Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

"Yurdumun sirləri" - əsrimizin bestselleri - Esmira Fuad yazır

18-07-2024 [ 11:39 ] [ oxunub:186 ]
printerA+ | A-

 RZA BƏRAHƏNİ YARADICILIĞINA BİR BAXIŞ

(Əvvəli ötən sayımızda)

Rza Bərahəni söhbətlərində modernist düşüncəyə daha yaxın olduğunu vurğulayır. Prust, Coys, Folkner, Virciniya Vulf, Nabokov, Borxes yaradıcılığından bəhrələnərək İranda modernist və postmodernist nəsrin ən mükəmməl örnəklərini qələmə alır. Dünyada maraqla qarşılanan romanlarını yaza-yaza belə bir sonuca varır ki, Azərbaycanın yəhudilərin "Tövrat"ı kimi bir kitabı yoxdur. Müqəddəs kitab olsa da, "Tövrat"da bir etnosun həyatının başdan sonadək yazılması diqqətini çəkir. Bu baxışı ilə bağlı bəzi düşüncə adamlarının fikirlərini örnək alır. Folknerin hər il "Əhdi-Ətiq"i - "Tövrat"ı və Migel de Servantesin dünyanın ilk modern romanı sayılan "Don Kixot" romanını, özünün isə bunlardan başqa daha iki əsəri - "Min bir gecə" və Mövlananın "Məsnəvi"sini oxuduğunu etiraf edir. Ancaq daha çox "Məsnəvi"ni oxuduğunu söyləyir. Bunun səbəbi kimi isə "Məsnəvi"də bir hekayə bitməmiş sonrakı hekayənin başlamasını göstərir. "R.Bərahəni də eynilə "Məsnəvi"də olduğu kimi, hadisəni parçalayır, hissələrə bölmə ifadəsini həm konsepsiya, həm də metod mənasında işlədir..." və deyir: "Mənim zehnim bu cürdür. Mənim Azərbaycanımı heç kəs yazmayıb. Hətta mərhum dostum Qulamhüseyn Səidinin Azərbaycanda baş vermiş bir-iki hadisəyə, məsələn, Məşrutə hərəkatına dair pyesləri və sair də bunu tam əhatə etmir. Mənim işim bir qədər fərqlidir. "Ayaz" romanımda hadisələrə Ayazın gözü ilə baxırdım və bu Ayazın 2500 yaşı var..."

Və o, Bakıda çap edilib yayılmasını çox arzuladığı, tabuları sındırdığı və məhz özünü yazdığı "Yurdumun sirləri", basdan axıradək Ayazın - Azərbaycan xalqının 2500 illik tarixini ən yüksək bədii dillə, dərin məntiq və fəlsəfə ilə canlandırdığı "Ayazın cəhənnəm günləri" romanlarında uzaq və yaxın keçmişə ekskurs edir. Oxucu bu romanlarda silsilə tarixi fakt və olayları öyrənir, müstəmləkə boyunduruğunda çabalayan Güney Azərbaycan xalqına uzun illər boyu yaşadılan müsibətlərin şahidi olur.

Rza Bərahəni 21 Azər inqilabının, 18 avqust olaylarının - 1953-54-cü illər İrtica dövründə xalqın tərəfdarı olan Məhəmməd Müsəddiq Baş nazir olarkən ABŞ-ın yardımı ilə baş verən çevriliş hadisəsinin - Müsəddiq hərəkatının, 1978-79-cu illər İslam inqilabının başvermə səbəblərini və gedişatını bir tarixçi alim səriştəsi ilə izləyir, ancaq yazıçı təxəyyülünün fəlsəfəsi ilə qələmə alır, oxucunu gerçəkliklərlə üz-üzə, baş-başa qoyur və baş verənlərə onu inandırmağı bacarır... "İrandakı İslam inqilabının baş verməsində daxili səbəblərlə yanaşı, xarici səbəblər də mövcud idi. İran həmin dövrdə ABŞ-ın regionda ən yaxın və strateji müttəfiqi idi və bununla yanaşı, Amerika Birləşmiş Ştatları bu ölkəyə çoxlu miqdarda silah satmışdı. Əsas məqsəd isə Sovet İttifaqından gələn təhlükənin qarşısını almaq və Fars körfəzində İranın dominant rolunu təmin etmək idi. İranda işləyən və yaşayan xarici ölkə, xüsusilə ABŞ vətəndaşlarının yüksək səviyyədə yaşaması, təbii ki, yerli əhali tərəfindən sakit qarşılana bilməzdi. Buna görə də, islam inqilabçılarının əsas mübarizə istiqaməti ABŞ-a qarşı çevrilmişdi. 1979-cu ilin əvvəlində inqilabın təsiri altında şah Məhəmməd Pəhləvi İranı tərk etmək məcburiyyətində qaldı. Fevralın 1-də Ayətulla Xomeyni Tehrana qayıtdı. İslam inqilabından sonra da ABŞ-a qarşı mübarizə davam edirdi. 4 noyabr 1979-cu ildə özlərini "İmam xəttinin ardıcılları" adlandıran tələbələr Tehranda Amerika səfirliyinin binasını tutdular və 52 nəfəri girov götürdülər..."

Göründüyü kimi, o, İranda mövcud "müstəmləkənin öz dili ilə ona qarşı çıxır, bundan bir qamçı kimi istifadə edir, şüurlu bir post-kolonial duruş sərgiləyir..."

Amerikanın Uzaq Şərq və Şərq siyasətini, amerikalıların özlərini başqa millət və xalqlardan üstün sayaraq onlara yuxarıdan aşağı baxmasını - özündən razılıq kibrini, eyni zamanda mənfur siyasəti ilə dünyanı "xəstəxanalıq" etməsini də ifşa edən Rza Bərahəninin aydın ziyalı baxışını və vətəndaş mövqeyini romandan sətirlər bəlirləyir: "Bir amerikalı ayağını hara bassa, ora Amerikadır..." Yaxud: "Bizim iki başımız var. Biri pambıqdır, biri də qılınc. Hansı ki, bizə itaət edir, ona pambıq oluruq, itaət etməyənlərəsə qılınc..." "Hər yer Amerikanın xəstəxanasıdır, vacib deyil Saygonda olsun. Dünya Amerikanın xəstəxanasıdır..." "Allah! Vyetnamda, bir amerikalı özünü nə qədər tənha görür! Bəlkə torpaq bizdən intiqamını alır. Bəlkə 20 il öncə amerikalı bir zabiti İranın şimalında öldürən qurd indi Vyetnama gəlib?"

Romanlarında, ədəbi-tənqidi yazılarında yazarın Türk mifologiyasının bilicisi olduğu da aydınlaşır... "Yurdumun sirləri"ndə əcnəbi öldürən Savalan qurdunun obrazında bozqurdun əski türklərin qurtuluş rəmzi-totemi olduğunu çatdırır. Eyni zamanda xalqının yadellilərlə, işğalçılarla heç vaxt barışıb bir araya gələ bilməyəcəyini, qoynunda onlara yer verməyəcəyini həmin qurdun Savalan dağının ətəklərində dişləri ilə Amerika zabitinin şah damarını qırıb öldürməsi, inqilabçı Təhminəni isə oğlu Nasirlə birlikdə qurdun öz kahasında gizlədib qoruması epizodları ilə ötürür dünya oxucusuna... ("Təhminə bir damla suya döndü, buxar olub göyə çəkildi, ya da yerin dibinə batdı... Generalın jandarma-mühafizə xidmətlərinin, polisin, SAVAK-ın, ordunun gizli təşkilatının bütün səyləri hədər oldu. Heç kəs onun izini tapa bilmədi, elə bil ki, ayrı bir dünyadan adamlar gələrək Təhminə ilə oğlunu oğurlayıb öz kürələrinə aparmışdılar...") Göstərir ki, Azərbaycanın mədəniyyət, elm və ürfan mərkəzi sayılan Ərdəbil dünya qurdlarının da mərkəzidir. Bu qoruyucu qurdlar "bəzən yolun üstünə gəlib sədd çəkərlər, qoymazlar ki, o biri heyvan və maşınlar, yaxud adamlar ordan keçsinlər..."

Maraqlıdır ki, Rza Bərahəni "Yurdumun sirləri"ndə əcnəbi öldürən qurdun amerikalı zabit Devisə, ingilis hərbçisinə-bütünlükdə amerikalılara və digər yadellilərə qənim kəsilməsini Güney türklərinin qeyrət məsələsi kimi də mənalandırır: "Elə ki, biz çarəsiz qalırıq, heç birimizin də əlindən bir iş gəlmir, o zaman əcnəbi öldürənin qeyrət damarı tərpənir. Ona əcnəbi öldürən deyirlər. Savalan qurdu əcnəbini öldürəndir. Bir dəfə bir rus kazakını öldürdü. Neçə illər bundan öncə bir ingilis generalını öldürdü. Yerli insanlarla işi yoxdur..."

Eyni münasibətin təzahürü yazarın: "Asiyada hər kəsin əlinə bir tüfəng versən, birinci amerikalını aradan götürər..." - fikrində də özünü göstərir... Romanın sonunda yazar qurd toteminə təkrar qayıtmaqla Azərbaycan türklərinin mübarizəsinin bitmədiyini, hələ də davam etdiyini vurğulayır...

Rza Bərahəni farsların yaxın və uzaq keçmişinin, ənənələrinin içəriyini səltənətlə dini inancın təşkil etdiyini cəsarətlə söyləyir, inkişafdan geri qalan İranın Rusiya, ABŞ, İngiltərə və Almaniyaya qarşı yürütdüyü dövlət siyasətinin - xarici siyasətin yararsızlığını tarixi faktlarla açıqladığı kimi, şovinist daxili siyasətini də kəskin şəkildə tənqid etməkdən çəkinmir: "Demokratiya Qərbin, liberalist bir inqilabın tapıntısıdır. Şəhərdə yaşayan ziyalı, orta savadlı təbəqə İranın hər yerində yaranmayana qədər İran millətinin demokratiyadan istifadə etmək imkanı ola bilməz və hətta kommunistlərlə mübarizədə belə, ondan istifadə etmək olmaz. Generalın (Şadanın - E.F.) fikrincə, tarixdən öncə yaşayanların demokratiya ilə özəl bir məntiqi bağlılığı var, onsuz problemləri həll etmək olmaz. Buna görə də İranda seçkilər demokratik ola bilməz. Məhkəmənin mənası ola bilməz, fərdi haqları və azadlığı tələb etmək mənasızdır. Qanun qarşısında bərabərlik boş sözdür..."

"Rza şah bizi Hitlerlə müttəfiq elədi. Biz də fikirləşirdik ki, gərək şimal qonşumuzun (SSRİ, Sovet Azərbaycanı - E.F.) qabağında səngər quraq. Savaşda halva paylamazlar ki... ...Yadımdadır, 1941-ci ilin senyabrında biz hamımız hər şeyi qoyub necə qaçdıq. Böyüklər hamıdan öncə qaçdılar. Biz kiçiklər bir az gec hərəkətə gəldik, amma hamımız qaçdıq. Rza şah hamımızdan uzağa getdi, Tehran-dan Cənubi Afrikaya. Qızıl ordu da İrana girdi. Bizə demişdilər ki, gərək İranın bir qarış torpağı da düşmənin əlinə keçməsin. Bir qərar və mədarla Rza şah qaçdı. 24 saatın içində İranın dostu oldu düşmən, düşməni də dost..."

Beləcə, dahi yazar, general Şadanın dili ilə bir az da dərinə gedir, həm ABŞ-ın, həm də SSRİ-nin, əslində isə Rusiyanın İrana - Güney Azərbaycana qarşı yürütdüyü "dostu düşmən, düşməni də dost edən" çoxüzlü siyasətinin iç üzünü açır, tarixi gerçəkliyi ortaya qoyur: "Ruslar istəyirlər ki, iki Azərbaycan bir olsun və Sovetin torpağına birləşdirilsin. Amerikanın dünyabaxışı və əlahəzrətin İran daxilində rəhbərliyi nəticəsində bu uğursuz planın icrasına maneçilik törədildi. İranın başından böyük bir təhlükə keçdi. Əgər Azərbaycan muxtariyyət qazansaydı, mütləq İrandan ayrılacaqdı. Fikirləşin, İranla sovetin sərhədi Culfa yox, bəlkə Qəzvin olacaqdı... Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər..."

Öz xalqına aşağı nəzərlərlə baxan, saysız canlar alan, amerikalıları isə baş tacı edən cəllad general Şadanın mürəkkəb və ziddiyyətli xarakterinin özəlliklərini açmağa Təbrizdəki 21 Azər mərasimi zamanı atının onu qaldırıb yerə çırpdıqdan sonra, şikəst qalmasından və aldığı zədə sonucunda övlad sahibi ola bilməməsindən, hətta gələcək uşağının belə, ali irq saydığı amerikalı zabit Racer Biltimordan olmasını istəməsindən başlayır. Eyni açıqlamada atın bir Türkün həyatındakı önəmini, rəmzi mənada dosta dost, düşmənə düşmən olduğunu da vurğulayır: "At iki ayağı üstündə şahə qalxmışdı, qabaq ayaqlarını elə yüksəkdə saxlamışdı ki, sanki uçmağa hazırlaşırdı. Tezliklə qabaq ayaqları iki qanad kimi açılacaq, sanki at və atlı göyə uçacaqdılar. Sonra birdən camaatın çığırtısı bütöv bir "Vay!" səsi şəklində yüksəldi. At da bu səsi eşitmişdi. Şahə qalxdığı ayaqlarının üstündə sürətlə fırlandı, generalı da başının üstündə fırlatdı. Sonra boynunun və başının arxasından bir şey sürətlə yerə atıldı. Yenidən at dörd ayağı üstündə dayandı. Ancaq generalın başının üstündə... Bir qatil öldürdüyü şəxsin başının üstündə dayandığı kimi... Dedilər ki, at Təbriz xalqının intiqamını generaldan aldı. Niyə? Məgər general Təbriz xalqına nəsə eləmişdi ki, Marağada tərbiyə olunan at 21 Azər günü gəlib generaldan Təbriz xalqının intiqamın alsın?! ...At hardan bilirdi ki, generalın Təbriz xalqına qarşı törədilən cinayətlərdə əli var... O, hardan bilirdi ki, 21 Azər mərasimi ordunun Təbrizə girişinin bir ilini yola saldı?"

Sitatdan general Şadanın Təbriz əhalisini əzməkdə və Demokrat Firqəsini məhv etməkdə, Azərbaycanın İrana qaytarılmasında və Təbrizdə sakitliyin, nizam-intizamın bərpa edilməsində böyük rol oynaması obrazlı şəkildə açılır.

(Ardı var)

SİZƏ MARAQLI OLA BİLƏR