Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəylinin elmi tədqiqatlarının əsas istiqamətləri - Salidə Şərifovanın təqdimatında

16-10-2024 [ 13:00 ] [ oxunub:10 ]
printerA+ | A-
104936

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, «Əməkdar elm xadimi» (1999), «Şöhrət» ordeni (2007), «Şərəf» ordeni (2009) mükafatları laureatı İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığında xidmətləri olan fədakar alimlərimizdəndir. Akademik İ. Həbibbəyli elmi fəaliyyətində Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığına aid vacib bir sıra problemlərə daha geniş yer ayırmışdır. İsa Həbibbəyli tədqiqatlarında Azərbaycan bədii irsinin qorunması, digər xalqlar tərəfindən Azərbaycan bədii nümunələrinin mənimsənilməsi və ədəbiyyatdan Azərbaycan xalqına qarşı istifadə edilməsi ilə mübarizə aparıcı yer tutur. Xüsusi qeyd etmək lazımdır ki, bu sahədə İ. Həbibbəylinin fəaliyyəti onun AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbəri və AMEA-nın akademik adı alması anından onilliklər əvvəl başlamışdır. Akademik İ. Həbibbəylinin Azərbaycan bədii irsini qoruması cəhdləri onu, bir tərəfdən Orta əsr Azərbaycan yazarlarının yaradıcılıqlarını hərtərəfli təhlilinə (ədəbiyyat məsələləri ilə yanaşı fəlsəfi problemlərin təhlili), digər tərəfdən isə Orta əsr Azərbaycan ədəbiyyatının müasir Azərbaycan ədəbiyyatı ilə əlaqələrinin tədqiqinə sövq etmişdir. Akademik İ. Həbibbəyli ədəbiyyat vasitəsilə Azərbaycan tarixinin süni dəyişdirilməsi ilə də mübarizə aparır. Müasir Azərbaycan ədəbiyyatının mövzu problemlərini araşdırması zamanı İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyev obrazının ədəbiyyatda əksinə və vətənpərvərlik lirikasının əhəmiyyətinə önəmli diqqət yetirmişdir. Akademik İ. Həbibbəyli Azərbaycan ədəbiyyatında cərəyan və janrların inkişafının, ədəbiyyatşünaslığın və ədəbi tənqidin tədqiqinə elmi əsərlərində geniş yer ayırmışdır. İsa Həbibbəyli Müstəqil Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələrin, keçdiyi inkişaf mərhələlərin tədqiqinə xüsusi diqqət yetirmişdir.

 

Azərbaycan bədii irsinin qorunması, digər xalqlar tərəfindən Azərbaycan bədii nümunələrin mənimsənilməsi, ədəbiyyatın Azərbaycançılığa qarşı istifadəsi ilə mübarizə

İsa Həbibbəylinin tədqiqatlarında Azərbaycan ədəbiyyatında problem kimi incəliklə yanaşılmasını tələb edən Azərbaycan şair və yazıçılarının başqa xalqlar tərəfindən özünküləşdirilməsinə real, faktiki cavab verməsi diqqətdən kənarda qalmır. Akademik İ. Həbibbəyli Nizami Gəncəvi, Marağalı Əhvədi, Şəms Təbrizi kimi ədiblərin əsərlərini doğma dildə qələmə almadıqlarına baxmayaraq, Azərbaycan mütəffəkirləri olmasına aydınlıq gətirməyə nail olmuşdur. Akademik İ. Həbibbəyli bu baxımdan haqlı olaraq qeyd edir: «Qoca Şərqin böyük dühası olan onlarla şairlər və alimlər mənsub olduqları xalqların dilində deyil, ərəb-fars dillərində yazıb - yaratmışlar». Orta əsr Azərbaycan yazarlarının yaradıcılıqlarında türk kəlmə və sözlərindən istifadə etmələri amillərini qabardaraq, akademik İ. Həbibbəyli Nizami Gəncəvi yaradıcılığında «torke-dastan», «torke-tənnaz», «torke seyah çeşim» və s. sözlərinin işlənməsi, Şəms Təbrizi yaradıcılığında «çoxlu sayda türk sözləri» işlədilməsi faktlarına toxunmuşdur.

İ. Həbibbəyli Azərbaycanın dahi şairi Nizami Gəncəvi yaradıcılığını yüksək qiymətləndirir. Nizami Gəncəvi yaradıcılığının dar məkana sığmadığı amilini qabardan alim ədibin dünya bəşəriyyətinə aid olması amilinə də toxunur: «Şərqdən doğan ədəbiyyat günəşi olan Nizami Gəncəvi özünün böyük və ölməz sənəti, dünyəvi ideyaları ilə bütün bəşəriyyətə məxsusdur». Akademik İ. Həbibbəyli «Nizami Gəncəvinin bir sənətkar kimi konkret olaraq hansı xalqa aid olmasından söhbət düşəndə, halal haqqımıza sahib çıxmağa can atan şəriklərimiz artır» deyə təəssüflə milli sərvətimizə ortaq çıxanların olması faktına ürəkağrısı ilə toxunur. Akademik İ. Həbibbəyli Nizami Gəncəvinin «...konkret olaraq bir xalqın – Azərbaycan xalqının övladı, bu qədim xalqın görkəmli şairi və mütəfəkkiridir» deyə konkret arqumentlərlə şairin Azərbaycan xalqına aid olmasına aydınlıq gətirir.

Klassik Azərbaycan ədəbiyyatının təhlili İ. Həbibbəylini ümümi kulturoloji və fəlsəfi məsələlərin araşdırmasına sövq etmişdir. Məsələn, Azərbaycan ədəbiyyatı ilə əlaqəli olan Şərq İntibahı, Şərqdə geniş yayılmış hürufiliyin ədəbiyyatda özünün əksi, bədii əsərlərdə kamil insan problemi və sair.

İ. Həbibbəyli Nizami Gəncəvi yaradıcılığının Avropa ədəbiyyatşünasları tərəfindən Qərb şair və mütəfəkkirləri ilə müqayisə edilməməsi amilinə nəqqaş dəqiqliyi ilə nəzər salmağı bacararaq, haqlı olaraq qeyd edir ki, «Avropa ədəbiyyatşünasları Nizami Gəncəvidən əksər məqamlarda Şərq kontekstində bəhs etmişlər, onu Şərq şairləri ilə müqayisə etmişlər. Adama elə gəlir ki, Avropa şərqşünasları Nizami Gəncəvini Qərb şairləri və mütəfəkkirləri ilə müqayisə etməkdə ehtiyatlanmışlar.» Akademik İ. Həbibbəyli fikirlərində cəmiyyəti düşündürən problem əksini tapır. Belə ki, humanizm prinsipləri əsasında qurulmuş Şərq İntibahı X-XII əsrlərə aiddir. Dahi Nizami Gəncəvinin yaradıcılığı da Şərq İntibahının ən parlaq nümunəsidir. Nizami Gəncəvinin Qərb şair və mütəfəkkirləri ilə müqayisə edilməsindən ehtiyatlanma bu səbəbdəndir. Adam Mets qeyd edir ki, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunmalıdır. Adam Metsə görə Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratmışdır. Avropa İntibahı Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq, Qərbi və Mərkəzi Avropanı XIV əsrin əvvəlləri – XVI əsrin sonları çərçivəsində əhatə etmişdir. Qeyd edək ki, Nizami Gəncəvi bir ədib kimi bütün dövrlərin fövqündə dayanmağı bacarmışdır.

Hürufiliyin klassik Azərbaycan ədəbiyyatı ilə əlaqəsinə toxunaraq, akademik İ. Həbibbəyli İmaməddin Nəsimi və Şəms Təbrizi yaradıcılıqlarına xüsusi qiymət vermişdir.

İ. Həbibbəyli «ümumşərq miqyasında qüdrətli şair kimi «tanınan İmaməddin Nəsimi yaradıcılığını tədqiq edərkən, ədibi «Azərbaycan hürufizm ədəbiyyatının böyük yaradıcısı» kimi qiymətləndirmişdir. İ. Nəsiminin «Sığmazam» şeirini «məğrurluq manifesti» kimi dəyərləndirən İ. Həbibbəyli ədibin yaradıcılığına da yüksək qiymət vermiş olur.

Akademik İ. Həbibbəyli Şəms Təbrizi yaradıcılığını hürufilik işığında təşəkkülünə nəzər salmış, hürufiliyin Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Şəms Təbrizi kimi söz xiridarlarının yaradıcılığında əksini tapdığını, lakin ədiblərin yaradıcılıqlarını, həmçinin «bu istiqamətdə yazıb-yaradan digər şairlərin həyatı və əsərləri müəyyən dərəcədə diqqət mərkəzindən kənarda qalması» amilinə toxunmuşdur. Akademik İ. Həbibbəyli «Şəms Təbrizi Azərbaycan ürfani-fəlsəfi şeirinin günəşidir» adlandıraraq, ədibin yaradıcılığını yüksək dəyərləndirmişdir: «Şəms Təbrizi hürufi şeirinin bütün rəmzlərindən istifadə etmiş, bu ədəbiyyata ilk dəfə olaraq bir çox rəmzləri gətirmişdir. O, hürufizmin bədii sistemində əsas yer tutan ideyaların hərflərlə mənalandırılmasında fərqli və orijinal fikirlər ifadə etmişdir.»

Klassiklərin yaradıcılığında «kamil insan» təliminə nəzər salan akademik İ. Həbibbəyli bunu klassiklərin yaradıcılığında konsepsiyaya çevrilməsini göstərməklə yanaşı, klassiklərin yaradıcılıqlarında fərdi şəkildə əksini tapmasını da qeyd etmişdir. İsa Həbibbəyli Şəms Təbrizini «şair-mütəffəkir formatında meydana çıxmış qüdrətli sənətkar» kimi dəyərləndirərək, ədibin yaradıcılıq konsepsiyasının «kamil insan» təlimi üzərində qurulmasını da nəzərdən qaçırmamışdır. Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin «şeirləri insanın qüdrəti haqqında himn kimi» səslənməsinə və «kamil insan olmağa böyük çağırışlar ifadə» olunmasına toxunmuş İsa Həbibbəyli Nəsiminin «üsyankar şeirləri ilə kamil insan olmaq uğrunda mübarizə» aparmış olması amilini də qabartmışdır.

İsa Həbibbəyli klassiklərin yaradıcılığında «kamil insan» təliminə nəzər salmaqla yanaşı, onların yaradıcılıqlarında «aşiqlik fəlsəfəsinin» də konsepsiyaya çevrilməsini vurğulayır. Akademik İ. Həbibbəyli dahi söz xiridarı Məhəmməd Füzuli dühalığını «hər şeydən əvvəl Aşiqdir» deyə yüksək qiymətləndirərək, şairin «böyük istedadla çox geniş mənada olan Aşiqlik fəlsəfəsini aşiqanə bir dillə ifadə» etməsinə də toxunur. «Füzulinin ictimai düşüncəsi ilə eşqi, sevgisi arasında bərabərlik işarəsi» yaranması da İsa Həbibbəyli tərəfindən qeyd edilir. Akademik İ. Həbibbəyli Aşiqliyin ömrünü belə müəyyən edir: «Aşiqliyin ömrü ən azı Füzulinin yaşı qədərdir.» İsa Həbibbəyli Füzuli yaradıcılığını «orta əsr Azərbaycan nəsrinin kulminasiya nöqtəsidir» kimi qeyd edərək, ədibin yaradıcılığına yüksək dəyər verir.

İsa Həbibbəyli klassik Azərbaycan poeziyasında yeniləşmə meyllərini tədqiq edərək, şəhər mühitinə, xalq arasına və həyata doğru inkişaf etməkdə olan poeziyada yeniləşmə meyllərinin əlamətlərini açıqlamağa nail olmuş, «Azərbaycan klassik poeziyasında hakim olan romantik metod və üslub bədii dildə, tərənnümdə, məcazlar sistemində vüsət və zənginlik» yaratması amilini qabartmışdır. «XVIII əsrdə realist poeziyanın yaranması ilə Azərbaycan ədəbiyyatının istiqaməti əsaslı şəkildə» dəyişməsi akademik İ. Həbibbəylinin nəzərindən qaçmamışdır. Akademik İsa Həbibbəyli XVII əsr ədəbiyyatında nəzirəçiliyin geniş yayılmasını qeyd edərək, XVII əsr dövr poeziyasını tənəzzül mərhələsi hesab edənlərə müəyyən qədər fikirlərində haqqlı olmalarını da vurğulayır: «nəzirə ədəbiyyatının genişlənməsi şeirdə tənəzzül əlamətlərindən bəhs etməyə əsas verir.» İsa Həbibbəyli saray ədəbiyyatının nüfuzunu itirmiş olduğu bir dövrdə iki şeir üslubunun yanaşı inkişaf etməsini, həmçinin ənənəvi poetik qütbün əsas olmasını da qeyd etmişdir: «...poeziyada iki üslub: klassik lirika və epik -didaktik şeir üslubları yanaşı davam etmiş, lakin ənənəvi poetik qütb yenə də ağırlığını saxlaya bilmişdir.»

Akademik İ. Həbibbəyli haqlı olaraq, XVII əsr ədəbiyyatının həyatiləşməyə doğru proseslərinin genişləndiyini, bu dövrün epik-didaktik meyllərini yaşamadan realist şeirə keçə bilməyəcəyini də qeyd etmişdir. Konkret olaraq, XVII əsri «xüsusi bir mərhələ» kimi dəyərləndirən İsa Həbibbəyli fikirlərini əsaslandırmağa nail ola bilir: «...XVII əsr Azərbaycan poeziyasına Məhəmməd Füzuli lirikasının davamı olmaqla bərabər, həm də Molla Pənah Vaqif şeirinin əvvəli kimi baxmaq lazımdır. Bu, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və əhəmiyyəti olan xüsusi bir mərhələdir.» XVII əsr Azərbaycan ədəbiyyatında yeniləşmə meyllərini tədqiq edən İsa Həbibbəyli bunu Saib Təbrizi simasında bir daha təsdiq edir, ədibin «şeirdə yeni bir üslub - «hind səpkisi» yaratmağa müvəffəq» olmasını açıqlayır. Saib Təbrizinin saray ədəbiyyatından şəhər ədəbiyyatına keçid etməsini məhz XVII əsr ədəbiyyatında baş verən yeniləşmə meylləri ilə əlaqələndirən İsa Həbibbəyli ədibin «hind səpki»sinə meylliyini belə əsaslandırır: «Hindistanda dini baxışları ümumi şəkildə ifadə edən «ilahi din»in genişlənməsi şeirin mistik buxovdan da azad olmasında mühüm rol oynadığı üçün bu ölkədə poeziyanın daha sərbəst inkişafına şərait yaratmışdır.» İsa Həbibbəyli «Hind üslubu» və ya «İsfahan səpkisi» adlanan poetik şeir üslubunun Azərbaycan ədəbiyyatında təzahür etməsini Saib Təbrizinin adı ilə bağlayır, elmdə də bu üslubun «Saib səpkisi» adlanmasına toxunur. İsa Həbibbəyli Saib Təbrizinin qəzəllərində «həyatilik meylləri və hikmətamiz düşüncələrin xalqa daha çox yaxın» olmasını məhz ədibin şeirlərinin «saray dairələrindən çıxaraq, geniş şəhər mühitində, xalq arasında» yayılmasına səbəb olmasını qeyd edir.

İsa Həbibbəyli «Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısı» kimi dəyərləndirdiyi M.P. Vaqif yaradıcılığına yüksək qiymət verərək, ədəbiyyatımızın «xüsusi mərhələyə çevrilmiş romantik şeirdən realist tərənnümə qəti keçidin banisidir» deməklə mövqeyini qətiyyətlə bildirmişdir. İsa Həbibbəyli şairin «çoxəsrlik Azərbaycan şeirində ilk dəfə olaraq «qəzəli-aşiqanə»dən imtina edib, realist cizgilərə əsaslanan yeni tipli məhəbbət şeirləri» yaratması amilini, M.P. Vaqif şeirlərinin «xalq-aşıq şeiri üstündə köklənmiş, el-oba həyatını və gözəlləri gerçək şəkildə tərənnüm edən yeni şeir» olmasını da nəzərdən qaçırmamışdır. İsa Həbibbəylinin «Vaqif simasında xalq-aşıq şeir üslubu bütövlükdə Azərbaycan realist lirikasının üslubu səviyyəsinə» yüksəldiyini qeyd etməsi Azərbaycan ədəbiyyatının təkamülünə təsir etmiş bir ədibə verilən tarixi və elmi qiymət kimi qəbul edilməlidir.

Yeni dövr və müasir Azərbaycan ədəbiyyatının tədqiqi zamanı İsa Həbibbəyli bədii əsərlər vasitəsilə Azərbaycan tarixinin yox olması təhlükəsinə diqqət yetirərək tarixi və ictimai-siyasi romanların ictimai şuurun formalaşmasındakı rolunu açıqlamağa nail olmuşdur. Akademik İ. Həbibbəyli görkəmli yazıçımız Məmməd Səid Ordubadinin zəngin irsini rus bədii düşüncəsində özünəməxsus yer tutmuş L.N. Tolstoy yaradıcılğı ilə müqayisə edərək, «bizə görə, Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatının Tolstoyudur» deyə münasibətini bildirmişdir. İ. Həbibbəyli M.S. Ordubadinin tarixi romanları zəminində «Azərbaycanda milli tarixi romançılıq ənənəsinin əsas prinsipləri»nin formalaşmasına toxunmuş, «Qılınc və qələm» tarixi romanını isə ədəbiyyatımızda «tarixi roman janrının zirvəsində» dayanmasını qeyd etmişdir. İ. Həbibbəyli ədəbiyyatımızda tarixi roman janrında əsərlərin qələmə alınmasına baxmayaraq, həmin tarixi romanların M.S. Ordubadi səviyyəsinə çatmadığını vurğulayaraq bu amili belə dəyərləndirmişdir: «Artıq yarım əsrdən çoxdur ki, Azərbaycan tarixi romanı Məmməd Səid Ordubadi ənənəsinin işığında ədəbiyyatdakı yolunu uğurla davam etdirməkdədir. Lakin etiraf edilməlidir ki, Azərbaycan ədəbiyyatında sonrakı mərhələlərdə yeni, maraqlı, əhəmiyyətli, cəlbedici tarixi romanlar yaranmamışdır, ancaq bu janrda Məmməd Səid Ordubadi zirvəsindən sonrakı axırıncı aşırım hələ ki, keçilmiş yolun davamı olaraq qalmaqdadır.» İsa Həbibbəyli tarixi mövzuda roman qələmə almış Azərbaycan tarixi roman müəlliflərini M.S. Ordubadinin davamçıları kimi göstərmişdir. Məsələn, akademik İ. Həbibbəyli Əyyub Abbasovun tarixi roman sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir, ədibi «Azərbaycanda milli tarixi romançılıq ənənəsinin əsas prinsipləri»nin M.S. Ordubadi yaradıcılığında formalaşmasını vurğulayır. Ədibin «Zəngəzur» romanını M.S. Ordubadinin ««tarixi romanları ilə yanaşı qoyulmağa layiq» əsər kimi dəyərləndirmiş İsa Həbibbəyli yazıçıya real tarixi qiymət verir desək, yanılmarıq. İsa Həbibbəyli yalnız M.S. Ordubadi yaradıcılığını deyil, həmçinin də böyük roman ustadının yaradıcılığını tədqiq etmiş alimlərin tədqiqatlarına da nəzər salmışdır. İsa Həbibbəyli «Azərbaycanda ilk dəfə olaraq milli tarix roman məktəbi» yaratmış M.S. Ordubadinin tədqiqatçısı kimi Azərbaycan ordubadişünaslığını təmsil edən prof. Yavuz Axundlunu «Azərbaycan ədəbiyyatşünaslığında tarixi romanın elmini» yaratmasını qeyd edərək, ədibin yaradıcılığını tədqiq etmiş alimlərimizdən biri kimi dəyərləndirmişdir.

İsa Həbibbəyli Mirzə İbrahimov yaradıcılığını tədqiq edərək «Cənub hekayələri» silsiləsini ədibin «hekayə yaradıcılığının əsasını, ən uca nöqtəsini müəyyən» etməsinə toxunur. İsa Həbibbəyli Mirzə İbrahimovun oçerk yaradıcılığına toxunarkən, ədibin povestlərinin yalnız yaradıcılığına deyil, həmçinin «Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus mühüm rola malik» olmasını qeyd edir. İsa Həbibbəyli Mirzə İbrahimovun «Gələcək gün» romanında tarixiliyin üstünlük təşkil etməsinə rəğmən, ictimai-siyasi roman janrının tələblərinə uyğun olmasını vurğulayır: «Tarixiliyin üstünlük təşkil etməsinə, bir sıra tarixi şəxsiyyətlərin geniş planda təsvir olunmasına baxmayaraq, «Gələcək gün» ictimai-siyasi roman janrının tələblərinə uyğun gəlir. Əslində tarixilik özü də ictimai-siyasi romanın prinsiplərindən biridir.»

Azərbaycançılıq ideyasının lirik əsərlərdə əksinin tapmasını vurğulayan akademik İ. Həbibbəyli «Komsomol poeması»nı Səməd Vurğunun «sözün böyük mənasında yeni dövr Azərbaycan kəndinin mənzum romanı» kimi dəyərləndirir, Mixail Şoloxovun «Sakit Don» romanı ilə «ideya-bədii dəyəri, yüksək sənətkarlıq səviyyəsi etibarı ilə» eyni səviyyədə tutur. İsa Həbibbəyli Səməd Vurğunun 29 yaşında qələmə aldığı, 22 bənddən ibarət olan «Azərbaycan» şeirini isə «XX əsr Azərbaycan ədəbiyyatında azərbaycançılıq idealının himni» hesab edərək, «milli düşüncəli vətənpərvərlik ədəbiyyatının şərəfli bir epiqrafı» kimi dəyərləndirir. Akademik İ. Həbibbəyli həmçinin şeiri «azərbaycançılığın poetik manifesti» hesab edir. İsa Həbibbəyli Səməd Vurğunun Bakı şəhəri haqqında «elmi düşüncə ağırlıqlı romantik-tarixi» poema kimi təqdim etdiyi «Bakı dastanı» əsərini «qanadlı və dərin məzmunlu poeziyası ilə siyasi və elmi baxışlarının böyük vüsətini nümayiş» etdirməsindən də yan keçmir. 

Akademik İ. Həbibbəylinin Azərbaycan bədii irsinin qorunmasına yönəlmiş araşdırmaları sırasında vahid Azərbaycanın bədii məkanının qorunmasına həsr edilmiş tədqiqatlarını xüsusi vurğulamaq olar. İsa Həbibbəyli bir tərəfdən vahid bədii məkanın qorunmasını təbliğ edir, digər tərəfdən isə Azərbaycan dilinin bu məkanın qorunmasındakı rolunu açıqlayır. İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında Cənub mövzusuna xüsusi diqqət yetirmiş, ictimaiyyəti daim düşündürməkdə olan bu problemə də öz münasibətini bildirmişdir. M. Şəhriyar yaradıcılığında, həmçinin Mirzə İbrahimovun «Cənub hekayələri» silsiləsini nəzərdən keçirmiş, Cənubi Azərbaycan mövzusunu tədqiq etmişdir. Akademik İ. Həbibbəyli «Azərbaycan ədəbiyyatının görkəmli klassiki» kimi dəyərləndirdiyi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığında Azərbaycan mövzusunun geniş yer tutmasını, ədibin «Azərbaycan» şeirini isə «o taylı – bu taylı Azərbaycanda həmin mövzuda yazılmış şah əsərlərdən biri» kimi təqdim etmişdir. İsa Həbibbəyli Məhəmmədhüseyn Şəhriyarın «Səhəndiyyə» poemasını yüksək dəyərləndirərək ədibin «Azərbaycan şeirinin yeni və dərin mənalı «Vətəniyyəsi»dir» deyə qiymətləndirmişdir. Ədibin iki hissədən ibarət olan «Heydərbabaya salam» poeması isə İsa Həbibbəyli tərəfindən ustadın yaradıcılığının zirvəsi kimi təqdim edilir.

Vahid Azərbaycan bədii məkanı baxımından İsa Həbibbəylinin Zəlimxan Yaqubun yaradıcılığına toxunması maraq kəsb edir. Akademik İ. Həbibbəyli «Aşıq ədəbiyyatı üstündə köklənən» Zəlimxan Yaqubun «Azərbaycan mühiti və şeiri üçün gərəkli olduğu bəlli olan Borçalı mühiti ənənələrini Kürün o tayından, bir regiondan - bölgədən ümumvətən mühiti səviyyəsinə çıxarmağı və yaşamağı bacarmış» şair kimi dəyərləndirərək şairin yaradıcılığındakı qoşma janrında qələmə aldığı əsərlərin uğurunun əsas məğzini göstərməyə nail ola bilmişdir: «Zəlimxan Yaqubun qoşma janrına ardıcıl marağının və bu poetik formada qazandığı uğurların mayasında Borçalı aşıq sənəti ənənələri durur». İsa Həbibbəyli Zəlimxan Yaqubu şair Hüseyn Arifin davamçısı olması amilinə də toxunaraq qeyd etmişdir ki, «sənətin ruhu etibarilə Zəlimxan Yaqub xalq şairi Hüseyn Arifin sənət ənənələrinin əsas davametdiricisi və daşıyıcısıdır». Akademik İ. Həbibbəyli hər iki ədibin yaradıcılığında bənzəyişin fərqdən çox olmasına, H. Arifdə tərənnümün, Z. Yaqubda isə poetik təqdimatın aparıcı olmalarına aydınlıq gətirmişdir.

Azərbaycan dilinin problemlərinə toxunarkən İsa Həbibbəyli əlifba islahatına xüsusi diqqət yetirmişdir. Akademik İ. Həbibbəyli ərəb əlifbasının islahı ideyasını qətiyyətlə müdafiə etmiş ziyalılarımızın yaradıcılıqlarına da bir ziyalı kimi nəzər salmış, onların simasında ədəbi dil probleminə də öz mövqeyini bildirmiş, biganə qalmamışdır. «Millətinin canlı heykəli» - Məhəmmədağa Şahtaxtlının Azərbaycan üçün etdiyi xidmətlərə nəzər salmış akademik İ. Həbibbəyli ədibin Qərb maarifçilik ənənələrini təbliğ etməsini, xalqını fanatizmdən xilas etmək yolunda cəhdlərini, Qərblə Şərqi yaxınlaşdırmaq istəkləri uğrunda atdığı addımlara böyük dəyər verərək, ədibin «...təkbaşına etdiyi xidmət həmin amala ömür sərf etmiş bütöv bir ziyalı nəslinin fəaliyyəti» ilə eyniləşdirmişdir. 1907-ci ildə Dövlət Dumasına deputat seçilmiş dilçi-alim, linqvist – şərqşünas M. Şahtaxtlının ərəb əlifbasının islahı ideyasını qətiyyətlə müdafiə etməsi, «xüsusi şəkilli bir əlifba» hazırlaması, ümumiyyətlə, dil və mətbuat sahəsindəki, tərcüməçilik sahəsində, Bakı Dövlət Universitetinin professoru, Yeni Əlifba Komitəsinin üzvü və deputat kimi əvəzolunmaz fəaliyyətləri akademik İ. Həbibbəyli tərəfindən geniş tədqiq edilmiş və «bizim Avropakə Mirzə Kazımbəy» adlandırılmasına toxunulmuşdur.

İsa Həbibbəyli söz xiridarlarının ümumtürk ədəbi dil yaratmaq sahəsində atdıqları addımlarına da nəzər salmışdır. Əli bəy Hüseynzadənin müsəlmançılıqdan ümumi faktor kimi istifadəsi və Cəlil Məmmədquluzadənin isə dünyəvi baxışları, etnogenezis məsələsində Əlibəy Hüseynzadənin türkçü və turançı, Cəlil Məmmədquluzadənin isə azərbaycanlı baxışları arasındakı fərqləri görən İsa Həbibbəyli hər iki ədibin ümumtürk ədəbi dil yaratmaq istəklərinə, bu yolda atdıqları addım və fikirlərinə də nəzər salmışdır. Akademik İ. Həbibbəyli Əlibəy Hüseynzadənin «İstanbul ağzını əsas götürmək və onu digər türk xalqlarının dillərindən alınmış ümumişlək sözlər hesabına zənginləşdirməklə, eyni kökdən olan qohum millətlərin başa düşəcəyi, ünsiyyət saxlayacağı normativ dil yaratmaq arzusunda» olmasını, Cəlil Məmmədquluzadənin isə «ümumtürk ədəbi dili yaradılmasını faydalı bir iş olduğunu qəbul» etməsini, ancaq əvvəl «XX əsrin əvvəllərində əhalisinin böyük əksəriyyəti yazıb-oxumaq bacarmayan Azərbaycanda vahid ədəbi dil yaratmağı zamanı qabaqlamış ideya hesab» etməsini vurğulaması diqqəti cəlb edir. İsa Həbibbəyli iki böyük ədibin dövlətçilik məsələlərində fikirlərinin haçalanması faktını düzgün qeyd etməsi, heç də onların dahi şəxsiyyət kimi varlıqlarına xəlil gətirmir, əksinə ədiblər haqqında oxucuların fikirlərini qətiyyətləşdirməyə imkan yaradır: «...Cəlil Məmmədquluzadə böyük, vahid və müstəqil Azərbaycanın məcnunu, Əli bəy Hüseynzadə isə turançılığın ideoloqu idi.»

İsa Həbibbəyli Bəxtiyar Vahabzadə yaradıcılığında mühüm yer tutmuş «Latın dili» şeirini «XX əsrdə nəinki Azərbaycan ədəbiyyatında, hətta keçmiş Sovetlər İttifaqı miqyasında milli istiqlalın vacib şərtlərindən olan ana dili uğrunda mübarizədən söz açan ən cəsarətli əsər hesab olunmağa» layiq olduğunu, «ölkənin bütövlüyü və xalqın birliyi məsələsi» kimi aktual və xalqın taleyüklü məsələsi olan mövzuların ədibin yaradıcılığında geniş yer tutmasını, «əsərlərində milli birlik şüurunu formalaşdırmaq məsələsinə xüsusi önəm» verməsini qeyd edərək, «milli – poetik istiqlalnaməsinin qüdrətli yaradıcılarından biri» kimi təqdim edir.

 

Ümummilli lider Heydər Əliyev obrazı

Akademik İsa Həbibbəyli Elmira Axundovanın, Asiman Yadigarın, Elman Həbibin, Hüseynbala Mirələmovun əsərlərində Ümummilli lider Heydər Əliyevin obrazına xüsusi diqqət yetirmişdir.

Akademik İ. Həbibbəyli «cəmiyyətşünas yazıçı-publisist» Elmira Axundovanın yaradıcılığının böyük bir dövrünü «Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, mübarizəsi və ideallarının dərindən və əsaslı şəkildə öyrənilməsinə, geniş ictimaiyyətə təqdim olunmasına» həsr etməsini qeyd edir. İsa Həbibbəyli E. Axundovanın yeddi kitabdan ibarət olan altıcildlik «Heydər Əliyev. Şəxsiyyət və zaman» əsərini Heydər Əliyevin şərəfli, keşməkeşli, çoxcəhətli, zəngin həyat yolunu «sistemli və ardıcıl şəkildə, mümkün olduqca dərindən və əsaslı surətdə araşdırılıb ümumiləşdirilməsinə həsr olunmuş monumental əsər» kimi dəyərləndirir. İsa Həbibbəyli həmçinin bu monumental əsəri «Azərbaycan Heydər Əliyevşünaslığının beynəlxalq aləmə təqdim edə biləcəyi ən mükəmməl bioqrafik roman» adlandırır. Akademik İ. Həbibbəyli «Heydər Əliyev. Şəxsiyyət və zaman» əsərini «Heydər Əliyev kimi qüdrətli İnsanı, şəxsiyyətinin bütövlüyü və əzəmətinin, dövrünün tarixi məsuliyyətinin və mürəkkəbliklərinin fonunda təqdim edən mükəmməl sənədli-bədii əsər» kimi də dəyərləndirir. İsa Həbibbəyli «Heydər Əliyev. Şəxsiyyət və zaman» əsərinin ədəbiyyatşünaslıqda roman-tədqiqat adlandırılması faktına da toxunmuş, əsərin sənədli roman olmasını əsas götürərək, «tədqiqat» ifadəsinin zəruri olmasının tərəfdarı kimi çıxış etmişdir. Akademik İ. Həbibbəyli roman-tədqiqatın əsərin janrını deyil, yanaşma üsulunu müəyyən etməsini nəzərə alaraq, əsərin vüsətinə görə epopeya olmasını qeyd etmişdir: «Elmira Axundovanın «Heydər Əliyev. Şəxsiyyət və zaman» çoxcildliyi janr etibarilə artıq əvvəlki üçcildlikdə müşahidə olunan roman-tədqiqatının hüdudlarını aşaraq, mövzusu, süjeti və kompozisiyasına, altı cild həcmindəki geniş əhatə dairəsinə, vüsətinə görə epopeyaya çevrilmişdir.»

İsa Həbibbəyli Asim Yadigarın yaradıcılığını dəyərləndirərək «şeirlərinin ictimai məzmununu lirikanın dili ilə ifadə etməyi əsas məqsəd kimi qəbul» etməsini göstərmiş, «xalqımızın Ümummilli lideri Heydər Əliyevə həsr edilmiş şeirlərində Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixindəki və müasir inkişafındakı yerini fərqli şəkildə mənalandırmağı» bacarmasını qeyd etmişdir. Akademik İ. Həbibbəyli Asiman Yadigarın bədii yaradıcılığında «Azərbaycanın tanınmış şairlərinin dilindən şeirlər yazmaq ənənəsi» olmasını vurğulayaraq, şairin Xaqani, Nəsimi, Məhəmməd Hadi, Mikayıl Müşfiq, Söhrab Tahir, Nəriman Həsənzadə və digər sənətkarların «dilindən» şeir yazmasını, «görkəmli şairlərin «dilindən» şeir yazıb, həm də sənətdə öz üslubunu, dəst -xəttini qoruyub-saxlamaq çətin və məsuliyyətli bir yaradıcılıq işi» olduğunu da qeyd etmişdir.

İsa Həbibbəyli lirika, dramaturgiya, publisistika ilə məşğul olan Elman Həbib yaradıcılığına da nəzər salaraq, ədibin poeziyasını «Azərbaycan şeirinin yeni dövrünün bənzərsiz Vətənnaməsi» adlandırıla bilməsini, Azərbaycançılığın şairin «sənət konsepsiyasının mayası» olmasını da qeyd etmşdir. İsa Həbibbəyli şairin «poeziyada siyasi düşüncəni şeirlə ifadə etmək məharətinin nümunəsi» olan «Heydərnamə» poemasını görkəmli dövlət xadimi Heydər Əliyev haqqında qələmə alınmış mükəmməl sənət əsərlərindən biri kimi yüksək dəyərləndirərək, əsərin «Ümummilli lider Heydər Əliyevin simasında Azərbaycanı və azərbaycançılığı tərənnüm edən sanballı poetik nümunə» kimi təqdim edir. İsa Həbibbəyli Elman Həbibinin «Heydərnamə» və «Naxçıvannamə» əsərlərini bir yerdə müəllifin «poetik Azərbaycannaməsini tam halda əks etdirdiyini» də qeyd edərək, Elman Həbibin poeziyasını «ömrün günəşli nəğmələri» kimi dəyərləndirir.

İsa Həbibbəyli Hüseynbala Mirələmovun yaradıcılığına nəzər salaraq, ədibin janrından asılı olmayaraq, qələmə aldığı bütün əsərlərində vahid bir üslubun olmasına toxunur, bu üslubun isə «bədii-publisist üslub» olmasını qeyd edir. Bu amillərdən başqa Hüseynbala Mirələmovu «cəmiyyət miqyasında düşünən, həyat materialını cəlbedici ədəbiyyat mətninə çevirməyi bacaran, son nəticədə vətəndaş-publisist sözünü ən müxtəlif tərzdə deməyi ilə fərdləşən sistemli bir yazıçı» kimi dəyərləndirən İsa Həbibbəyli yazıçının yaradıcılığında «povest janrına daha çox sədaqətli» qaldığına, hətta «bir sıra hekayələrində povest məzmunu ifadə olunmasına», qələmə almış olduğu «Gəlinlik paltarı», «Qırxıncı otaq» kimi romanlarını da «forma etibarilə povestə yaxın» olmasını da qeyd etmişdir. Hüseynbala Mirələmovun «görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi JZL mahiyyəti və səviyyəsi etibarilə mükəmməl tarixi roman təsiri bağışlaması» fikirləri isə İsa Həbibbəylinin tarixi olayları düzgün qiymətləndirməsinin əksidir. Bundan başqa Hüseynbala Mirələmovun «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş JZL-də tarixilik və müasirliyin vəhdətdə qələmə alınması əsasında yeni Azərbaycanın ümumiləşmiş bədii mənzərəsi»ni canlandırmasını qeyd edən İsa Həbibbəyli cəmiyyətdə gedən tarixi proseslərə verdiyi real qiymət kimi dəyərləndirilməlidir.

 

Müasir Azərbaycan vətənpərvərlik lirikası

İsa Həbibbəyli elmi yaradıcılığında müasir vətənpərvərlik lirikasının tədqiqi və təhlili geniş yer tutur. «Mən Araz şairiyəm» deyən Məmməd Arazın «bütövlükdə Vətən anlayışını ifadə» etməsini, «düşüncə lirikası, mənəviyyat ədəbiyyatı, lirik-psixoloji şeir və nəsr», həmçinin şairin yaradıcılığının çətin labirintlərdən keçməsini qeyd etmiş İsa Həbibbəyli şairin yaradıcılığını «...Səməd Vurğun məktəbi ilə sonrakı dövrün şeir üslubu və ənənələri sırasında çox etibarlı və möhkəm varislik» körpüsü olmasını da qeyd edir. İsa Həbibbəyli əminliklə vurğulayır ki, «artıq Azərbaycan şeirində özünəməxsus ənənələri olan məxsusi bir Məmməd Araz ədəbi məktəbi də formalaşmışdır». Biz də əminliklə, qeyd edə bilərik ki, «şeirimizin xan çinarı» Məmməd Araz ədəbi məktəbinin davamçıları öz sələflərinin layiqli xələfləri olacaqlar. İsa Həbibbəyli Məmməd Araz yaradıcılığını daha dərindən duyaraq, ədibin bir şair və vətəndaş kimi xalqına bağlı olmasına da toxunur: «mənsub olduğu xalqın da tərcümeyi-halının əsas hissəsidir, orijinal əks -sədasıdır». İsa Həbibbəyli şairin yaradıcılığını yüksək dəyərləndirir, ədibin poetik oratoriya təsiri bağışlayan «Ayağa dur, Azərbaycan» şeirini «yeni mərhələnin şah əsəri», «Bizi Vətən çağırır» şeirini isə «qüvvətli səfərbərlik himni» kimi qiymətləndirir.

Akademik İ. Həbibbəylinin «vətəndaşlıq poeziyasının, kəsərli publisistikasının, tarixi nəsrinin görkəmli yaradıcısı» adlandırdığı Sabir Rüstəmxanlının «milli şüurun, vətəndaşlıq poeziyası və publisistikasının, demokratik ictimai fikrin, yeni tipli ziyalı mədəniyyətinin dirçəlişi və təşəkkülü yollarındakı» xidmətlərini dəyərləndirərək, «bütöv şəxsiyyəti və çoxcəhətli fəaliyyəti ilə yeni nəslin içərisindən çıxmış Azərbaycan ziyalısının canlı obrazı kimi» ümumiləşdirir. İsa Həbibbəyli şairin yaradıcılığını «mənsub olduğu xalqın milli taleyinin keşməkeşlərinin, qan yaddaşının poetik» daşıyıcı olduğunu qeyd edir: «millətin şəninə yazılmış, müstəqil Azərbaycanın taleyindən bəhs edən əsl bir tarixnamədir.»

İsa Həbibbəyli lirik şair Nurəngiz Gün yaradıcılığını «günəşə boylanan bənövşə çiçəyinə» bənzədərək, «Xocalı simfoniyası» şeirini yalnız müəllifin deyil, «Azərbaycan poeziyasında mühüm ədəbi hadisə» kimi dəyərləndirir.

Akademik İ. Həbibbəyli lirik-fəlsəfi şair Rüstəm Behrudi yaradıcılığına dəyər verərək, şairi «XX əsrin axırlarının siyasiləşməmiş milli azadlıq hərəkatının şeirdə böyük əks-sədasını yaradanlar sırasında» xüsusi xidməti olmasına, «Şalam, dar ağacı» şeirini isə «müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq poeziyasının möhtəşəm proloqu» olmasına toxunur. İsa Həbibbəyli şairin Turan sevdası yaşayan yaradıcılığında Vətən anlayışına nəzər salmış, şairin yaradıcılığında «Vətən anlayışının sərhədləri Azərbaycandan Altaylara qədərki məsafələri ifadə edən geniş bir məfhum» və həmçinin «bütövlük andı üstündə köklənmiş geniş bir tarixi-coğrafi genişliyin ədəbiyyatı» olmasını da qeyd edir.

 

Azərbaycan ədəbiyyatında bədii cərəyan və janrların inkişafı, ədəbiyyatşünaslıq və ədəbi tənqid

Akademik İ. Həbibbəyli Azərbaycan ədəbiyyatında romantizmin və realizmin müqayisəli təhlillərini aparmışdır. İsa Həbibbəyli romantik metodda yazıb-yaratmış ədiblərin yaradıcılıqlarını geniş tədqiqat obyektinə çevirməyə nail olaraq, Hüseyn Cavid, Abbas Səhhət, Məhəmməd Hadi və digər ədiblərin simasında romantik metodun incəliklərini açıqlamağa nail ola bilmişdir.

İsa Həbibbəyli Hüseyn Cavidin «Azərbaycan şeirinə ilk dəfə olaraq, sonet, marş, şərqi-türkü kimi janrları», xüsusilə də Azərbaycan ədəbiyyatına soneti ilk dəfə ədibin gətirməsi faktına toxunmuşdur. Maraqlı faktlardan biri də Hüseyn Cavidin yaradıcılığında həm ingilis, həm də italyan sonetlərinin əksini tapması İsa Həbibbəyli tərəfindən qeyd edilmişdir. Avropa sonetinin hər iki formasında sonet yaratmış H. Cavidin «Qəmər», «Çəkinmə gül» və s. sonetlərinin mövcud olmasına toxunaraq, «İbtilayi-qəram» şeirini quyruqlu sonet, «Niçin» şeirini isə sonetin «sonet əklili» poetik formasının prinsiplərinə riayyət edərək qələmə alınmasını da akademik İ. Həbibbəyli qeyd etmişdir. İsa Həbibbəyli Hüseyn Cavidin poeziyaya yeniliklər gətirən novator şair olmasını açıqlayaraq, ədibin «həm əruz, həm də heca vəznlərində» yazıb - yaratmasına aydınlıq gətirmiş, «hər iki vəznə yaradıcı münasibət» bəslədiyini qeyd edərək, həmin vəznlərə «əsaslı keyfiyyət» dəyişiklikləri gətirməsi amilini də qabartmışdır. İsa Həbibbəyli Əkrəm Cəfərin Hüseyn Cavidin «Cavid həcəsi» yaratması fikri ilə razılaşaraq qeyd edir ki, H. Cavid «əruzun klassik lirikada məlum olan xəfif, həcəz, rəməl, müstəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla bərabər, həm də həcəz bəhrinin yeni bir növünü yaratmağa müvəffəq olmuşdur ki, əruzşünaslar həmin növü «Cavid həcəsi» adlandırırlar.» İsa Həbibbəyli Hüseyn Cavidin dram əsərlərini şeirlə yazmasını ədibin şairlik məharətinə malik olması ilə əlaqələndirərək, «dramlardakı lirik şeir şəkillərini» üç qrupa ayrılmasını göstərmişdir: «1. Xalq - aşıq şəkilləri; 2. Klassik lirikadan gələn janrlar; 3. Yeni poetik formalar.»

İsa Həbibbəyli Məhəmməd Hadi «lirikası üçün romantik-publisist üslub»un səciyyəvi olduğunu vurğulamış, ədibin qələmə aldığı şeirlərdə isə dövrünə qədər «heç işlədilməyən, ya da az işlədilən söz və tərkiblər»ə müraciət etdiyini də göstərmişdir.

Akademik İ. Həbibbəyli Azərbaycan ədəbiyyatında realizm epoxasını, maarifçilik realizmini ciddi tədqiq etmiş alimlərimizdəndir. İsa Həbibbəyli «XVIII əsrdən başlanan erkən realizmin XIX əsrin birinci yarısında maarifçi realizm səviyyəsinə» çatdığını qeyd etmiş, «...bütün XIX əsr boyu ədəbiyyatda «ikihakimiyyətlik» müşahidə» olunduğunu və «ikihakimiyyətlik»də, yəni klassik ədəbi ənənələrin ikinci planda olmasına baxmayaraq, mövcudluğu zəminində «realizmin ön mövqeyə» çıxması faktını vurğulamışdır. İsa Həbibbəyli realizm epoxası çərçivəsində M.F. Axundzadənin yaradıcılığını ciddi tədqiq etmişdir. «...Nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuş» M.F. Axundzadənin yaradıcılığında «Azərbaycan maarifçi realizmin kamillik mərhələsinə» çatması, «bətnində tənqidi realizmin rüşeymlərini» hazırlaması, Azərbaycan realizminin məhz ədibin «mükəmməl maarifçi realizm körpüsündən» keçməsi amilləri vurğulanır: «Mirzə Fətəli Axundzadənin simasında Azərbaycan maarifçi realist ədəbiyyatı özünün zirvəsini fəth etmişdir.» Akademik İsa Həbibbəyli M.F. Axundzadəni «Azərbaycanda professional ədəbi tənqidin banisi», hətta «tənqidin də nəzəriyyəsinin banisi» kimi təqdim edərək, ədibin tənqid sözünü də ədəbiyyatşünaslıq elminə gətirməsi faktını da açıqlamışdır.

İsa Həbibbəyli Nəriman Nərimanovun maarifçi demokrat mövqeyindən çıxış etməsini, əsərlərinin isə maarifçi realizmə aid olmasını nəzərə alaraq ədibin yaradıcılığına qiymət vermişdir: «...XIX əsrin ikinci yarısından XX əsrin başlanğıc illərinə qədər davam edən bədii yaradıcılığı ilə Nəriman Nərimanov əsasən maarifçi-realist, yaxud maarifçi-demokratdır». Akademik İ. Həbibbəyli «Nəriman Nərimanov ədəbiyyatda maarifçi-realist, ictimai-siyasi fəaliyyətində isə inqilabçı-demokrat idi» fikirləri ilə yazıçının yaradıcılığına konkter olaraq manasibətini də bildirmişdir.

İsa Həbibbəylinin «Əkinçi»dən «Molla Nəsrəddin»ə qədərki, yəni 1875-ci ildən 1906-cı ilə qədərki mərhələni «keçid dövrü» yaxud Azərbaycan ədəbiyyatının «yetimlik mərhələsi» kimi xarakterizə» olunması faktına aydınlıq gətirmiş, Məhəmməd Tağı Sidqini «maarifçilik hərəkatı və maarifçi ədəbiyyat istiqamətlərinin hər ikisində «keçid dövrü»nün lideridir» deyə ədib səviyyəsində həm maarifçilik hərəkatında, həmçinin də realist maarifçi ədəbiyyatında xidmətləri olan ziyalı olması faktını qeyd etmişdir. İsa Həbibbəyli M.T. Sidqinin «Heykəli-insanə bir nəzər» əsərini pedaqoji əsər, bədii nümunə kimi təqdim edilməsinə etiraz olaraq vurğulamışdır ki, əsər «...Məhəmməd Tağı Sidqinin ictimai-fəlsəfi əsəridir.» Akademik İ. Həbibbəyli ədibin əsərdə «cəmiyyətdə gedən çoxcəhətli proseslərin mahiyyətinə işıq sala, aydınlıq gətirə» bilən filosof kimi çıxış etməsini də işıqlandırır. İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin uzun müddət rəhbərlik etdiyi «Molla Nəsrəddin» jurnalı və onun ictimaiyyətdəki mövqeyinə də nəzər salmışdır. «Füyuzat» jurnalı ilə son dövrlərə qədər süni şəkildə bir-birinə qarşı qoyulmaları, əks cəbhələri təmsil etmələri kimi faktlarına təəssüf hissi ilə yanaşan İsa Həbibbəyli «Molla Nəsrəddin» və «Füyuzat» jurnallarına müstəqillik dövründə «müxalif qüvvələr kimi deyil, müəyyən fikir ayrılığına malik olan müasirləri kimi» bəhs edilməsi imkanı yaranması faktını da açıqlamışdır. Əlibəy Hüseynzadənin «Molla Nəsrəddin» jurnalında «tənqid və gülüşün xarakterini» düzgün müəyyənləşdirməsinə toxunması Cəlil Məmmədquluzadəyə verilən dəyər idi. 

İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında mövcud olan satirik şeir və onun yaradıcılarına biganə qalmamış, yaradıcılıqlarını elmi təhlil süzgəcindən keçirmişdir. Akademik İ. Həbibbəyli «türk-müsəlman dünyasında da satirik şeirin qüdrətli təmsilçisi kimi» tanınan M.Ə. Sabiri tərəddüd etmədən qətiyyətlə «Azərbaycan satirik şeirinin ən qüdrətli yaradıcısı» hesab etmişdir: «...özünəqədərki ədəbiyyatda ara-sıra mövcud olan satirik ənənələri yeni forma və məzmunla, təzə ideyalarla zənginləşdirib, satirik şeiri xüsusi inkişaf mərhələsinə çatdırmışdır.» İsa Həbibbəyli M.Ə. Sabirin «Azərbaycan ədəbiyyatında süjetli satirik şeirin yaradıcısı» olmasını qeyd edərək, ədibin süjetli satiralarında canlı mükalimə əsasında ifadə olunan hadisələrin yer almasını, şairin satirik şeirdə ilk dəfə istifadə etdiyi taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, saul-cavab kimi janrlara müraciət etməsini də vurğulamışdır.

İsa Həbibbəyli heca vəznli şeirin sürətlə inkişaf etməsində xidməti olan, «Azərbaycan şeirinin əfsanəsi» hesab etdiyi Səməd Vurğun yaradıcılığını tədqiq edərək, şairin yaratdığı ədəbi məktəbin qədim köklərə əsaslanmasını, müasirliklə üzvü şəkildə bağlı olmasını da qeyd etmişdir: «Səməd Vurğunun ədəbi məktəbi ilk növbədə çoxəsrlik ədəbi ənənələrin müasirliklə üzvi şəkildə əlaqələndirilməsi və yeniləşdirmə imkanlarının genişləndirilməsi əsasında formalaşmışdır.» Akademik İsa Həbibbəyli Səməd Vurğunun ədəbiyyatşünaslıq səhəsindəki xidmətlərini bu şəkildə qruplaşdırması ədibə xələl gətirmir, əksinə ədibin geniş fəaliyyətini yığcam və konkret olaraq izah edərək, şairin böyüklüyünü göstərir. İsa Həbibbəyli Səməd Vurğun ədəbi məktəbinin davamçılarını dörd qrupa ayırır. Onlardan bir qismi Səməd Vurğunun təsiri altında olub, ədibi zəif şəkildə təkrar edənlərdi ki, epiqonçuluqdan uzaqlaşa bilməmişdilər. İkinci qrupa isə S. Vurğun şeiri ənənəsi üstündə köklənib, ənənəni qoruyan və möhkəmlədən şairlərdir ki, İsa Həbibbəyli bu qrupa O. Sarıvəlli, İ. Səfərli, Z. Xəlil, A. Babayev, Ə. Cəmil və digər şairləri aid edir. Üçüncü qrupa isə S. Vurğunun poetik ənənəsindən yaradıcı şəkildə yararlanaraq, orijinal yol tutmuş şairlərdir. İsa Həbibbəyli bu qrupa B. Vahabzadə, N. Xəzri, H. Arif, M. Araz, N. Həsənzadə kimi görkəmli şairləri aid edir. Dördüncü qrupa isə S. Vurğun irsindən novatorcasına faydalanaraq yeni ədəbiyyat yaradan şairlərdir ki, akademik İsa Həbibbəyli bu qrupa ədibin doğma oğulları Yusif Səmədoğlu və Vaqif Səmədoğlunu aid edir.

İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında altmışıncılar fenomeninə xüsusi diqqət yetirir. Akademik İ. Həbibbəyli altmışıncılar ədəbiyyatını da elmi yaradıcılığının ayrılmaz tərkib hissəsinə çevirməyə nail ola bilmiş, Anar, Elçin, Fikrət Qoca kimi sənətkarların yaradıcılıqlarını müasir dövr prizmasından tədqiq etmişdir. İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının «altmışıncılar» ədəbiyyatının əsas yaradıcılarından biri hesab etdiyi Xalq yazıçısı Anarı ədəbiyyatın bir neçə istiqamətində əsərlər müəllifi kimi fəaliyyətini «XXI əsrin başlanğıcında Azərbaycan söz sənətinin, müasir mədəniyyətin inkişaf səviyyəsini göstərən əsas barometrlərdən biridir» kimi dəyərləndirir. Akademik İ. Həbibbəyli Anar yaradıcılığını həmişə yüksək dəyərləndirmişdir: «Anar ölkəmizdə təkcə yeni nəsri, yaxud müasir ədəbiyyatı deyil, bütövlükdə təzə düşüncə tərzini və baxışlar sistemini, milli əsaslara və real gerçəkliyə söykənən həyat fəlsəfəsini əsas formalaşdıranlardan biridir.»

İsa Həbibbəyli Xalq yazıçısı Elçinin yalnız altmışıncılar nəslində deyil, həm də yeni dövr ədəbiyyatında mövqeyi olmasına toxunaraq qeyd edir ki, «təkcə uğurla təmsil etdiyi altmışıncılar nəsli içərisində deyil, bütövlükdə yeni dövr Azərbaycan ədəbiyyatında və ictimai fikrin inkişafında Elçinin özünəməxsus sanballı yeri, rolu, mövqeyi vardır.» Elçinin bədii əsərləri ilə Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətlərini qeyd etməklə, yaradıcılığında yeni biçimli obrazlar yaratmasına toxunmuş, ədibin «Baladadaşın ilk məhəbbəti» seriyasından olan hekayələri isə «Elçinin Azərbaycan ədəbiyyatında möhürü» kimi dəyərləndirmişdir. Akademik İ. Həbibbəyli Elçinin ədəbiyyat qarşısındakı xidmətlərinin ən başlıcasını müəllifin «ədəbiyyatı ideoloji buxovlardan xilas edib» «real həyat hadisələri ilə qaynayıb-qarışmasına nail olmasında» görür. İsa Həbibbəyli Elçinin əsərlərini geniş təhlil süzgəcindən keçirir, ədibin «Baş» romanını «tarixi roman janrının tarixi-psixoloji roman formasında» qələmə alınmasına və «bu romanda mütəfəkkirlik və psixologizm» vəhdət təşkil etməsinə toxunur.

Akademik İ. Həbibbəyli «Azərbaycan altmışıncılar poeziyasının əsas yaradıcılarından biri» olan Fikrət Qocanı şeirdə «lirik-psixoloji üslubu xüsusi bir ədəbi istiqamətə çevirən şairlərimizdən biri» kimi dəyərləndirmiş, şeir yaradıcılığını isə «insan mənəviyyatının çoxcildlik poetik külliyatıdır» deyə qiymətləndirmişdir.

İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında postmodern cərəyanın yaranmasını tədqiq edərək Kamal Abdulla, İsa Hüseynov (Muğanna) və sair müasir yazarların bədii əsərlərini təhlil süzgəcindən keçirir. İsa Həbibbəylinin «fəaliyyətində elmlə bədii düşüncənin və ya bədiiliklə elmi fikrin harmoniyasını özündə cəmləşdirən bənzərsiz yaradıcı şəxsiyyət» kimi təqdim etdiyi akademik Kamal Abdullanın «timsalında ədəbi və elmi-nəzəri qənaətlər vahid düşüncə sisteminin üzvi tərkib hissəsi kimi təqdim» olunmasını göstərir. Kamal Abdullanın qələmə aldığı əsərlərində «yeni və fərqli yöndən bədii düşüncənin konkret ifadəsinə nail ola» bilməsini qeyd edir. İsa Həbibbəyli akademik Kamal Abdullanı digər alim və yazıçılardan fərqlənməsini, bu fərqlərin nədən ibarət olmasını da incəliklə açıqlamağa nail ola bilmişdir: «Məhz elmlə bədii düşüncənin ən müxtəlif formalarda yanaşı, paralel, həm də üzvi vəhdət halında təzahür etməsi, xüsusi bir keyfiyyət, harmoniya yarada bilməsi Kamal Abdullanı ədəbiyyatda da, dilçilikdə də özünəqədərkilərdən, müasirlərindən, hətta sonrakı yeni nəsildən də fərqləndirir.» İsa Həbibbəyli Kamal Abdullanın əsərlərində də elmi düşüncənin yerini müəyyən edə bilməsi amilini də göstərmişdir: «O, yazıçı olaraq həm də elmi düşüncənin bədii ədəbiyyatda yerini və mövqeyini müəyyən edə bilmişdir.» Akademik İsa Həbibbəyli «Yarımçıq əlyazma» əsərini isə «yeni dövr Azərbaycan ədəbiyyatında həyatı tam, bütöv, dərin qatları ilə açan tamamlanmış bədii əsər» olmasını qeyd edir. İsa Həbibbəyli Kamal Abdullanın bu əsəri ilə ədəbiyyatda «postmodernizm» kimi yeni mərhələnin başlanmasını, «milli postmodernist ədəbiyyatın təməl şərtlərini əks etdirə biləcək əhəmiyyətli və bədii cəhətdən yetkin nümunə» olmasını da vurğulayır.

Yazıçı, ssenarist və kinoredaktor, «Nəsimi» mükafatının ilk laureatı İsa Hüseynov (Muğanna) yaradıcılığı Azərbaycan ədəbiyyatında maraq dairəsindədir. Akademik İ. Həbibbəyli İsa Muğannanın yaradıcılığını ədəbi cəhətdən iki yerə ayrılmasına toxunur, birinci mərhələ «1950-1980-ci illərdə yazdıqları» və «Məşhər» romanı ilə müəllifin yaradıcılığının birinci dövrünün başa çatması, «İdeal» əsəri ilə ikinci dövrünün başlanması qeyd edilir. Birinci mərhələni İsa Həbibbəyli «Cəlil Məmmədquluzadə ilə altmışıncı illər ədəbi nəslinin arasında körpü funksiyası» daşıdığını qeyd etmişdir. İsa Muğannanın konsepsiyasında peyğəmbərləri Allahın-Bağ atanın oğulları kimi təqdim edilməsinə, bunun əsasında ümumbəşər dəyərlərin qabardılmasına xüsusı diqqət yetirilir: «Dördü də dinlərin müqəddəs bir insan kimi təqdim etdiyi peyğəmbərlərdir. Muğanna onları bir olan Allahın oğlu kimi təqdim edir. Bu isə insanları qardaşlığa, birliyə səsləməkdir.» Bu cür tezislər ortodoksal İslam prinsiplərini inkar edir. İsa Həbibbəyli isə müəllifin «inanaraq formalaşdırdığı Saf Ağ dünyası ədəbiyyat üçün utopiya kimi görsənsə də, İsa Hüseynov üçün gerçəkliyin ifadəsidir» fikri ilə İsa Muğanna yaradıcılığına müəllifin «dünyası kimi baxmaqdan başqa yol» qalmadığını vurğulayır.

Akademik İ. Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığını öz tədqiqatlarının obyektinə çevirmişdir. İsa Həbibbəylinin «çoxcəhətli yaradıcılıq fəalliyyətinə malik» kimi dəyərləndirdiyi yazıçı Mir Cəlal Paşayevin həm də «Azərbaycan ədəbiyyatşünaslıq elminin qiymətli nümunələrini» yaratmasını da nəzərədən qaçırmamışdır. İsa Həbibbəyli Mir Cəlalın «Füzuli sənətkarlığı» monoqrafiyasını «...orta əsrlərin poeziya ənənəsi haqqında bütöv və sistemli elmi təsəvvür yaradan mühüm elmi mənbə», «Azərbaycanda ədəbi məktəblər» monoqrafiyasını isə «XX əsrin əvvəllərində formalaşmış maarifçi realizm, tənqidi realizm və romantizm cərəyanlarının dərin və əsaslı elmi-nəzəri həlli öz əksini» tapmış nadir nümunələr və ədəbiyyatşünaslıq elmini zənginləşdirən əsərlər kimi qiymətləndirilmişdir. İsa Həbibbəyli Mir Cəlal Paşayevi həm yazıçı, həm ədəbiyyatşünas alim, həm ali məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuş müəllim, publisist kimi təqdim edərək ədibin obrazını yaratmağa, onun «əsərlərində xalq həyatının və milli mənəviyyatın ən incə, ülvi məqamları, adət-ənənələrimiz, azərbaycanlı xarakteri özünün dolğun bədii əksini» tapmasını doğru olaraq göstərməyə nail olmuşdur.

Səməd Vurğunun «Qasım bəy Zakir haqqında» əlyazması, şair haqqında tədqiqat aparması faktlarına toxunan akademik İsa Həbibbəyli ədibin Q. Zakir haqqında, dövrü və mühiti haqqında zəruri məqamları nəzərə alaraq geniş tədqiq etməsi faktlarına aydınlıq gətirir. İsa Həbibbəyli S. Vurğunun Qasım bəy Zakir yaradıcılığının «əsas, aparıcı meyllərini, xüsusən realizm cəbhəsindəki, satira yaradıcılığı sahəsindəki xidmətlərini ön mövqeyə çəkərək əsaslı şəkildə təhlil» süzgəcindən keçirməsini də qeyd edir. İsa Həbibbəyli dahi sənətkarın ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyətini müəyyən istiqamətlər üzrə qruplaşdırmışdır:

«1. Azərbaycan klassik ədəbiyyatının qiymətləndirilməsi;

2. Yeni dövr - XIX əsr və XX əsrin əvvəllərinin realist-demokratik ədəbiyyatına elmi münasibəti;

3. Müasir ədəbi prosesin təhlili və işıqlandırılması;

4. Səməd Vurğunun ədəbiyyat nəzəriyyəsi görüşləri;

5. Ədəbi əlaqələrin dəyərləndirilməsi.»

İsa Həbibbəyli «yeni dövr Azərbaycan ədəbiyyatşünaslığının atası», «ədəbiyyat tarixçiliyi elminin patriarxı» adlandırdığı Firidun bəy Köçərlinin «Azərbaycan ədəbiyyatının təxminən min illik tarixinin mükəmməl ədəbi salnaməsini» yaratmasına toxunmuşdur. Ədəbiyyatşünaslıq abidəsi adlandırdığı «Azərbaycan ədəbiyyatı tarixi» ikicildliyinin mükəmməl olmasını yalnız tərcümeyi-hal göstəricilərindən ibarət olmadığını, ciddi elmi təhlil və ümumiləşdirmələrdən ibarət olmasında görürdü. İsa Həbibbəyli F. Köçərlinin bu kitabla əsaslandırılmış, sistemli «Azərbaycanda ədəbiyyat tarixçiliyi elminin böyük məktəbini» yaratması amilinə toxunulması böyük sənətkara verilən ən dəyərli və real tarixi qiymət kimi qəbul edilməlidir.

Akademik İ. Həbibbəyli Azərbaycan şair və yazıçılarını tədqiq edərkən, onları tədqiq etmiş tədqiqatçıların da fəaliyyətlərini dəyərləndirmişdir. Eynəli bəy Sultanovu «Azərbaycan ədəbiyyatında tənqidi realizmə yaxın olan maarifçi realist nəsrin əsas yaradıcılarından» biri olmasına toxunan akademik İsa Həbibbəyli, ədibin həyat və yaradıcılığını geniş və hərtərəfli tədqiq etmiş İzzət Maqsudovun da elmi fəaliyyətinə nəzər salmış, tədqiqatçının «zəngin mənbəşünaslıq bazasına, ciddi elmi-nəzəri əhəmiyyətə malik olan» «Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı» monoqrafiyasını «Eynəli bəy Sultanov kimdir» sualına ilk və mükəmməl elmi» cavab verə bilən ədəbiyyatşünaslığın qiymətli elmi əsəri hesab etmişdir.

İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının janr sisteminin inkişafına daimi maraq göstərir, şair və yazıçılar tərəfindən janr eksperimentlərini nəzərindən qaçırmır. Bu baxımdan, akademik İ. Həbibbəylinin Rəsul Rza, İlyas Əfəndiyev, Rəşad Məcid, İsa İsmayılzadə, Hikmət Mahmud, Hidayət, Nəriman Həsənzadə və sair ədiblərin yaradıcılığına vermiş olduğu qiymət elmi maraq kəsb edir.

Bir tərəfdən görkəmli Sovet şairi kimi tanınan, digər tərəfdən isə yaradıcılığı Sovet dövrünədək Azərbaycan ədəbiyyatının ənənələrini öz şəxsiyyətində və yaradıcılığında cəmləşdirib, SSRİ hakim dairələrin destruktiv təsirindən qoruyaraq, gələcək nəsillərə bu ənənələri ötürə bilmiş Rəsul Rza akademik İsa Həbibbəyli tərəfindən «yeni epoxada Azərbaycan sərbəst şeir məktəbini yaratmış» sənətkar kimi dəyərləndirilmiş, «şeirlərində bir qayda olaraq sərbəst şəkildə olsa da qafiyə iştirak» etməsi də qeyd edilmişdir.

İsa Həbibbəyli İlyas Əfəndiyevi «zamanın arxasınca getməyib, daha çox zamanı arxasınca aparmağa çalışan» ədib kimi təqdim edir. Ədibin «müasirlik məsələsinə gündəlik həyat kimi yox, inkişafda olan proses kimi» baxması, millilik və müasirlik anlayışlarının yazıçının yaradıcılığının əsas qayəsini təşkil etməsi, «ədəbiyyatımızda lirik-psixoloji nəsrin əsas» yaradıcılarından biri kimi akademik İsa Həbibbəyli tərəfindən təqdim edilməsi yazıçının bədii yaradıcılığına verilmiş elmi qiymətdir.

İsa Həbibbəyli Rəşad Məcid yaradıcılığında publisistikanı «ən uzunömürlü sahə» olmasına və ədibin yaradıcılığının birinci dövrünün «10 sentyabr» kitabı ilə yekunlaşması faktına toxunur. İsa Həbibbəyli R. Məcidin yaradıcılığının birinci dövrünün yekununu ədibin bədii yaradıcılığının yekunu kimi deyil, əksinə nasirlik səlahiyyəti qazandırdığını və «yeni mərhələnin uğurlu» başlanğıcı olmasını qeyd edir. İsa Həbibbəyli hələ XX əsrin səksəninci illərində «öz poetik üslubu, öz şeiri formalaşmış» Rəşad Məcid yaradıcılığını yüksək dəyərləndirərək qeyd edir ki, «Rəşad Məcidin lirikası dərin lirizmlə üzvi əlaqəsi əsasında yaranan əhəmiyyətli sənət hadisəsidir.» İsa Həbibbəyli «liro-epik şeirinin əsas yaradıcılarından biri» hesab etdiyi Rəşad Məcidin son dövrlər bədii yaradıcılığını da yüksək dəyərləndirir, 2011-ci ildən sonrakı bədii yaradıcılığında qələmə alınmış poeziya nümunələrini üç yerə ayırır:

«1. «Roman» liro-epik poeması ilə səsləşən yeni şeirlər

2. «Dastan» qrupu şeirləri

3. Lirikasında yeni mərhələ».

İsa Həbibbəyli «fərdi poetik üslubu sadəliyinə, dərin məna ahənginə, işıqlı rəng çalarlarına görə» fərqlənən İsa İsmayılzadənin «Naxçıvan duyğuları» şeir silsiləsini dəyərləndirərək, «günəş hənirli torpağın təkrarsız rənglərinin poetik ifadəsindən ibarət» olmasını qeyd edir, «Naxçıvanla bağlı bəzi coğrafi məkanları və etnoqrafik mətləbləri» işıqlandırmasına da toxunur.

İsa Həbibbəyli geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudovun da bədii yaradıcılığına nəzər salmış, ziyalı alimin «yarım əsrdən artıq bir dövrdə bədii yaradıcılıqla da ardıcıl şəkildə məşğul» olmasını, 9 şeirlər, 11 poema çap etdirməsini də qeyd etmişdir. İsa Həbibbəyli Hikmət Mahmudun bədii yaradıcılığında «elmi təfəkkürlə bədii dərketmənin qarşılıqlı əlaqəsi fərqli bir poetik düşüncəni meydana» çıxarması amilinə də toxunmuşdur.

İsa Həbibbəyli yazıçı Hidayəti «müasir Azərbaycan ədəbiyyatında publisistik bədii nəsrin əsas yaradıcılarından biri» kimi dəyərləndirir. İsa Həbibbəyli yazıçı Hidayətin «publisistik nəsrində janrların əlaqəsi yox, mükəmməl sintezi baş verməsinə» toxunmuş, «müraciət etdiyi ədəbi növlərin və janrların hamısında özünəməxsus layiqli əsərlər» qələmə almasını da vurğulamışdır. İsa Həbibbəyli yazıçının «Burdan min atlı keçdi» publisist romanını bu janrda qələmə alınmış əsərlərin zirvəsində dayandığını da qeyd etmişdir. İsa Həbibbəyli ədibin poeziyasını «yaşadığı zamanın əks-sədasıdır, haqq səsidir» kimi dəyərləndirir, Hidayət Orucovun poeziyadakı mövqeyini isə özünəməxsus incəliklə açıqlamağa nail olur: «Hidayət Səməd Vurğundan aldığı vətənpərvərlik dərsini Məmməd Arazın simasında milli ideyalar şəklində qavramış və nəhayət, həmin düşüncələri köynəyindən keçirərək, cəmiyyət həyatı ilə əlaqələndirməklə özünəməxsus şeir yolunu tapmışdır.»

İsa Həbibbəylinin «saf, xalis lirikanın yaradıcısı» hesab etdiyi Xalq şairi Nəriman Həsənzadəni «Azərbaycan dramaturgiyasını tarixi mövzular və müasirlik ideyası ilə» zənginləşdirməsini qeyd edərək, mənzum dramlarının şeiriyyət baxımından da kamil olduğunu vurğulayır. Şairin əsərlərini təhlil edən İsa Həbibbəyli «Atabəylər» mənzum dramını «...ideoloji təmayüllər deyil, dövlətçilik maraqlarının və milli mənafelərin əks etdirilməsi əsas qəbul edilməsi zamanına görə müəllifin vətəndaşlıq cəsarətinin və uzaqgörənliyinin ifadəsi» kimi təqdim edir.

 

Müasir Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri və qarşısında duran vəzifələr

İsa Həbibbəyli Müstəqillik dövrü Azərbaycan ədəbiyyatını «müstəqil dövlət quran xalqın ədəbiyyatı» kimi «mübarizə və uğurları» əks etdirdiyini qeyd etmişdir. İsa Həbibbəyli «ədəbiyyatda müstəqillik ideyalarının yetişməsi və təcəssümü»nü bir neşə şəkildə özünü göstərdiyini vurğulamış və aşağıdakı kimi təsnifatını aparmışdır:

«- ana dilinin və milli şüurun qorunması və inkişaf etdirilməsi;

- milli-tarixi yaddaşın bərpası;

- Azərbaycan idealının, milli vətənpərvərlik ruhunun yaşadılması;

- Azərbaycan insanının obrazının bədii təcəssümü;

- nəhayət, birbaşa milli ideya vasitəsilə qurtuluşa çağırışın bədii ifadəsi.»

İsa Həbibbəyli Müstəqillik dövrü ədəbiyyatını iki mərhələyə ayırmışdır: 

«1) Sovet ədəbiyyatı düşüncəsindən müstəqillik dövrünə «keçid ədəbiyyatı» kimi xarakterizə olunan 1990-cı illər;

2) XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatı.»

İsa Həbibbəyli Müstəqillik dövr ədəbiyyatının əsas mövzu problematikalarını göstərmiş, hər mərhələnin özünəməxsusluğuna toxunmuşdur. İsa Həbibbəyli birinci mərhələni, yəni sovet dövrünün sonlarından müstəqillik dövrünə «keçid əlamətləri» ilə səciyyələnən birinci mərhələylə bağlı mövzuları belə təsnif etmişdir: «1) İstiqlal və 20 Yanvar mövzusu; 2) Qarabağ müharibəsi mövzusu; 3) sosial böhran və dekadans mövzusu; 4) avanqard sənət».

İsa Həbibbəyli Müstəqillik dövrü ədəbiyyatının ikinci mərhələsində «janrlar arasında sərhədlərin mütəhərrik olduğunu müşahidə» edilməsini, «sintez janrların müşahidə olunmasını təbii» hala çevrildiyini vurğulayır.

Nəticə

Azərbaycan bədii irsinin qorunması, digər xalqlar tərəfindən Azərbaycan bədii nümunələrin mənimsənilməsi, ədəbiyyatın Azərbaycançılığa qarşı istifadəsi ilə mübarizəsi İsa Həbibbəylinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru olmamış vaxtlardan başlanması özünü göstərməkdir. İsa Həbibbəylinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru olmasından sonra bu proses sürətlənmişdir. Belə ki, institut rəhbəri kimi İsa Həbibbəyli bu mübarizəni istiqamətə çevirməyə nail ola bilmişdir. İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatına yönəlmiş mənfur qüvvələrə qarşı elmi mübarizəsi öz effektini göstərməkdədir. Azərbaycan ədəbiyyatı və mədəniyyətinə yaxılan qarayaxmalar, Azərbaycan ədəbiyyatı və nümayəndələrinin özünküləşdirilməsi prosesini əks etdirən elmi tədqiqat və dissertasiyaların qarşısı alınmış, başqa dövlətlərin tədqiqatçılarının milli ədəbiyyatımızı və nümayəndələrini özünküləşdirilməsinə elmi faktlarla etirazlar özünü göstərmişdir. Azərbaycan bədii irsinin qorunması, digər xalqlar tərəfindən Azərbaycan bədii nümunələrin mənimsənilməsi, ədəbiyyatın Azərbaycançılığa qarşı istifadəsi ilə mübarizəsi ilə bağlı olaraq, onun rəhbərlik etdiyi müddət ərzində yeni-yeni şöbə və şöbə daxili sektorların açılması məhz İsa Həbibbəylinin apardığı elmi siyasətin nəticələridir. Məhz Füzulişünaslıq sektorunun, Nizamişünaslıq, Azərbaycan-Asiya ədəbi əlaqələri, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr, Dünya ədəbiyyatı və komparativistika və s. şöbələrin yaranması və fəaliyyət göstərməsi İsa Həbibbəylinin həm alim kimi, həm də institutun rəhbəri kimi elmi fəaliyyətinin nəticələridir.

Elmi tədqiqatlarında İsa Həbibbəylinin tədqiq etmiş olduğu müasir Azərbaycan vətənpərvərlik lirikasının təbliği Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərliyi altında daha da genişləndi. Belə ki, Azərbaycan ədəbiyyatında, xüsusilə də gənclər arasında geniş vüsət almış məhəbbət, təbiət mövzusu və öz şəxsi hisslərini təbliğ edən lirikaya nisbətən vətənpərvərlik lirikası üstünlük təşkil etdi. Hətta tədqiqatçıların da elmi tədqiqat və təhlillərində vətənpərvərlik lirikasına üstünlük verilməsi özünü qabarıq şəkildə göstərir. Bu da vətənpərvərlik lirikasına ədəbi dairələrdə marağın artmasına gətirib çıxarır.

Azərbaycan ədəbiyyatşünaslığında nəzəriyyənin ləng inkişafı, ədəbiyyatda nəzəri elmin yoxluğu, janrlar arasındakı qarışıqlığın, yeni cərəyanlara müəlliflərin müraciət etməsi faktlarının özünü göstərməsi də İsa Həbibbəylinin nəzərindən qaçmamışdır. İsa Həbibbəyli elmi tədqiqatlarında Azərbaycan ədəbiyyatında bədii cərəyan və janrların inkişafına, ədəbiyyatşünaslıq və ədəbi tənqid problemlərinə aydınlıq gətirərək, yaranmış qarmaqarışlıqların qarşısını alır. İsa Həbibbəylinin rəhbərlik etdiyi qurumda ədəbi tənqid şöbəsinin, cərəyanları tədqiq edən sektorun açılması məhz elmi tədqiqatlarından doğan islahatların həyata keçirilməsidir.

Salidə ŞƏRİFOVA

filologiya elmləri doktoru,

Azərbaycan Milli Elmlər Akademiyasının professoru

Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü

 

 

SİZƏ MARAQLI OLA BİLƏR