Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycanın gücü - COP 29 - Tehran Əlişanoğlunun təqdimatı

15-11-2024 [ 10:42 ] [ oxunub:85 ]
printerA+ | A-
105006

COP29 Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidentinin çıxışı

COP29-da Azərbaycan Prezidentinin çıxışı məni heyran etdi. Yığcam, məzmunlu, aydın, məramlı, sərrast, çox-hədəfli, korrekt, dürüst, hökmlü, əmin...

Bu bizim Prezidentimizdir! Azərbaycan Prezidenti İlham Əliyev. Dinləyən: 196 ölkədən 72 000 insan, 80 dövlət başçısı - prezident, vitse-prezident, baş nazir olmaqla. Bugünlərdə bütün dünyanın COP29-a diqqətini saya alsaq, dinləyən: bütün dünya, Yer kürəsi... "Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!" (Yazıda bütün sitatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışındandır - "Azərbaycan" qəzeti, 13 noyabr 2024-cü il)

Əvvəllər də qeydə almışam: Prezident Sözü də ədəbiyyatdır. Mötəbər Ədəbiyyat, nəyi, necə, nə zaman... - yerində söyləməyin Ədəbiyyatı. COP29 elan olunandan, il boyu düşünmüşdüm, bu balaca Azərbaycanımızın bapbalaca Azərbaycan ədəbiyyatı o böyüklükdə dünyanın İqlim dəyişkənliyinə nə qatqı verə bilər axı, verə bilərmi nəsə?! Payımı-cavabımı Prezident çıxışından aldım; aydın məramlı, çox-məzmunlu, sərrast-hədəfli, hökmlü-əmin...

Aldım da qürrələndim. Biz, ey ədəbiyyat adamları, yazıçılar, şairlər, tüm qələm əhli! O ki, səhər-axşam dünya, dünya deyib dururuq, buyurun, Dünya bizi bu yerdən, bu kürsüdən eşidir. Nə güman eyləmisən; Özümüzü, Sözümüzü, Azərbaycanımızı tanıtmağın indi bircə adı, bir ustadı var: Müstəqil Azərbaycanın Prezidenti, Qalib Ali Baş Komandan, Sözünün sahibi Müzəffər siyasi lider İlham Əliyev. Dünya bizi buradan, bu ali məqamdan tanıyır...

Yaşın o yaşa çatır, damarlarında o qan -

Dönüb keçən yüzilin yetmişlərinə baxsan.

Bundan sonra sən böyük tarix yaradacaqsan!

Azərbaycan Prezidenti çıxışına ənənəvi qonaqpərvərliklə başladı. Tüm iştirakçıları salamlamaqla, "COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə", "Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, əziz qardaşım Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı və onun bütün komandasına", "Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildiyinə" görə təşəkkürlərini bildirdi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük".

Bu sadəcə etiket deyil, həm də çox böyük effekt idi. Prezident genişürəkliklə gələnlərə: gəzin, görün, öyrənin, tanıyın Azərbaycanı! - dedi.

Və bu yerdə tüm dünyaya kim olduğumuzu xatırlatmağı lazım bildi. Biz o xalq, o ölkə, o dövlətik ki: "Dörd il öncə İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik"; o ölkə, o dövlət, o millətik ki: "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik".

Azərbaycan dövləti dörd il əvvəl 44 günlük Vətən müharibəsində və il öncə bir günlük anti-terror əməliyyatında tam müstəqilliyini, suverenliyini bərpa etməklə, adını-şərəfini, şöhrətini-şanını özünə qaytardı. Amma təkcə öz adımızı-sanımızı yox ki, eləcə də BMT-nin nam-nişanını; Prezidentin qırmızı xətlə çizdiyi kimi, "BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə" haqq qazandırdıq: "Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq..."

Bu bir BMT tədbirində Birləşmiş Millətlərin üzünə söylənən aşkar cürətli bir jest sayılmalı. O qalib pafos ki, - 30 il hər fürsətdə qarşımıza dığırladılmış Qarabağ düyünü ilə çox vaxt dinə bilmirdik,- bugün bunu biz haqq etmişik:

İstiqlalın yolunda zülüm, zillət də çəksən,

İstiqlala çatmağa xeyli həsrət də çəksən,

Sən qalib gələcəksən!

Sən qalib gələcəksən!

Azərbaycan sülh, barış, əmin-amanlıq istəyən ölkədir. COP29-un Liderlər Sammitinin məhz Azərbaycanın Konstitusiya gününə təsadüf etməsinin özü də gərək ki, ayrıca bir not ola. "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib..."

Sülh, barış əmin-amanlıq sözlə olmur, əməldə olur: "Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib..."

Azərbaycan xalqların, millətlərin, dövlətlərin bir araya gəldiyi, görüşüb-anlaşdığı mədəniyyət körpüsü, multikultural ölkədir: "BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə biz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır..."

Bu da bir kazus; Yeni Dünya düzəni deyib, müharibələr, qarşıdurmalar, qan-qadalar yolu ilə nəhəng dövlətlərin üz-üzə gəldiyi, "qılınclar toqquşub iş görən" bir fürsətdə "Yaşıl dünya naminə!" bəşər övladı COP29-a yığışıb Yer kürəmizin sabah taleyini, Sülh üçün iqlim sazişi, böyük Dünyanın xilası yollarını məhz günəş ölkəsi Azərbaycanda arayır.

"Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir... - Azərbaycan Prezidenti dünyanın işıqlı sabahına əminliklə ölkənin Yaşıl gündəliyini təqdim edir: - Ötən il BƏƏ-nin Masdar şirkəti ilə bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışı...; Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti ilə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikilişi...; COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş...; 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi...; 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları...; bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsi...

Azərbaycan Prezidenti deyir: "Lakin yenə də bu, yalnız başlanğıcdır. Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir..."

Alqış Günəş ölkəsinə! Prezident çıxışı metaforası, metonimiyası, məcazları, ahəngi-pafosu biri-birini tamamlayan bir şeir kimi səslənir. Amma acı publisistikası da içində: "Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir...". Bu yerdə Azərbaycan Prezidenti bir qədər tarixə ekskurs etməli olur. "Dünyada sənaye üsulu ilə ilk neft quyusunun Azərbaycanda, Bakıda 1846-cı ildə qazıldığı"nı yada salır, yerini də nişan verir; "Dənizdə ilk neft quyusunun da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazıldığını" xatırladır. Həm də fəxarət duyulası məqamlardır, heç zarafat deyil, "XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü..."

Amma buradaca Prezident çıxışında qarşısıalınmaz bir ironiya da sezilir: "Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir..."

Məsələ burasındadır ki, vaxtilə Azərbaycan xalqının sərvətini bəs demədən daşıyanlar; o sərvətlər ki, Allahın bizə lütfüdür, Prezidentin vurğuladığı kimi: "Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət - istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis - bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı... deyillər", amma indi onu bizə günah, suç bilirlər, "çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik..."

Biz Qarabağ savaşında qlobal dünyanın bu tərs məntiqini çox görmüşük; Prezident ölkəmə qarşı açılmış növbəti yaylım atəşini, ədalətsizlik kampaniyasını bircə-bircə təkzib edib susdurur: "Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir..."

Bəzən böyük dünyanın cığal oyunları absurd farsa bənzəyir. Avropanın Azərbaycan qazına ehtiyacı var; "...iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır..."

Avropa bizdən qaz istəyir və istəməkdə də davam edir: "Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq..." Eyni zamanda genişürəkliyimizi bəyənməyən, bu sövdəni bizə qaxınc edənlər də yenə onlardır. Bilsəz, bu bizə nəyin bahasına başa gəlir?!

Azərbaycan Prezidenti Nöqtələri yerinə qoyur: "Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir..."

Kürsüdə Azərbaycan Prezidentidir; dinləyən: bugünlərdə Bakı ilə nəfəs alan tüm dünya, Yer kürəsi: "Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik..."

Bu, "Neft ölkəsi"ndən Küləklər şəhərinə, Sular diyarına, Eko-dünyaya, Günəş ölkəsinə adlayan Azərbaycanın səsidir; qalib Azərbaycanın səsi.

Biz aqilik, biz zərgərik,

meyarları dəyişirik,

Ürəkləri əridirik -

əyarları dəyişirik.

Yüz illərlə daş kəsilmiş

qəlibləri dağıdırıq.

Şərqdən Qərbə, Qərbdən Şərqə

nur selləri axıdırıq...

"Ədəbiyyat qəzeti", 15 noyabr, 2024

SİZƏ MARAQLI OLA BİLƏR