Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

İLHAM ƏLİYEV - çoxhədəfli, hökmlü!

24-12-2024 [ 10:29 ] [ oxunub:89 ]
printerA+ | A-
105128

2020-ci ildən bu yana Azərbaycan Respublikası Prezidentinin intonasiyası başqa müstəviyə adlayıb: çoxhədəfli və hökmlü! Ölkə başçısı bunu müharibə dönəminin hərb meydanında qazanılan uğurlarla simvolizə edə bildi. Milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırlayaraq məsələnin ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər qorudu, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi. Müharibədən sonra da hökmlü olmağı motivləndirən çox faktlar qoyuldu meydana: bir günlük antiterror əməliyyatı nəticəsində susdurulan düşmən, Azərbaycanın bayrağının Xankəndi və Xocalıda qaldırılması, CO29 kimi tədbirə ev sahibliyini uğurla sonuclandırması, iqlim diplomatiyasına verdiyi töhfə və son olaraq Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi!

İlham Əliyevin təhkiyəsindəki amiranəlik milli qürur və vüqarı dərindən dərk etməyin simvolu olmaqla yanaşı, həm də tarixin gedişinə, dəfələrlə təkrarlanan tarixin çarxına “dur” demək üçün vacibdir. Çünki tarix özünün təcrübə dərslərini adətən Şərqdə keçib, böyük eksperiment üçün siyasi-sosial poliqon axtararkən güdaza Azərbaycan verilib, qurban kimi Azərbaycan xalqı seçilib. Bütün geopolitik maraq və mənafelər bizim məkanda qovuşub və kəsişib. Bu gün miqyas ilk növbədə, İlham Əliyevin tarixə saldığı nəzərin ölçülərində dəyişib. Avropanı, Qərbi narahat edən, təşvişə salan bir də məsələnin bu tərəfidir. İlham Əliyev dünyanı bürüyən qırmızını - qan rəngini yaşılla - dirilik, harmoniya, İslam yolu, ədalət, sevgi və kamilliklə əvəzləməyin, bütün dünyanı məhz Yaşıl perspektivdə görmək istəyinin lideridir. Məsələnin bir də bu tərəfi onlara sərf eləmir. İstibdadın, zülmün əli ilə parçalanan, talan edilən, azadlığı əlindən alınan Azərbaycan yoxdur artıq. Əvəzində, ölkəsinin adını ən uca tribunalardan səsləndirməyə müvəffəq olan ölkə başçısının hünəri var. “Var millətimin imzası imzalar içində”! Bu sözü uca vurğu ilə söyləmək üçün İlham Əliyev az sınaq mərhələlərindən, az tarixi-siyasi aşamalardan keçmədi. İndiyə kimi bizim Azərbaycanla, Qarabağla, Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimai fikrinə çatdırılması istiqamətində gördüyümüz işin əsas üsulu və məzmunu dünya erməni təbliğatına verilən təkzib və təshihlərdən ibarət idi. Bu gün artıq onların təbliği istiqamətində sistemli iş strategiyası və miqyaslı, qlobal nəzəri-elmi konsepsiya səviyyəsində fəaliyyət proqramı və metodologiyası təşəkkül tapıb. Və ən yaxşı cəhət odur ki, bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinə məxsus humanitar-mədəni və etik-əxlaqi meyarlar bu proqramın düşüncə və iş mövqeyində qorunub saxlanır.

Qarabağ problemi barədə dünya fikrinin anti-Azərbaycan rənglərdən xilas olması məhz, İlham Əliyevin planet miqyaslı təbliğat və əməli fəaliyyətinin nəticəsidir. Əslində, son illərdə Prezident mücadiləsini iki cəbhədə aparıb: ön cəbhədəki vəziyyəti neytrallaşdırmaqla və erməni yalanlarına qarşı zərərsizləşdirmə işi aparmaqla. Hər iki cəbhədən ölkəmizə uzanmış əl, dil, silah müdaxilələrini dəf etməyə çalışaraq Azərbaycanın milli varlığını qorumaq amalına layiqincə xidmət göstərib. Çıxışlarının birində Prezidentin səsləndirdiyi bir fikrə diqqət çəkmək istəyirəm: “Hətta səndən güclü olan qüvvə qarşısında  heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”. Bu gün İlham Əliyev xalqın tarixini və taleyini növbəti səhvlərdən qorumaq üçün sağlam ekologiya, mənəvi iqlim yaradır və bu işdə bütün milli-siyasi-intellektual potensialı ilə birlikdə dayanır. Amma tarixi bir qanunauyğunluğun bizə ötürdüyü ibrət dərsləri də az deyil. Bu dərslər sübut edir ki, hətta xalis torpaq məsələlərinə münasibətdə belə təkcə siyasi-intellektual fikir yox, həm də vicdan və mənəviyyat adlı bir elm də iştirak etməlidir. Bu gün İlham Əliyev ideya-fəlsəfi kompası, milli şüurla, milli tale ilə bağlı əxlaqi və mənəvi-vicdani təşəbbüsü bütünlükdə öz əlinə almağı bacarmışdır. O qədər ki, artıq bu mənəvi-vicdani təşəbbüsdən dünya üçün, bəşəriyyətin sabahı üçün narahatlığın miqyası görünür.

Məsələn, elə son faktlardan biri, Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə ölkə başçısının regionun, bütünlükdə isə dünya ilə bağlı narahatlığının izharı idi. Azərbaycan - Rusiya münasibətləri, Azərbaycan - Gürcüstan, Azərbaycan - Türkiyə, Azərbaycan - Ermənistan, Azərbaycan - Fransa və Azərbaycan - ABŞ arasında münasibətlərin diplomatik səviyyələrdə səciyyəsini meydana qoyan İlham Əliyev fərdi üslub, tərz, dəst-xətt səpkisində ümumi müşahidələrin doğru-dəqiq analizini verdi. Əlbəttə, ölkə başçısı narahatdır. Amma bu narahatlıq erməniyə havadarlıq edib onu açıq şəkildə silahla təmin edən Fransa və Hindistana, yaxud gizli şəkildə həyata keçirən Amerika Birləşmiş Ştatlarına görə deyil. Ona qalsa qeyd etdiyi kimi, ölkənin hərbi büdcəsi rekord səviyyədədir, hər cür təxribatların qarşısını alacaq səriştə və əzmin rəhbəridir İlham Əliyev. Bəs nigaranlıq nə ilə bağlıdır?! Bəşəriyyətin sabahı üçün, bitməyən ədavət, göz yaşı, savaşlardan yorulmayan, qan tökməkdən əl çəkməyən qüvvələrin antihumanist davranışı üçün.

Bütün dostluq və qardaşlıq münasibətlərinə rəğmən dünya təəssüf ki, pislərdən, şərə, ədavətə qulluq edən qüvvələrdən xali deyil. Nə yazıq ki, bəşər yaranandan bu qaydanı pozmaq hələ heç kəsə müəssər olmayıb. Antitürk psixoz yaratmaq, müsəlman, türk əleyhinə səlib yürüşlərinə çağırmaq cəhdində erməni şovinizmi yenə də iş başındadır və xalqlar arasında təxribatda öz qədim peşələrinə sadiq qalırlar. Bunun əksinə olaraq, ölkə başçımız İlham Əliyev antihumanist, şovinist ənənəni hər zaman rədd edib. Səbəbi bəlkə də M.Ə.Sabirin bu misrası ilə ifadə eləmək daha dəqiq olar: “Kim ki, insanı sevər, - aşiqi hürriyyət olur”! Çünki İlham Əliyev özünü dünyanın bir parçası sayır və dünya salamat olacaqsa, bütün insanlıq, fərdlər, insanlar salamat olacaq, - ideyasını rəhbər tutur. Nəinki rəhbər tutur, hətta bu ideyanın siyasi-əxlaqi mahiyyətinə bu gün xüsusilə müasir səslənən klassik səciyyələr verir: “Əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı”. Bu müşahidədəki təəssüf nidasını isə duymamaq mümkün deyil: “Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil”.

Bir əsr öncə özünü “hüsnü-xuda şairi” elan edən Hüseyn Cavid “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”, - deyirdi. Bir əsr sonra baş verən vüqeələri müşahidə edən biri kimi deyirəm: Əgər yer üzünü tək bircə nəfər - İlham Əliyev idarə etsəydi, arzu olunan Dahi işinin müəllifi elə özü olardı! Amma hələ ki, belə bir əlahiddəlik heç kimə nəsib olmayıb. Odur ki, qandan, xaosdan qidalananlara çalxantı yaratmaq, harmoniyaya xidmət edənlərə isə acımaq, ağrımaq, nigaran olmaq qalır: “Biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, - gərginliyin azaldılması - “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.

Bu gün Qərb və ABŞ-ın Azərbaycana qarşı təzyiqlərinin kökündə dayanan amillər də məhz, bundan zəmin alır. Prezidentin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə artan nüfuzu, söz sahibi olması, etimad göstərilən dövlətə çevrilməsi reallığı. Bütün zamanlarda özünü supergüc, hegemon statusunda hiss edən və etdirməyə çalışan Qərbə, ABŞ dövlətinə, Fransaya  bu sərf eləmir: “Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb”.

Onlar həm də bizim 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi faktı ilə barışa bilmirlər. Ona görə ard-arda müxtəlif şəkildə təzyiq göstərməyə çalışırlar. Ölkəmiz əleyhinə qara piar aparır, məğlub və işğalçı ölkənin militarizasiyasına dəstək verir, Ermənistanda hərbi baza yaradır, ermənilərin təəssübünü çəkirlər. Ölkə başçısı yenə də xəbərdarlığını etdi: “Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək”.

Bu gün ölkə başçısı elə strategiya əsasında hərəkət edir ki, Azərbaycana olan nüfuz, etimad artan, yüksələn xətlə özünün inkişaf dövrünü yaşayır. Dekabrın 19-da  Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması xəbəri bu etimadın ən mötəbərlərindən biri sayılmalıdır.

Bu gün təşkilat cəhətdən vahid orqanizm kimi birləşmək istiqamətində yeni addımlar atılır. Azərbaycanın D-8-ə üzv olması dünya siyasi sistemi ilə əlaqələri daha da gücləndirəcəkdir. İndi bizim üçün doğma Şərq - türk və islam arealı bu gün dünyada yeni bir kontekstə çevrilə bilər. Ən ali səviyyədə - ən müasir təşkilat modeli ilə Azərbaycanın həmin kontekstin yaranmasında fəal şəkildə iştirakı şübhə doğurmur. Çünki o prinsiplər ki, D-8 təşkilatının qayəsini təşkil edir, Azərbaycanın siyasi reallığı, dövlət olaraq baxış, yanaşma prioriteti həmin prinsiplərə uyğundur: “müharibə deyil, sülh; münaqişə deyil, dialoq; ikili standartlar deyil, ədalət; üstünlük deyil, bərabərlik; müstəmləkə deyil, ədalətli düzən; zülm və hökmranlıq deyil, insan haqları, azadlıq və demokratiya”.

Ötən əsrin əvvəllərində milli triadamızın banisi Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” məqaləsində yazırdı ki, “... türklük və islam dairəsində tərəqqi etmək istəriz. Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, ... türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin. Yoxsa “türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar” denilməsin!”. Bu gün həmin arzu və idealların gerçəkləşdiyi tarixi yaşayırıq. İlham Əliyevin həm nəzəri, həm də əməli fəaliyyəti hərtərəfli, universal bir intibah şəxsiyyətini ifadə edir. Bu gün onun qədər miqyaslı məsələlər qaldıran, bütün İslam və Şərq hüdudlarında düşünən, Qərb tiranlarına meydan oxuyan siyasi-ictimai xadim göstərmək çətindir.  “Firəngləşmə” təhlükəsini isə (elə mifini də!) İlham Əliyev ona qarşı mübarizə elan etməklə çoxdan tarixə qovuşdurub. Bir də, zavallı Fransa! İndi onun  “Avropa sivilizasiya”sına qatası heç bir dəyəri də qalmayıb!

Çağdaş zamanda müttəfiqlərin sayının çox olması istənilən ölkənin gücünün göstəricilərindən biridir. Azərbaycan onsuz da dünya birliyində nüfuz qazanıb. D-8 təşkilatına üzv olması isə bir çox ölkələrlə ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək. Birliyə üzvlük ölkəmizə investisiya cəlb olunmasına, eyni zamanda Azərbaycan kapitalının həmin dövlətlərin iqtisadiyyatına yönəldilməsinə ciddi təkan verəcək. Bu təşkilata üzvlük ölkələr arasındakı mədəni, siyasi, humanitar sahədə də əməkdaşlıq körpülərinin qurulmasına vəsilə olacaq. Biz tarixən 3 dildə yaranan böyük mədəni, mədəni sərvətin sahibi olmuşuq və bu böyük irsdən bu gün də imtina etmirik. Azərbaycanda, müqəddəs türk torpağında yaranan bütün mənəvi-bəşəri sərvətlər də, müəllifinin etnik mənsubiyyətindən asılı olmayaraq, bizim ümumi sərvətimizdir. Bizim D-8-ə üzvlüyümüz ölkəmizin dostlar, müttəfiqlər dairəsini daha da gücləndirəcək, daim diri tutulan dostluq münasibətləri daha sistemli şəkildə dünyanın simasının müasirliyə, yeniliyə, inkişafa doğru dəyişilməsində təmələ çevrilməyi bacaracaqdır.

Bu məqamı xüsusi qeyd etmək istəyirəm. İlham Əliyevin təfəkkür tərzinə məxsus vüsətli, miqyaslı bir humanizm, və beynəlmiləlçilik, azadlıq anlayışları onu çağın liderləri sırasında fərqli edən amillərdəndir. Amma daha qiymətli və mənalı cəhət odur ki, İlham Əliyevin düşüncə tərzində və siyasi üslubunda yüksək bəşərilik yüksək milliliklə vəhdətdə təzahür edir.  Bəlkə buna görə rəhbərlik etdiyi iyirmi ildən artıq zaman kəsimində ölkə başçısı İlham Əliyevin diplomatik səriştəsi sayəsində xalq öz milli kimliyindən ayrılmadı, keçmişindən qopmadı, dəyərlərini itirmədi, özünə, meyarlarına sadiqliyi qorudu. Milli məfkurə İlham Əliyevin varislik haqqına tapınaraq qoruduğu ən böyük sərvət oldu. İlham Əliyev 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirdi,  türk qanlı, İslam imanlı, Avropa fikirli yeni gəncliyin öz varlığından, milli kimliyindən ayrılmaması üçün bayraq meydanlarını qurdu. Türk ruhunu mənəviyyatında daşıyan millət fədailərimizin irsinin qorunması, təbliği və təqdimi ilə bağlı ardıcıl sərəncamlar imzaladı. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarını ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Əhməd bəy Ağaoğlunun ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi, hər biri böyük mədəni hərəkatın göstəricisinə çevrilən “İslam Həmrəyliyi ili”, “Multikulturalizm ili”, “Azərbaycan Cümhuriyyəti ili”, “Nizami Gəncəvi ili”, “İmadəddin Nəsimi ili”, “Şuşa ili”, “Heydər Əliyev ili” ilə bağlı qərarları da həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlar olmaqla yanaşı, bügünkü uğurlarımızın genetik kodlarını daşıyan amillərdir.

Gündən-günə yeniləşən, çağdaş dünya meridianlarında yerini tapan, Şərqdən Qərbə, Qərbdən Şərqə gedən yolların qovşağında hər gün daha da çox mərkəz, görüş, ünsiyyət məkanı rolunu oynayan, bəşəriyyətin taleyini düşünən ictimai-siyasi, tarixi-mədəni, qlobal, milli və multikultural ideyaların, ideologiyaların, müzakirə və tədbirlərin əsl sınaq meydanına çevrilən ən yeni Azərbaycanın obrazı Ümummilli lider Heydər Əliyevin ideya və ideallarının təcəssümü olaraq, ona adekvat bir əməli fəaliyyətin barı, bəhrəsi şəklində İlham Əliyevin müdrik zəkasında gerçəklik və təzahürünü yaşayır. Bu gün həyata keçirilən layihələr, gerçəkləşdirilən əməllər də  İlham Əliyevin - bu unikal tarix qəhrəmanının simasında ən yeni Azərbaycanın qazandığı qlobal uğurları XXI əsrdə dünyanın hər yerindən görməyə imkan verir.

ELNARƏ AKİMOVA,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

SİZƏ MARAQLI OLA BİLƏR