Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

07-11-2024 [ 18:34 ] [ oxunub:180 ]
printerA+ | A-
104994

Noyabrın 7-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda şuranın üzvləri, AMEA Rəyasət Heyətinin Elektron Akademiya şöbəsinin müdiri r.ü.f.d., dosent Fariz İmranov, Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, müəssisənin əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.

Elmi şuranı AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. O, yubileyləri olan alimləri təbrik edib, onların fəaliyyətlərini yüksək qiymətləndirib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Leyli Əliyeva 75, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmanov isə 70 illik yubileyi münasibəti ilə Fəxri fərmanla təltif ediliblər.

Akademik İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söhbət açıb. Vətən müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını deyib. Bildirib ki, ərazi bütövlüyümüzün bərpa edilməsi və dövlət suverenliyimizin tam təmin edilməsi ölkə başçısının xalqımız və müstəqil dövlətimiz qarşısında müstəsna xidmətidir.

AMEA rəhbəri Vətən müharibəsində qazanılmış şanlı Qələbənin dördüncü ildönümü və müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü münasibətilə şura üzvlərini tədrik edib.

O, həmçinin iqlim dəyişikliyi ilə bağlı dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsini tarixi hadisə kimi dəyərləndirib. Bildirib ki, belə mötəbər tədbirin Bakıda təşkil edilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir.

COP29 çərçivəsində elmi məsələlərə dair geniş müzakirələrin də aparılacağını söyləyən akademik İsa Həbibbəyli AMEA-nın konfransda yüksək səviyyədə təmsil olunacağını, eləcə də ölkəmizə gələn xarici alimlərlə, elmi təşkilatlarla Akademiyada bir sıra görüşlərin keçiriləcəyini diqqətə çatdırıb. O, COP29-un Azərbaycana daha böyük nüfuz gətirəcəyinə əminliyini bildirib. 

AMEA-nın son illərdə üzv olduğu beynəlxalq qurumlar haqqında da məlumat verən akademik İsa Həbibbəyli Akademiyanın 2023-2024-cü illərdə Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, Avrasiya Universitetlər Birliyi və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına üzv seçildiyini deyib. AMEA prezidenti, həmçinin Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Baş Assambleyasının iclasında iştirakı barədə məlumat verib. Bildirib ki, Baş Assambleya çərçivəsində “Elmdə rəqəmsal transformasiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans  təşkil edilib, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının 2027-2030-cu illər üzrə rəhbər heyətinin seçkiləri keçirilib. O, səfər çərçivəsində Filippin və Yeni Zelandiya Elm və Texnologiya Akademiyalarının prezidentləri ilə də görüşərək qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdiyini söyləyib.

AMEA rəhbəri son dövrlərdə elektron elmin inkişafının Akademiyada həyata keçirilən kompleks islahatların mühüm istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən olan elektron dövlətin formalaşdırılması, rəqəmsal transformasiyalar, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi AMEA-da bu sahədə kompleks tədbirlərin prioritet qaydada icrasını zəruri edib.

Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sisteminin tətbiqi haqqında məlumat verərək bildirib ki, dövlət başçısının “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanından irəli gələrək AMEA Rəyasət Heyəti aparatı ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulub, Akademiyanın digər müəssisələrində də bu istiqamətdə işlər davam etdirilir. AMEA-nın elmi kitabxanasının və arxivinin elektronlaşmasının zəruriliyini qeyd edən alim Akademiya üzrə 1700 nəfər elmi işçi üçün elektron profilin yaradıldığını, həmçinin 17 elmi jurnalın elektron sənəd bazasına daxil olduğunu diqqətə çatdırıb.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva Akademiyanın elmi müəssisələrində elektron sənəd mübadiləsi sisteminin istifadəsi barədə məlumat verib. Qeyd edib ki, ölkə Prezidentinin Fərmanına əsasən, AMEA Rəyasət Heyəti aparatı, elmi müəssisə və təşkilatlar, regional bölmələr və elmi mərkəzlərdə sənəd mübadiləsinin təhlükəsiz qaydada aparılması üçün zəruri tədbirlər həyata keçirilib. AMEA əməkdaşları üçün “ASAN xidmət” tərəfindən Elektron Sənəd Dövriyyəsi sistemindən (ESD) istifadəyə dair təlimlər təşkil olunub, sözügedən sistem ilkin olaraq test rejimində əməkdaşların istifadəsinə verilməklə onların praktiki vərdişləri təkmilləşdirilib.

İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi fil.f.d., dos. Aygün Bağırlının “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan ədəbiyyatında vətən-təbiət tandemi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Azərbaycanın şair və yazıçıları öz əsərlərində Vətənin müxtəlif təbiət gözəlliklərini təsvir və vəsf etməklə həm də ölkənin poetik xəritəsini yaradırlar. Onların yaradıcılığındakı təbiət təsvirləri təkcə vətənimizin füsunkar gözəlliyini təqdim etmək xarakteri daşımır, həm də Azərbaycanın tarixi keçmişini, mənəvi dəyərlərini, xalqın xarakterini göstərmək baxımından maraq kəsb edir.

Aygün Bağırlı qeyd edib ki, istər şifahi xalq ədəbiyyatında, istər Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif kimi klassiklərin əsərlərində, istərsə də müasir ədəbiyyatda ölkəmizin yeraltı və yerüstü zənginlikləri layiqincə vəsf olunmuşdur.

Daha sonra institutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli “2024-cü il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi Cənubi Koreya yazıçısı Han Kanqın yaradıcılığı haqqında” adlı məruzə ilə çıxış edərək bildirib ki, Han Kanq Yonsei Universitetində Koreya ədəbiyyatı üzrə təhsil alıb. Bu dövr onun yazı tərzinin formalaşmasında və mədəni mövzulara olan marağında mühüm rol oynayıb. Universitet təhsilindən sonra o, özünü yazıçılığa həsr edib.

Məruzəçinin sözlərinə görə, yazıçının ilk nəsr əsəri - “Qırmızı Lövbər” 1994-cü ildə nəşr olunub və o vaxtdan etibarən Han Kanq roman yazıçısı kimi tanınmağa başlayıb. 2007-ci ildə dərc olunan “Vegeterian” romanı isə ədibin ən çox tanınan əsəridir. Əsər fərdi azadlıq, cəmiyyətdəki gender rolları və insanın daxili dünyasının mürəkkəbliyini araşdırır. Han Kanq 2016-cı ildə bu romanı ilə Beynəlxalq Buker mükafatını qazanıb və beynəlxalq səviyyədə tanınıb. O, Koreya və dünya ədəbiyyatında dərin tematikası və poetik üslubu ilə özünəməxsus yer tutur.

Tədbirdə, həmçinin “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanması və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2024-cü il üzrə illik elmi hesabatına hazırlıq məsələləri müzakirə olunub.

Bundan başqa, iclasda institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri prof. Tahirə Məmmədin “Naxçıvanda ədəbiyyatşünaslıq: mərhələləri və istiqamətləri” və Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi fil.f.d., dos. Elnarə Qaragözovanın “Азербайджанская постмодернистская литература” (“Azərbaycan postmodernist ədəbiyyatı”) monoqrafiyalarının çapa təqdim olunması qərara alınıb.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR