gənclərə öyrətdiyi mövzularla bərabər xalq yaradıcılığına da xüsusi əhəmiyyət verər, folklor nümunələrindən çoxsaylı misallar gətirərdi. Onun 1912-ci ildə Bakıda "Kaspi" mətbəəsində nəşr etdirdiyi "Balalara hədiyyə" kitabında milli nağıl, hekayə, məsəl, tapmaca və müxtəlif janrlı mənzumələrə geniş yer ayrılmışdır.
Şübhəsiz ki, Firidun bəy Köçərlinin böyük əzab-əziyyətlər hesabına yazıb 1913-cü ildə tamamladığı şah əsəri "Azərbaycan ədəbiyyatı tarixi materialları"dır. Təəssüf ki, bu mötəbər tədqiqatının nəşrini görmək Firidun bəy Köçərliyə nəsib olmadı. O, 1920-ci ilin may ayında "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə" günahlandırılaraq həbs olunmuş, işğalçı XI Qırmızı ordunun 20-ci diviziyasının bölmə rəisi Libermanın qərarı və daxili işlər komissarı Həmid Sultanovun dərkənarı əsasında güllələnmişdir. Bolşevik rejiminin Azərbaycan ədəbiyyatına açdığı ilk atəş Firidun bəy Köçərliyə və onun "Ədəbiyyat tarixi"nə dəymiş, müəllifi xilas etmək mümkün olmasa da, əsər "milli ruhlu loğman"larımız tərəfindən həyata qaytarılmışdır.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Tarix-Etnoqrafiya seksiyasının 1923-cü il noyabr tarixli iclasında Ə.B.Haqverdiyevin təşəbbüsü ilə "Firidun bəy Köçərlinin Azərbaycan türklərinin ədəbiyyatı" ilə bağlı əlyazmalarının təhvil alınması məsələsi Xalq Maarif Komissarlığı qarşısında rəsmi şəkildə qaldırılmış, "Azərbaycan ədəbiyyatı tarixi materialları" müəllifin həyat yoldaşı Badisəba xanım Köçərlidən (1881-1954) alınaraq ATTC-də çapa hazırlanmışdır. Əsər dörd müstəqil hissədən ibarət (ümumi həcmi 1475 s.) olmaqla 1925-1926-cı illərdə yayımlanmış və Birinci Türkoloji Qurultayın nümayəndələrinə paylanmışdır.
Cümhuriyyətin işğalının ilk günlərində qırmızı terrora məruz qalan tanınmış ziyalılardan biri də Gəncədə yaşayıb-yaradan görkəmli maarif xadimi, folklorşünas, pedaqoq Mirzə Abbas Abbaszadə (1870-1920) idi. O, təhsil sahəsində 25 ildən çox fəaliyyət göstərmiş, neçə-neçə nəsillərin maariflənməsində, milli ruhlu gənclərin yetişməsində əmək sərf etmişdir.
Gəncə Mədrəsəsinin müəllimi Mirzə Abbas Abbaszadənin ikinci sinif üçün "Şəriət dərsi" adlı ilk kitabı 1910-cu ildə, həmin dərsliyin təkmilləşdirilmiş versiyası Hacı Həsənzadə qardaşları mətbəəsində 1912-ci ildə nəşr olunmuşdur. O, Gəncə şəhər məktəbində türk dili müəllimi işlədiyi vaxtlarda "Birinci il. Türk əlifbası" (1913) dərsliyini Bakıda "Kaspi" mətbəəsində çap etdirir.
Mirzə Abbas həm də folklorşünas və ağız ədəbiyyatının toplayıcısı idi. Onun bayatı, haxışta, layla, qayınana-gəlin sözləri və sevgi şeirlərindən ibarət "Arvad ağısı" (1914) toplusu dövrünün ən çox oxunan və sevilən kitablarındandır və 1918-ci ildə Qafur Rəşad Mirzəzadənin naşirliyi ilə yenidən çap olunmuşdur.
Gəncə şəhərində 1919-cu ilin may ayında Mirzə Abbas Abbaszadənin pedaqoji fəaliyyətinin 25 illiyi təntənəli şəraitdə qeyd olunmuş, Bakıdan Ağababa İsrafilbəyzadə, Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo bəy Cəbrayılbəyli, Rəşid bəy Əfəndizadə, Ağaəli Qasımzadə və b. ziyalıların üzv olduğu Türk Müəllimlər İttifaqının təbriki yubilyara ünvanlanmışdır. Təbrikdə yazılmışdı: "...milli müəllimimiz Mirzə Abbas Abbaszadə cənablarının 25 sənəlik xidmətini təqdir edərək, göstərdiyi fədakarlıqlardan dolayı saf bir türk qəlbi ilə alqışlar və təbrik edər" (Müəllimlər İttifaqında. Azərbaycan qəz., / - Bakı: ADA Universitetinin nəşri. 2023, VIII cild, s.346).
Fədakar ziyalı, folklorşünas, istedadlı pedaqoq Mirzə Abbas Abbaszadə peqaqoji fəaliyyətinin 25 illik yubileyindən bir il sonra - 1920-ci ilin may ayında S.Pankratovun cəlladları tərəfindən evinin giriş qapısına çağrılaraq məhkəməsiz, sorğu-sualsız vəhşicəsinə güllələnmişdir.
Semyon Pankratovun birbaşa göstərişi ilə XI Ordunun Xüsusi Şöbəsinin növbəti repressiv hücumu parlament müstəvisində Müsavata müxalifətdə dayanan və Məclisi-Məbusanda 13 deputatla ikinci fraksiya hesab edilən "İttihad" firqəsini hədəfə alındı. Partiyanın rəhbəri Qara bəy Qarabəyovun qara günləri başladı. Buna əsas səbəb Mir Yaqub Mehdinin Parisdən partiya sədrinə göndərdiyi xəbərdarlıq məktubu olmuşdur. Mir Yaqub Qara bəyə ünvanladığı müraciətində yazırdı: "Sizin partiya əqidəniz, meyliniz və əlaqələriniz barədə nə desələr də, bir şeyi həmişə yadda saxlamağı dönə-dönə xahiş edirik - Azərbaycan xalqının rifahı və onun müstəqilliyi naminə yorulmadan daim gərgin fəaliyyətiniz sizin vahid həyat amalınız olmalıdır" (Ziya Bünyadov. Qırmızı terror. - Bakı: Azərnəşr, - 1993, s.17 (332).
M.Y.Mehdinin firqədaşlarına göndərdiyi məktub gecikmişdi. 1920-ci ilin iyulunda Cümhuriyyət Parlamentinin "İttihad" fraksiyasının sabiq üzvlərindən doktor Cəmil bəy Lənbəranski, Bəhram bəy Vəzirov, Məhəmməd Həsən Həsənov və b. 155 nəfər ittihama cəlb edildi. İttihadçılar üçün açılmış 20201 nömrəli cinayət işinin həcmi 1800 səhifəyə yaxındır. Doktor Qara bəy Qarabəyov yalnız 1920-ci il 4 sentyabr tarixində Az.FK tərəfindən həbs olundu və məsləkdaşları doktor Cəmil bəy Lənbəranski, Məhəmməd Həsən Həsənov, Əli bəy Aşurbəyov və b. Moskvadakı Butırski həbsxanasına göndərilmişdir.
"İttihad" firqəsi sovet rejiminə qarşı silahlı üsyan qaldırmaqda günahlandırılırdı. 1921-ci il yanvar ayının 25-də Rusiya XI Ordusu Xüsusi şöbəsinin rəisi S.A.Pankratov, Fəal hissənin rəisi Aşukin və baş hərbi müstəntiq Qubinin birgə qərarı bəlli oldu. Yazıçı-dramaturq, Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun üçlüyün qərarına müdaxiləsindən sonra tanınmış maarifçi Bəşir bəy Aşurbəyov zaminə götürülmüş və 110 nəfər ittihadçı həbsdən azad edilmişdir. İttiham olunan ziyalılardan və firqə üzvlərindən yalnız 41 nəfər 5 il müddətinə, aministiya hüququ verilmədən Rusiyanın Xolmoqor, Ryazan, Nijni Novqorod şəhərlərindəki ölüm düşərgələrinə göndərilmişdir.
Azərbaycan ziyalılarının müəyyən bir qrupu öz vətənlərində digər dövlətin xüsusi orqanları tərəfindən zorakılıqla həbs edilib, mühakimə olunmuş və cəza çəkmək üçün uzaq Solovkiyə - "buzlu cəhənnəm"ə yola salınmışdır. Bu fakt sovetləşmənin ilk illərindən Azərbaycanda dövlət müstəqilliyinin və insan haqlarının mövcud və acınacaqlı vəziyyətini qabardan, diqqətə çatdıran çoxsaylı nümunələrdən biridir.
lll
Sıralarında ədəbiyyat və mədəniyyət xadimlərini, mətbuat işçilərini birləşdirən Müsavat firqəsi dövlət qurumlarının, siyasi idarələrin qərarı ilə qadağan edilsə də, bu partiya Mirzə Bala Məhəmmədzadənin rəhbərliyi ilə gizli, qeyri-leqal fəaliyyət yolunu seçmişdir. Özlərini "Sol Müsavatçılar", "Milli İstiqlal hərəkatı" adlandıran bu təşkilatın baş katibi vəzifəsinə görkəmli dramaturq, yazıçı, şair Cəfər Cabbarlı, sədr müavinliyinə isə mühərrir, publisist Əbdül Vahab Yurdsevər təyin edilmişdir. Konspirativ fəaliyyət göstərən "Milli İstiqlal hərəkatı" 1920-1923-cü illərdə ölkə daxilində və xaricində təşkilatlanmış, həbs olunan üzvlərinin ailələri üçün yardım fondu yaratmış, gizli mətbəə təşkil olunmuş və hətta "İstiqlal" qəzetinin 19 nömrəsini hazırlayıb buraxmışlar.
Zaqafqaziya Fövqəladə Komissiyasının sədr əvəzi S.A.Pankratovun göstərişi ilə Azərbaycan FK-nın Agentura şöbəsinə gizli Müsavatın rəhbərləri Mirzə Balanın, Cəfər Cabbarlının və Əbdül Vahabın fəaliyyəti və əlaqələri üzərində nəzarəti artırmaq barədə (331/150/393 saylı sənəd) xüsusi tapşırıq verilmişdir. 1923-cü il iyunun 14-dən 15-nə keçən gecə 15 nəfər tanınmış ziyalı, ictimai-siyasi xadim, ədib, jurnalist həbs olunmuşdur. İttiham edilənlərin sırasında Əbdül Vahab Məhəmmədzadə, Məmməd Sadıq Quluzadə, Cəfər Cabbarlı, Seyid Hüseyn Sadıq, Novruz Ağazadə, Rəhim Vəkilov, Kərbəlayi Vəli Mikayılzadə, Həmid Qarayev, Nəriman bəy Nəriman-bəyli, Əli Əfsər Nəcəfzadə, Məhəmməd Sadıq Axundzadə, Əli Əkbər Süleymanzadə kimi mübariz istiqlal mücahidləri, gənc vətənpərvər və millətsevər ziyalılar vardı. Həbslər gecə keçirildiyindən ictimaiyyət çekistlərin məxfi əməliyyatlarından xəbərsiz olmusdur.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin peşəkar stenoqrafçıları olan Cəfər Cabbarlının və Seyid Hüseynin Az.FK tərəfindən həbs olunduğu Azərbaycan Şura Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğluna yalnız üç gündən sonra məlum oldu. MİK-in Üçüncü plenumunun iclasları iyunun 16-dək davam etdirilsə də, stenoqrafik hesabatlar yalnız 13 iyun gündüz iclaslarının materialları da daxil olmaqla qəzetlərdə çap edildi. Mətbuatda iyunun 16-da keçirilən plenumun materialları əvəzinə oxuculara bir cümlə informasiya verilirdi: "Həziranın (iyunun - A.R.) 16-da Azərbaycan Şura Mərkəzi İcraiyyə Komitəsinin 3-cü plenumun iclası Torpaq qanun məcəlləsini, Ümumazərbaycan qanun məcəlləsini və Naxçıvan ölkəsinin Azərbaycana mülhəq olmaq (birləşdirmək - A.R.) qanun layihəsini qəbul edib. Qapandı" (Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 2-ci qurultayı 3-cü plenumunun iclası. - Bakı: Kommunist qəzeti, - 1923, 18 iyun, № 136).
Yalnız plenum qapandıqdan sonra MİK-in rəhbərliyi "itkin düşmüş" əməkdaşlarını və 14 iyun 1923-cü il iclasının stenoqrafik hesabatını aramalı oldu. Axtarış uzun sürmədi. MİK-in stenoqrafçılarının səsi Az.FK-nın zindanlarından gəlirdi. Azərbaycan Şura Mərkəzi İcraiyyə Komitəsinin Xüsusi şöbəyə və FK-ya ünvanladığı 17 iyun 1923-cü il tarixli, 240 saylı müraciətində yazılırdı: "Tamamilə məxfi. Azərbaycan Respublikasının Xüsusi şöbəsinə, surəti Az.FK-ya.
Az.MİK-də olan məlumata əsasən Sizin həbs etdiyiniz vət. Seyid Hüseyn Sadıxov və Cəfər Cabbarlı MİK-in 3-cü sessiyasının stenoqrafik hesabatını aparırdılar və tutularkən hesabat onlarda idi.
Hesabatın Az.MİK-ə verilməsi zəruriliyini vacib sayaraq 18 iyun 1923-cü il saat 12-dən gec olmayaraq hesabatın onlardan alınıb Az.MİK-ə təqdim olunması üçün təcili sərəncam verməyinizi Sizdən xahiş edirəm.
Az.MİK-in Rəyasət Heyətinin üzvü və katibi M.Xanbudaqov" (Tamamilə məxfi. AR MTN. Arxiv № 519, Qeydiyyat-statistika hissəsi, iş № 449).
Az.MİK-in müraciətinə Az.FK-nın sədr müavini Qaber-Korn operativ reaksiya verdi. Məktubun yol. Şahverdiyana göndərilən 17 iyun tarixli dərkənarında yazılırdı ki, sübutlar məhz bu gün istintaqdan götürülməli və qaytarılmalı. Məxfi şöbədə 1442 №-si ilə qeydə alınan məktub icra üçün Zaqafqaziya FK-sının Bakıdakı müstəntiqi, C.Cabbarlının istintaqını aparan Valik və Loqinova göndərildi. Ertəsi gün, iyunun 18-də Mərkəzi İcraiyyə Komitəsinə göndərilən 12 vərəqəlik stenoqrafik hesabata əlavə edilmiş məktubda yazılırdı: "Az.MİK-ə. Sizin 17 iyun 1923-cü il tarixli, 240 saylı müraciətinizə əsasən Az.MİK-in 3-cü sessiyasının türk dilində stenoqrafik hesabatı göndərilir. Əlavə: 12 vərəq. Az.FK-ının sədr müavini Qaber-Korn, Məxfi İqtisadi şöbənin rəisi Jurba. 18/V1-23" (AR MTN. Arxiv № 519, Qeydiyyat-statistika hissəsi, iş № 449).
Bu sənədin özü təsdiqləyir ki, FK əməkdaşları və XI Qırmızı Ordunun Xüsusi Şöbəsinin hərbçiləri elm, təhsil, ədəbiyyat, mədəniyyət, incəsənət adamlarını, ictimai-siyasi xadimləri həbs edərkən, mənzilləri axtarıb qiymətli əlyazmaları, sənədləri müsadirə edərkən protokola "Heç nə aşkar edilmədi" yazıb sahibinə qol çəkdirsələr də, əslində millətə və mədəniyyətə ciddi zərbə vuran qarətçilik və talançılıq aksiyasını həyata keçirirdilər. Axtarış zamanı aparılan əlyazmaların siyasi mahiyyət kəsb etmədiyi məlum olandan sonra da onlar sahibinə geri qaytarılmırdı. Cəfər Cabbarlının "Bakı müharibəsi", "Araz çayı" pyeslərinin, onlarla lirik, satirik şeirlərinin, hekayələrinin günümüzə gəlib çatmaması bu barbarlığın təəssüfdoğurucu nəticəsidir. Heyiflər olsun ki, Cümhuriyyətin süqutundan sonra Azərbaycan xalqına qarşı "xüsusi idarə"lərin, "Çeka"ların təməlini qoyduğu dəhşətli mənəvi terror ənənəsi uzun onilliklər inkişaf etdirilmiş və təkmilləşdirilmişdir.
lll
"İstiqlal" mətbəəsinə səyyar mətbəə də demək olar. Çünki fəaliyyət göstərdiyi iki ildən çox müddət ərzində təqib və izləmələrdən yayınmaq üçün dörd dəfə ünvanını dəyişmək məcburiyyətində qalmışdır. 1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə qəfil başlanan və bir aydan çox davam edən kütləvi həbslər zamanı saxlanan 20 nəfər azadlıq mübarizləri bunlardır: 1. Əbdül Vahab Məhəmmədzadə, 2. Cəfər Cabbarlı, 3. Rəhim bəy Vəkilov, 4. Kərbəlayi Vəli Mikayılov, 5. Əsədulla Məmmədov, 6. Ağa Məmməd İbrahimov, 7.Novruz Ağayev, 8. Qurban Musazadə, 9. Ağa Səlim Rəhimov, 10. Əli Abbas Əliyev, 11. Əli Həsən Babayev, 12. Məmməd Kərim Kərimov, 13. Əbdül Rəhman Əbdülov (təxəllüsü Dai - A.R.), 14. Yusif Nəsib Məşədi Əliş oğlu İsmayılov, 15. Nəsrulla İsrafilov, 16.Məşədi İslamov, 17. Salman Rəhimov, 18. Hacı Baba Cəbiyev, 19. Ağa Kərim Əliyev, 20. Mürsəlqulu İmanov.
Adları çəkilən şəxslər dövrünün tanınmış ziyalıları, ədibləri, mühərrirləri, mətbuat nümayəndələri və vətənpərvər qüvvələr idi.
Gizli "İstiqlal" mətbəəsinin aşkarlanması ilə bağlı axtarış və həbslər üçün Az.FK Protokolunun nəticə hissəsinin 8-ci bəndində yazılır: "5 oktyabr 1923-cü ildə Bakı Milisinin 3-cü rayonuna Ağa Saleh Xəlil oğlu ərizə ilə müraciət etmiş, axtarış nəticəsində Müsavatın gizli mətbəəsi aşkar edilmişdir" (AR MTN Arxiv - PR-20002, iş-25693, vərəq 3.).
Araşdırma zamanı məlum oldu ki, müstəntiq Avlasyeviç 1923-cü il 13 oktyabr tarixində Ağa Saleh Xəlil oğlunu şahid qismində Az.FK-ya dəvət etmiş, ondan izahat almışdır. Məlum olmuşdur ki, 26 yaşlı Ağa Saleh Cümhuriyyət dövründə və ondan əvvəl fəhlə işləmiş, sovet rejimi zamanı bir müddət milisioner, milisdən qovulduqdan sonra isə işsizdir. Küçədə tütün alveri ilə məşğul olur. Ağa Saleh Xəlil oğlu müstəntiqə verdiyi izahatında yazmışdır: "Bir neçə dəfə gördüm ki, Novruz Ağayev küçədə Hacı Baba Cəbiyevlə görüşüb danışır. İndi gizli mətbəə yerləşən evin sahibi Hacı Baba Cəbiyevi tapmaq, gizləndiyi yeri bilmək üçün Novruz Ağayevdən soruşmaq olar.
Sual: Novruz Ağayevin əlamətlərini yazın.
Cavab: Novruz Ağayev uca boylu, yaşı təxminən 46-50 olar" (AR MTN Arxiv - PR-19892, Novruz Ağa oğlu Ağayev, İş-25697, vərəq 9).
Həbs olunan 20 nəfər istiqlalçının hər birinə müstəntiqin ilk sualı belə idi: Mirzə Balanı, onun qohumlarını tanıyırsanmı? Axırıncı dəfə onunla nə vaxt və harada görüşmüsən? Mirzə Bala harada yaşayırdı?
Mirzə Balanın Azərbaycanda olmadığını bilən istiqlalçılar bu suallara səmimi cavab versələr də, amansız işgəncələrə məruz qalırdılır. Müstəntiqlər istədiklərinə nail ola bilməyəndə heç protokol da tərtib etmirdilər. Bəzən məhbusların istintaqa verdiyi ifadələr bu cümlələrlə başlayırdı: "Əvvəllər istintaqa yayğın ifadələr vermişəm. Xəbərdarlığı nəzərə alaraq səmimi ifadə verməyə hazıram". Bu cümlələrdən sonra müstəntiqlər məhbuslara istədikləri fikirlərə qol çəkdirirdilər. Bu cümlələrə qədər isə yol qeyri-insani işgəncə üsullarından, psixoloji terrordan, mənəvi sarsıntılardan, təzyiq vasitələrindən keçirdi.
Həmkarının gözləri qarşısında baş verən vandal və barbar cəza üsullarını iqrar edən, təsdiqləyən, "Qırmızı terror"un ilk illərində Azərbaycan Milli Qurtuluş hərəkatının başında dayanan Mirzə Bala Məhəmmədzadə dostu Cəfər Cabbarlının vəfatının üçüncü ildönümü münasibətilə ağır və məşəqqətli 1923-cü il hadisələrini yada salaraq yazırdı: "1923 Cəfərin həyatında mühüm bir yer tutur. İstila və vəhşət rejiminə qarşı gizli çalışan Cəfər bu il digər müsavatçı arkadaşları ilə yaxalanmış və çeka bodrumunda aylarca ən ağır işgəncələrə məruz tutulmuşdur" (Mirza-Bala. Cafer Cabarlı: Vefatının 3-cü yıl dönümü münasebetilə. Berlin, "Kurtuluş" aylık mecmua, 1938, Son kanun (yanuar) №39, səh.17).
Birinci həbsdə olduğu kimi, ikinci həbsdən sonra da Az.FK əməkdaşlarının yalanının üstünün açılması özünü çox gözlətmədi. C.Cabbarlının mənzilini ələk-fələk edərək 5 oktyabr 1923-cü il tarixli protokolunda "Axtarış zamanı tapıldı və müsadirə edildi" qrafasının qarşısında rus dilində - "Ni çeqo ne obnarujeno" (Heç nə aşkar edilmədi - A.R.) sözlərini yazanların Xalq Maarif Komissarı Tağı Şahbazinin və katib O.Cəlalbəyovun imzası ilə iki dildə (Azərbaycan və rus dillərində - A.R.) yazılmış, "Gizlin" qrifli həyəcan dolu məktubu ilə saxtakarlığı üzə çıxdı. Məxfi məktubda yazılırdı: "Gizlin. Azərbaycan Fövqəladə Komissiyonuna. Cabbarzadə həbs olunan zaman onda olan cümlə məktubələr, əz an cümlə məktubələr arasında bulunan "Qız qalası" əfsanəsi də alınmışdır. Həmin "Qız qalası" əfsanəsini Xəlq Məarif Komissarlığı kəndi parası ilə alaraq birinci hissəsi Məarif Komissarlığı tərəfindən nəşr olunan "Məarif və mədəniyyət" jurnalında təb olunmuşdur. İkinci hissəsi isə müəllifə verilmişdir ki, baxsun və jurnalın növbəti nömrəsində nəşr ediləcək idi.
Cabbarzadənin məktubələrinin arasında bulunan "Qız qalası" əfsanəsinin istisna edilərək Xəlq Məarif Komissarlığına verilməsinə dair qərardad edilməsi rica olunur. Xəlq Məarif Komissarı T.Şahbazi, katib O.Cəlalbəyov" (AR MTN. Arxiv № PS. 1008, Cəfər Cabbarzadənin işi üzrə, St. Qeyd. № 3845.İş № 791, vərəq 8).
Məktub məxfi şöbədə "8.X.23" tarixində 2697 nömrəsi ilə qeydə alınmış, icra edilməsi üçün Az.FK-nın Məxfi şöbəsinin səlahiyyətlisi Daad Məmmədə ünvanlanmışdır. Daad M. isə tapşırığı dərhal yerinə yetirmiş, yəni "Qız qalası" poemasının müsadirə edilmiş əlyazmasını "tapıb" üzə çıxararaq Maarif Komissarlığına göndərmiş, məktuba isə dərkənar qoyaraq onu Cəfər Cabbarzadənin sənədlər qovluğuna daxil etmək göstərişini vermişdir.
Ağa Səlim Rəhimov Az.FK-nın kamerasında uzunmüddətli və qeyri-insani metodlarla həyata keçirilən əzab və işgəncələrdən sonra 1923-cü ilin dekabrın 9-da istintaqa verdiyi ifadəsində "İstiqlal" qəzetini hansı çətinliklər hesabına nəşr etdiklərindən yazırdı.
"İstiqlal"ın 19-cu nömrəsində iki mövzu xüsusi aktuallıq kəsb edirdi. Bunlardan biri Dağlıq Qarabağda yaşayan ermənilərə muxtariyyət verilməsinə həsr olunmuş intibahnamə idi. Mirzə Balanın Heyəti-Mərkəziyyə adından verdiyi sərt bəyanatda Dağlıq Qarabağ muxtariyyətinin təsisi Azəri-türk xalqına qarşı bolşeviklərin törətdiyi misilsiz xəyanət və cinayət kimi qiymətləndirilmişdir. İkincisi, "Fond" məqaləsinin gündəmə gətirdiyi əsas məsələ İstiqlal Komitəsinin maliyyə probleminin günü-gündən ağırlaşan vəziyyətinə çarə aramaq, yardım fondu yaratmaqdan ibarət idi. Üzvlük haqlarından və ianələrdən ayda toplanılan 220-230 manatdan aclıq keçirən məhbuslara və ailələrinə, M.Ə.Rəsulzadənin xanımı Ümbülbanudan tutmuş sonuncu həbs olunan istiqlalçının ailəsinə qədər 10-70 manat miqdarında yardım olunurdu.
"İstiqlal"ın sonuncu - 19-cu sayını çap edən Ağa Səlim Rəhimovu və Qurban Musazadəni "iş başında" yaxalayaraq onların qollarını qandallamış, qəzetin bütün nüsxələrini isə müsadirə etmişlər.
Az.FK-nın müstəntiqlərinə 12 dekabr 1923-cü il tarixində ifadə verən "Gənc işçi" qəzetinin məsul katibi, şair, 25 yaşlı Əbdül Rəhman Dai yazırdı: "Mən, gizli Müsavat partiyasının üzvü Salman Rəhimovun mənzilində çap üçün şrift yığmışam. İlk dəfə 1921-ci ilin yayında və bütün ilboyu yığmışam. 1922-ci ildə bir dəfə, 1923-cü ildə dörd dəfə; ilin əvvəlində 1 bəyannamə, 27 aprelə aid yığmışam, son ikisini unutmuşam. Bəyannamələr Sovet hökumətinin əleyhinə, Azərbaycanda bolşevik hökumətinin devrilməsinə çağırış idi" (AR MTN. Arxiv № Pr. 20007, Ağa Səlim Rəhimovun işi üzrə memorandum, İş № 2698, vərəq 58).
Birləşmiş Dövlət Siyasi İdarəsinin Kollegiyası yanında Xüsusi Şuranın 25 aprel 1924-cü il tarixli qərarı ilə Əli Abbas Əliyev, Cəfər Cabbarlı və Mürsəlqulu İmanov istisna olunmaqla (1-ci Petrovski şəhərinə qaça bilmiş, 2-ci və 3-cünün günahsızlığı sübuta yetirilmişdir - A.R.) əksər istiqlal mücahidləri 2-3 il müddətinə Ağ dənizdəki Solovki ölüm düşərgəsinə, sürgün edilmişdir. Rəhim bəy Vəkilov üç illik sürgündən yalnız 10 ildən sonra, 1934-cü ildə qayıda bilmiş, yenidən təqib olunduğu üçün Tiflisdə intihar etmişdir. Ağa Səlim Rəhimov, Ağa Kərim Əliyev sürgündən salamat qayıtsalar da, yenidən gizli fəaliyyəti davam etdirdiklərinə görə Az.FK tərəfindən yenidən tutulub güllələnmişlər. Əbdül Vahab Məhəmmədzadə və Kərbəlayi Vəli Mikayılzadənin sürgün müddətləri dəfələrlə artırılmış, beləliklə, onlar 1932-ci ildə azad olunaraq Türküstana, oradan da İrana keçərək FK təqiblərindən xilas ola bilmişlər. Hacı Baba Cəbiyev, Qurban Musazadə, Məşədi İslamov və Salman Rəhimov 1926-cı ilin oktyabrın 22-də sürgündən buraxılsalar da, vətəndə daima təqib olunmuşlar.
Beləliklə, Milli İstiqlal hərəkatının rəhbərliyi və üzvləri ictimai, siyasi, hərbi, mədəni sahələrdə işğala, terrora, zorakılığa, talançılığa, ayrı-seçkiliyə, özbaşınalığa qarşı mübarizə aparmaqla xalqın milli mənliyinin, məğrurluğunun, adət-ənənələrinin, mənəvi dəyərlərinin keşiyində cəsarətlə dayanırdılar. "İstiqlal" qəzetinin və eyniadlı mətbəənin bolşevik rejiminin sərtləşdiyi dövrdə səmərəli və ardıcıl fəaliyyəti Azərbaycan xalqına, ədəbiyyatına və mədəniyyətinə baş ucalığı gətirən, müstəqil ölkəmizin hər bir vətəndaşında fəxarət duyğusu yaşadan, keçməkeşli tariximizdə və taleyimizdə danılmaz qürurlandırıcı faktdır.
Ardı
Hənəfi Baba oğlunun 20 yaşında dostuna yazdığı bu məktub onun geniş dünyagörüşlü, milli ruhlu bir gənc olduğunu təsdiqləyir.
Təəssüf ki, 1917-ci il fevral hadisələri ilə əlaqədar H.Zeynallının Moskvada Bauman adına Texniki məktəbdə təhsili yarımçıq qalır. O, 1919-cu ildə bolşeviklər partiyasına daxil olur. 1923-cü ildə Azərnəşri yaradanlardan biri olur və uzun müddət burada müxtəlif vəzifələrdə çalışır. 1922-1927-ci illərdə ADU-da təhsil alır. Prof.B.Çobanzadənin rəhbərliyi ilə Türk ədəbiyyatı tarixi və türkologiya sahəsində çalışır. ADU-nun Şərq fakültəsində və Ali Pedaqoji İnstitutda Azərbaycan ədəbiyyatını tədris edir, dosent elmi adı (1930) alır, Azərnəşrdə baş redaktor işləyir.
İlk ədəbi-tənqidi məqalələri S.S.Axundovun "Laçın yuvası" (1923), H.Cavidin "Maral" (1923), "Şeyda" (1923) əsərlərinin təhlilinə həsr olunub. Folklor mövzusunda yazdığı məqalə və kitablarından "Folklor nədir?" (1926), "Azərbaycan atalar sözləri və məsəlləri" (1926), "Azər-baycan folklorunun klassifikasiyası"(1928), "Azərbaycan tapmacaları" (1928), "Azərbaycan türk mahnıları haqqında" (1927), "Ədəbiyyat dərsləri", "Ədəbiyyat müntəxabatı" və b. əsərləri geniş oxucu auditoriyasının diqqətini cəlb etmişdir (Hənəfi Zeynallının elmi əsərlərinin siyahısı. AMEA RH Elmi irs, Fond-39, s.v.-71a, qutu-4).
Dil və Ədəbiyyat İnstitutunun ilk elmi katibi vəzifəsinə seçilmişdir. H.B.Zeynallı EA Azərbaycan Filialı Rəyasət Heyətinin 1936-cı il 7 dekabr tarixli qərarına əsasən 13 dekabr tarixli 124 saylı əmri ilə Akademiya yanında Baş ədəbiyyat idarəsinin (Qlavlit) səlahiyyətli nümayəndəsi təyin edilir.
Bu vaxta qədər isə o, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, elmi katib, Ədəbiyyat şöbəsinin rəhbəri, Folklor və ədəbiyyat sektorunun müdiri vəzifələrini paralel icra edirdi. Lakin ona dövlət sirrinin mühafizəsi istiqamətində göstərilən bu böyük etimadın müddəti çox çəkmir. Akademiyanın Rəyasət Heyəti özünün nüfuzlu alimini və Baş ədəbiyyat idarəsi üzrə səlahiyyətli nümayəndəsini əsassız böhtandan müdafiə etmək əvəzinə 1937-ci il 31 yanvar (protokol № 3) tarixli qərarı ilə İnstitutun Hənəfi Zeynallı haqqında beş gün əvvəl verilmiş ədalətsiz və əsassız əmrini təsdiqləmişdir.
O, 28 yanvar 1937-ci ildə həbs olunmuş, 29-31 yanvar tarixli istintaq prosesində "millətçi, əksinqilabçı" İsmayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Atababa Musaxanlı, Əliabbas Müznib, Böyükağa Talıblı, Əli Nazim, Vəli Xuluflu, Salman Müm-taz, Həsən İmanov, Əhməd Hacınski, Əhməd Triniç, Xəlil İbrahim və b. ilə sıx əlaqədə olduğuna görə ittiham edilirdi (Ziya Bünyadov. Hənəfi Baba oğlu Zeynallı / Qırmızı terror - Bakı: Azərnəşr - 1993, s. 82).
İlk vaxtlar absurd, əsassız ittihamları ciddi-cəhdlərlə rədd etsə də, təzyiq və qeyri-insani işgəncələrdən sonra fevralın 9-dan başlayaraq "etiraflar" etmiş, əksinqilabi təşkilata Ticarət İnstitutunun müəllimi Hacı Kərim Sanılını, yazıçı Cahanbaxışı, aspirant Həmid Araslını cəlb etməsi barədə məlumat vermişdir.
Hənəfi Zeynallıya "millətçi, əksinqilabçı" damğalarını vurmağı müstəntiq az hesab etmiş, ona işgəncələr vermək yolu ilə yeni-yeni cinayətlərin "etirafına" nail olmuşdur. Müttəhimin izahatlarından aydınlaşır ki, o, Azərbaycanın SSRİ-dən ayrılıb İran Azərbaycanı ilə birləşməsinin tərəfdarı olan Nərimanovçular qrupunun fəal üzvlərindəndir.
1937-ci ilin fevralında EA-nın Azərbaycan Filialında Ruhulla Axundovun rəhbərliyi ilə yaradılmış əksinqilabi təşkilatın üzvü olduğu "isbatlanmış", may ayında respublikada çevrilişə cəhddə günahlandırılmış, iyun ayında neft sənayesinə təxribatçılıqda təqsirli bilinmiş, sentyabrda terrorçuluğu dəstəkləyərək Lavrenti Beriya və Mir Cəfər Bağırova qarşı terror aktlarından xəbərdar olduğu, elm cəbhəsində ziyankar işlər gördüyü, dərsliklərin buraxılışına maneçilik törətdiyi, M.F.Axundzadənin əsərlərinin və "Molla Nəsrəddin"in nəşrini saxtalasdırdığı, "Koroğlu" dastanının materiallarını toplamaqla Azərbaycanın müstəqilliyi uğrunda mübarizə "ideyasını" qabartmağa çalışması "istintaq materialları" və müttəhimin "etirafları" ilə təsdiqlənmişdir.
Hənəfi Zeynallıya açılmış "İstintaq işi" 1937-ci il sentyabrın 20-də başa çatdırılmış, oktyabrın 11-də Ali Məhkəmənin Kollegiyası qərara almışdır ki, H.Zeynallının istintaq işi məhkəməyə təhvil verilsin və iclasda işə müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxılsın.
Beləliklə, oktyabrın 12-də Ali Məhkəmənin Hərbi Kollegiyası Səyyar Sessiyasında Matuleviç, Zaryanov və Jiqur üçlüyünün qərarı ilə Hənəfi Baba oğlu Zeynallı əksinqilabçılıqda, millətçilikdə günahlandırılaraq 15 dəqiqəlik iclasda ən ağır cəzaya - güllələnməyə məhkum edilmişdir.
İclasda Hənəfi Zeynallı özünü müdafiə məqsədilə bir cümlə işlətmişdir: "Özümü tam günahkar hesab edirəm, təslim oluram və mərhəmət diləyirəm".
Məhkəmənin hökmü ən təhlükəli (residivist) cinayətkarlara belə tətbiq edilməyən sürətlə, tələm-tələsik, bir neçə saatdan sonra - 13 oktyabr 1937-ci ildə Bakıda icra olunmuşdur.
Hənəfi Zeynallının həyat yoldaşı Səyyarə Şərifova 6 aprel 1955-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinə müraciət edərək ərinin cinayət işinə yenidən baxılması barədə müraciət etmişdir.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 30 mart 1957-ci ildə Hənəfi Baba oğlu Zeynallının istintaq işində cinayət tərkibi olmadığına görə ona bəraət vermişdir.
lll
Siyasi repressiyaların ilk günlərindən EA Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutunda nizamnamə qaydalarının, insan hüquqlarının kobud şəkildə pozulmasına ilk növbədə yuxarı dairələr tərəfindən rəvac verilirdi. İnstitutun direktoru, professor A.R.Zifeldt 1937-ci il 27 yanvar tarixli 6 saylı əmri ilə Hənəfi Zeynallını institutun elmi katibi vəzifəsindən azad etdikdən sonra onun yerinə Abdulla Tağızadəni, Ədəbiyyat şöbəsinin rəhbəri vəzifəsinə isə elmi işçi Həbibulla Səmədzadəni təyin etmişdir. Əmrdə möhürün mürəkkəbi qurumamış, vəzifələrə yeni təyinat alanların təbəssümləri çöhrələrindən çəkilməmiş siyasi ab-hava çox sürətlə dəyişmiş, hüquq-mühafizə orqanlarının təpkisi və təzyiqi ilə prof.A.R.Zifeldt-Simumyaqi faktiki olaraq bir gündən sonra - yanvarın 28-də eyni ştatlarla əlaqədar təkrar əmr imzalamaq məcburiyyətində qalmışdır. Direktor bir gün əvvəl vəzifəyə qoyduğu Abdulla Tağızadəni və Həbibulla Səmədzadəni heç bir səbəb göstərmədən, hüquqi cəhətdən əsaslandırmadan işdən çıxarmış, həbs edilmələri üçün bütün maneələri aradan qaldırmalı olmusdur. O, yeni əmri ilə Zinətşah Teymurşah oğlu Zakirovu Ədəbiyyat şöbəsinin rəhbəri, Folklor və ədəbiyyat sektorunun müdiri təyin edir. Şübhəsiz ki, bu təsadüfi təyinatlar müvəqqəti xarakter daşıyırdı və əmri imzalayanların özlərinin, hətta onlara havadarlıq edənlərin taleyi sabah baş verəcək ən dəhşətli repressiya burulğanlarından sığortalanmamışdır.
1934-cü ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan Şöbəsi Ədəbiyyat Sektoruna rəhbərlik etmiş yazıçı, ictimai xadim, elm təşkilatçısı Böyükağa Mir Qasım oğlu Talıblı siyasi təqiblərə məruz qalmışdır.
Böyükağa Mir Qasım oğlu Talıblı - (1897-1937) Salyanda anadan olmuş, Bakı Real məktəbində (1909-1915) təhsil almışdır.
Petroqradda Azərbaycan dilində çıxan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə Müsəlman (Azərbaycan) şöbəsinə müdir təyin edilmişdir.
1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada Xalq Təsərrüfatı Şurasının sədri olmuşdur. Zaqafqaziya MİK-nin katibi, Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet Quruluşu və Hüquq İnstitutunun direktoru, Respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini, "Kommunist", "Yeni fikir" qəzetlərinin baş redaktoru vəzifələrində çalışmışdır.
Böyükağa Talıblı sərt repressiya ruzigarını ilk duyanlardan, onu öz üzərində bütün ağrı-acıları ilə hiss edən ədiblərin, ziyalıların ön dəstəsinə mənsub idi. Adı millətçilikdə tez-tez hallanırdı. "Yahşı məsləhət hər şeydən yaxşıdır" (1912), "Erkək Tükəzban" (1926), "Qırx zopa" (1927), "Keyf içində" (1929), "Dirək" (1930), "Tövbə" (1934) və s. kitabların müəllifidir.
B.Talıblı imzasız məktub əsasında 25 dekabr 1936-cı ildə "əksinqilabçı, millətçi" meyllərdə günahlandırılaraq 18 il üzv olduğu bolşeviklər partiyasından xaric edilmiş, iki həftədən sonra isə - 1937-ci il yanvarın 9-da həyat yoldaşı ilə bərabər, Azərbaycan Xalq Daxili İşlər Komissarlığı tərəfindən "zərərsizləşdirilmiş"dir.
Böyükağa Talıblı kütləvi repressiya dövründə ilk həbs edilənlərdən biri olduğu üçün izahatlarında elm, ədəbiyyat və mədəniyyət xadimlərinin adını vurğulamaqla onların gələcək talelərini zərbə altında qoyduğunu ehtimal edənlər də olmuşdur.
Müstəntiqin 1937-ci il 10 yanvar tarixli sorğu-sualında "Müsavatçılardan kimi tanıyırsınız?" sualına o, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, İbrahim Eminbəyli, Rəhim Vəkilov - deyə cavab verir. Müttəhim müsavatçılardan Seyid Hüseyn, Əhməd Cavad, Hüseyn Cavid, Əhməd Pepinov, Sultan Məcid Qənizadə və b. adını vurğulayır. Və eyni zamanda bir gerçəkliyi bildirməkdən də çəkinmir: "Onlar həmişə deyirdilər ki, Azərbaycan çar dövründə olduğu kimi, 1920-ci ildən sonra da asılı, müstəmləkə vəziyyətində qalmışdır" (Ziya Bünyadov. Böyükağa Mir Qasım oğlu Talıblılı / Qırmızı terror - Bakı: Azərnəşr - 1993, s. 102).
B.Talıblının bu fikrini qəribçiliyə salmaq, onu qeyri-obyektivlikdə suçlamaq ədalətsizlik olardı. Cəfər Cabbarlı 1930-cu ildə yazdığı və sovet rejimi dövründə çap olunmayan "Papaq" satirik hekayəsində Talıblının müstəntiqlərə dediyi eyni fikri daha fərqli formada ifadə etmişdi: "Keçmislər kimi yaşamaq yaxşı olsa idi, onda bu Nikolayı yıxmağa, yeni bir inqilab düzəltməyə nə ehtiyac vardı?! Bu vuruşmaları, bu vətəndaş müharibələrini, bu inqilab və azadlıq yolunda axan qanları kimin ayağına yazaq?" (C.Cabbarlı. Əsərləri. Dörd cilddə. I cild. "Şərq-Qərb", 2005, s.286. Tərtib edəni və ön sözün müəllifi A.Rüstəmli).
C.Cabbarlı 1934-cü ildə dünyasını dəyişməsəydi, yəqin ki, sosialist inqilabını gülüş hədəfinə çevirən bu fikirlərinə görə o, B.Talıblıdan daha sərt işgəncələrə, daha ağır cəzalara məruz qalacaqdı.
Böyükağa Talıblının isə səmimiyyəti, günahsızlığını isbatlamağa istiqamətlənmiş bütün cəhdləri istintaqı inandırmırdı. Müstəntiq Xoren Qriqoriyan dönə-dönə müsavatçıları onun "yadına" salır və istədiyinə nail olur. Bu baxımdan 23 yanvar 1937-ci il tarixində Böyükağa Talıblı ilə aparılan istintaq protokolundakı sual-cavablar diqqəti xüsusilə cəlb edir:
"Müstəntiq: İstintaq Sizdən tələb edir ki, tanıdığınız bütün Müsavatçıların adlarını söyləyəsiniz.
Cavab: Adlarını çəkdiklərimdən başqa daha heç kəsi tanımıram.
Müstəntiq: Düz danışmırsınız. Məhəmməd Həsən Baharlını tanımırsınızmı?
Cavab: Bəli, onunla 1925-1926-cı illərdən tanışam. Lakin müsavatçı olduğunu bilmirəm.
...Müstəntiq: Bir halda ki, siz inad edirsiniz və düz danışmaq istəmirsiniz, istintaq sizi ifşa etməyi qərara alır. Seyid Hüseyn Sadıxovu tanıyırsınızmı?
Cavab: Sadıxov Yazıçılar İttifaqının üzvüdür. Onu 1936-cı ildən tanıyıram. Lakin onun müsavatçı olduğu mənə məlum deyil.
Müstəntiq: Məhəmməd Əmin Rəsulzadənin kürəkəni kimi tanımırdınız?
Cavab: Tanımırdım, bu barədə ancaq Süleyman Rüstəmdən eşitmişdim.
Müstəntiq: Müsavatçı Musaxanlı ilə tanışsınızmı?
Cavab: Xeyr...
Müstəntiq: Əhməd Cavadı müsavatçı kimi tanıyırdınızmı?
Cavab: Əksinqilabi, müsavatçı ideologiyanın tərəfdarı olan şair kimi ayrı-ayrı əsərlərindən mənə məlum idi.
Müstəntiq: Əksinqilabi əhval-ruhiyyəli elementlərdən kimləri tanıyırsınız?
Cavab: Hüseyn Cavidi. Başqalarını tanımıram...
...Müstəntiq: Soltan Məcid Qənizadəni tanıyırsınızmı?
Cavab: Bu familiyanı birinci dəfə eşidirəm.
...Müstəntiq: Siz milli təmayülçüsünüz. Bunu etiraf edirsinizmi?
Cavab: Mən heç vaxt milli təmayülçü olmamışam" (Ziya Bünyadov. Böyükağa Talıblı / Qırmızı terror - Bakı: Azərnəşr - 1993, s. 102-103).
Əlbəttə, məhkumun keçmişi, sovet rejimi dönəmində yüksək vəzifələrdə xidmətləri dindirmənin ilk mərhələsində nəzərə alınaraq təzyiqlər ancaq psixoloji müstəvidə aparılır. Böyükağa Talıblı müstəntiqin "hücumlar"ına, əsəbləri qıcıqlandırmağa hesablanmış suallarına səbrlə, təmkinlə cavab verir, böhtanlara etiraz etmək imkanlarını hələ ki, özündə saxlayır.
Yuxusuzluq, rahatsızlıq, əsəb gərginliyi hiss olunur ki, yaddaşına da mənfi təsir edib. Müstəntiqin "Soltan Məcid Qənizadəni tanıyırsınızmı?" - sualına Böyükağa Talıblının "Bu familiyanı birinci dəfə eşidirəm" - deməsi təəccüb doğurmaya bilməz. Cavabın tanınmış yazıçını istintaqdan yayındırmaq niyyətilə səsləndirilməsi ehtimalı da istisna edilmir.
1937-ci ilin iyun ayından başlayaraq Böyükağa Talıblıya tətbiq edilən psixoloji təzyiq fiziki işgəncələrlə əvəzlənir. Ağır cəza üsulları tezliklə öz "bəhrəsini" verir. İyul ayının 13-də B.Talıblı XDİ komissarı Sumbatova ünvanladığı məktubda yazırdı: "Altı ay ərzində mən istintaqa səmimi ifadələr verməmişəm. İndi isə ...tamamilə təslim olub müqaviməti dayandırıram. Mən əksinqilabçı, millətçi təşkilatın üzvüyəm və bu məsələ ilə əlaqədar ətraflı ifadələr vermək istəyirəm. Mənim işim üzrə istintaqın sürətini artırmaq üçün sizin əmrinizi gözləyirəm" (Ziya Bünyadov. Böyükağa Talıblı / Qırmızı terror - Bakı: Azərnəşr - 1993, s. 104).
Əlbəttə, XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanalarında bu məzmunlu "etiraflar"ı yalnız rezin dəyənəklərin, qeyri-insani işgəncələrin köməkliyi ilə almaq mümkün idi. "...Ətraflı ifadələr vermək istəyirəm" - deyən Böyükağa Talıblı 16 iyulda "əksinqilabi, millətçi təşkilatın üzvlərindən" Az.FAN Dil və Ədəbiyyat İnstitutunun direktoru Əhməd Əhmədov, 20 iyuldan 14 sentyabradək tanınmış ictimai xadim, yazıçı və şairlərdən Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Məmməd Kazım Ələkbərli, Tağı Şahbazi, Hacıbaba Nəzərli, Səməd Mənsur, Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mikayıl Müşfiq, Mehdi Hüseyn, Dadaş Bünyadzadə, Ruhulla Axundov, Bəkir Çobanzadə, Əli Nazim, Salman Mümtaz, Əsəd Axundov və b. haqqında geniş izahatlar verir, onların "əksinqilabi, millətçi fəaliyyətləri" haqqında erməni müstəntiqlərinin saxta, əsassız iddialarını təsdiqləmək məcburiyyətində qalır.
Beləliklə, Böyükağa Mir Qasım oğlu Talıblı bir sıra ağır ittihamlarda, o cümlədən "əksinqilabi, millətçi fəaliyyətdə" təqsirləndirilərək SSRİ Ali Məhkəməsi Hərbi kollegiyası səyyar Sessiyasının qərarı ilə 1937-ci il oktyabrın 12-də birinci kateqoriyalı güllələnməyə məhkum olunmuş, oktyabrın 13-də isə əmr Bakı şəhərində icra edilmişdir.
B.Talıblının qızı Sona xanım atasına bəraət verilməsi ilə əlaqədar 29 may 1956-cı ildə hərbi prokurorluğa müraciət etmiş, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə 25 iyun 1957-ci ildə işdə cinayət tərkibi olmadığına görə Böyükağa Talıblıya ölümündən sonra bəraət verilmişdir.
lll
Repressiyanın pik mərhələsində Azərbaycan ədəbiyyatşünaslığına, dilçiliyinə, tarixşünaslığına, folklorşünaslığına, türkologiya elminə, milli mədəniyyətə, qarşı total hücumlar, sistemli zorakılıq aksiyaları səngimək bilmirdi. Dünən yüksək vəzifələrə təyin olunanlar bir gün sonra xalq düşməni elan edilərək həbs olunur, güllələnir və ya "Buzlu cəhənnəm"ə (Əmin Abid) göndərilirdi.
SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı gözləntilərin əksinə olaraq bu sahədə istisna təşkil etmirdi. Ən görkəmli elm xadimləri ciddi əsas olmadan, öncədən hazırlanan siyahılar əsasında əvvəlcə həbs edilir, sonra isə şər, böhtan xarakterli bəhanələr uydurulur, "cinayət işləri" hazırlanırdı. Onlardan biri də Elmlər Akademiyası Azərbaycan Filialı Rəyasət Heyətinin sədr müavini, Az.FAN-ın həqiqi üzvü (akademik), professor Vəli Xuluflu idi.
Vəli Məhəmməd Hüseyn oğlu Xuluflu (1894-1937) - 1937-ci il 28 yanvarda həbs edilmişdir (Vəli Xuluflu. AR DTX Arxivi, İstintaq işi PR-25014, həbs orderi № 68). Axtarış aparılarkən Vəli Xuluflunun evindən M.Ə.Rəsulzadənin 1926-cı ildə İstanbulda "Milli Azərbaycan nəşriyyatı" seriyasından "Amədi" mətbəəsində ərəb əlifbası ilə çap edilmiş "Rusiyada siyasi vəziyyət" adlı kitabçası tapılır (Bu kitabçanı ilk dəfə A.Rüstəmli ərəb qrafikasından transliterasiya edərək 1994-cü ildə "M.Ə.Rəsulzadənin "Bolşeviklərin Şərq siyasəti" adlı kitabına daxil etmişdir). Müstəntiqin "bu kitabçanı haradan almısınız?" - sualına Vəli Xuluflunun cavabı öncə konkret olmur. O, müstəntiqə əvvəlcə kitabı Şaumyan adına İnstitutdan aldığını, bu barədə kitabda həmin təşkilatın möhürü olduğunu bildirir. Müstəntiq kitabda möhür olmadığını dedikdən sonra Vəli Xuluflu M.Ə.Rəsulzadənin kitabını həmkarı Hənəfi Zeynallıdan aldığını, ona da Türkiyədən professor İsmayıl Hikmətin göndərdiyini təsdiqləmişdir.
İlk baxışdan Vəli Xuluflunun həbsinin əsas səbəbi kimi M.Ə.Rəsulzadənin 1926-cı ildə İstanbulda çap edilmiş "Rusiyada siyasi vəziyyət" kitabçası qabardılsa da, bu arqument məhkumun həbsindən sonra onun evində aparılan axtarış zamanı bəlli olduğu üçün ilkin fakt ola bilməz.
Digər həbsolunma səbəbini professor Cəlal Qasımov belə təqdim edir: "...erməni alimi Kanonyan professor Vəli Xulufludan iki dəfə xahiş edir ki, Sizdə "Koroğlu" dastanlarının bütün variantları və tarixi haqqında geniş məlumat var. Ermənilər üçün də qəhrəmanlıq rəmzi "Koroğlu" dastanları yaradılmalıdır. Azərbaycanda hakimiyyət ermənilərdədir, bu dastanı yaratmaqda köməklik elə, əks təqdirdə Sizə xətər yetişər. Erməni qorxaqlığını yaxşı bilən V.Xuluflu açıqca Kanonyana deyir ki, tarixçi alim Veliçko kitabında yazır: "Təmizqanlı ermənilər dovşandan da qorxurlar." Bundan əlavə, şair A.S.Puşkin obrazın dilindən deyir: "Tı trus, tı rab, tı armenin". Belə qorxaq xalq Koroğlu yetişdirə bilərmi? Az da olsa milli qəhrəmanınız varsa, - məsələn, Sasunlu Davud - o da təmizqanlı erməni deyildir.
Vəli Xuluflu bu əhvalatı dostlarına çatdırır ki, Kanonyan mənə belə dedi. Bu hadisədən 4 gün sonra professor Vəli Xuluflu tutuldu və xalq düşməni elan edildi. Zəngin arxivini isə Dövlət Təhlükəsizlik Komitəsinin işçiləri apardılar" (Cəlal Qasımov. Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi, Bakı: Nurlan, - 2011, s.465-466).
Professor Vəli Xuluflunun həbsolunma səbəblərini sıraladıqda şübhəsiz ki, absurd variantlara da təsadüf edirik.
DTİ-nin bölmə rəisi, leytenant rütbəli müstəntiq Qalstyan professoru hətta 1928-ci ildə çap etdirdiyi "Tapmacalar" kitabındakı "Hamını bəzər, özü lüt gəzər" ifadəsi ilə SSRİ-ni nəzərdə tutmaqda günahlandırırdı.
Vəli Xuluflu 68 saylı orderə əsasən 1937-ci il 28 yanvar tarixində həbs edilsə də, iki ay yarım sonra - yalnız aprelin 16-da Voroşilov rayon partiya komitəsinin 35 saylı qərarı ilə partiya üzvlüyündən azad olunur.
Azərbaycan türklərinə xüsusi nifrət bəsləyən XDİK 4-cü şöbənin rəisi, kapitan Avanesyan 1937-ci il 1 fevral tarixli sorğu-sualında Vəli Xuluflunun Akademiya sistemində və ondan kənarda çalışan dostları və yaxınlarını gündəmə gətirir, yeni həbslər üçün zəmin hazırlayır.
Dindirmə protokollarının mahiyyəti ilə tanış olduqca ilk növbədə belə təəssürat yaranır ki, istintaq prosesinin qarşısında duran bir nömrəli vəzifə, müstəntiqlərin əsas məramı öncədən hazırlanmış siyahılar üzrə insanları şərləmək, ağır cinayətlərdə suçlamaq və bu qanunsuz əməlləri həyata keçirmək üçün müttəhimlərin təsdiqinə nail olmaqdan ibarətdir. İşgəncələr, fiziki güc tətbiq etmək yolu ilə müstəntiqlər demək olar ki, əksər hallarda məqsədlərinə "müvəffəqiyyət"lə çatmışlar. Bu istiqamətdə müttəhim Vəli Xuluflu da istisna təşkil etmirdi.
V.M.Xuluflu gizli, əksinqilabi, millətçi təşkilatın üzvü olmaqda, silahlı üsyan hazırlamaqda, partiya və hökumət rəhbərlərinə, o cümlədən Bağırova qarşı terror aktları təşkil etməkdə günahlandırılırdı.
Onun cinayət işinə 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyasında saat 18:00-da baxılmağa başladı. Qapalı Məhkəmə saat 18:20-də isə başa çatdı. Qərarda deyilirdi: "Vəli Məhəmməd Hüseyn oğlu Xuluflu şəxsi əmlakı müsadirə olunmaqla ən ağır cəzaya - güllələnməyə məhkum edilsin". Məhkəmənin hökmü 13 oktyabr 1937-ci ildə Bakıda icra olunmuşdur.
Vəli Məhəmməd Hüseyn oğlunun həyat yoldaşı, xalq düşməninin arvadı statusunda 8 il cəza çəkmiş Fatma Xuluflunun Moskvaya çoxsaylı müraciətlərindən sonra 17 noyabr 1956-cı ildə Vəli Vulufluya bəraət verilmişdir.
Bəkir Vahab oğlu Çobanzadə (1893-1937) - SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının həqiqi üzvü - akademiki idi. O, fransız, alman, macar, türk, ərəb, fars, rus dillərini mükəmməl bilirdi. B.Çobanzadə Dil və Ədəbiyyat İnstitutunun 1937-ci il 14 fevral tarixli 9 saylı əmri ilə iki həftə əvvələ aid tarixlə - 28 yanvarda elmi işçilərin siyahısından xaric edilir. İnstitut direktorunun əmri gec imzalamasının əsas səbəbi isə Bəkir Çobanzadənin həbs olunması haqqında onun iş yerinə vaxtında xəbər verilməməsi ilə bağlı olmuşdur. Çünki professor 3 aylıq məzuniyyətə çıxaraq Azərbaycandan uzaqlarda - Kislovodskinin "Qornyak" (Mədən fəhləsi) sanatoriyasında həyat yoldaşı, Bakı Opera Teatrının aktrisası Ruqiyyə xanım Abdulina ilə müalicə olunurdu. Lakin Bakı çekistlərinin hökmü "Qornyak"ın müalicə korpusuna da çata bildi. Prof. Bəkir Çobanzadə 28 yanvar 1937-ci ildə həbs edilərək əvvəl Pyatiqorski həbsxanasında saxlanılır, sonra isə Bakıya gətirilərək istintaqa təhvil verilir.
1937-ci il fevral ayının 7-dən başlayan istintaq B.Çobanzadəni "əksinqilabi, millətçi mövqedə" dayanmaqda ittiham edir. O, martın 5-də verdiyi izahatda deyirdi: "Həbs olunan günədək mən əksinqilabi, millətçi mövqedə durmuşam və SSRİ-dən ayrılmaq şərti ilə türk-tatar xalqlarının vahid, müstəqil dövlət halında birləşməsi (Vahid Turan Dövləti) məqsədini qarşıya qoymuşam" (Ziya Bünyadov. Bəkir Vahab oğlu Çobanzadə. Qırmızı terror. - Bakı: Azərnəşr, - 1993, s.91).
B.Çobanzadə "əksinqilabi və millətçi" mövqedə dayanan tanınmış, görkəmli fikirdaşlarından Vəli Xuluflu, Əli Nazim, Həsən İmanov, Əziz Qubaydullin, Salman Mümtaz, Ruhulla Axundov, İdris Həsənov, A.R.Zifeldt, A.V.Baqri, A.S.Bukuşpan, Mədinə Qiyasbəyli, Fərhad Ağazadə, Əli Səbri Qasımov, Əli Sultanlı, İsmayıl Əlizadə, Feyzulla Qasımzadə, Atababa Musaxanlı, Hənəfi Zeynallı, Abdulla Tağızadə, Xalid Səid Xocayev, Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Ələsgər Ələkbərov, Soltan Məcid Qənizadə, Həmid Şahtaxtinski, Pənah Qasımov, Qafur Rəşad, Qantəmir və b. istintaq prosesində adlarını vurğulayır.
Bəkir Çobanzadə 28-29 iyul 1937-ci ildə Türküstan milli-azadlıq hərəkatının liderlərindən biri, RSFSR Xalq Komissarlar Soveti sədrinin milli məsələlər üzrə müavini, 1921-1922-ci illərdə Azərbaycanda Xalq Komissarlığının milli məsələlər üzrə səlahiyyətli nümayəndəsi işləmiş Turar Rıskulov (1894-1938) haqqında izahat verir. T.Rıskulov 1937-ci il may ayınadək RSFSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifəsində çalışmış, may ayının 21-də isə onu Kislavodskdəki sanatoriyada həbs edirlər. Ondan əvvəl isə, 1937-ci il yanvarın 28-də həmin yerdə Turarın məslək dostu, professor Bəkir Çobanzadə həbs olunmuşdur.
Bəkir Çobanzadə T.Rıskulovla yanaşı, təzyiq altında A.R.Zifeldt-Simumyaqi, Yusif Vəzir Çəmənzəminli və b. haqqında da xüsusi izahatlar vermişdir.
Sentyabr ayının 2-dək müstəntiqlər tərəfindən işgəncələrə məruz qalaraq 32 dəfə dindirilən, hətta dövlət çevrilişi, terror, sui-qəsd və b. cinayətlərdə "günahlarını etiraf edən" professor Bəkir Çobanzadə bağışlanması üçün Azərbaycan Xalq Daxili İşlər komissarı Yuvelyan Davıdoviç Sumbatov-Topuridzeyə (1889-1960) ünvanladığı ərizəsində yazırdı: "Mən öz ixtisasım üzrə sovet Şərqinin ilk professoruyam, bu ada sovet hökuməti tərəfindən layiq görülmüşəm və bu ölkədə ilk dəfə ana dilində mühazirə oxumuşam.
Bütün elmi fəaliyyətim dövründə təxminən 150 elmi əsər yazmışam. Onların 100-ü Azərbaycan dili və ədəbiyyatı problemlərinin elmi əsaslarına həsr edilmişdir. Yüzlərlə dilçi və ədəbiyyatşünas, mütəxəssis hazırlamışam", - deyə vurğulayırdı.
Professor Bəkir Çobanzadənin "cinayət işi" ilə əlaqədar 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının iclası oldu (İclas saat 11:20 dəqiqədə başlandı və ənənəvi olaraq cəmi 20 dəqiqəyə - saat 11:40-da sona yetdi). B.Çobanzadə son sözündə ona güzəşt olunmasını, bağışlanılmasını xahiş etdi. Lakin məhkəmə heyətinin əhval-ruhiyyəsi günahsız alimin qətlinə köklənmişdi. 1937-ci il oktyabr ayının 12-də B.Çobanzadə güllələnməyə məhkum olundu. Bu əsassız və ən ağır cəzanın oktyabrın 13-də Bakıda icra olunduğu barədə cinayət işinə arayış da əlavə edilmişdir...
B.Çobanzadənin xanımı Ruqiyyə xanım Abdulina üç ilə yaxın SSRİ-nin ali orqanlarına sorğu və şikayət ərizələri ilə müraciət etdikdən sonra 1957-ci ilin iyun ayının 6-da Ali Məhkəmənin Hərbi Kollegiyasının qərarına əsasən Bəkir Vahab oğlu Çobanzadənin işində cinayət tərkibi olmadığına görə ona "xalq düşməni" kimi güllələnməsindən 20 il sonra bəraət verilmişdir.
* * *
Əli Nazim Mahmudzadə (1906-1941) - Ədəbiyyat İnstitutunun yaradılmasında, onun təməl daşlarının elmi əsaslar üzərində qoyulmasında müstəsna xidmətləri olan ədəbiyyatşünas alimlər-imizdən biridir. Amansız repressiya dalğalarının ondan da yan keçməyəcəyi heç kimdə şübhə doğurmurdu. Əli Nazimin özü də repressiyanın addım-addım ona yaxınlaşdığını açıq iclaslardan, mətbuat səhifələrindən duyurdu, görürdü. Hətta onun üzv olduğu Azərbaycan Yazıçılar İttifaqının mətbuat orqanı olan "Ədəbiyyat qəzeti"ndə həmkarlarından biri (M.S.Ordubadi) yazırdı: "Konturre-volyusion Trotski və zinoyevçilərin, son vaxtlar trotskizmin bütün xüsusiyyətlərini əks etdirən averbaxçılığın bütün varlığı ilə rüsvay edilməsi sovet ölkələrində olduğu kimi, Azərbaycan Sovet Yazıçıları İttifaqı qarşısında da mühüm məsələlər qoymuşdur.
...İttifaq Əli Nazim, Böyük Ağa Talıblı, Tağı Şahbazi kimi xalq düşmənlərinin ifşa edildiyi zamanda belə Əhməd Cavad, Sanılı, Salman Mümtaz və başqalarının məsələsini də həll etməli idi..."
Müəllifin həmkarları arasında yeni "xalq düşmənlərinin" axtarışı üçün təşəbbüs göstərməsi, təkliflər irəli sürməsi ən azı təəssüf doğurur. Maraqlıdır ki, yazıçının təklifləri respublikanın rəhbəri Mir Cəfər Bağırovun 1937-ci ildə partiya konfransındakı çıxışında daha sərt intonasiya kəsb etmişdir. O demişdir: "Bir çox kültür müəssisələrində xalqın qəddar düşmənləri R.Axundov, Əli Kərimov, Triniç, Əli Nazim, Talıblı, Tağı Şahbazi, Dubinski və başqaları uzun zaman bildiklərini etmişlər...
Xalq düşmənləri Talıblı, Şahbazi, Əli Nazim, Əhməd Cavad və başqalarının uzun zaman cəza görmədən yazıçılar sırasında qala bilmələri faktdır.
...Yazıçılar İttifaqının bu gün belə öz sıralarını Seyid Hüseyn, Salman Mümtaz, Yusif Vəzir, Sanılı, Hüseyn Cavid və başqaları kimi qəddar burjua millətçilərindən təmizləmədiyi faktdır.
Bu da bir faktdır ki, keçmişdə bütün bu düşmənləri Mustafa Quliyev, Cəbiyev, Qarayev və başqaları himayə və müdafiə edirdisə, bu gün bunları Ələkbərli, Şamilov, Əsəd Axundov və başqaları kimi çürük liberallar himayə və müdafiə edirlər".
Qırmızı repressiya dövründə gözdənsalma, ifşaetmə təbliğatından sonra insanların işdən azad edilməsi və həbs olunması mərhələləri başlanırdı. Bu ənənəvi üslub Əli Nazim üçün də istisna təşkil etmədi. Azərbaycan türklərinin ən əziz və müqəddəs günündə - martın 20-də EA Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutunun direktoru A.R.Zifeldt aşağıdakı məzmunda bir əmr imzaladı:
"Az.FAN Dil və Ədəbiyyat İnstitutu üzrə ƏMR № 21. 20 mart 1937-ci il.
İnstitut əməkdaşlarının tərkibindən - bu ilin mart ayının 19-dan Əli Nazim Mahmudzadə və Abdulla Məmməd oğlu Tağızadə, martın 13-dən isə Əbdüləzəl Dəmirçizadə azad edilsin.
Lüğət-Terminologiya sektorunun rəhbəri vəzifəsi müvəqqəti olaraq (Az.FAN Rəyasət Heyəti təsdiq edənə qədər) Abdulla Məhəmməd oğlu Şərifova həvalə edilsin. DƏİ-nin direktoru A.R.Zifeldt" (Əli Nazim. Əmr № 21. AMEA RH Elmi irs, Fond-5, s.v.-57, qutu-36).
Eyni əmrlə direktor Dil və Ədəbiyyat İnstitutunun məsul əməkdaşlarından üç görkəmli alimi - dosent Əli Nazim Mahmudzadə, Abdulla Tağızadə və Əbdüləzəl Dəmirçizadəni işdən azad edir. Əslində İnstitut direktorunun əmri iki gün gecikmişdi. Çünki Əli Nazim Mahmudzadənin XDİK tərəfindən həbsi martın 18-də, bazar günü həyata keçirilmişdir. Novruz bayramı günü, martın 22-də müstəntiqin ona qarşı irəli sürdüyü ittiham İstanbulun "Türk yurdu" dərgisinin (1927) iki sayında çap edilən "Yeni Azərbaycan ədəbiyyatı" adlı məqaləsi olmusdur. Ümumiyyətlə, Əli Nazim də digər həmkarları kimi, "əksinqilabçı, millətçi, pantürkist" fəaliyyətinə görə ittiham olunurdu.
22 aprel 1937-ci ildə Əli Nazim dördüncü dəfə dindirilərkən müstəntiq ona belə bir sual verir:
"Sual: SSRİ EA Azərbaycan Filialının elmi və ədəbi fəaliyyət xətti üzrə ziyankarlıq faktları haqqında istintaqa danışın.
Cavab: Rəhbərlik Ruhulla Axundovun əlinə keçdikdən sonra belə bir xətt götürülmüşdür. Bu xətt inqilabi-demokratik yazıçıların - Sabir, Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə), M.F.Axundzadə - nüfuzdan salınmasına, mürtəce-burjua cərəyanı yazıçılarının - Hüseyn Cavid, Cavad Axundzadə, Əli Bəy Hüseynzadə və əksinqilabi "Füyuzat" jurnalının ənənələrinin genişləndirilməsinə və yayılmasına yönəldilmişdir" (Ziya Bünyadov. Əli Nazim Mahmudzadə. Qırmızı terror. - Bakı: Azərnəşr, - 1993, s.149). Əli Nazim məhkəmədə günahlarını "etiraf" etmişdir.
Azərbaycan elminin görkəmli nümayəndələrindən bir qrupunun - V.Xuluflunun, B.Çobanzadənin, H.Zeynallının, Böyükağa Talıblının güllələndiyi gün - oktyabrın 13-də (1937) SSRİ Ali Məhkəməsi Hərbi kollegiyası səyyar Sessiyasının qərarı ilə Əli Nazim 10 il həbs cəzasına məhkum edilmişdir. O, 1941-ci ilin avqustun 23-də Rusiya Federasiyasının Oryol həbsxanasında ağır şəraitdə dünyasını dəyişmişdir.
Əli Nazimin oğlu Ramin Mahmudzadə 19 iyul 1956-cı ildə atasına bəraət verilməsi üçün DTK-ya müraciət etmişdir. Eyni zamanda 21 may 1956-cı ildə Azərbaycan Yazıçılar İttifaqından Əli Nazim haqqında müsbət xasiyyətnamə verilmiş, sənədi görkəmli yazıçı və şairlərdən Mehdi Hüseyn, Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Arif, Mir Cəlal Paşayev, Əli Vəliyev, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə və b. imzalamışlar.
Beləliklə, SSRİ Ali Məhkəməsi Hərbi kollegiyasının 19 sentyabr 1957-ci il tarixli qərarı ilə işində cinayət tərkibi olmadığı üçün Əli Nazim Mahmud oğlu Mahmudzadəyə bəraət elan edilmişdir.
lll
EA Azərbaycan Filialı Dil və Ədəbiyyat İnstitutunun 1937-ci il kollektiv və fərdi iş planından söz açmaq, uğurları vurğulamaq çox çətindir. Çünki bu dövrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, elminin tarixini mütəxəssislər, elm adamları yox, sovet rejimini süngülər ucunda yaşadan Xalq Daxili İşlər Komissarlığının müstəntiqləri qan ilə yazırdı. "1937" - bolşevizmin ədəbi-mədəni mühitimizə atdığı Xirosima bombasıdır - desək, bəlkə də yanılmarıq. İnstitutların kadr potensialına süpürgə çəkilirdi. Həbs edilən alimlərin sayı elə sürətlə artırdı ki, bəzən bir institutda bir şöbənin əməkdaşları qədər işçi qalmırdı. Akademiyanın Azərbaycan Filialında institutların birləşdirilməsi zərurəti yaranmışdır.
Təqdim edilən əmrdən də göründüyü kimi, Akademiya sistemində iki nüfuzlu institutun birləşdirilməsi planı sürətlə reallaşdırılırdı. Azərbaycan Xalq Daxili İşlər Komissarlığının böyük canfəşanlıqla apardığı "təmizləmə", "ifşaetmə" əməliyatları İnstitutların şöbələrini, sektorlarını boşaltmış, əməkdaşların sıralarını seyrəltmişdir. Belə bir acınacaqlı şəraitdə - 1937-ci ilin mayın əvvəllərində xalqımızın tarixi və mənəviyyatı ilə sıx bağlı olan iki elmi-tədqiqat ocağı - Dil və Ədəbiyyat İnstitutu ilə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu yuxarı orqanların qərarı ilə birləşdirildi. Yeni yaranan struktur Tarix, Dil və Ədəbiyyat İnstitutu adlandırıldı. Professor Artur Rudolfoviç Zifeldt-Simumyaqiyə yeni yaradılmış institutun direktoru vəzifəsi həvalə edildi.
Yeni qurumun rəhbəri kimi Artur Rudolfoviç Zifeldtin may aynın 20-də yeni statusda imzaladığı əmr institutun kiçik elmi işçisi Əmin Abid Əhmədovun institutun tələblərinə cavab verə bilmədiyinə görə işdən xaric edilməsi ilə bağlı idi. Sənəddə göstərilirdi ki, Əmin Abid onda olan materialları siyahı üzrə üç gün müddətində Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Əli Əjdər Seyidzadəyə təhvil verməklə işdən azad olunur.
Əmin Abid Mütəllibzadə (1898-1937) - RH Elmi arxivində saxlanılan tərcümeyi-halına əsasən 1898-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bakıda Alekseyev adına məktəbdə alıb, İstanbul Müəllimlər seminariyasında oxuyub, sonra isə İstanbul Darülfünunun tarix-ədəbiyyat bölməsində təhsilini başa vurmuşdur (1926).
İstanbulda təhsil aldığı illərdə Budapeştdə elmi-tədqiqat işləri ilə məşğul olub. İlk yazısı 1912-ci ildə "Kəlniyət" jurnalında dərc edilib.
Əmin Abid 1913-1916-cı illərdə rus ədəbiyyatının klassiklərindən Puşkin, Tolstoy, Turgenev, Qoqol, Qorbunov və b. əsərlərini Azərbaycan türkcəsinə çevirmişdir.
"Azərbaycan türklərinin ədəbiyyatı tarixi" adlı magistr dissertasiyası yazan Əmin Abid Mütəllibzadə 1927-ci ilin əvvəllərində Bakıya qayıtmış, bir müddət qəzalarda müəllimlik etmişdir. Onun 1922-1930-cu illərdə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı tədqiqat işi 30 ç.v. həcmində idi. Ədəbiyyatşünaslığa aid elmi-tədqiqat işlərini "Serveti-fünun" (İstanbul, 1922-1924), "Türk yurdu" (Ankara, 1924), "Həyat" (Ankara, 1926), "Maarif və mədəniyyət" (Bakı, 1926), "Maarif işçisi" (Bakı, 1927-1928), "Dan ulduzu" (Tiflis, 1927-1928), "Maarif ve okudkucu" (Səmərqənd, 1929), "Azərbaycanı öyrənmə yolu" (Bakı, 1930), "İnqilab və mədəniyyət" (Bakı, 1930-1933) və mətbuat orqanlarında çap etdirmişdir.
Əmin Abid 1927-ci il sentyabr ayından Azərbaycan Universitetində elmi işçi kimi fəaliyyətə başlamış, bir müddət sonra Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində çalışmış, 1933-cü ildən işdən çıxarıldığı 20 may 1937-ci ilədək SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda 1-ci dərəcəli elmi işçi statusunda fəaliyyətini səmərəli davam etdirmişdir.
Prof.A.R.Zifeldtin 20 may 1937-ci il tarixli əmri Əmin Abid üçün çox kövrək və həssas bir məqamda imzalanmısdır. Çünki onun filologiya elmləri namizədi dərəcəsi almaq üçün müvafiq sənədləri SSRİ Elmlər Akademiyasının Mərkəzi Kvalifikasiya Komissiyasına göndərilmişdi və təsdiqlənmək ərəfəsində idi. Lakin Tarix, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi O.M.Sokolovskaya Mərkəzi Kvalifikasiya Komissiyasını qabaqlayaraq SSRİ EA Katibliyinə 28 may 1937-ci ildə məktub göndərmiş Əmin Abid Əhmədovun təyinatına uyğun gəlmədiyi üçün Az.F-dən çıxarıldığını bildirmişdir. Dərhal SSRİ EA Katibliyinin rəhbəri A.X.Petrosyan EA Azərbaycan Filialının sədr müavini Cəfər Kazımova məktub göndərərək ədəbiyyatşünaslıq üzrə elmlər namizədliyinə iddialı Ə.A.Əhmədovun şəxsi işinin geri qaytarılması üçün göstəriş verildiyini diqqətə çatdırmışdı. Əslində Əmin Abid 2 ildən çox idi ki, elmi dərəcə almaq üçün bürokratik strukturlarla mübarizə aparırdı. Hələ 1935-ci il 25 noyabrda Əli Nazimin imzaladığı Ə.A.Əhmədovun elmi fəaliyyəti haqqında Ədəbiyyat Sektorunun verdiyi rəydə yazılırdı: "SSRİ EA Azərbaycan Filialının Ədəbiyyat Sektoru 1-ci dərəcəli elmi işçi Əmin Abidin dissertasiya müdafiə etmədən onun elmlər namizədi elmi dərəcəsinə layiq görülməsini tövsiyə edir. Sektor hesab edir ki, Əmin Abid EA Az.F-dəki işi və mətbuatda çıxan elmi əsərləri ilə vicdanlı və diqqətcil əməkdaş olduğunu, əsas elmi-tədqiqat işlərini marksist metodologiyaya əsaslanaraq həyata keçirməyi bacardığını göstərmişdir.
M.F.Axundzadənin, Mirzə Şəfinin və b. həyat və fəaliyyətləri barədə ilk tədqiqat işi Əmin Abidə məxsusdur. Sektor iddiaçının elmi məqalələrini və xüsusilə M.F.Axundzadə haqqında tədqiqatlarını yetərli sayaraq ona ədəbiyyatşünaslıq üzrə elmlər namizədi elmi dərəcəsinin verilməsini məqsədəuyğun sayır" (Əli Nazim. Əmin Abid haqqında Rəy. AMEA RH Elmi irs şöbəsi., Fond-39, s.v.-44, qutu-6).
Sektorun rəyinə Ə.Abidin elmi əsərlərinin siyahısı əlavə olunmuşdur. Siyahıda 34 elmi işin adı yer almış, iddiaçı haqqında akademik Bartold, akad. Samoyloviç, prof. M.F.Köprülüzadə, Yaqub Kadri və b. nüfuzlu alimlərin məqalə yazdığı qeyd edilmişdir. Əmin Abidin ədəbiyyat qarşısında tutumlu xidmətlərinə baxmayaraq, o, sevdiyi və ömrü boyu bağlı olduğu elmi-tədqiqat işindən uzaqlaşdırılır. Lakin həbs edilməsi bir ildən çox çəkir. XDİK-in müstəntiqi Tevosyanın 23 iyun 1938-ci ildə Əmin Abid Mütəllib oğlu haqqında hazırladığı həbs qərarı təsdiqlənir. İyun ayının 26-da Əmin Abidin həbsi və evində axtarış aparılması ilə əlaqədar 394 saylı order də imzalanır.
Əmin Abid Azərbaycan mətbuat tarixində müstəsna xidmətləri ilə yadda qalan, tanınmış şair, publisist Əliabbas Müznib Mütəllibzadənin kiçik qardaşı idi. Sorğu-sual bitdikdən sonra 19 avqust 1938-ci ildə İttihamnamə hazırlanır. Sənəddə qeyd edilir ki, Əmin Abid Müsavatın lideri Məhəmməd Əmin Rəsulzadə ilə dəfələrlə görüşmüş, "Yeni Qafqasiya" dərgisində əksinqilabi, antisovet məzmunlu şeirlər çap etdirmiş, pantürkist professor Əziz Qubaydulin, dosent Əli Nazim ilə sıx əlaqə saxlamışdır.
Əmin Abid Mütəllibzadə əksinqilabi, millətçi və casusluq fəaliyyətinə görə SSRİ Ali Məhkəməsi Hərbi kollegiyası səyyar Sessiyasının 19 oktyabr 1938-ci il tarixli qərarı ilə əmlakı müsadirə olunmaqla ən ağır cəzaya - güllələnməyə məhkum edilmiş, 21 oktyabrda hökm icra edilmişdir.
Əmin Abid Mütəllibzadəyə işində cinayət tərkibi olmadığına görə 21 dekabr 1962-ci ildə bəraət verilmişdir.
lll
Xalid Səid Xocayev (1888-1937) - EA Az.F. Tarix Dil və Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi vəzifəsindən 5 iyun 1937-ci ildə 17 saylı əmrlə 4 iyundan işdən azad edilmişdir. Sənəddə İnstitutun direktoru A.R.Zifeldt göstərilib və o, əmrə imza atmayıb. Görünür ki, bu əmr iyunun 1-dən əvvəl hazır imiş və sənədi Ə.Əhmədovun əvəzinə institutun elmi katibi Anna Mövsümzadə imzalamışdır. Əhməd Əhmədov isə 15 iyun 1937-ci il tarixli 24 saylı əmri ilə A.M.Şərifov, X.Ç.Qədimov və M.A.Hüseynovdan ibarət komissiya yaradaraq institutun sabiq isçisi Xalid Səid Xocayevin yazı stolunun qıfılını açmaq və onun stol və dolabındakı materialları siyahıya almaq, aşkarlanmış materialların akt üzrə institutun elmi arxivinə təhvil verilməsi təklif edilmişdir (Ədalət Tahirzadə. "Əhməd Əli oğlu Əhmədov". Bakı: "525-ci qəzet", - 2005, 8,11 yanvar).
Xalid Səid Xocayevin yazdığı və AMEA-nın Arxivində saxlanılan qısa tərcümeyi-halına əsasən o, 1888-ci ildə Daşkənd şəhərinin 25 kilometrliyində yerləşən Kaşkurçaq kəndində anadan olub. O, 1934-cü ildə Akademiyaya işə qəbul olunarkən ərizə yazmış, EA ZF Azərbaycan Bölməsi İdarə Heyətinin üzvü, professor Vəli Xuluflu Xalid Səid Xocayevin ərizəsinin üzərindəki dərkənarda: "Heyəti-Riyasətə. Xahiş edirəm birinci dərəcəli elmi işçi təyin edəsiniz. Əməkhaqqının aylıq üç yüz manat olmağı daha münasib" olduğunu bildirmişdir.
Prof. V.Xuluflunun dərkənarından sonra X.S.Xocayev təbii ki, Dil və Ədəbiyyat İnstitutunun dil seksiyasına qəbul edilmiş, 1934-cü ilin sentyabrından Mahmud Kaşğarinin "Divanü lüğat-it Türk" əsərini tərcüməyə başlamış, bəzi qeydlərə görə 1936-cı il iyunun 1-də 3 cildlik nəhəng abidə üzərində işini başa çatdırmışdır. X.S.Xocayev kitaba "Mahmud Kaşğarinin "Divanü lüğat-it Türk" adlı 11 səhifəlik mükəmməl bir müqəddimə yazmış, həbs olunan günə qədər əsəri təkmilləşdirməklə məşğul olmuşdur. Onun 1 iyun 1937-ci ildə Kabardin-Balqar Vilayət Komitəsinə, yol. Kumukova yazdığı sonuncu məktub "Divanü lüğat-it Türk" haqqında idi və elmi katib O.M.Sokolovskayanın 9 iyunda məktubun üzərində yazdığı dərkənarda qeyd edilirdi ki, "Xocayev həbs olunduğu üçün məktub göndərilmir". Xalid Səidin ünvanına çatmayan məktubunun məzmunundan məlum olur ki, Kumukov "Divan"ın kumuk və ya qaraçay-balqar dilinə tərcümə edilməsi üçün imkanları araşdırır və bu barədə 4 mart 1937-ci ildə Xocayevə məktubla müraciət edibmiş. Xalid Səid cavabın gecikdiyi üçün üzr istəyir, "Divan"ı nəşrə hazırladığını, əsərin redaktoru, akademik İ.Y.Kraçkovski və prof. S.Malov ilə iyulun 1-də görüsməyə ümid bəslədiyini, bu məqsədlə Leninqrada gedərkən iyunun 25-də Nalçikdə dayanacağını və arzu edərsə, onunla görüşmək imkanının olacağını bildirirdi. Təəssüf ki, bu ümidlərin heç biri özünü doğrultmadı. Xalid Səid 3 iyun 1937-ci ildə həbs olunur və ilk dəfə 5 iyunda istintaqa çağrılır. Ona qarşı irəli sürülmüş əksinqilabi, pantürkist təşkilatın üzvü olması barədə ittihamı rədd edir. 21 iyun tarixindən sonra isə "günahlarını" etiraf etməkdə üzüyolalıq göstərir.
Dindirmə materiallarından bəlli olur ki, müstəntiq Xalid Səidi Türkiyə kəşfiyyatına xidmətdə və pantürkist ideyaları təbliğ etməkdə suçlayır. O, böhtana və şərlənməyə etiraz edəndə müstəntiq zor tətbiqini və işgəncəni yada salmışdır.
Xalid Səidin cavablarında iki diqqətçəkən məqama toxunmağı gərəkli hesab edirik. Onlardan birincisi: "1918-ci ildə mən İstanbul Universitetinin bir qrup tələbəsi ilə birlikdə Nuru Paşanın Türk ordusunda Azərbaycana göndərilmişdim". Bu fikirdən bəlli olur ki, Xalid Səid İstanbul Universitetinin bir qrup tələbəsi ilə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gəlmişdir. Gənc tələbələrin xilaskarlıq missiyası daha ciddi tədqiqat işlərinin aparılmasını tələb edir. İkincisi isə Xalid Səid "Vəli Xuluflu və Zifeldt Mahmud Kaşqarinin pantürkist kitabını tərcümə etdiyim üçün məni müdafiə edirdilər" - deməklə əslində "Divani-lüğat-it türk"ün yüksək dəyərini qabartmaqla Vəli Xuluflu və Zifeldt kimi alimlərin cəsarətini, mərdliyini, haqsevərliyini vurğulamış olurdu.
Xalid Səid Xocayevin istintaq prosesi 13 sentyabr 1937-ci ildə dayandırılır. O, əksinqilabi, pantürkist təşkilatın üzvü olmaqda, Türkiyənin xeyrinə kəşfiyyat işi aparmaqda ittiham olunur.
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının (tərkibi: Matuleviç, Zaryanov və Jiqur) 12 oktyabr 1937-ci il tarixli qərarı ilə Xalid Səid Xocayev antisovet, pantürkist, təxribatçı-terrorçu, casus təşkilatın üzvü, Vahid Türk-Tatar burjua dövlətini yaratmaqda, əksinqilabi-millətçi təbliğat aparmaqda günahlandırılaraq ən ağır cəzaya - güllələnməyə məhkum edilmişdir. Bir gün sonra, 13 oktyabr 1937-ci ildə hökm icra olunmuşdur.
Xalid Səidin həyat yoldaşı Sara Xocayevanın 16 aprel 1955-ci il tarixli müraciətinə əsasən SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 may 1957-ci il tarixli qərarı ilə işində cinayət tərkibi olmadığına görə X.S.Xocayevə bəraət verilmişdir.
SSRİ EA Azərbaycan Filialının Rəyasət Heyəti Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsinə Əhməd Əhmədovun həbsindən sonra dövrünün tanınmış dilçisi, professor İdris Həsənovu təyin etmişdir.
İdris Zaman oğlu Həsənov (1897-1950) - 1938-ci ildə imzaladığı tərcümeyi-halında və "Kadro uçotu şəxsi vərəqəsi"ndə 2 sentyabr 1897-ci ildə Gəncədə papaqçı ailəsində anadan olduğunu, Ali-ibtidai məktəbi türk və fars dilində bitirdiyini (1908-1913), Gəncədəki Kredit Cəmiyyətində hesabdar işlədiyini (1912-1919), Cümhuriyyət dövründə Azərbaycan Ordusunda tərcüməçi kimi xidmət etdiyini, 1919-cu ilin dekabr ayında Bakı Universitetinin Şərq fakültəsinə daxil olduğunu və buranı 1925-ci ildə bitirdiyini qeyd etmişdir. O, bir müddət Yeni Əlifba Komitəsinin katibi və mühasibi (1922-1925), "Kəndçi qəzetəsi"ndə Kənd təsərrüfatı şöbəsinin müdiri (1925-1926), 1925-ci ilin yanvarından 1930-cu ilin oktyabr ayınadək Azərbaycan Dövlət Universitetində elmi işçi vəzifəsində çalışdığını qeyd etmişdir.
İdris Həsənov 1923-1929-cu illərdə ATTC-də dil-lüğət komissiyasının (material toplamaq üzrə) sədri işləmiş, Moskvada Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasını bitirərək (1926-1930) ümumi linqvistika üzrə dosent elmi adına layiq görülmüş, APİ-yə müəllim göndərilmişdir. Az.DETİ-də 1 yanvar 1932-ci ildə Dil sektorunun rəhbəri təyin edilmiş, yeni əlifba əsasında korlar üçün əlifba layihəsini işləyib hazırlamışdır.
İdris Həsənov 1 fevral 1933-cü ildə EA ZF Azərbaycan Bölməsinə elmi işçi olaraq dəvət edilmişdir. O, 12 il müddətində (1925-yanvar 1938) dilçilik elmimizə aid 44 sanballı əsərlər yazaraq fədakar elm xadimi olduğunu təsdiqləyən tədqiqatçılardandır.
İ.Həsənov A.R.Zifeldtin təqdimatı ilə 25 mart 1937-ci ildə Azərbaycan dili şöbəsinin rəhbəri və böyük elmi işçisi təyin edilib. Aradan üç ay keçməmiş o, yeni vəzifəyə təyinat alır. Az.F Rəyasət Heyətin 19 iyul 1937-ci il tarixli qərarı ilə İ.Həsənov birləşmiş Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra etməyə irəli çəkilir. İnstitutun yeni direktoru ağır şəraitdə fəaliyyətə başlayırdı. Aparıcı mütəxəssislər, şöbə müdirləri, direktor müavinləri həbs edilmiş, ilin əvvəlindən qəbul olunmuş iş planı üçün məsuliyyət daşıyan cavabdeh şəxs faktiki yox idi. İşçilərin azad edilməsi limiti tükənmizdi. Əksinə, instituta yeni əməkdaşların qəbul olunmasına ciddi ehtiyac duyulurdu. Bu istiqamətdə ilk addım sentyabrın 5-də Feyzulla Qasımzadənin (1898-1976) instituta - ədəbiyyat şöbəsinə kiçik elmi işçi vəzifəsinə gətirilməsi oldu. Bu addımın ardınca tanınmış xanım pedaqoq Çimnaz Aslanova (1904-1970) 19 oktyabr 1937-ci ildə instituta kiçik elmi işçi vəzifəsinə qəbul edildi.
Azərbaycan şərqşünaslığının təməlini qoyanlardan biri - prof. Panteleymon Juzenin (Bəndalı ibn Salib əl-Cəuzi) İdris Həsənovun adına yazdığı ərizədən məlum olur ki, institut işə yeni əməkdaşlar dəvət edir və o da öz namizədliyini müvafiq bir vəzifəyə irəli sürür. Və təbii ki, P.K.Juzenin TDƏİ-yə daxil olmaq arzusu nəticə etibarilə müsbət həll olunur.
İdris Həsənov institutun ən ağır dövründə, elmi-təşkilati həyatında fəallıq göstərir, xüsusilə gənc qüvvələri tədqiqat işinə cəlb etməyi, onları səfərbərliyə almağı bacarır. Yeni direktorun 1937-ci il üçün hazırladığı və 11 dekabr 1937-ci ildə imzaladığı "Qısa informasiya hesabatı"na əsasən Tarix, Dil və Ədəbiyyat İnstitutu beş şöbədən (Maddi mədəniyyət tarixi, Tarix, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı və Milli azlıqlar) və iki sektordan (Etnoqrafiya və Folklor) ibarət idi.
İdris Həsənov "ifşa edilmiş xalq düşməni" kimi 5 aprel 1938-ci ildə TDƏİ-nin rəhbərliyindən və EA Azərbaycan Filialı Rəyasət Heyətinin üzvlüyündən çıxarılmışdır. Həmin gün prof. İdris Həsənov həbs olunmuş, onun haqqında 25440 saylı cinayət işi açılmışdır. İlk istintaq da 5 apreldə baş tutmuş, irəli sürülən şablon ittihamları müttəhim rədd etmişdir.
İdris Həsənov müstəntiqlər tərəfindən dəfələrlə işgəncə və təzyiq altında dindirilsə də, saxta, şablon ittihamlara baş əyməmiş, şər və böhtanları cəsarətlə dəf etmişdir. 1938-ci il sentyabrın 30-da istintaq başa çatdırılsa da, sonadək qürur və ləyaqətini qorumuş, sənədlərlə tanış olmaqdan imtina etmiş, protokol və aktları imzalamamışdır.
İstintaq sənədlərində İdris Həsənovun "əksinqilabi təşkilatın fəal üzvü" olduğu, "pantürkist və millətçilik ideyalarını" təbliğ etdiyi, gənclər arasında "burjua-millətçi ədəbiyyatı" yaydığı vurğulanmışdır.
1939-cu ilin iyun ayında SSRİ XDİK yanında Xüsusi Müşavirənin qərarı ilə İdris Zaman oğlu Həsənov əksinqilabi təşkilatda iştirakına görə 8 il müddətinə Krasnoyarsk diyarında islah-əmək düşərgəsində cəzasını çəkməyə məhkum edilir, Maqadanda sürgün müddətində infakt keçirir. Sürgündən sonra o, Azərbaycana qayıtmış, bir müddət Gəncədə orta məktəbdə müəllim işləmiş, 1949-cu il dekabrın 21-də təhlükəli element kimi yenidən həbs olunmuş, 1950-ci il noyabr ayının 3-də intihar etmişdir.
27 sentyabr 1957-ci ildə onun haqqında çıxarılan hökmlər ləğv edilmiş, işində cinayət tərkibi olmadığına görə Həsənov İdris Zaman oğluna bəraət verilmişdir.
Repressiya - insani, ədəbi-mənəvi itkilərimizi ölçüsüz, hüdudsuz bir mərhələyə çatdırsa da, məğlubiyyətə məhkum idi. Ədəbiyyat - daxili-mənəvi qüdrətinə güvənərək repressiyanın dağıntıları, xarabalıqları üzərində zəfər sancağını ucaltdı... Dövlət, vətən, cəmiyyət üçün ləyaqətli, bilikli, dürüst, demokratik düşüncəli insan tərbiyə etmək məhz ədəbiyyatın fövqəladə səlahiyyətidir.