Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Şeyx Qalib poeziyasında Məhəmməd Füzuli ənənələrinin tədqiqi - Salidə Şərifova

20-08-2024 [ 12:51 ] [ oxunub:10 ]
printerA+ | A-

(G.S.Abdullayevanın “Şeyx Qalib poeziyasında Füzuli ənənələri” tədqiqatı haqqında)

Filologiya üzrə fəlsəfə doktoru Gülər Sabir qızı Abdullayevanın “Şeyx Qalib poeziyasında Füzuli ənənələri” mövzusunda tədqiqatı orijinallığı ilə diqqəti cəlb edir. Tədqiqat müəllifinin bu sahədə geniş biliyə malik olması özünü büruzə verir. Tədqiqatın Azərbaycan və türk ədəbiyyatşünaslığı üçün əhəmiyyət kəsb edən problemə həsr edilməsi təqdirəlayiqdir.

Şeyx Qalib poeziyasında Məhəmməd Füzuli ənənələrinin tədqiqi istər Azərbaycan ədəbiyyatşünaslığının, istərsə də Türkiyə, həmçinin türkdilli xalqların ədəbiyyatşünaslığının aktual məsələlərini əhatə edir. Şeyx Qalib poeziyasında Məhəmməd Füzuli ənənələrinin tədqiqi türkdilli xalqların bir-birilə əlaqəli şəkildə inkişafının təzahürüdür. Tədqiqatda XVIII əsr türk təsəvvüf şairi Şeyx Qalibin Məhəmməd Füzulinin təsiri ilə yazıb-yaratmasına aydınlıq gətirilir. Şeyx Qalibin qələmə almış olduğu “Hüsn və Eşq” əsərində, qəzəl, qəsidə və qitələrində Məhəmməd Füzulinin təsiri, hər iki ədibin yaradıcılığındakı ortaq cəhətlər Gülər Abdullayeva tərəfindən açıqlanır.

Gülər Abdullayeva Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması ilə Şeyx Qalibin “Hüsn və Eşq” əsərini təhlil edərək, hər iki əsərə aid mövzu, ideya, obraz, motiv və kompozisiya oxşarlıqlarını üzə çıxarır. Gülər Abdullayeva Şeyx Qalibin yaradıcılığında Məhəmməd Füzuli ənənələrinin şairin “Hüsn və Eşq” məsnəvisində göstərməsinə toxunmuş, bu aspektdən əsərin təhlilini “Leyli və Məcnun” əsəri üzərində müqayisəli təhlilə cəlb etməsi təqdirəlayiqdir.

Gülər Abdullayeva Şeyx Qalib yaradıcılığına Mirzağa Quluzadənin “Füzulinin lirikası” (1965) adlı monoqrafiyasında, Aydın Abinin “Türkiyə ədəbiyyatı tarixi” (2005) dərsliyində və “Füzuli və Türkiyə poeziyası” (2002) adlı monoqrafiyasında, f.e.d. Xuraman Hümmətovanın bir sıra məqalələrində və s. tədqiqatlarda geniş şəkildə olmasa da, toxunulduğuna aydınlıq gətirir.

“Şeyx Qalib yaradıcılığında Füzuli ənənələri” tədqiqatında Gülər Abdullayevanın azərbaycanlı, türk alim və tədqiqatçılatın tədqiqatlarına, elmi nəticələrinə əsaslanması maraq kəsb edir. Gülər Abdullayeva Şeyx Qalib haqqında Fuad Köprülünün 1923-cü ildə qələmə almış olduğu məqaləsində Türk ədəbiyyatında Hindi –Səbkinin, Füzulinin, Nabinin Qalibin yaradıcılığına təsirinə toxunmasını vurğulaması diqqəti cəlb edir. Professor Gülay Karamanın “Fuad Köprülünün Şeyx Qalibə dair yazdıqları üzərinə bir dəyərləndirmə” adı altında F.Köprülünün Şeyx Qalib haqqında yazdıqlarından bir kitab hazırlamasını vurğulaması da maraq doğurur. Gülər Abdullayeva türk ədəbiyyatında Şeyx Qalib yaradıcılığının geniş tədqiq olunmasını göstərir, ədibin yaradıcılığını tədqiq edənlərə münasibətini bildirir. Hüseyin Ayan və Orxan Okayın 1975 –ci ildə Şeyx Qalibin “Hüsn və Eşq” əsərini nəşrə hazırlamalarını, Abdulbaqi Gölpınarlının 1994-cü ildə “Şeyx Qalib Divanından seçmələr” adı altında şeirlərinin nəşr edilməsini, həmçinin A. Gölpünarlının şairin “Hüsn və Eşq” əsərini müxtəlif zamanlarda çap etdirməsini, Əli Nihat Tərlanın “Ədəbiyyat məsəlləri” kitabında şairin əsərlərindən nümunələr verməsini, Minə Menginin “Eski Türk ədəbiyyatı tarixi” kitabında şair haqqında ətraflı məlumat verməsini, Naci Okucunun 2010-cu ildə şairin divanını çap etdirməsi, Ali Cançelikin 2017-ci ildə “Şeyx Qalib” kitabını nəşr etdirməsi və s. Gülər Abdullayeva tərəfindən açıqlanır.

Tədqiqatda Şeyx Qalib yaradıcılığının formalaşmasında ədəbi mühitin rolu, ədəbi-mədəni mühit ilə qarşılıqlı əlaqəsi, şairin sələflərinə münasibətinin yaradıcılığında əksini tapması, Məhəmməd Füzuli yaradıcılığının Şeyx Qalib yaradıcılığına təsiri, “Leyli və Məcnun” poeması ilə “Hüsn və Eşq” əsərinin müqayisəsi və oxşarlığına aydınlıq gətirilməsi və s. məqamların tədqiq edilməsi elmi əhəmiyyət kəsb edir.

Tədqiqatın elmi yeniliyinə aydınlıq gətirən Gülər Abdullayeva haqlı olaraq, tədqiqat kimi Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq geniş araşdırımaya cəlb edilməsini vurğulayır. Qeyd etmək lazımdır ki, Şeyx Qalib yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatı kontekstindən tədqiqata cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. İlk növbdə, Azərbaycan ədəbiyyatının Türk dilli ədəbiyyatlara təsiri və özünəməxsus xüsusiyyətlərə malik olmasını əks etdirir.

Giriş, yarımfəsillərə bölünmüş üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan tədqiqatın birinci fəsli “Şeyx Qalibin bədii yaradıcılığının formalaşmasında ədəbi-mədəni mühitin rolu və sələflik ənənəsi” adlanır. Bu fəsil tədqiqatçı tərəfindən iki yarımfəsil şəklində təqdim edilir: 1.1. XVIII yüzillikdə Türkiyədə ədəbi-mədəni mühit və Şeyx Qalibin bədii yaradıcılığı; 1.2. Şeyx Qalibin yaradıcılığında türk və Azərbaycan ədəbiyyatının sələflik ənənəsi.

“Şeyx Qalibin bədii yaradıcılığının formalaşmasında ədəbi-mədəni mühitin rolu və sələflik ənənəsi” adlanan birinci fəsildə Şeyx Qalibin ədəbi-mədəni mühiti haqqında və ədibin ədəbi irsinin tədqiqi haqqında ətraflı məlumat verilməsi baxımından əhəmiyyət kəsb edir. Gülər Abdullayevanın Şeyx Qalibin yaradıcılığında zəngin ədəbi ənənələrdən bəhrələnmə, xüsusli ilə də, Azərbaycan şairlərinə olan münasibətindən söz açması təqdirəlayiqdir.

Birinci fəslin birinci yarımfəsli olan “XVIII yüzillikdə Türkiyədə ədəbi-mədəni mühit və Şeyx Qalibin bədii yaradıcılığı”nda XVIII əsr böyük Türk şairi Şeyx Qalibin yaradıcılığını Osmanlı ədəbiyyatı və mədəniyyətinin dünyaya meydan oxuduğu bir dövrə təsadüf etməsinə və bu dövrə xas xüsusiyyətlərə aydınlıq gətirilir.

Birinci fəslin “Şeyx Qalibin yaradıcılığında türk və Azərbaycan ədəbiyyatının sələflik ənənəsi” başlıqlı ikinci yarımfəsildə şairin yaşadığı dövr ədəbiyyatımızın həm klassik ənənələr əsasında, həm də xalq şeiri üslubunda inkişaf etməyə başlamasına toxunulmuş, yeni tarixi mənzumə xarakteri daşıyan əsərlər yaranmasını və şairin də tarixi şəxsiyyətlərlə bağlı qəsidə mənzumələrini yazması vurğulanır. Tədqiqatçının Şeyx Qalibin Türk şeir dilini və ədəbiyyatını klassik ədəbiyyat müstəvisinə gətirən şairlərdən biri hesab etməsi maraq kəsb edir. Gülər Abdullayeva həmçinin, Şeyx Qalibin şeir dilinin fərqliliyini ilk öncə şairin yaratdığı poeziyanın yeniliyi ilə əlaqələndirməsi də diqqətdən yayınmır. Şeyx Qalibdən əvvəlki şairlərin ən çox mədhiyyə şəkilli iri həcimli əsərlər qələmə almaları, şairin isə xalqın istəklərini əks etdirən, həqiqi sevginin xalqdan güc aldığını göstərən əsərlər yaratmasına toxunulur.

G.Abdullayeva Şeyx Qalibin sələflik ənənəsinə riayət etməsini Nizami Gəncəvi, Fəridəddin Əttar, Mövlana Cəlaləddin Rumi, Şəms Təbrizi, Sultan Vələd, Şövkət Buxari, İbrahim Gülşəni, Məhəmməd Füzuli, Süruri, Səlahəddin Zərqubi, Divanə Mehmet Çələbi, Hüsaməddin Çələbi, Heyrətinin qardaşı Yusuf, İsmayıl Ankaravi, Əbubəkir Çələbi, Süleyman Nəşəti, Xəyali kimi söz xiridarlarından təsirləndiyi, onlara xitabən yazdığı poetik nümunələri tədqiqata cəlb edir, özünəməxsus şəkildə yanaşma göstərir. Məsələn, tədqiqatçı Nizami Gəncəvinin yaradıcılığı ilə Şeyx Qalibin tanış olmasını şairin “Hüsn və Eşq” əsərinin əvvəllində bəhs edəcəyi eşq hekayəsini ondan əvvəl bu mövzuda Azərbaycan şairi Nizami Gəncəvinin əsər yazdığını məsnəvisində” qeyd etməsinə aydınlıq gətirir. Şeyx Qalibin sələflərindən təsirlənməsini onun yaradıcılığına əsaslanaraq təqdim edir: “Həyatı boyunca şəxsiyyətinin və ilham mənbəyinin qidası Mövlana olduğunu vurğulayan şair həm də “mən söz xəzinəsində yeni bir tərz yaratdım” deyərkən Mövlanadan bəhrələndiyini qeyd edir.”

Gülər Abdullayeva bu yarımfəsildə Şeyx Qalibin sələflərinə hörmət və rəğbətini də tam aça bilir: “Qalib öz sələflərinə bir övliya kimi baxmış, onların nəzərinin ilahi varlıqdan güc almasına inanmışdır.” Müəllif Şeyx Qalibin divanında Şəms Təbrizinin “Həzrəti Pir” deyə vəsf etməsinə toxunur.

Şeyx Qalibin klassik ənənəvi kanonlara sığmadığını, başqa üslubda yazıb-yaratmaq istəyinə aydınlıq gətirən tədqiqatçı bu məqamı Şövkət Buxarinin yaradıcılığından təsirlənmə kontekstində aydınlıq gətriməyə cəhd edir. Səbki-hindi üslubuna maraq göstərmiş Şeyx Qalibin cığatay ləhcəsində “İmes” rədifli qəzəl yazmasına toxunur. Bu üslubun özəlliklərini şairin bir rübaisi əsasında təqdim edir:

Ol şairi kam- yab mənəm kim Qalib

Məzmunlarımı anlamak ayıb olmaz

Yekta gühəri qaybi hüviyetdir həp

Qəvvasi hədər bəhrə veri qayb olmaz.

Gülər Abdullayeva Şeyx Qalibin Məhəmməd Füzulidən təsirlənməsi, Füzuliyə yazdığı təxmislərin ikisini bu yarımfəsildə tədqiq etməsi elmi əhəmiyyət kəsb edir: “...biz Füzuliyə yazılan təxmislərin ikisi üzərində dayanacağıq. Qalib divanında I təxmis belə adlanır “Təxmisi qəzəli nəfisi Məhəmməd Füzuli Bağdadi rəhmətüllahi əleyh”. Şeirin adından göründüyü kimi şair Füzulinin Bağdad elindən olduğunu dilə gətirməklə onun Bağdadda yaşayıb - yaratdığını, türk dilində yazması haqqında məlumatı varmış. Bütün bunlarla yanaşı, böyük zəkaya sahib olan Qalibin onun şeirlərini əzbərdən bildiyinin də şahidi oluruq. Tükənməz istedad sahibi olan şair onlara təxmis yazmaq dərəcəsində böyük istedada sahib olması haqqında bilgi əldə edirik.”

Gülər Abdullayeva Şeyx Qalibin Məhəmməd Füzulinin 3 qəzəlinə təxmis və ona nəzirələr yazması faktına da aydınlıq gətirir: “Geniş məlumata malik olan şair Füzulinin əsərlərini oxumuş və ondan təsirlənərək yazdığı bir müsəddəsi də var. Şeyx Qalib Məhəmməd Füzulinin “Leyli və Məcnun” məsnəvisində Məcnunun dilindən deyilən “Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir” qəzəlinə yazdığı təxmisdə eşq şərabından məst olan aşiqin halını öz halı ilə müqayisə etmişdir.” Tədqiqatçının Şeyx Qalibin ikinci təxmisinə aydınlıq gətirməsi də maraq kəsb edir: “Şeyx Qalibin II təxmisi “Taxmisi qəzəli digəri Füzuli Bağdadi rəhmətullahi əleyh” adlanır. Şair bu təxmisini Məhəmməd Füzulinin “Nədir” rədifli qəzəlinə nəzirə olaraq yazmışdır.”

Gülər Abdullayeva Məhəmməd Füzuli və Şeyx Qalib yaradıcılığında təxmisin xüsusi yer tutmasına toxunması, hər iki ədibin bu janrın xüsusiyyətlərinə dərindən bələd olmalarını vurğulaması da təqdirəlayiqdir: “Hər iki şairin yaradıcılığında təxmis janrının özünəməxsusluqları var. Apardığımız müqayisələr onu bir daha göstərir ki, istər Füzuli, istərsə də Qalib bu janrın xüsusiyyətlərini dərindən bilmiş və ondan məharətlə yararlanmışlar. Qalib Füzuli yaradıcılığından bəhrələnərək onun şeirlərinə təxmis yazmış, şairə olan məhəbbətini bununla izah etmişdir.”

Gülər Abdullayeva Şeyx Qalibin söz xiridarlarından təsirlənməsini faktlarla aydınlıq gətirməyə nail olur. Məsələn, Şeyx Qalibin Divanə Mehmet Çələbidən təsirlənməsinə aydınlıq gətirilməsinə diqqət yetirək: “Şeyx Qalib də divanında onun adını hörmətlə çəkərək ona beş bənddən ibarət bir tərcibənd yazmışdır. Alleqorik tərzdə yazılan bu tərcibənddə şair deyir ki, şeytan əsgərləri vücud şəhərini tutub, onlar vücud ölkəsini yandırırlar, nəfsi əmmarə can diyarını başdan-başa viran qoymaq istəyir. Qeyb aləmindən mənəvi köməyin gəlməsi can mülkünü nəfsin əlindən qurtarır.

Yetiş ey seyfi məsluli təriqət şiri Yezdani

Ərənlər pişvası həzrəti sultani Divani.

Şair burada həzrəti Divanini, yəni Mehmet Çələbini təriqətin qınından sıyrılmış qılnca bənəzədir, onun ərənləri isə Allahın aslanı olan Əliyə bənzədilir.” Tədqiqatçı həmçinin tədqiqata cəlb edilən söz xiridarlarından Şeyx Qalibin təsirlənməsini onun qələmə aldığı poetik nümunələrlə aydınlıq gətirir, həmin poetik nümunələrin məğzini açıqlayır.

Gülər Abdullayeva yalnız poetik nümunələri təqdim etməklə Şeyx Qalibin sələflərinə bağlılığını əks etdirmir. O, həmçinin Şeyx Qalibin divanında hansı şairə neçə şeir nümunəsi yazılması faktlarına da aydınlıq gətirir. Məsələn, Şeyx Qalibin yaradıcılığını yüksək dəyərləndirdiyi İsmayıl Ankaraviyə həsr edilmiş biri on səkkiz, digəri isə doqquz beytdən ibarət olan iki qəsidə, bir qitə, iki rübai olmasını qeyd etməsi diqqəti cəlb edir: “Qalib divanında şairə həsr edilən biri on səkkiz, digəri isə doqquz beytdən ibarət olan iki qəsidəsinə, bir qitə və iki rübaisinə rast gəldik. Qalib ona həsr etdiyi şeirlərində ən çox şairin Məsnəvinin şərhi üzərində çalışdığını, bu sahədə gördükləri işlərin ona şöhrət gətirməsi üzərində dayanaraq onun özəlliklərini əks etdirir.”

Digər şair Xəyaliyə Şeyx Qalibin divanında isə bir təxmis və bir tərcibəndə rast gəlinməsinə toxunan Gülər Abdullayeva, həmçinin həmin nümunələri təhlil obyektinə çevirir: “Şeyx Qalib divanında ona həsr edilən təxmis və tərcibəndə rast gəldik. Qalib divanındakı şeirlərdən biri “ Təxmisi- qəzəli nəfisi- cənabi- Xəyali” adlanır. Təxmisin I bəndində deyilir:

Nefehna nefhasın guş etməyənlər nayi bilməzlər,

Miyani cani cahanda bu huyi hayı bilməzlər,

Nefes naaşinalar gövhəri mənayı bilməzlər.

 

Cahan ara, cahan içindədir araya bilməzlər,

Şu mahilər ki, dərya içindədir, dəryayı bilməzlər.”

Güllər Abdullayevanın Şeyx Qalibin yaradıcılığına təsiri edən ədiblər haqqında tədqiqatda geniş məlumat verməsinin də şahidi oluruq. Məsələn, XVI əsrdə (ö.1534) yaşamış Türk şairlərindən biri olan Yusuf haqqında məlumata diqqət yetirərək, onun Mövləvi şairlərindən olan Heyrətinin qardaşı olması, uzun bir müddət Azərbaycanlı şair İbrahim Gülşənini təriqətinə yiyələnməsi və s. haqqında da məlumatlar verməyə nail olur.

“Məhəmməd Füzuli yaradıcılığının Şeyx Qalib yaradıcılığına təsiri” başlıqlı II fəsil isə üç yarıfəsildən ibarətdir. Gülər Abdullayeva bu fəsilin “Məhəmməd Füzuli və Şeyx Qalibin bədii əsərlərinin ideya və məzmun oxşarlıqları” adlı birinci yarımfəslində Şeyx Qalibin qəzəl yaradıcılığına Məhəmməd Füzulinin təsiri məqamlarını araşdırır, hər iki söz xiridarının yaradıcılığını birləşdirən ortaq cəhəti mövzu baxımından dəyərləndirir: “Həm Füzuli, həm də Şeyx Qalib yaradıcılığında forma, məzmun cəhətdən onları birləşdirən ortaq cəhətlər var. Bu iki sənətkarı birləşdirən bir ortaq cəhət varsa, o da məhəbbət, eşq mövzusudur. İlahi eşqi sonsuz məhəbbətlə tərənnüm edən bu şairlər dünyəvi eşqin əzablarını dadmış, tale yüklü bir həyat yaşamaqla ruhi sarsıntılarını şeirə çevirə bilmişlər.” G.Abdullayeva Məhəmməd Füzuli və Şeyx Qalib yaradıcılığında peyğəmbərə müraciətin də xüsusi yer tutmasına toxunur, “...hər iki şairi birləşdirən əsas mövzulardan biri” olmasını qeyd edir.

Hər iki ədibin duyğu və düşüncələrini qəzəl janrında əks etdirə bilmələri də Gülər Abdullayeva tərəfindən vurğulanır: “Bu şairlər qəzəl janrının ölməz nümunələrini yaratmışlar. Bu janrda yazmaq onların zövqlərinə uyğun gəldiyindən özlərinin duyğu və düşüncələrini orada daha ətraflı əks etdirə bilmişdirlər.”

İkinci fəslin “Məhəmməd Füzuli yaradıcılığının Şeyx Qalibin bədii əsərlərinin janr biçiminə təsiri” adlı ikinci yarımfəsildə də hər iki söz xiridarının yaradıcılığında yer tutmuş qəsidə janrı və fərqlənən cəhətlər tədqiqata cəlb edilir: “Hər iki sənərkarın yaradıcılığında lirik qəzəllər əsas yer tutsa da, onların irsi içərisində qəsidələrin müstəsna yeri var. Dövrünün ictimai qanunlarından kənara çıxmağa çalışan sənətkar müxtəlif məzmunlu qəsidə yazmaqla daşlaşmış ənənələri qıra bilmişdir. Şairin qəsidələrində onu dövrünün sənətkarlarından fərqləndirən cəhət özünü göstərir.” Gülər Abdullayeva Məhəmməd Füzuli qəsidələrinin fərqləndirici xüsusiyyətinə toxunaraq göstərir ki, “Füzuli qəsidələrində vəsf etdiyi hökmdarların ədalətindən, ölkənin tarixindən və təbiətin vəsfindən özünəməxsus şəkildə söz açır. O, bəzi qəsidələrdə həm də ölkəsinin ictimai məsələlərindən söz açmaqdan belə çəkinmir.” Gənc alimin poetik nümunələr əsasında Şeyx Qalibin də Məhəmməd Füzuli ənənələrini davam etdirməsini göstərməyə cəhd etməsi də diqqətdən yayınmır: “Öz sələfi Füzuli kimi sözdə dərin ictimai məna axtaran şair dövrünün problemlərini də əks etdirməkdən çəkinməmişdir.”

İkinci fəslin ““Məhəmməd Füzuli və Şeyx Qalibin yaradıcılığında obrazlılıq; ney və gül obrazının onların poeziyasında səciyyəsi” adlı üçüncü yarımfəslində hər iki ədibin yaradıcılğında obrazlılıq anlayışına aydınlıq gətirilir. Gülər Abdullayeva Məhəmməd Füzulinin “Leyli və Məcnun”, Şeyx Qalibin “Hüsn və Eşq” əsərlərində obrazlılığa, əsərlərdəki obrazlara münasibətini bildirir, onlar arasındakı oxşar xüsusiyyətlərə aydınlıq gətirir. Şeyx Qalib yaradıcılığında obrazlılığı “Hüsn və Eşq” poemasında rastlaşmasına toxunur: “Şeyx Qalib yaradıcılığında sözün obrazlı mənada işlədilməsi ən çox “ Hüsn və Eşq” poemasında özünü göstərir. Surətlərin obrazlı ifadələrlə bəzən üstüörtülü danışması sözün poetikliyinin daha da artırmış olur. Bunu biz “Hüsn və Eşq” əsərində yardımçı obrazlar olan Qeyrət və İsmətin özlərinə məxsus şəkildə sevgililərə yardım göstərməsində görürük.”

Gülər Abdullayeva Məhəmməd Füzuli və Şeyx Qalib yaradıcılığında ney obrazının olmasına toxunur, nümunələr əsasında münasibət bildirir: “Neylə bağlı istər M. Füzuli, istərsə də Şeyx Qalib yaradıcılığında çoxsaylı beytlər var. Bu beytlərdə hər iki şair qəm, kədər, niskil, həsrət və s. məqamları ifadə edir.”

“Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının Şeyx Qalibin “Hüsn və Eşq” əsərinə təsiri, bədii dil və struktur yaxınlığı” adlı III fəsil üç yarımfəsildən ibarətdir. Tədqiqatda hər iki ədibin bədii dil xüsusiyyətlərinə aydınlıq gətirilməsinə cəhdlər özünü göstərir.

III fəslin “Məhəmməd Füzuli yaradıcılığının Şeyx Qalibin əsərlərinin bədii dilinə təsiri: bədii təsvir və ifadə vasitələrinin işlənilmə xüsusiyyətləri” adlı birinci yarımfəsldə f.ü..f.d. GAbdullayeva hər iki ədibin  istifadə etdikləri sözləri müqayisəli şəkildə təhlil obyektinə çevirir, istifadə etdikləri gül və ya güllər sözlərinə aydınlıq gətirir: “ Məhəmməd Füzulinin və Şeyx Qalibin divanınındakı şeirlərin əsas hissəsini lirik qəzəllər təşkil edir. Hər iki şairin lirik qəzəllərində təbiət hadisələrinə, təbiət aləminə müraciətin özünəməxsus yeri var. Bilirik ki, bütün dövrlərdə şairlər şeirlərinin təsir gücünü artırmaq üçün güllərlə gözəllər arasında bir oxşarlıq axtarmış, onları bir-birinə təşbeh etməklə bu gözəlliyi və yazdıqları şeirlərin təsir gücünü daha da qüvvətli etməyə çalışmışlar. Odur ki, bu müqayisəni gülün müxtəlif formaları üzərində həyata keçirməyə çalışan şairlər güllərlə gözəlləri bir-birinə oxşatmış və onlara şeirlər söyləmişlər. İstər M. Füzuli, istərsə də Şeyx Qalib divanında da güllərə müraciət və onlara xitab lirik qəzəllərin ifadə gözəlliyini artıran maqamlardan biridir.”

Gülər Abdullayeva hər iki ədibin yaradıcılığında sözə yüksək dəyər verilməsi məqamına da aydınlıq gətirir: “Füzuli şeirdən mənaya, məzmuna üstünlük verdiyi kimi, Şeyx Qalib də şeirdən elmilik və mənalı söz tələb etmişdir. Hər iki şairin yaradıcılığında oxşar məqamların olması onları birləşdirən cəhətlərdəndir.”

III fəslin ““Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının Şeyx Qalibin “Hüsn və Eşq” əsərinə təsiri” adlı ikinci yarımfəsildə hər iki ədibin əsərlərinin struktur, mövzu və ideya bağlılığına nəzər salınır. G.Abdullayeva Məhəmməd Füzulinin “Leyli və Məcnun” və Şeyx Qalibin “Hüsn və eşq” əsərlərinin süjet xəttinin eyni olmasına toxunur: “Əsərləri müqayisə edəndə görürük ki, süjet xətti eynidir. Hər iki əsərin mövzusu qədim ərəb əfsanəsindən götürülüb. Əhvalatların baş verdiyi məkan da Ərəbistandır. Əsərdəki hadisələr ərəb qəbillələrindən ( “bəni-məhəbbət” sevgi oğulları diyarı) birində baş verir.”

III fəslin üçüncü yarımfəsli “Məhəmməd Füzuli və Şeyx Qalib məsnəvilərinin quruluş yaxınlığı” adlanır. Gülər Abdullayeva hər iki əsərin mövzusunu geniş tədqiq edərək, oxşar və fərqli məqamlarına aydınlıq gətirə bilir. Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinin Şeyx Qalibin “Hüsn və Eşq” poemasına təsirinə toxunması, əsərlərdəki mövzu və obraz baxımından oxşar olması və s. amillərə diqqət yetirir: ““Leyli və Məcnun” məsnəvisində Məcnunu həkim qiyafəsində Leylinin müalicə məqsədi ilə evlərinə gəlməsi hadisəsinə “Hüsn və Eşq” məsnəvisində həkim obrazı ilə qarşılaşırıq.”

 Gülər Abdullayeva Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinin Şeyx Qalibin “Hüsn və Eşq” poemasına təsirinə toxunarkən, hər iki əsərin əsas mövzu kimi ilahi eşq təşkil etməsini iddia etməsi mübahisə doğursa belə, maraq kəsb edir: “M. Füzuli və Ş. Qalibin yaradıcılığının əsas mövzusunu ilahi eşq fəlsəfəsi təşkil edir. Bu şairlərin poetik dünyagörüşünün qaynağı klassik ənənələrdən bəhrələnir. Bu şairlərin mövzu qaynağı Qurani-Kərim, dini hədislər, rəvayətlər və islam tarixi olmuşdur.”

F.ü.f.d. Gülər Abdullayeva hər iki əsərdə məktublardan istifadə edilmə məqamına aydınlıq gətirir: “Əsərləri bir-birinə yaxınlaşdıran məqamlardan biri də orada olan məktublardır.” G.Abdullayeva həm Məhəmməd Füzulinin, həm də Şeyx Qalibin məktublardan qələmə aldıqları əsərlərinin mövzularında yararlanmalarını şeir formasında olmasını qeyd edir: “Füzulinin “Leyli və Məcnun” əsərində sevgililərin bir-birinə yazdıqları məktublar şeir formasındadır. Füzuli məsnəvisində birinci məktubu yazan Məcnun olmuşdursa, “Hüsn və Eşq” əsərində birinci məktubu Hüsn yazıb Süxən vasitəsi ilə Eşqə göndərir. Qalib əsərindən fərqli olaraq, Füzuli məsnəvisində rübai, qəzəl, qəsidə, mürəbbe kimi lirik şeirlər əsərin bədiliyini daha da artırır. Füzulidə bəzən məktubların qəzəl şəklində olması, aşiqlərin halını daha orijinal təsvir etməkdə önəmli rol oynayır. Məcnunu yazdığı məktubun “bir namə ki, məhz dərdi-qəmdir, izharı şikayəti sitəm”olduğu deyilirsə, bu bizə artıq məktubun məzmunu bəlli edir. ...Füzulinin “Leyli və Məcnun” əsərində məktublarda müraciətin forması bəzən dəyişir.”

Gülər Abdullayeva əminliklə vurğulayır ki, Şeyx Qalib Məhəmməd Füzulidən təsirlənərək “Hüsn və Eşq”ini qələmə almışdır: “Nəticə olaraq demək istəyirəm ki, Qalibin “Hüsn və Eşq” əsərinin təhlili onu göstərdi ki, şair bu məsnəvisini Füzulinin “Leyli və Məcnun” əsərindən təsirlənərək yazmışdır. Qalibin məsnəvisində Füzulinin əsəri ilə üst-üstə düşən məqamlar həm mövzu, həm də süjetin inkişaf dinamikası baxımından çoxluq təşkil edir.”

Gülər Abdullayevanın “Şeyx Qalib poeziyasında Füzuli ənənələri” tədqiqatı aktual mövzunu əhatə edir. Mövzunun aktuallığı son dövrlərdə Azərbaycan və türk xalqları ədəbiyyatlarının ədəbi-nəzəri fikir kontekstində tədqiq olunmasıdır.

Tədqiqatçının Şeyx Qalibin yaradıcılığında Azərbaycan sələflərinə (Nizami Gəncəvi, Şəms Təbrizi, Fəridəddin Attar, Sultan Vələnd, Əlişir Nəvai, Məhəmməd Füzuli, Saib Təbrizi, Süruri, İbrahim Gülşəni) və türk sələflərinə (Mövlana, Əsrar Dədə, Xəyali, Naili, Şeyxi, Neşeti) olan münasibəti onların yaradıcılıqları əsasında tədqiq edərək, nəzirə, təxmis, qəsidə mənzumələr , tarixi mənzumə xarakteri daşıyan əsərlər və s. yazmasını vurğulaması diqqətəlayiqdir. Gülər Abdullayeva Şeyx Qalibi türk şeir dilini və ədəbiyyatını klassik ədəbiyyat müstəvisinə gətirən şairlərdən biri kimi tədqiqata cəlb edir.

Gülər Abdullayeva Məhəmməd Füzulinin “Leyli və Məcnun” məsnəvisi ilə Şeyx Qalibin “Hüsn və Eşq” məsnəvisi arasında müqayisələr aparması, yazılma səbəblərinə, əhvalatların götürülmə məqamına, iki gənc arasındakı eşq macərasına və s. aydınlıq gətirməsi maraq kəsb edir. Maraqlı məqamlardan biri də Şeyx Qalibin “Hüsn və Eşq” didaktik məsnəvisinin bir sıra hadisələrinin Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindən təsirlənməsi, hər iki əsərin mövzu, ideya, obrazlar baxımından oxşar olmasına elmi yanaşma göstərməsidir.

Məhəmməd Füzulinin “Leyli və Məcnun” ilə Şeyx Qalibin “Hüsn və Eşq” məsnəvilərində oxşar məqamlarını təhlil obyektinə çevirmiş Gülər Abdullayeva hər iki ədibin yaradıcılığının geniş coğrafiyada tanınmasına, əsərlərinin müxtəlif xalqlar arasında sevilərək oxunmasına toxunmaqla, bu iki söz xiridarının yaradıcılıqlarını qarşılıqlı şəkildə tədqiq edilməsinin labüdlüyünü əks etdirir.

Gülər Abdullayeva Azərbaycan və Türk ədəbiyyatlarında özünəməxsus mövqe qazanmış XVI əsr türk xalqları ədəbiyyatının böyük şairi Məhəmməd Füzuli və Şeyx Qalib kimi tarixi ədəbi şəxsiyyətlərin çoxşaxəli forma və məzmuna malik yaradıcılıqlarını qarşılıqlı şəkildə tədqiq etməsi, ilk növbədə də, ortaq türk mirasını araşdırması hər iki xalqın ədəbi düşüncəsi üçün zəngin mənbə rolunu oynayır, həmçinin elmi əhəmiyyət kəsb edir. Filologiya üzrə fəlsəfə doktoru Gülər Abdullayevanın “Şeyx Qalib yaradıcılığında Füzuli ənənələri” mövzusunda tədqiqatı Azərbaycan və Türkiyə ədəbiyyatşünaslığında ortaq elmi-nəzəri fikrin formalaşdığını və gələcək tədqiqatlar üçün geniş perspektivlər yaranacağını əks etdirir.

Salidə ŞƏRİFOVA

filologiya elmləri doktoru, AMEA-nın professoru,Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi