Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrin direktorları, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, şöbə müdirləri, gənc alim və mütəxəssisləri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB), Naxçıvan Bölməsinin, Mərkəzi Elmi Kitabxanasının və “Elm” nəşriyyatının 2024-cü il üzrə əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Akademik İsa Həbibbəyli bu il Rəyasət Heyətinin iclaslarında AMEA-nın elmi bölmə və regional mərkəzlərindən əlavə, ilk dəfə olaraq “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, “Elm” nəşriyyatı və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin də fəaliyyətlərinə dair hesabatlarının ictimaiyyətə təqdim olunduğunu bildirib.
Qeyd edib ki, bugünkü iclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin, Naxçıvan Bölməsinin, Mərkəzi Elmi Kitabxanasının və “Elm” nəşriyyatının hesabatı dinləniləcək və tədbirdən öncə təşkil olunmuş geniş sərgidə nümayiş etdirildiyi kimi, hesabat ilində sözügedən təşkilatlarda 300-dən çox qiymətli, ensiklopedik nəşrlər, lüğətlər, fundamental əsərlər ərsəyə gətirilib. Bunların sırasında Qarabağın ədəbi-mədəni mühiti, fokloru, memarlıq abidələri və “Böyük Qayıdış”a dair fundamental əsərlərin xüsusi yer tutduğunu söyləyib.
Akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərinin 950 illiyi ilə əlaqədar Xalid Səid Xocayevin tərcüməsi əsasında AMEA-nın Dilçilik İnstitutu tərəfindən çap olunmuş lüğətin yeni nəşrinin UNESCO səviyyəsində təqdimatının keçirilməsinin Akademiyanın 80 illik tarixində nadir hadisələrdən biri olduğunu deyib.
Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətinə toxunan akademik İsa Həbibbəyli bölmənin müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndiyini, elektron hərəkatın geniş vüsət aldığını diqqətə çatdırıb. Bildirib ki, Humanitar Elmlər Bölməsinin fəaliyyəti ümumilikdə müstəqil dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik kimi milli ideyaları əhatə edir və bu ideoloji istiqamətində bölmənin əməkdaşları yorulmadan çalışırlar.
Həmçinin bölmə əməkdaşlarının dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək yorulmaz fəaliyyət göstərdiklərini, görkəmli ədibə həsr olunmuş 10-dan çox kitabın ərsəyə gətirildiyini, X Bakı Beynəlxalq Kitab Sərgisində ictimaiyyətə təqdim edildiyini vurğulayıb.
Elmi nəşrlərə də toxunan akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Türkiyənin Dərgi Park elektron baza reyestrinə daxil edildiyini, hazırda bu siyahının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini söyləyib. Bundan əlavə, Akademiyada işıq üzü görən 31 jurnalın elektron bazasının yaradılması istiqamətində AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin tədbirlər gördüyünü bildirib. Qeyd edib ki, jurnalların elektron resurslarının zənginləşdirilməsi gələcəkdə həmin nəşrlərin beynəlxalq bazalarda xülasələndirilməsinə meydan açacaq.
Naxçıvan Bölməsinin də fəaliyyətinə toxunan AMEA rəhbəri bölmə əməkdaşlarının Akademiya üzrə adambaşına düşən məqalə sayına görə ilk sırada qərarlaşdığını söyləyib.
Mərkəzi Elmi Kitabxanada həyata keçirilən islahatların isə qurumun elmi-təşkilati fəaliyyətində müsbət irəliləyişlərlə müşahidə olunduğunu, qısa vaxtda elektron kitabxana istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, cənab Prezidentin də bildirdiyi kimi, artıq yeni tarixi dövr başlayıb və bu gün dünya elmə, humanizmə doğru meyillənib. Dünyanı elmin inkişafının xilas edəcəyini söyləyən akademik İsa Həbibbəyli bu gün Azərbaycan dövlətinin elm siyasətinin əsasında dövlətimizin milli maraqlarının və xalqımızın mənafelərinin qorunması dayanır və Akademiyanın kollektivi cənab Prezidentin müəyyənləşdirdiyi bu siyasətə uyğun olaraq öz əməli fəaliyyətlərini yorulmadan davam etdirirlər.
İclasda çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini akademik Teymur Kərimli bölmə əməkdaşlarının 2024-cü ildə səmərəli fəaliyyət göstərdiklərini, “Yaşıl dünya naminə həmrəylik ili”, Məhəmməd Füzulinin 530 illiyi və dövlət başçısının digər sərəncamlarından irəli gələrək bir çox işlər gördüklərini vurğulayıb.
Daha sonra Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı bölmənin hesabatını təqdim edib. Diqqətə çatdırıb ki, 2024-cü ildə HEB-in elmi müəssisələrdə 34 problemə aid 71 mövzuya dair 437 tədqiqat işi, 104 mərhələ aparılıb, 11 mövzu, 259 iş, 100 mərhələ tamamlanıb.
Qeyd edib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 140 kitabı (7-si xaricdə), 60 monoqrafiyası (8-i xaricdə), 1828 məqaləsi (430-u xaricdə), 345 tezisi (157-si xaricdə), 11 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib, bu məqalələrdən 20-si “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 384 istinad qeydə alınıb.
Vurğulanıb ki, “Yaşıl dünya naminə həmrəylik ili” və onunla səsləşən COP29-un çağırışlarını özünün prioritet istiqamətlərindən kimi müəyyənləşdirən Humanitar Elmlər Bölməsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik: COP29-un çağırışları və humanitar elmin vəzifələri”, “Klassik divan ədəbiyyatında bitki obrazı”, “Azərbaycan folklorunda təbiət kultu”, “Memarlıq və incəsənətdə yaşıl dünya” mövzusunda konfranslar, “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi təşkil edilib, “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” və “Ekolinqvistika: oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” kitabları çap olunub.
Məruzəçi, həmçinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında”, “Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” dövlət başçısının sərəncamları çərçivəsində görülmüş işləri diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar 4 kitab çap olunub, 4 tədbir təşkil edilib, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı 11 kitab, 3 konfrans materialı və “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb, 2 beynəlxalq və 4 respublika konfransı, 1 simpozium, 1 konfrans və 1 tədbir keçirilib. Bundan əlavə, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə əlaqədar 2 kitab nəşr olunub, 4 tədbir təşkil edilib, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı isə 5 kitab çapdan çıxıb, 1 konqres, 1 respublika konfransı və 2 elmi sessiya keçirilib.
Qərbi Azərbaycana qayıdış çərçivəsində isə bölmənin əməkdaşları tərəfindən “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji lüğəti”, “Zəngəzur folklor örnəkləri. I kitab”, “Zəngəzur folklor örnəkləri. II kitab”, “Zəngəzur: tarixi məkan və milli yaddaş. Elmi araşdırmalar toplusu”, “Zəngəzur folkloru: milli-mədəni düşüncə və çağdaş elmi yanaşmalar. Elmi araşdırmalar toplusu”, “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər”, “Qərbi Azərbaycan folkloru. 3-cü kitab”, Qərbi Azərbaycan mətnlərinin yer aldığı “İbiş” və “Qaraçanta”, “Qərbi Azərbaycan toponimlərinin həqiqətləri. Məqalələr toplusu” və “Qərbi Azərbaycan toponimləri lüğəti” nəşr olunub, 2 respublika konfransı təşkil edilib.
Eyni zamanda Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərinin 950-ci ildönümü ilə əlaqədar UNESCO-nun Paris şəhərindəki mənzil-qərargahında akademik İsa Həbibbəylinin və Dilçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransın müstəqil bir bölməsində Azərbaycan Milli Elmlər Akademiyasında tapılmış və Xalid Səid Xocayevə aid olan latın əlifbası ilə Azərbaycan dilinə çevrilmiş nadir əlyazmanın nəşrinin təqdimatı təşkil olunub. Məruzəçi, həmçinin “Divanü lüğat-it türk” əsərinin 950 illiyi ilə əlaqədar görülmüş digər işləri də təqdim edib.
Bundan əlavə, məruzəçi AMEA-nın İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının fəaliyyətinə də toxunub, professor Qəzənfər Paşayevin Rəyasət Heyətinin iclasında “Azərbaycan İraq-türkman araşdırmaları: yekunlar və vəzifələr” mövzusunda elmi məruzəsinin dinlənildiyini, “İraq-türkman folklor mühitinin çağdaş durumu”, “Çağdaş türkman ədəbiyyatı” mövzusunda elmi seminarların keçirildiyini deyib, nəşrlər və s. haqqında məlumat verib.
Həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəriciləri təqdim edilib, kadr potensialı və kadr hazırlığı, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər və s. barədə məlumatları diqqətə çatdırılıb.
Hesabat ətrafında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib, bir sıra təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.
AMEA-nın Naxçıvan Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı isə bölmənin sədri akademik İsmayıl Hacıyev təqdim edib.
Qeyd olunub ki, hesabat ilində bölmədə Azərbaycan Respublikası Prezidentinin, AR Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məcli-sinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Fərman, Sərəncam, qərar və məktublarından irəli gələn vəzifələr icra edilib.
AMEA-nın Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi istiqamətində araşdırmalar aparılıb. Tədqiqatların 15 şöbə və 1 labоratоriyada 1 akademik, 2 müxbir üzv, 4 elmlər dоktоru, 17 fəlsəfə dоk-tоrunun iştirakı ilə 34 mərhələ üzrə aparıldığını deyən akademik İsmayıl Hacıyev 4 mühüm elmi nəticənin əldə olunduğunu söyləyib.
Akademik İsmayıl Hacıyev “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” sənədlərdən irəli gələrək görülmüş işləri təqdim edib.
Bildirib ki, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar “Naxçıvan ədəbi mühiti” fundamental kitabı nəşrə hazırlanmış, 29 icmal və oçerk tərtib edilmişdir. Bölmə əməkdaşları tərəfindən “Taleyi və sənəti” seriyası üzrə “Hüseyn Razi: taleyi və sənəti” adlı növbəti – 18-ci seriyası və “Görkəmli Azərbaycan şairi M.Füzuli” məqalələr toplusu çap olunmuşdur.
2024-cü ildə bölmə əməkdaşlarının 10 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 207 elmi məqaləsi, 118 konfrans materialı və 4 tezisi olmaqla 348 elmi əsəri nəşr edilib. Əsərlərdən 35 məqalə, 19 konfrans materialı və 2 tezis (cəmi 56 əsər) xaricdə nəşr olunub. Bir elmi işçiyə düşən əsər sayı 10,2 olub. Məqalələrdən 6-sı Web of Science, 2-si Scopus, 1-i Ulakbim elmmetrik bazalarında olmaqla 15-i impakt faktorlu jurnalda çap edilib. Hesabat dövründə bölmə əməkdaşlarının əsərlərinə 4085 istinad qeydə alınıb.
Akademik İsmayıl Hacıyev, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər, eləcə də bölmənin saytının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı isə kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov təqdim edib.
Qeyd edib ki, hesabat ilində Mərkəzi Elmi Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi, Məhəmməd Füzulinin 530 illiyi, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə “Azərbaycanın milli parkları, təbiət qoruqları və yasaqlıqları: soraq-biblioqrafik məlumat kitabı”, “Azərbaycan ekologiyası: biblioqrafik göstərici”, “Naxçıvan Muxtar Respublikası – 100: biblioqrafik göstərici”, “Məhəmməd Əmin Rəsulzadə və müstəqil Azərbaycan” adlı metodik vəsait, “Məhəmməd Füzuli - 530” adlı tədbir və kitab sərgisi və digər bir çox tədbirlər, seminarlar, sərgilər təşkil olunub, kitablar ərsəyə gətirilib.
Həmçinin AMEA-nın Rəyasət Heyətinin qərarları əsasında 2024-cü il ərzində AMEA-nın 14 həqiqi və müxbir üzvünün şəxsi biblioqrafiyası çap olunub.
Hüseyn Hüseynov 2024-cü ildə Mərkəzi Elmi Kitabxananın fəaliyyətində çoxsaylı yeniliklərə imza atdığını bildirib. Qeyd edib ki, İRBİS 64 proqramından istifadə etməklə Mərkəzi Elmi Kitabxananın fondlarında olan sənədlərin elektron kataloqu yaradılaraq, oxucuların istifadəsinə verilib. Kitabxananın elektron kataloqu və elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində işlər davam etdirilir. Həmçinin kitabxana işinin səmərəli qurulmasına, oxuculara xidmət işində keyfiyyət meyarının artmasına təsir etmək məqsədilə struktur islahatları aparılıb, iş saatları və oxu zallarından istifadə oxucuların rahatlığı nəzərə alınaraq müəyyənləşdirilib. Bundan əlavə, 2024-cü il iyun ayından etibarən kitabxanada cəmiyyətdə mütaliəyə, kitaba olan marağı artırmaq, oxucuları MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədilə “Açıq qapı günləri” keçirilir. Eyni zamanda MEK-də kitabxana işinin effektivliyini günün tələbləri səviyyəsinə qaldırmaq məqsədilə Elmlər Akademiyası sistemində Mərkəzi Elmi Kitabxanada ilk dəfə “MEK könüllüləri” layihəsi həyata keçirilmişdir.
Kitabxanada, həmçinin “Akademiklər kitabxanası”, “İraq-türkmən ədəbiyyatı kitabxanası” yaradılmışdır. Həmçinin Azərbaycanşünaslıq və Milli-Rəqəmsal Yaddaş şöbəsi tərəfindən MEK-ə daxil olan müxtəlif qəzet və jurnallardan məqalələr işlənərək “Sərəncamlar – 2024”, “Qərarlar – 2024”, “Yaşıl dünya naminə həmrəylik ili”, “COP – 29”, adlı yeni rubrikalar işlənmiş, “AMEA. Prezidentlər” bölməsində adlı rubrikalar redaktə olunmuşdur. Ümumi olaraq müxtəlif mövzularda 5700-dən çox yeni kartoçka proqramdan çıxarılaraq kartotekaya düzülmüş, İRBİS 64 proqramına 16 000-dən çox məqalə daxil edilmişdir. 40 minə yaxın kitab tammətinli elektron kitab formatına salınaraq Elektron kitabxananın oxucularına təqdim edilmişdir.
Əməkdaşların Web of Science və Scopus-da 7 məqaləsi, ölkə miqyaslı elmi jurnallarda 11 məqaləsi nəşr olunmuş, 25 beynəlxalq və yerli konfrans və simpoziumda, məruzələr edilmiş, 7 sayda elmi-publisistik məqalə işıq üzü görmüşdür. AMEA üzrə 2024-cü ildə Web of Science və Scopus-da indeksləşən elmi jurnallarda ən çox məqaləsi işıq üzü görən alim isə 7 məqalə ilə kitabxananın direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov olmuşdur.
Məruzəçi, həmçinin MEK əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, beynəlxalq əməkdaşlıq, eləcə də MEK-in saytının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Məruzə dinlənildikdən sonra MEK-in 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və müvafiq tapşırıqlar verilib.
Sonra AMEA-nın “Elm” nəşriyyatının illik hesabatı dinlənilib. Hesabatı “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov təqdim edib.
O qeyd edib ki, “Elm” nəşriyyatı 2024-cü ildəki fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını, eləcə də AMEA Rəyasət Heyətinin qərarlarını, AMEA prezidentinin sərəncamlarını əsas götürərək müvafiq işləri yerinə yetirib.
Bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Elm” nəşriyyatında “Azərbaycanın bitki örtüyü” monoqrafiyası, “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstərici, “Qlobal ekoloji problemlər”, “Ecoethics problems of Azerbaijan: scientific, legal, moral aspects” adlı kitabları, “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları və s. nəşr olunub.
Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar isə “Böyük Azərbaycan şairi Füzuli”, “Füzuli sənətkarlığı”, “Füzulinin ərəbcə poetik irsi” monoqrafiyaları, o cümlədən “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın tezisləri işıq üzü görüb.
Bundan əlavə, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından Azərbaycan elminin inkişafında böyük xidmətləri olan AMEA-nın həqiqi və müxbir üzvlərinin biblioqrafik göstəriciləri çap olunub.
Çoxcildlik əsərlərdən isə “Qərbi Azərbaycan folkloru. III cild”, “Cəmiyyətin sosial və mənəvi həyatındakı islahatların fəlsəfəsi (15-16 cild)” kitabları işıq üzü görüb.
Eyni zamanda “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə”, “Qasım Qasımzadənin yaradıcılıq yolu”, “Nəzəri-tənqidi fikrin poetikası”, “Mir Möhsün Nəvvab”, “Tarix danışan binalar” monoqrafiyaları, “Kitabi Dədə-Qorqud. Drezden, Vatikan və Günbəd nüsxələri”, “Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşı” və s. nəşrlər hesabat ilində “Elm” nəşriyyatında çap olunub.
Səbuhi Qəhrəmanov hesabat ilində Azərbaycan elmi cəmiyyəti üçün mühüm əhəmiyyəti olan, Web of Science, Scopus, Google Scholar, EBSCO, COPERNICUS, AGRIS, Asos index və b. beynəlxalq bazaların siyahısına daxil edilmiş “Azerbaijan Journal of Mathematics”, “Azerbaijan Chemical Journal”, “Filologiya və sənətşünaslıq”, “Həyat elmləri və biotibb” və digər elmi jurnalların da nəşriyyatda işıq üzü gördüyünü diqqətə çatdırıb.
Natiq “Elm” nəşriyyatının hesabat dövründə Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında, eləcə də X Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunduğunu, müəssisə əməkdaşlarının il ərzində bir sıra tədbirlərdə təltif edildiklərini söyləyib.
Nəşriyyatın 2024-cü ildə beynəlxalq əməkdaşlıq istiqamətində də fəliyyətini davam etdirdiyini söyləyən S.Qəhrəmanov Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurası, Avropa Elmi Redaktorlar Assosiasiyası, Nəşr Etikası Komitəsi (COPE), ABŞ-ın EBSCO məlumat bazası, o cümlədən AVES publishing, “Elsevier” nəşriyyatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini vurğulayıb.
Bundan əlavə, akademik İsa Həbibbəylinin “Elm” nəşriyyatına göstərdiyi diqqət və qayğı sayəsində Akademiyada nəşriyyat fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırıldığını, nəşriyyatın maddi-texniki bazasının təkmilləşdirildiyini söyləyib.
Məruzə dinlənildikdən sonra “Elm” nəşriyyatının 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və müvafiq tapşırıqlar verilib.
İclasda, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı da təsdiqlənib.
Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələlərdən biri də AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi haqqında olub.
Məsələ ilə bağlı “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov çıxış edib. Qeyd olunub ki, 2025-ci ilin sentyabr ayında “Elm” nəşriyyatının yaradılmasının 100 ili tamam olur.
Vurğulanıb ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) təsis olunarkən əsas hədəflərdən biri tədqiqat nəticələrinin nəşri, elmi-tədqiqat xarakterli mətbuat orqanlarının yaradılması idi. Bakıda keçirilən Birinci Türkoloji Qurultay ərəfəsində Azərbaycanşünaslığa dair xeyli adda əsərin çapının planlaşdırılması redaksiya-nəşriyyat işlərinin vahid mərkəzdə – yeni yaradılacaq nəşriyyatda toplanılmasını labüd edirdi. Bu məqsədlə ATTC-nin Mərkəzi Şurası Rəyasət Heyətinin 23 sentyabr 1925-ci il tarixli iclasında Nəşriyyatın məsələsi müzakirə edilmiş, onun fəaliyyətinə rəhbərlik Redaksiya və Nəşr Şurasının sədri İosif Feodoroviç Blinov və professor Bəkir Çobanzadəyə həvalə edilmişdir.
100 illik fəaliyyət müddəti ərzində nəşriyyat respublikamızda müxtəlif elmi istiqamətlərdə aparılan tədqiqatların və elmi yeniliklərin geniş ictimaiyyətə çatdırılması məqsədilə çoxsaylı monoqrafiyalar, seçilmiş əsərlər, çoxcildlik nəşrlər, elmi jurnallar, tərcümə nəşrləri, tədris ədəbiyyatı, elmi-populyar kitablar, ensiklopediyalar, lüğətlər, referativ toplular və biblioqrafiyalar çap etmişdir. Azərbaycan kitab mədəniyyətinə əvəzsiz töhfə olan bu nəşrlər respublikamızda elmi tədqiqat nəticələrinin təhlilini və bu sahədəki müasir tendensiyaların izlənilməsini təmin etmiş, elmi mühitin formalaşmasında və inkişafında əvəzsiz rol oynamışdır.
Hazırda Nəşriyyat müasir akademik nəşr prinsiplərinə uyğun elmi biliklərin geniş yayılması və yüksək keyfiyyətdə nəşrlərin hazırlanması istiqamətində uğurla fəaliyyət göstərir. Son illər akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada həyata keçirilən islahatlar çərçivəsində “Elm” nəşriyyatı da modernləşmə və inkişaf prosesinə qoşulmuşdur. Akademiya rəhbərliyinin nəşriyyata göstərdiyi diqqət və qayğı nəticəsində müəssisənin fəaliyyəti müasir tələblər səviyyəsinə yüksəldilmişdir.
“Elm” nəşriyyatı Avropa Elmi Redaktorlar Assosiasiyası (EASE) ilə əməkdaşlıq əlaqələrini genişləndirmiş, nəticədə EASE-nin nəzdində XI daimi bölmə – Azərbaycan bölməsi yaradılmış, nəşriyyatın direktoru Səbuhi Qəhrəmanov bölmənin sədri təyin olunmuşdur. EASE-nin Azərbaycan bölməsinin aktiv fəaliyyəti EASE tərəfindən yüksək qiymətləndirilmiş, bölmənin sədri S.Qəhrəmanov Nəşr Etikası Komitəsinə (COPE) üzv seçilmişdir.
Qeyd olunub ki, nəşriyyat keçdiyi 100 illik zəngin dövr ərzində respublikamızda elmi biliklərin geniş yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş, bu gün də həmin yüksək məqsədlərə xidmət göstərərək fəaliyyətini uğurla davam etdirir. Bu əlamətdar yubiley “Elm” nəşriyyatının nailiyyətlərini qeyd etməklə yanaşı, onun Azərbaycan elminin və AMEA-nın inkişafında oynadığı mühüm rolu nümayiş etdirmək üçün də dəyərli bir imkandır.
Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.
Sonda çıxış edən akademik İsa Həbibbəyli Humnaitar Elmlər Bölməsinin, Naxçıvan Bölməsinin, Mərkəzi Elmi Kitabxananın və “Elm” nəşriyyatının 2024-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb və müvafiq tapşırıqlarını verib.