Tehran Əlişanoğlunu necə təqdim etsəm düzgün olar? AMEA-nın müxbir üzvü, şöbə müdiri, ədəbiyyatşünas alim... Nədənsə mən onu daha çox tənqidçi statusunda qəbul edirəm. Ona görə yox ki, bu gün də "əlindədir yenə qələm"! - rəhbərlik etdiyi Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində keçirdiyi kitab müzakirələrində səbatlı, əsaslı fikir və mülahizələri ilə tənqidçi kimi mötəbər kürsünü heç kimə güzəşt etmədiyini sərgiləyir. Həm də ona görə ki, olduğu bütün çevrələrə, cızdığı dairələrə, təmsil etdiyi instansiyalara baxmayaraq, Tehran Əlişanoğlu özü də özünü məhz bu sahədə rahat, "evin yiyəsi" kimi hiss edir. Niyə də yox? Buna hamıdan çox haqqı çatanlardandır Tehran Əlişanoğlu! 1990-cı illərin ədəbiyyatının, akademik Nizami Cəfərov demiş, "kimisinin cəmiyyətə, kimisinin siyasətə üz tutduğu" ən gərgin, ən dramatik zamanında bu sahəni ölməyə qoymayanlardan, yükünü çəkənlərdən oldu Tehran müəllim. Poeziyadan yazdı, əsrdən doğan nəsrin poetikasına vardı, dramaturgiyanın problemlərini aktuallandırdı, ədəbi mühit qovğalarının daim içində oldu, cari məsələlərin heç bir nüansından yan keçmədi. Klassikanı çağdaşlığa daşıdı, çağdaşlıqda modern tendensiyaların izini aradı, sənəti psevdosənətdən, peşəkarı diletantdan ayırmaqda təcrübəsi, biliyi, düşüncə və zəka arsenalı ilə iştirak etdi. 1995-1997-ci illərdə "Press-fakt" qəzetindəki "Ədəbiyyat söhbəti", 1996-1998-ci illərdə "Ədəbiyyat qəzeti"ndəki "Məqamlar", 1998-1999-cu illərdə "Rezonans" qəzetindəki "Gündəlikdən", 2000-2001-ci illərdə yenə "Ədəbiyyat qəzeti"ndəki "Tənqidçinin dəftərindən", 1999 və 2002-ci illərdə "Bizim əsr" qəzetində "Tənqid meridianları", "Polemik" və "Tənqid" sırasından olan məqalələri, "Ekspress" (1999) və "Yeni Azərbaycan" (2003) qəzetində silsilə yazıları, "Həftəiçi" qəzetindəki məsul olduğu ədəbiyyat səhifəsi, yaradıcısı olduğu, Azərbaycan ədəbi internetinin əsasını qoyan "YeniSi" www.yenisi.net saytı (2002), təsis etdiyi "Tənqid.net" jurnalı (2006), müəllifi olduğu monoqrafiyalar, kitablar, dərsliklər, habelə yüzlərlə məqalələr...
Ustad Yaşar Qarayev yazırdı ki, "tənqid - ədəbiyyata məhəbbətin adıdır"! Həqiqətən belədir. Bunu bu peşənin içində olmadan anlamaq mümkün deyil. Tənqidçisənsə çariliyi də izləməlisən, yenilikləri də zamanında duyub dəyərləndirməlisən, habelə üstünə yağan qınaq və ittihamların predmeti olmaq əzabına da qatlanmalısan. İçində ancaq böyük məhəbbət gəzdirənlər yolundan sapmaya bilir. Tehran Əlişanoğlu tənqidin təkcə yükünü çəkənlərdən yox, həm də təəssübünü çəkənlərdən olub. Onun "Rezonans" qəzetində bir zaman ədəbi mühitdə olub, geri çəkilən tənqidçilərlə müsahibələrini xatırlayıram. O müsahibələr 1980-90-cı illər ədəbi tənqidinin keçdiyi yolun mənzərəsini görmək üçün necə böyük material verirdi. Yaxud "Bizim əsr" qəzetində ədəbiyyat tariximizin elə bir dövrü, şəxsiyyəti, prosesi yox idi ki, Tehran müəllim bunları elmi-nəzəri analizin predmeti etməsin. Həm də yeni dövrün reallıq və meyarları müstəvisindən. Ədəbiyyat tarixi bu yazılarda həm yeni epoxanın yanaşması ilə nəfəs alır, dolğunluq qazanır, həm də onun tənqidçi düşüncəsinin nəzəri və xronoloji hüdudlarını, bu hüdudlara məxsus geniş və qlobal vüsəti meydana qoyurdu. Yəni, o illərdə Tehran müəllim ancaq yazmadı, həm də maarifçi bir missiyanı üzərinə götürdü. Bu missiyanın mötəbərliyi bu gün "Tənqid.net" jurnalının saylarında yetərincə dolğun əks olunur. Əslində "Tənqid.net" jurnalının özü də bizim elmi-nəzəri düşüncədə maarifçi missiyanı gerçəkləşdirən mətnlər toplusudur. Müstəqillik dönəmindən bu yana mən xüsusilə, klassika, modernizm, postmodernizm sənət cərəyanlarını ardıcıl, sistemli diqqətdə saxlayan, həqiqi ədəbiyyatın yönünü, izini nişan verən ən yaxşı çalışmaları jurnalın içinə cəm edib mənzərə yaradan "Tənqid.net"dən yaxşı məxəz, qaynaq tanımıram.
Qəribədir, 1990-cı illər ədəbiyyatımızda daha çox boşluq mərhələsi, keçid dövrü kimi səciyyələnir. Amma görünür, boşluq mərhələsi kimi xarakterizə olunan bəzi dövrlər şəxslərin yaradıcılığında ən məhsuldar dövrü hasilə gətirir. Necə ki, Tehran Əlişanoğlunun həmin dövrdə yazdığı məqalələrə, ordakı ümumiləşdirmə və müşahidələrə nəzər yetirəndə bu qənaət hasil olur. Çünki Tehran müəllim ən çətin, ən kritik məqamlarda boşluğun özünü tədqiq predmetinə çevirdi, nəzəri bazası ilə meydana girib prosesi canlandırmağa müvəffəq oldu. "Analiz yazıları"! Bu yazılarda milli ədəbi-bədii fikrin tarixi inkişafına xas olan qanunauyğunluqlar tənqidçinin nəzəri marağının əsas hədəfində olan amil kimi mənalanırdı. Tehran Əlişanoğlu ədəbi-ictimai-fəlsəfi fikrimizin yeni inkişaf mərhələsində yalnız müasir ədəbiyyatımızın bütün cərəyanlarını və yaradıcılıq metodlarını təhlil etmir, həmçinin bu yeniliklərdə Azərbaycan klassiklərinin, milli folklor bazasının gücünü arayır, rus, Avropa və Şərqlə olan fikir əlaqələrini üzə çıxarmağa çalışırdı. Bu yazılarda milli ədəbi keçmiş elmi-nəzəri inkişafın yeni mərhələsində nəzərdən keçirilir, yeni epoxanın başlıca yaradıcılıq prinsipləri olan modernizm, postmodernizm cərəyanlarına münasibət konseptual nəzəri fikrin və elmi-filoloji strukturun təməli üzərində şərhini tapırdı. Xüsusilə, 90-cılar, 2000-cilər ədəbi nəslinin ədəbiyyata qatdığı - davalarından tutmuş mətnlərinə qədər hər şey tənqdiçinin o dövr yazılarında mənalanır, ümumiləşir, yenilik adı ilə iddia edilənlərin doğru istiqaməti müəyyənləşdirilir və əsaslandırılırdı. Bu gün həmin məqalələr dövrün tərcümeyi-halının oxunmasında böyük və güclü bir arsenalı təşkil etməklə bərabər, Tehran Əlişanoğlunun özünün də alim, tənqidçi tərcümeyi-halının ən şərəfli, ən qaynar dövrünün qaynağı kimi dəyərlidirlər.
Müəllifin bu dövr ərzində çap edilən yazılarında ədəbiyyat tarixçiliyi, realizm, romantizm, ənənə və novatorluq, irs və varislik kimi ədəbiyyatımızın köklü nəzəri problemlərindən tutmuş çağdaş prosesimizin inkişaf meyllərinin öyrənilməsinə, cari bədii təsərrüfatın təhlilinə qədər yeni kontekstdə yanaşma, fərqli baxış bucağı nəzərə çarpır. Sonralar, zaman etibarilə daha öncələrə, "Press-fakt" qəzetindəki "Ədəbiyyat söhbəti" başlıqlı ədəbi-tarixi esselərin çap olunduğu 1995-1997-ci illərə gedib çıxan yazılarını 2020-ci illərdə "Alatoran" yayınlarında kitab kimi çap elədi Tehran müəllim. Həm də elə T.Mustafayi adı ilə. Nədən məhz T.Mustafayi? Tənqidçinin şərhində oxuyuruq: "T.Mustafayi bir obrazdır. Bunu mən yaratmışam. Necə ki, Məhəmməd Füzuli - Məcnunu, Migel de Saavedra Servantes - Don Kixotu. Məqsəd nədir; guya T.Mustafayi dağılmış, dağınıq vəziyyətdə olan ədəbi prosesin strukturunu, layihə üzrə, kərpic-kərpic bərpa edəsiymiş. Yəni təkbaşınamı?"
Tənqidçinin iddiası yerində idi. 1990-cı illəri - keçid dövrünü xarakterizə edən bu gərgin, dramatik, xaotik dönəmin ədəbi prosesi o qədər ağır idi ki, meydanda olan azsaylı tənqidçinin fəaliyyəti bir ordunun işini görməyə bərabər idi. Tehran Əlişanoğlunun kitabı da məhz "1990-cı illərdə böyük epoxal sınmalar içrə olan milli ədəbiyyatın iç durumunu təsvir və tərənnüm etmək cəhdi"dir. Əsər boyu - bütün tarixi ədəbi-nəzəri təcrübəni mənimsəməklə yanaşı, sənət kriteriyaları, bədii zövq və dünyagörüşü, eləcə də dəyərləndirmə prinsipləri baxımından, istər yeni rakursdan araşdırdığı klassik mətnlərə, istərsə də müstəqilliyin ilk dönəmlərinin ədəbi proseslərində gedən yeni təmayül və axtarışlara kongenial olan müəllif - obraz danışır. Öz imkanlarını tükətməkdə olan milli ədəbi-nəzəri fikrin yeni metodoloji prinsiplərə, təhlil və qiymətləndirmə üsullarına ehtiyac duyduğu 90-cı illərdə ərsəyə gələn bu söhbətlər iki uğurlu cəhəti özündə ehtiva edir: yeni epoxanın bəxş etdiyi azad, müstəqil, ədəbiyyat haqqında ehkamsız, buxovsuz mühakimə səriştəsi və müasir dünyanın ədəbi-nəzəri fikri kontekstində düşünmək və milli dəyərlərə bu zəmində nəzər yetirmək meyli, məsələlərin dünya ədəbiyyatı kontekstində dərki, "çağdaş Dünyayla, Zamanla ayaqlaşmaq ideyasının təzə təzahürü" ki, kitabın bütün estetik platforması bu iki qayənin, xəttin üzərində qərarlaşır.
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Tehran Əlişanoğlunun qələmində mətn bölünməyib. AYB-Alatoran, yaşlı-cavan, ənənəvi-avanqard, klassik-novator - meydanda mətn adına predmet olubsa, bu bölgülərə yer qalmayıb. Əsas qayə yaradıcı prinsipiallıqla dəyər və meyarları müəyyənləşdirmək, üzə çıxarmaqdırsa burda xırda maraqlar deyil, ədəbiyyatşünaslıq elminin təcrübə və bilikləri danışıb.
***
Hər alimin ədəbiyyatşünaslıqda vizit kartı sayılacaq tədqiqatı olur. "XX əsr Azərbaycan nəsrinin poetikası" monoqrafiyası Tehran Əlişanoğlunun alim obrazının, onun hermenevtik çalışmalarının bəhrəsidir. Bu kitab nəsrimizin konseptual dərki, sistemli öyrənilməsi istiqamətində mühüm addımı ifadə edir. Elmi-nəzəri səviyyəsi, mütaliə genişliyi, faktoloji zənginliyi ilə seçilən "XX əsr Azərbaycan nəsrinin poetikası" monoqrafiyası həm bütün dövrlərin, həm də böyük mənəvi, milli-əxlaqi və bədii yaddaşın nəsr əsərləri kontekstində açılması, dərki baxımından tutarlı material verir.
Müstəqillik dönəmindən sonra meydana çıxan bu tədqiqatda nəsrin mövzu və problematikası ilk dəfə olaraq, bu qədər dolğun və konseptual səciyyədə, həm "Azərbaycan mədəniyyəti və ədəbi ənənələrinin gəlişməsi", həm də ümumdünya nəsri kontekstində araşdırılır. "Azərbaycan nəsrinin yaddaşında klassik poetik irs, klassik ədəbi təfəkkür genetik olaraq yaşasa da, çağdaş Azərbaycan nəsrinin formalaşması tədricən, yeni dövr mədəniyyəti daxilində, XVIII-XIX əsrlərdə baş verən ardıcıl estetik-janr çevrilmələri ilə gəlir", - yazan tədqiqatçının baxışında tarixi trayektoriya mərhələli şəkildə - XX əsrin əvvəllərində yaranmış nəsrə, daha sonra 20-50-cu illərə, daha sonra yeni nəsr hadisəsi olmaq baxımından 60-80-ci illərin prozası müstəvisinə adlayır. Müəllif tarixi-müqayisəli müstəvidə təhlilə geniş imkanlar yaradaraq - cəmiyyət, mənəviyyat, məişət, psixoloji durum mənasında - elə bir məqam qalmır ki, milli nəsrin lokal təzahürlərinə qədər enərək problemi incələməkdən yan keçməsin.
Monoqrafiyada daha mühüm cəhət, nəsrdə insan ruhunun aranması ilə bağlı meylin ən üst sırada qərarlaşmasıdır. Bu, artıq sovet şablonlarından, sosialist realizmin ikili yanaşmasından tam arınmış, sırf estetik mündəricə ilə yazılan tədqiqatdır. "Dəyişən dünyanın insanı"! Müəllifin "X.Orteqa - i-Qasset"in 1930-cu ildə yazdığı "Roman haqqında düşüncələr" əsərindən sitat çəkdiyi "yeni insanın özü ilə bahəm gətirdiyi yeni spontan dəyərlər sistemi həm də elə bu insanın məzmununu təşkil edir" - qənaəti tədqidat boyu aktuallığını qoruyan problem kimi müxtəlif dövrlərin nəsr nümunələrində şərhini tapır.
***
2018-ci ildən Tehran Əlişanoğlunun tərcümeyi-halında yeni bir estetik dönəm başlayır. Ümummilli lider Heydər Əliyevin ədəbiyyatdakı obrazını elmi-nəzəri düşüncənin predmetinə çevirmək, bu böyük liderin gördüyü işlərə dəyər vermək! Əslində, bu dəyər amilinin əsası alimin 2005-ci ildə yazdığı "Azərbaycan, Azərbaycan" elmi-publisistik oçerkində qoyulmuşdur. Fikir həyatımızda qiymətini hələ lazımınca almayan bu kitab milli dövlətçilik ideyasının tarixini izləmək, milli düşüncəyə söykənən milli mənlik şüurunun yaranmasının aspektlərini öyrənmək, bədii və ictimai-siyasi təfəkkürdə təşəkkül tapan müstəqillik amilinin rolunu üzə çıxarmaq baxımından mühüm araşdırmalardan biridir. Həmçinin Heydər Əliyevin şəxsində qorunan milli ideallar, onun əməyi ilə qurulan, qorunan siyasi birliyin və tarixi təfəkkür bütövlüyünün vəhdəti, bütün bunların elmi-nəzəri yekunu olaraq azərbaycançılıq ideologiyasını yaradıb inkişaf etdirməsi Tehran Əlişanoğlunun kitabında nüans səhihliyi ilə araşdırılır, ədəbi talelərin və əsərlərin şəxsində izahına varılırdı. 2018-2019-cu illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə hazırlanan "Ədəbiyyatda Heydər Əliyev obrazı - tarixi gerçəklikdən milli ideala" ikicildliyində yer almış sanballı bir oçerkin müəllifi olan Tehran Əlişanoğlu Heydər Əliyevin nəsrdə və folklorda bədii təcəssüm tapan obrazını araşdırmaqla ədəbiyyat və siyasət tandemini estetik vəhdət, bütöv sistem kimi çevrələyirdi. Və belə geniş tarixi fon və əhatəli kontektlə ədəbi düşüncənin inkişafında Heydər Əliyevin rolunu və mövqeyini dəqiq təyin etməyə, bu mövqenin hərtərəfli tədqiqi və nəzəri ifadəsi üçün elmi-filoloji vəzifələrin də proqramını müəyyənləşdirməyə imkan yaradırdı.
Sonra yenə bu sıradan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı "Vətən və dövlətçilik məfkurəsinin intibahı - Heydər Əliyevdən İlham Əliyevə" kitabı ilə (müəlliflər: İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Elnarə Akimova, Əlizadə Əsgərli, Aygün Bağırlı, Lalə Həsənova) davam tapan yolçuluq və ötən il Ümummilli liderin 100 illiyinə həsr etdiyi üç kitabın - "Mənim Prezidentim (Ulu Öndər Heydər Əliyevin 100 Yaşına)", "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyev" və "Azərbaycançılıq oçerkləri. Ulu öndər Heydər Əliyevin 100 illiyinə" kitablarının işıq üzü görməsi...
Hər üç kitab Heydər Əliyev və ədəbiyyat mövzusunu geniş kontekstdə və bütün çalarları, əhatəliyi ilə tədqiq predmetinə çevirir. Ümummilli liderin kolossal zəhmət qoyduğu işlər dövlətçiliyin simasını müəyyən edən tarixi xidmət olaraq araşdırılır, onun yeni Azərbaycan dövlətinin qurucusu, bu yolda milli məfkurəyə istinadı bütün yönləri ilə meydana qoyulur. Bununla müəllif həm tarixi yaddaşın bərpasına xidmət edir, həm də bu böyük liderin misilsiz xidmətlərinə dəyər qazandırmaq, onu yeni epoxanın düşüncə kontekstindən incələməyə imkan yaratmaq, ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək niyyəti daşıyır.
***
Mərhum alimimiz Şirindil Alışanlı haqqında yazdığı vida sözündə Tehran Əlişanoğlunun belə bir qeydi diqqətimi çəkmişdi: "Professor Şirindil Alışanlı çağdaş Azərbaycan ədəbiyyatşünaslığının sütunlarından biri, ədəbiyyatşünaslığımızın yüz illik bilik və təcrübəsini özündə cəmləmiş, bu xəzinəyə sahib çıxan, onu daim sabahkı nəslə, tələbələrinə, doktorantlarına ötürməyə can atan, ədəbiyyatşünaslığımızın təkcə bugün deyil, sabah qayğıları ilə yaşayan nadir alim və şəxsiyyət idi". Bu fikri oxuduğum zaman elə Tehran müəllimin özünə də aid eləmişdim. İrsə sahib çıxmaq, humanitar düşüncənin qayğıları ilə yaşamaq, bütün filoloji fəaliyyəti buna yönəldərək elmin intişarına xidmət göstərmək mənasında. Əslində, getdikcə daralmaqda olan bu çevrənin - həqiqi alim ünvanlarımızın sayının azaldığı indiki zamanda qəribə bir xiffətin də ağrısını hiss etməyə bilmirəm.
***
"Mən elmi və ədəbi-tənqidi prosesi müntəzəm izləyənlərdənəm", - məqalələrinin birindən belə bir cümlə keçir Tehran müəllimin. Yaradıcılığının bütün dövrlərinə baxanda bu qənaət özünü doğruldur. O, ən qaynar, ən dinamik şəkildə fəaliyyət göstərəndə də prosesin içindədir, azacıq kənara çəkilib müşahidə etmək, izləmək yolunu tutanda da. Onu bu ruhda saxlayan içindəki mətn duyumudur. Ədəbiyyat şövqü, gücü, bilgisi və sevdası. Bu sevda yolu ilə irəliləmək, yaşa dolmaq isə hər qələm adamına nəsib olan ucalıq deyil.