Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

"Ötede öbür yarım" - misralara köçən ömür hekayəsi - Mətanət Vahid

03-09-2024 [ 10:48 ] [ oxunub:198 ]
printerA+ | A-

Bir neçə ay öncə qardaş Türkiyədə alim və şair Murat Ertaşın "Ötede öbür yarım" adlı üçüncü şeirlər kitabı çap olundu. Sözün əsl mənasında, Azərbaycanın dostu olan Murat Ertaş ölkəmizin sevincinə, qüruruna, kədərinə bəzən hətta özümüzdən daha çox həssaslığı ilə məndə həmişə daxili minnətdarlıq duyğusu oyadıb. Onun istər öz ölkəsində, istər Azərbaycan-Türkiyə mədəni, ədəbi əlaqələrinin qurulmasında rolu böyük olsa da, bu yazıda niyyətim yalnız şeirlərindən bəhs etməkdir. Ərzurumdakı təqdimat mərasimində çıxış edən Ertaş yeni şeir kitabının adı ilə bağlı belə deyir: "Qırx yaşımda çap etdirdiyim ikinci şeir kitabımı "Qırx yamaq" adlandırmışdım - anamın tikdiyi qırx yamaqlı namaz xalçası kimi... Əlli il yarım əsr deməkdir... 10 il ərzində topladığım şeirləri "Ötede öbür yarım" adlandırdım. Bilmirəm, həyat yarımçıq qalmaqdır, yoxsa ölüm tamamlanmaqdır..."

Murat Ertaş - misralarında XXI əsrin nəbzi döyünən təsəvvüf şairidir; şeirlərinin mayası Qurandır, qəlbin gizlinlərinə sığınmış intəhasız sevgidir. Bir də vətən, Ərzurum... Süni intellektin dünyanı idarə etdiyi bir zamanda sənəti tamamilə ruhsal zəmində, mənəviyyat qatında, dua kimi, şükür kimi səslənən müəllifdir. Onun şeirləri poetik gücünü çoxillik türk şeiri, mədəniyyəti və əxlaqından alır. Ruhani saflıq, su misalı duruluq, mavi göy üzü kimi aydınlıq var bu şeirlərdə.

 

dünya belki bir parça belki kocaman bütün,

yanan büyük ateşten geriye kalan

            tütün sararmadan takvimin,

düşer diğer yaprağı yarım kaldı her yaşım,

her yaşımda bin bölüm ilk basamak mı

            hayat, tamamlanmak mı ölüm?

 

sözler yarım, öz yarım, hiçbir şey tamam değil

her şeye doğru akan var coşkulu bir sebil

alemler birbiriyle nefes alıp verirken

            her zerre yüreğime,

birbirine çok yakın ol muradı gör

            gönül yarım kalmaktan sakın!

 

Kitabdakı ilk "Yarım" adlı şeir yalnız toplunun ideya və məzmununun deyil, bütövlükdə ömrün məğzi, məramı kimi səslənir. "Yarım" şeiri omonimləşmiş bütün mənaları ilə insanın yaşamaq, yaratmaq, yaratdıqca Yaradana yetişmək, qovuşmaq, Onda ərimək, bu vəsilə ilə bütövləşmək, tamlaşmaq, tanrısallaşmaq istəyidir. Yar da, yarı da Murat Ertaşın "Yarım" şeirində bütün bu rəngarəng məna çalarları ilə həyat-ölüm, Tanrı-bəndə, ruh və can şəklində tamamlanan birlərdir. "Ötede öbür yarım" kitabındakı şeirlərin bir çoxu Haqqın bəndəni bəndədə öldürüb özü ilə diriltməsini yansıdan misralardır.

Şərq ədəbiyyatının əsas fəlsəfi ideya istiqamətlərindən olan təsəvvüf özünəməxsus zəngin rəmzlər sisteminə malikdir. Əlbəttə, XXI əsr təsəvvüf şeirində rəmzlər klassik şeirdəkinin təkrarı, eynisi ola bilməz. İnkişaf dinamikası keçən hər bir mədəniyyət kimi, təsəvvüf şeiri də müasir dövrdə fərqli anlamlar kəsb edərək yeni poetik formalarda ifadə olunur. Çağımızın təsəvvüf şeiri qloballaşan dünyanın gerçəkləri ilə üz-üzə dayanıb mənəvi məzmunu ilə zamana qalib gəlməyə çalışır. Bu şeirlərdəki təsəvvüf klassik panteizm deyil, modern çağın sürətinə ayaq uyduran fəlsəfədir - İlahi sevgini zamana gətirmək, çağdaş insanı Tanrıya ucaltmaq çabasıdır. Murat Ertaşın şeirlərində lirik mən yalnız Haqqın deyil, həm də Vətənin aşiqidir - onun yoluna baş qoyan; çağırsa, ölümə getməyə hazır, qaldıqca isə əməlləri ilə vətənə, vətəndaşa xidmət etməyə. Bu vətən sevdası Namiq Kamaldan üzü bəri hər bir torpağına vurğun şairin misralarında milli ideal uğrunda mücadilə kimi ərsəyə gəlir. "Vatan" şeirində torpağını "gökkubenin altında eşsiz bir saray vatan" deyə vəsf edən M.Ertaş hikmətləri ilə həqiqətləri bəyan edən şairləri də, ruha məlhəm olan nəğmələri də elə vətən bilir:

aşıklar ve şairler, alimler sönmez kandil

kimliğimiz Türkçemiz, bir mübarek dil vatan

 

yüce kelimetullah tarihim kızılelmam

yedi iklim dört kıta ilahi nizam vatan

 

Türkün ruhuna beden, gönderde şanlı bayrak

mehmetçiğin kanıyla sulanmış toprak vatan...

 

Əşyalara həsr edilmiş şeirlər həmişə öz anlamsız və ya bəsit təəssüratı bağışlayan sadəliyi ilə nəzəri cəlb edib. Məsələn, Aleksandr Puşkin "düşüncələrinin dostu" adlandırdığı mürəkkəbqabısına şeir yazırdı, Mixail Lomonosovun "əşya poeziyası"nı "nəzm formasında elmi məqalə" hesab edirdilər, Gertruda Stayn qrafini "kar şüşə" adlandırırdı... "Ötede öbür yarım" kitabında da əşyalara həsr olunmuş şeirlər xüsusən diqqətimi cəlb etdi. "47 ronin" filminin əvvəlindəki bir epizodda yeniyetmə oğlan yerdən tapdığı sınıq budağı knyazın qızına göstərib soruşur: "nə görürsən?" Qız "budaq?" deyir. Oğlan cavab verir: "yox, görürəm ki, burdan maral keçib". Sınıq budağın təsvirinə maralın yerişini yansıda bilməkdir şeir yazmaq... Murat Ertaşın "Piyano", "Klavye", "Tabure", "Daktilo", "Çivi" kimi şeirlərində cansız obrazlar özünü üst qatdan izləyən ruh kimi fərqli, dərin anlamlar, ikili xarakterlər qazanaraq əksərən yazıb-yaratmaq yanğısını reallaşdırmağa kömək edən antropomorf tanrılar kimi çıxış edir. "ben çağın harladığı korum yazdığım şiirleri döne döne içimde yakıyorum" deyə hayqıran şair şikayətini də, küskünlüyünü də əşyalara aid edir. Bu əşyalar şairin dünyasının təkcə dilsiz-ağızsız elementləri deyil, həm də həmdərdidir. Dilləri ilə ağrılarını dilləndirdiyi piano, döyəclədikcə (döyüldükcə, "əzildikcə") rayihəsi aləmə saçılan mətnləri yaradan klaviatura, düşə-qalxa həyatı, yaşamağı rəmzləşdirən taburet... hər bir əşya Murat Ertaşın misralarında modern çağda eşqi, həyatı anlatmağın metaforalarına çevrilir.

siyah alevde pişeceğiz belli

düşe kalka

yandıkça yanarak, bu rüzgar

hançer gıcırtısı, bu tipi, kar

kalbimizin bir ayağı sabit kalsa

sıkılan çıbandan irin akar

eski şadırvandan sıçrayan su

ıslatsa diyorum tabur tabur marşlar

            tırnaklıyor geceyi

kalem gömlek gömlek yırtarken kağıtları...

 

Bu misralarda üsyan, çağırış, qədəri ilə barışıqlıq əhvalı, yanlış təcrübələrin qazandırdığı "mən", enişlərin sayəsində yetilən ucalıqlar, susqunluğun ağrısı, ifadə olunmağın sevinci - bir insanın ömrünə sığdıra biləcəyi hər şey əksini tapır.

Kitabdakı bəlkə də ən təsirli, yaddaşımda dərin izlər buraxan şeirlərdən biri "Salgın günlüğü" oldu. Əslində poemadır - böyük, ağır pandemiya dönəminin əzablı rutinini, ağrısını yansıdan. Ölüm necə adiləşə bilər - bunu çağdaş insana bir savaşlar, bir də epidemiyapandemiyalar öyrədə bildi. Pandemiya qorxulu yuxu kimi keçdi həyatımızdan. Ən dəhşətlisi odur ki, dünyasını dəyişənlərin çoxluğundan bəzən yoxluğunun fərqinə belə varmadıqlarımız da oldu, günü gəlib hər şey arxada qaldığında arayıb tapa bilmədiklərimiz də. Həyatımızı piton kimi sarmış o faciəni, o xofu ən xırdaca detallarla hiss etdirir "Salgın günlüğü". Bu şeir pandemiyanın "şərəfinə" yazılmış bir dastandır - həbs olunmuş mədəniyyətin, ədəbiyyatın, təhsilin, fəlsəfi düşüncənin ruhuna elegiyadır:

 

uyuyor apartmanlar, uyuyor sokak

evlerin camları buğulu

bir ihtiyar nefeslene nefeslene

bastonuna sımsıkı sarılarak

çokça dönüp geriye bakarak

yalpa vura vura yürüyor kaldırımda...

dalıp dalıp bir başına!

 

facebookta sokaktan evvel uyanıyor insanlar

yatakta izlemek keyif, öbür dünyayı... olsa gerek,

esnemeler arasında hayat işte... gevrek...

 

Xəyalları varmı-yoxmu, bəlli olmasa da, danışıqları iddialı olan gənclərlə, onlara dönüb baxan yaşlı adamın təsviri arasındakı bircə sətirlik boşluğa geridə qalmış ömür yolunu yerləşdirir Murat Ertaş. "bu sabah ölenlerin ardından" həyatı sosial şəbəkələrdən izləyən, vəfat edənləri rəhmətlə anıb, tez də unudan, "evdə qal" əmrinə tabe dünya insanının acılara, itkilərə çarəsizcə şərikliyidir "Salgın günlüğü". Həyatımız virtuallıqdan ibarət, sevdiklərimizlə görüşüb bağrımıza basa bilmədiyimiz, dostlarla yığışıb gülüşə bilmədiyimiz o dönəmin poetik ifadəsi səmasından ulduzları, həyətindən sərçələri qaçan bomboz günləri unutmamaq naminə yazılmış xatirə dəftəridir:

 

yürüyen ben değilim evin koridorunda

bir odadan odaya gezinir sersem gölgem

kırışıp buruşuyor bol yıldızlı takvimim

bir yabancı giyindi, değişti sanki beden

dökülüyor üstümden bildik elbiselerim

kitaplarım düşüyor masanın başucunda

tespihim iç çekiyor kopuyor ellerimden

kopuyor, kırılıyor, dağılıyor haybeden

 

Bu mətnlərdə fərdi-müəllif anlamı yüklənən leksemlər həyatı təmsil edir: "ev", "koridor", "oda" - poetik təfəkkürdə konseptual məkan kimi reallaşır. Bu məkanlardakı hərəkət trayektoriyası doğuluş və ölüm, başlanğıc və son arasındakı sahədir. Əbədiyyətin kəlmələrə sığan metafizik anlamları laybalay, qatbaqat çözümlərə açıqdır. Murat Ertaşın "Ötede öbür yarım" kitabı yalnız arxada qalan həyatın təlatümlərini yazmır, səhvi və düzü ilə əlli illik bir təcrübənin qazandırdığı gələcək sükun halının rəsmini çəkir. Bu üzdən kitabdakı ən sonuncu - "Can" şeiri bir ömrün xülasəsi kimi səslənir.

 

gerdan kırdı göğümüz

dağıldı inci mercan

köpürdü ve soğudu

kurudu kahve fincan

ayan beyan gönlümüz

sızlar üryan nazlı can

"çok olmak" yok olmakmış

bir ziyan bir helecan

ömrün hikayesi bu

coşku, sükut, heyecan

 

Murat Ertaşın şeirləri səbirli bəndənin dua və şükrü, incə ruhlu şairin virdi, oxucunun qəlbində əks-səda verən xəfif nəğmədir. "Ötede öbür yarım" - ömrün hekayəsidir, bir eşq uğruna, bir vətən yoluna adanmış...