Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Şəhriyar yaradıcılığına yansıyan türklük və millilik sevdası - Esmira Fuad

18-09-2024 [ 11:26 ] [ oxunub:184 ]
printerA+ | A-
104807

18 sentyabr Məhəmmədhüseyn Şəhriyarın anım günüdür

Əsrlər boyu Arazın o tayında-İran Azərbaycanında Azərbaycan türkcəsi ciddi təzyiqlərə məruz qalıb qadağan olunsa da, bu qutsal diyarda ana dilinə, milli mədəniyyətinə dəyər verən aydınların, ziyalıların yetişməsi faktı yüzlərlə, minlərlədir. Şəhriyar isə bu ziyalı təbəqəsinin önündə getmiş, Güney xalqının qürur tapınağına, iftixar mənbəyinə çevrilmişdir. Ustad şair polad iradəsi ilə onu gözləyən təhlükələri və çətinlikləri aşdı, adını Türk mədəniyyət tarixinə qızıl hərflərlə yazdırdı. Türk dilinə İran ədəbi mühitində əbədi bir həyat bəxş elədi. İstər farsca, istərsə də türkcə yazdığı əsərlərdə milli kimliyini-türklüyünü, doğma yurduna tükənməz sevgisini izhar elədi... Şəhriyar bütün varlığı ilə, eşqi və kədəri, sevinci və dərdləri ilə türk mədəniyyətinə məxsusdur. O, Azərbaycan türkcəsinin şöhrətini zirvələrə qaldıran söz bahadırı, söz ustadıdır.

Məlumdur ki, İran İR əhalisinin əksəriyyəti türkdür, məhz bu böyük güc İran dövlətini daim diksindirir, vahiməyə salır. Bu üzdən də Azərbaycan xalqının milli haqq və hüquqları əlindən alınır, düşünən başları, danışan dilləri kəsilir, üstəlik də doğma dili-Azərbaycan türkcəsi, ana dilində təhsil alması qadağan edilir, anadilli mətbuata yasaq qoyulur... Milli dirçəliş prosesi də ilk olaraq məhz bu anlayışlardan, nəsnələrdən başlayır!.. Müdrik Şəhriyar da əslində elə bu mətləbləri ağıl və məntiqin dili ilə, tarixi faktlara söykənərək oxucularına çatdırır ki: 

Sən atəşpərəst beşiyində bəxtəvər və sənin övladların İranda ariyan nəsli çoxdur.
Ləhcənin müxtəlifliyi kiməsə fayda verməyib,
Əgər bu məntiqlə sənə iranlı deyirlərsə…
Sübhü oxudular, yerlə göyü birləşdirdilər...

“Qurban kəsim mən o şirin dillərə, Uzaq düşdük, həsrət qaldıq ellərə, Səhər-axşam yalvarıram yellərə, Qardaşıma məndən salam yetirsin, Ondan da bir xəbər-ətər gətirsin, - yazaraq elin problem və dərdlərini hayqıran şairin təkcə “Məmməd Rahimə (birinci) cavab“ında deyil, “Heydərbabaya salam“, “Səhəndim“, “El bülbülü“, “Aman, ayrılıq”, “Azadlıq quşu “Varlıq”, “Oyun olduq”, “Türk övladı, qeyrət vaxtıdır” kimi neçə-neçə Vətən və millilik, türklük sevdalı əsərlərində də birlik arzuları dil açır. 
“Türk övladı, qeyrət vaxtıdır” şeirində Azərbaycan türklərinin mənəvi ayrılığına səbəb olan əlifba islahatlarını-dəfələrlə əlifba dəyişiminin törətdiyi milli fəlakətlərə işıq salır. Kiril əlifbasını “Şeytan əlifbası“ adlandırır, “Ayırıb şeytan əlifbası sizi Allahdan”, - deyir. “Türklərin qeyrəti Türkiyyədə, Qafqazda gərək, Qaynasın indi ki, islamda cahad meydanıdır”, - misralarında bütün Qafqaz və Türkiyə türklərini cihada və birliyə çağırır...
 53 illik hakimiyyəti dövründə pəhləvilər İranda yaşayan əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türklərinə ana dilini unutdurmaq, yaddaşlardan silmək üçün hər cür basqı və təzyiq üsullarına əl atdılar. Lakin bütün bu cəhdlər heç bir sonuca varmadı. Azərbaycan xalqı başladığı savaşda dirəniş göstərərək uğur qazandı. İslami devrimdən sonra Azərbaycan türkcəsində kitablar, qəzet və dərgilər çap olunaraq yayıldı. Bu isə bütün Azərbaycan türklərini, eləcə də Şəhriyarı çox sevindirdi. “Varlıq” jurnalı da bu dönəmdə çap olunan mətbu orqanlardan biri idi...

15 ildən artıq bir müddətdə Şəhriyarın yaradıcılığını İranda daha çox təbliğ edən, eyni zamanda şeirlərini, demək olar ki, hər nömrəsində dərc edən “Varlıq” jurnalı oldu. İran azərbaycanlılarının mənəvi dünyasının, yazarların tribunasına çevrilən anadilli “Varlıq” jurnalının naşiri və baş redaktoru dünya şöhrətli cərrah, ədəbiyyat-şünas və ədib, doktor Cavad Heyət idi. Ana dilində “Varlıq” jurnalının nəşri Şəhriyarı çox sevindirir və o, “Azadlıq quşu Varlıq” şeirini jurnalın nəşrinə həsr edir. Bu önəmli olayı alqışlayır, arzu və istəklərini, sevinc və fərəh hisslərini dilə gətirir, milli mövqe nümayiş etdirir. Əsərdə “Hərçənd qurtulmaq hələ yox darlığımızdan” uzaqgörənliyini sərgiləyən Şəhriyar anladır ki, Güney türkləri darlıqdan-milli zülmdən, istismarçı rejimin zindanından-lallıq-dilsizlik və karlıqdan hələ qutulmasa da, “şirin dilli, cənnət quşu tuti, azadlıq quşu” deyə iftixarla öydüyü dərginin çapını Azərbaycan milli varlığından bir azadlıq məşə-linin doğuluşu, milli birliyə doğru bir addım kimi mənalandırır. “Dil açmada karlıq da gedər, korluğumuz da, Çünki lallığımız doğmuş idi kar-lığımızdan...” misralarında Şəhriyar xalqına anladır ki, dilsiz bir millət kar və kordur.

Biz ana dilimizdə sadəcə danışmırıq, həm də dilin-sözlərin cızdığı tablo-lar, anlatdığı mətləblərlə görüb-eşidirik də... Yəni, xalqın dili yasaqlardan qurtulsa, qıfıldan açılsa, gözü də, qulaqları da dünyadakı gerçəkliklərə açılar, o dilin sahiblərinə özümlük, özgürlük, milli kimlik bağışlayar... mesajını ötürürdü. Şəhriyar uzaq görən şair, xalqın gələcəyi ilə bağlı aydın düşünə bilən aydın idi. O, “yaxşı bilirdi bu iş sadəcə bir başlanğıcdır. ...Pəhləvilərin özləri getsələr də, onların çirkin siyasətləri bu tezlikdə aradan gedən deyil...” 

Ustad şairin huşyar oxuculara, soydaşlarına ötürdüyü bu kimi mesajlar çox düşündürücüdü. Taleyüklü məsələlərə dönüşmüş “Birlik yaradın, söz bir ola biz kişilərdə, Yoxluqlarımız bitdirəcək varlığımızdan”, - kimi sadə həqiqətlərin poetik sunumudur. Huşyar söz sərrafı açıq şəkildə bildirir ki, milli birliyin qarşısında heç bir güc tab gətirə bilməz:

 “Varlıq” nə bizim təkcə azadlıq quşumuzdur,
Bir müjdə də vermiş bizə həmkarlığımızdan.
Bəh-bəh, nə şirin dilli, bu cənnət quşu tuti,
Qəndin alıb ilham ilə dindarlığımızdan.
Dil açmada karlıq da gedər, korluğumuz da,
Çünki lallığımız doğmuş idi karlığımızdan.
Düşmən bizi əlbir görə, təslim olu naçar,
Təslim oluruq düşmənə naçarlığımızdan.
Hər inqilabın vur-yıxı son bənnalıq istər,
Dəstur gərək almaq daha memarlığımızdan.
Huşyar olasız, düşməni məğlub edəcəksiz,
Düşmənlərimiz qorxuri huşyarlığımızdan.
Birlik yaradın, söz bir ola biz kişilərdə,
Yoxluqlarımız bitdirəcək varlığımızdan...

Şairin “Azərbaycan” qəzəlinin mahiyyətində dərin mənalar yatır. Vurğulamaq gərəkir ki, erməni qəsbkarlarının yurdumuzu işğal altına aldığı, milli-mənəvi sərvətlərimizin tar-mar olunduğu 1990-2020-ci illərdə məhz “Azərbaycan” qəzəli azadlıq meydanındakı mitinqlərdə oxunurdu və xalqı birliyə, bir yumruq kimi birləşib yağı düşmənə zərbələr endirməyə çağırış, himn kimi səslənirdi… Şair və ədəbiyyatşünas Əsgər Fərdinin qəzəldən sətri tərcümə etdiyi bu beytdə deyildiyi kimi:

İranın azadlığı sənə bağlı, İranın abadlığı da!Azad ol, ey abad məmləkət, Azərbaycan!

Beytdən də Şəhriyarın milliliyə söykəli mübariz ruhu, doğma yurd sevdası, vətəndaş mövqeyi, iti zəkası, hadisələrə obyektiv fəlsəfi baxışı aydın görünür... 
Şəhriyar Ana dilini buxovlardan xilas edərək inkişafını təmin etməyin günün ən aktual məsələsi olduğunu da dərindən anlayırdı. Ona görə də Azərbaycan türkcəsində yazdığı əsərlərdən sonra Güneydə şirin türkini-acı dillərdə hənzəl olmuş Azərbaycan Türkcəsini diriltdiyini, ona yenidən həyat vəsiqəsi qazandırdığını düşünür və bundan qürur
 duyurdu... Bu qürurun ən aydın ifadəsi “Dərya elədim“ qəzəlindən yansıyır:
Türki bir çeşmə isə mən onu dərya elədim
Bir soyuq mərəkəni məhşər-i kübra elədim.
Türki vallah, analar oxşağı, laylay dilidir,
Dərdimi mən bu dəva ilə müdava elədim...

30 il fars dilində yazıb-yaratsa da, Ana dilində qələmə aldığı əsərləri şairin  Azərbaycan türkcəsinə böyük əhəmiyyət verdiyini, hətta məhəlli danışıq tərzini, Təbriz şivəsini belə unutmadığını təsdiqlədi... 
Ana dilinin bir millətin, xalqın varlığının ən mühüm göstəricisi olduğunu dərindən anlayan Şəhriyar onu dünyanın bütün nemətlərindən üstün tutmuş, hər şeydən artıq sevmişdi. Tehranda yaşadığı dönəmlərdə mövcud rejimin qadağaları üzündən əsərlərini fars dilində yazdığına görə onu qınayıb məzəmmət edənlərə şair “Səhəndim” poemasında tutarlı, sərrast məntiqə söykənən cavablar vermiş, hansı dildə yazmağın deyil, qarşına qoyduğun məqsədin bədii həllinə nail olmağın, ifşa etmək istədiyin hədəfi düzgün seçməyin əsas olduğunu vurğulamışdır. Yetər ki, yazdığın dildə elinin, obanın, xalqının və ölkənin problemlərini dilə gətirəsən, dərdlərini söyləyəsən:

Yad məni atsa da, öz gülşənimin bülbülüyəm mən,
Elimin farsıca da dərdini söylər diliyəm mən...

Fars dilində yazıb-yaratdığı əsərlərin əksəriyyətində də, “Səhəndim”də olduğu kimi, Azərbaycan milli varlığı,
 Azərbaycan reallığı, Azərbaycan türk xalqının problem və dərdlərinin yansıdığını görürük. “Əziz Azərbaycanıma xitab” qəsidəsi bu baxımdan böyük fərqliliyə malikdir. Vətəndaş şair qəsidənin ilk misralarındanca əbədi, ölümsüz olan elini salamlayır və:

“Fədakarlıq günüdür qalx, anam Azərbaycan!

Əbədiyyət beşiyi, ölümsüz bir cahansan.

Ey min-min bəlalara sinə gərib, mərd duran,

Ey düşmənlər önündə qaya kimi sərt duran”,


 - deyərək qoynunda doğulub boya-başa yetdiyi ana yurdunu iftixarla oxucusuna sunur... Tehranda yaşadığı illərdə qələmə aldığı qəsidədə Şəhriyarın qürbət acısı yaşadığı, qəriblikdə möhnət çəkdiyi, yurdunun dərdlərinə nə qədər üzüldüyü aydın görünür və duyulur. “Özünü ana yurdu Azərbaycanın həsrəti ilə çırpınan körpə uşağa, yuvası yetim qalan qanadsız bir quşa” bənzədir, onu necə ürəkdən sevdiyini, isti qucağını nə qədər ürəkdən arzuladığını səmimi şəkildə etiraf edir, məhəbbət, ülfət məskəni saydığı məğrur Vətəninin başından bəlalar əskik olmasa da, igid bir ər kimi ona “düşmən kimi dolanıb üzdə dost olanlara, bütün sərvətini əlindən alıb talayanlara, qoluna zəncir vuranlara” qarşı mərd davrandığını, İranın istiqlalını qoruduğunu vurğulayır. Bu tendensiya ustad şairi məşhur “Azərbaycan” qəzəlində də izlənir: 

Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, 
Azərbaycan!
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

Şəhriyar İran bir bədənsə, Zərdüştlər beşiyi, mərd oğullar, igid qızlar yetirən Türk yurdu Azəristanın-Vətəninin onun başı, arxası, dayağı olduğunu hayqırır:

Zərdüştlər beşiyisən, mərddir sənin övladın, 
Hər yerdə mərd tanınır, igid tanınır adın. 
Sənsiz başsız qalardı, bikəs olardı İran, 
Canısan bu diyarın, belə can sənə qurban! 
İranın igid oğlu, bir xələf övladısan, 
Qəlbin azər, yenilməz şöhrətin Azəristan…
 
 Ancaq “ömrünü, taleyini tufanlara bəxş edən, büllur kimi saf, ləkəsiz, inci tək qiymətli, başı bəlalı” Güney Azərbaycanın buxovlardan, qolundakı zəncirlərdən hələ də qurtulub azadlıq müjdəsini ala bilməməsindən, millətin, xalqın taleyi ilə oynayan zalımların fitnəsindən kədərlənir. Bu üzdən şairin duyduğu dərin üzüntü misralar arasından boy verir:  

Sən başı bəlalısan elə başdan, binadan. 
Qorudun canla, başla ellərin iqbalını, 
Qorudun bir ər kimi İran istiqlalını. 
Səninlə düşmən kimi dolandı dostlar belə,
Bəlkə düşmən də belə etməzdi düşmənilə. 
Sən qiymətli, ləkəsiz, saf büllursan, incisən, 
Özgədən yox, ey Vətən, öz-özündən inci sən. 
Ayırmaq mümkün olar əlbət qoyunu qurddan, 
Qurd çoban geyimində, sən necə ayırasan? 
Arpa verib əlindən xərmənini qapdılar, 
Ağanın tövləsindən sənə çörək yapdılar. 
Həyatı, keçmişiylə oynayırlar millətin, 
Sənin kimi igidlə fəqət bacarmaq çətin. 
Səni yaxşı tanıyır dost da, düşmən də ancaq, 
Ədalətin yolunda millət yenə qalxacaq…

Son iki misrada şairin nikbinliyi, azadlıq müjdəsini xalqının gec-tez alacağına, haqq-ədalətin zəfər çalacağına ümidi, 
sarsılmaz inamı görünür. O, əminliyini bildirir ki, Azəristan-Azərbaycan kimi bir igidlə bacarmaq, onu sonadək əsarət buxovlarında saxlamaq mümkünsüzdür!.. 
Azərbaycan ədəbiyyatının ən qədim dövrlərinə belə baş vuran, ancaq daha çox XIX-XX əsrləri tədqiqat müstəvisinə çıxaran, Şəhriyar yaradıcılığını həm dil, üslub, həm də poetika məsələləri baxımından qapsamlı araşdırıb, həm də əsərlərinin Türkiyədə nəşri sahəsində müstəsna xidmətlər göstərən, bu sahədə yeni səhifələr açan Prof.Dr. Yavuz Akpınar şairin milli zəminə, türklüyə köklənməsinin nədənlərini açıqlayır. “Heydarbabaya salam” poemasının oxucuları bütün türk dünyasında məhz milli ruhda köklədiyinə görə yayıldığına diqqəti yönəldir: “1960-larda bu manzume artık Türkiye, Kuzey Azerbaycan (Sovyetler), İrak ve hatta Orta Asiya Türklüyüne kadar ulaşmıştı. “Haydar Babaya” tüm Türk mühitlerinden nazireler yağıyordu. Nesimi, Nevai, Füzuli gibi büyük şairlerden sonra hiç bir şair Türklük aleminin tamını bu derecede sihri altına alabilmiş değildi. Bu bakımdan da söz konusu manzumeler, bütün tür kültür hayatında derin izler bırakan müşterek eserlərden biri olarak kabul edilmelidir. 
Başka bir deyişle, XX asırda bütün Türk alemine hitap edebilme şerefi yalnız bu şaire nasip olmuştur...”
“Bütün Türk alemine hitap edebilme şerefi”ni Şəhriyar təkcə “Heydərbabaya salam”, “Səhəndim”, poemalarında deyil, “Əziz Azərbaycanıma xitab” qəsidəsində, “Azərbaycan” qəzəlində, həmçinin “Türkün dili”, “Türkiyəyə xəyali səfər”, “Dərya elədim” şeirlərində də ləyaqətlə qoruyur.
İllərlə Güney Azərbaycan xalqının yaradıcılıq imkanlarını boğan, ana dilini yasaq edən, əl-qoluna buxov vuran istibdad üsuluna, despot quruluşuna qəzəbini ədəbi priyomlarla ifadə etməyi vətəndaşlıq borcu hesab edən Şəhriyar mənəvi əzablar girdabında inləyən xalqının dadına çatdı. Türk dilinin yasaqlandığı, türk dilində türk təfəkkürünün unutdurulduğu bir vaxtda şair “Heydərbabaya salam” mənzuməsini doğma türkcədə qələmə alaraq Azərbaycan xalqının tarixi şüurunu, tarixi dilini təsdiq etməyə, mədəni şüur aşılamağa nail oldu. Güney Azərbaycanda ədəbiyyat, poeziya doğma dildə çağladı. Azərbaycan xalqının ruhunu dərindən-dərinə duyub anlayan Şəhriyar bütövlükdə farsdilli və türkdilli poeziyası ilə oxucunun gözləri qarşısında qüdrətli, əməksevər, nisgilli Azərbaycan xalqını, onun həyatını, məişətini, adət-ənənəsini, milli mətbəxini, geyimini, mifoloji görüşlərini bütün cazibədarlığı, anlamı ilə canlandırdı.
 Misilsiz poetik ustalıqla dosta da, düşmənə də anlatdı ki, bu xalq dünyanın bir sıra mədəni xalqları kimi zəngin tarixə, doğma dilə, tükənməz söz sənəti xəzinəsi folklora, şifahi xalq ədəbiyyatı incilərinə, təkrarsız maddi və mənəvi mədəniyyətə, milli-bəşəri dəyərlərə sahibdir. 

SİZƏ MARAQLI OLA BİLƏR