2023-cü ilin nəsr mənzərəsinə həsr etdiyimiz bu yazıda əsas məqsəd ilin ədəbi mənzərəsində əks olunan aparıcı tendensiyaları müəyyənləşdirməkdir. İlin ədəbi mənzərəsində həm janr eksperimentləri, həm yazıçılar tərəfindən əvvəlki əsərlərin tam fərqli, yeni variantda təqdimi, həm də əvvəlki ildə dərc olunan əsərlərin ədəbi prosesdə öz mövqeyini, aktuallığını saxlaması müşahidə olunur. Lakin məruzədə əsas diqqət yetirdiyimiz məqam Qarabağ və Zəfər mövzusunun bədii mətndə reallaşma tendensiyaları və həmin bədii əsərlərin ədəbi prosesdə mövqeyi məsələsidir. Məruzədə məhz ədəbiyyatımızın qarşısında duran əsas vəzifənin - 44 günlük Vətən müharibəsinin və Zəfərin bədii obrazının yaradılması kimi mühüm ideoloji məqamın hansı səviyyədə, hansı janrlar kontekstində və hansı baxış bucağından reallaşdırılmasına dair fikir formalaşdırılmasına imkan yaradan bədii faktlar xüsusi vurğulanır.
2023-cü ilin nəsr mənzərəsində hekayə janrı ənənəvi olaraq say üstünlüyü ilə diqqəti cəlb edir. Mütəhərrik və lakonik olduğuna görə "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları, "Kredo", "525-ci qəzet", "Türküstan", "Ədalət", "Azad Azərbaycan", "Xalq qəzeti" kimi ədəbi və qeyri-ədəbi mətbu orqanlar hekayə janrına həvəslə yer verirlər. İl ərzində hekayə janrı ilə bağlı həyata keçirilən layihələr - "Ədibin Evi" tərəfindən elan edilən Mir Cəlal adına hekayə müsabiqəsi, "Ulduz" jurnalının "Yeni nəsil: nəsr" özəl sayı və kulis.az saytının həyata keçirdiyi hekayə müzakirələri janrın inkişafını izləmək, yeni imzaların kəşfi baxımından xüsusi qeyd edilməlidir. Bu layihələr janra marağı artırmaqla yanaşı ədəbi prosesdə müəyyən aktivliyə də səbəb olması ilə yadda qaldı. Ədəbi cameəmizdə və müasir ədəbi prosesdə özünəməxsus yeri olan "Ulduz" jurnalının 2023-cü ilin iyun nömrəsi "Yeni nəsil: nəsr" sayı barədə özəl danışmaq istərdik. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn bu buraxılış "Yeni nəsil: proza" devizi ilə təqdim edilib. Jurnalın baş redaktoru Qulu Ağsəs ədəbi prosesimiz üçün unikal bir addıma imza ataraq jurnalın bu nömrəsinin tərtibini gənc imzalardan olan Furqana həvalə edib. Furqanın təqdim etdiyi "Ulduz"un səhifələrində yeni nəsil imzalardan Orxan Saffarinin, Təvəkkül Boysunarın, Orxan Cuvarlının, Sərdar Aminin, Nihat Pirin, Həmid Piriyevin, Orxan Həsəninin, Rəvan Cavidin, Nadir Yalçının, eləcə də Furqanın özünün hekayələri işıq üzü görüb. Bu hekayələr içində Qarabağ, müharibə, hərb mövzusuna birbaşa yaxud mətnaltı işarə edən iki hekayəni xüsusi qeyd etmək istərdik. Belə hekayələrdən biri olan, Orxan Cuvarlının "Güzgü" hekayəsində baş qəhrəman və nəqledici güzgüdür. Obraz olaraq məhz divar güzgüsünün seçilməsi də təsdüfi deyil. Çünki kiçik əl güzgüsü yalnız bir şəxsin mübhəm duyğularına tərcüman ola bilərdi. Əvvəlcə hamama vurulan güzgü bir ailənin həyatına, cızılıb binanın giriş qapısına vurulduqdan sonra isə bütöv bir məhəllənin həyatına şahidlik edir. Güzgünün bina girişindəki həyatında gördükləri daha maraqlı və rəngarəngdir. Xüsusilə sərxoşla görüş, onun cibindən çıxardığı, güzgüdə əks olunan "1993 may Ağdərə" imzalı üç gənc əsgərin fotosu və cəbhədə kontuziya alıb havalanan istedadlı cərrahla bağlı hekayət bu gündən dünənə, ağrılarımıza, itkilərimizə baxışı əks etdirir. "Dünya bir pəncərədir, hər gələn baxar gedər" ifadəsini Orxan Cuvarlı dəyişərək dünyaya güzgüdən baxır, çünki pəncərə yalnız dünyanı göstərir, güzgü isə həm dünyanı, həm də ona baxan insanı əks etdirir. Orxan Həsəninin "Çiy balıq" hekayəsi hərbi hissədəki əsgər həyatına həsr edilib. Gürzə ilə savaş və əsgərin yoldaşına ad günündə qadağanı pozaraq telefon tapıb mahnı hədiyyə etməsi kimi detallar müharibədən kənar mühitdə hərbçi həyatının təsviri mövzusunda uğurlu bir hekayənin meydana çıxmasına rəvac verib. Jurnalda toplanan hekayələr həm stilistika, həm də mövzu baxımından fərqli olduğundan çağdaş ədəbiyyatımızda hekayə janrının təzahürü haqqında ümumi fikir yürütməyə, janrın bu günü haqqında söz söyləməyə imkan verir. Müəlliflərin jurnala təqdim etdikləri hekayələrin polifonikliyi janrın ədəbiyyatımızda klassik ənənələri qorumaqla yeni inkişaf meyilləri ilə zənginləşdiyindən xəbər verir.
Bəhs edilən ilin ədəbi prosesində hekayə silsilələri də diqqəti cəlb edir. Novruz Nəcəfoğlunun "Kişilərin ömür yolu" silsiləsindən olan hekayələrinin "525-ci qəzet də, Alpay Azərin "Yaddaş eskizləri" silsiləsindən olan hekayələrinin "Ədəbiyyat qəzeti"ndə yayımlanması oxucu marağına və nəsrin izlənmə motivasiyasının artmasına səbəb olmuşdur. İlin hekayə hesabatında görünən əsas imzalar: Anar, Elçin, Kamal Abdulla, Əlisəfa Azayev, Pərviz Cəbrayıl, İlham Əziz, Vaqif İsaqoğlu, Nərmin Kamal , Azər Qismət, Qərib Mehdi, İlqar Rəsul , Hədiyyə Şəfaqət, Sərdar Amin, Malik Atilay, Nurlana İşıq, Nüşabə Əsəd Məmmədli, Günel Natiq, Pərviz Seyidli , Təvəkkül Boysunar, Saday Budaqlı , Vüsal Nuru, Nihat Pir, Vaqif Sultanlı, Mübariz Cəfərli, Qəşəm Nəcəfzadə, Həmid Piriyev, Ulucay Akif , Sərdar Amin, Ayxan Ayvaz, Alpay Azər,Vidadi Babanlı, Nərmin Kamal, Çinarə Ömray, Şərif Ağayar, Kənan Hacı, Aytac Sahəd, Mirmehdi Ağaoğlu, Qan Turalı, Zemfira Məhərrəmli, Mübariz Örən,Varis, Nüşabə Əsəd Məmmədli, İlqar Rəsul, Turan Uğur, İradə Aytel, Oğuz Ayvaz, Samirə Əşrəf, Emin Piri, Əli Çağla (Təbrizdən!), Aysel Fikrət, Vahid Məhərrəmov, Səma Muğanna, Təranə Vahid. Bu hekayə bolluğu içində Anarın ""Balaca Fuad"ın son xahişi", Elçinin "Salyerinin son günü: (Birpərdəli hekayə)", Kamal Abdullanın "Bir yas mərasiminin yeddinci günü", Ulucay Akifin "Pul axtaranlar", Çinarə Nüsrətlinin "Dərs", Mübariz Örənin "Dəli Əjdər", Aysel Fikrətin "Kaktus çiçəyi", Şərif Ağayarın "Arıların səssizliyi", Orxan Cuvarlının "Kərəm haqlı idi" əsərləri ilin nəsr mənzərəsində seçilə və janra yeni baxış gətirə bilir.
Xalq yazıçısı Anarın neorealist hekayəsi olan "Kəbirlinskinin son etirafı" 2023-cü ilin ədəbi gündəmində rezonans doğurması ilə yadda qaldı. Belə görünür ki, Anar 1968-ci ildə tamamladığı "Dantenin yubileyi" əsərindəki bəzi məqamlarla 2023-cü ildə "Kəbirlinskinin son etirafı" hekayəsinin yazılması üçün zəmin hazırlayəb. "Kəbirlinskinin son etirafı" hekayəsi Həcərin Feyzullanı xəstəxanada ziyarəti ilə başlayır. Bu dəfə yazıçı "Dantenin yubileyi" əsərinin əvvəlindəki deyingən Həcəri yox, əsərin sonundakı Feyzullaya rəhmli davranan, onu anlayan Həcəri oxucuya təqdim edir. Deməli, Anarın Dantenin yubileyində əsas inkişaf etdirdiyi, transformasiaya uğratdığı obrazlardan biri də məhz Həcərdir. Ölüm yatağında olan Kəbirlinski də dəyişib, artıq əvvəllki kimi sadəlövh deyil, Həcərin onu ovutduğunu, sağalıb ayağa qalxmayacağını, əslində teatrdan heç kimin onu axtarmadığını yaxşı bilir. Amma ilk dəfə Həcərin sözlərinə inandığını göstərərək sonuncu rolunu mükəmməl ifa edir. Fikrimizcə, 2021-ci ildə dərc olunmuş hekayəsini "Təhminənin son sirri", 2023-cü ildə dərc olunmuş hekayəsini isə "Kəbirlinskinin son etirafı" adlandıran yazıçı bununla illər öncə başladığı süjetlərin son akkordlarını vurmaqla yanaşı, həm də oxucuya məlum obrazın yeni qatlarını, aspektlərini açır, həmin obrazların alternativ, transformativ variantını məhz müstəqillik dövrünün yazıçısı Anar olaraq təqdim edir. Anarın "Balaca Fuadın son xahişi" hekayəsi isə "Macal" və "Gürcü familiyası" əsərlərinin dekonstruktiv-sinkretik bədii həllinə əsaslanan neorealitik hekayədir. Bu hekayəsində də Anar yeni yaradıcı istiqamətinə uyğun olaraq oxuculara məlum əsərinin qəhrəmanlarını əvvəlki əsərə nisbətdə alternativ seçimlərinin nəticəsində yaşadıqları həyat kontekstində təqdim edir.
Aysel Fikrətin "Kaktus çiçəyi" hekayəsi lakonik olsa da, məğz baxımından böyükdür. Hekayə ailə quran bir qadının öz ata evindən ayrılması kimi sıradan, amma əslində sıradan olmayan bir hadisənin fonunda insanın həyatı və bu həyat yolunda seçim imkanlarının, seçim cəsarətinin oynadığı roldan söz açır. Müəllif kaktus çiçəyini ata evindən ayrılan qadınların təhtəlşüurundakı doğma ocaq həsrətinin simvolu kimi təqdim edir.
Ulucay Akifin "Pul axtaranlar" hekayəsində retrospeksiya, müəllif təhkiyəsi önə çıxsa da əsas diqqətçəkən məqam müəllifin nəqletmədə təfərrüatlara varma meyli və məhz xatirə-detallar vasitəsilə məğzi açma cəhdidir.
Çinarə Nüsrətlinin "Dərs" hekayəsində atası aprel döyüşlərində həlak olmuş şagirdin - Azərbaycanın Milli Qəhrəmanının oğlu Muradın obrazı vasitəsilə müharibə, müharibə yaraları, arxa cəbhə, ata-oğul, müəllim-şagird, insan-insan konteksti önə çəkilir.
Esselər və felyetonlar. İlin esse mənzərəsində Elçin, Kamal Abdulla, Yunus Oğuz, Rəşad Məcid, Qulu Ağsəs, Nargis, Rəvan Cavid, Şahanə Müşfiq, Aytac Sahəd, Mehman Qaraxanoğlu, Rüstəm Kamal, Türkan Turan imzaları oxucuya janrın estetikasından tam zövq alma imkanı verir. Esse janrı sahəsində yaddaqalan məqam Yunus Oğuzun esselərin "Mən Şuşada yazıram", felyetonların isə "Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir" başlığı ilə oxuculara təqdim edildiyi "Felyetonlar və esselər" toplusunun çapı və Rəşad Məcidin "Qələmsiz yazılanlar: status-esselər" silsiləsinin yeni çalarlarla davam etməsi oldu.
2023-cü ildə felyeton janrı da öz yaşamını sürdürməkdə davam etdi. Felyeton janrında 2023-cü ildə sözünü deyən əsas imzalar Yunus Oğuz, Elçin Bayramlı və Mətanət Məmmədova oldu. Elçin Bayramlının "Hər gün yalan danışın", Mətanət Məmmədovanın "Bank-bank...", "Maşallah", "Mədəniyyət küləyi", "Pul yığmaq məsələsi", "Saqqız", "Tərzi-dəb", "Bizə həkim lazımdır...", Yunus Oğuzun "Əsəbləşmə...düzələr...", "Hə...necədir, səninçün?: Ziqzaqlar silsiləsindən" felyetonları janrı yaşadır.
Roman və povestlər. 2023-cü ildə dərc olunan povestlər sırasında Xalq yazıçısı Anarın "Azərbaycan" jurnalının 9-cu nömrəsində dərc olunan "Əcəl" povesti öz özəlliyi ilə seçilir. Belə ki, Anar neorealizm cərəyanı kontekstində "Qırmızı limuzin" hekayəsinin və "Təqib" ssenarisinin əsasında qələmə aldığı bu əsərdə qeyd edilən mətnlərin süjet və motivləri üzərindən, istinad texnikası ilə tam yeni bir əsər təqdim edir və yeni mesajlar verir.
Qarabağ və Zəfər mövzusu povest janrında da aktualdır. Rəfiqə Sadıqovanın "Talesizlər şəhəri" povestində 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfər və Qarabağdakı quruculuq işlərindən bəhs edilir. Aqşin Hacızadənin "Göyçədən başlanan şəhidlik yolu" povesti isə Birinci Qarabağ müharibəsinə, "Babək 44" taborunun kəşfiyyatçısı və rabitəçisi, şəhid Mehdi Əmirxan oğlu Məhərrəmova həsr edilmişdir.
İlin povest janrında xatirə, ithaf tendensiyası aktualdır. Bu məqam Aqil Abbasın Abdal-Gülablı Şakirin xatirəsinə həsr etdiyi "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına...", Azad Qaradərəlinin İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr etdiyi "Sevgilim Vətən" povestlərində özünün qabarıq ifadəsini tapıb.
2023-cü ildə roman janrı Mübariz Cəfərlinin "Möhlət", Kənan Hacının "Dünyanın damı", Hidayətin "Burdan min atlı keçdi", Elçin Hüseynbəylinin "Pərixan", Mübariz Cəfərlinin "Zirvə", Hüseynbala Mirələmovun "Ənvər Paşa", Hədiyyə Şəfaqətin "Uzaq adamlar", Orxan Həsəninin "Və dalğalandı yaddaş tarlası", Nərmin Abdullayevanın "Yad adam", Xəyal Hüseynovun "Paralel sevgi", Rüfət İsgəndərzadənin "Əks-dejavü", Ayaz İmranoğlunun "Gizli qapı", Tahir Əlinin (Əlizadə) "Mişoppa", Nicat Məmmədovun "Əlifba sırası ilə", Natəvan Dəmirçioğlunun "Açar", Fəxrəddin Qasımoğlunun "İkibaşlı əjdaha" , Arif Alimin "Tülək", Rasim Qaracanın "Zülmətdə alatoran", Vahid Məmmədlinin "Leyli və Məcnun", Əlisəfa Azayevin "Qarlı zirvə", Vüsal Nurunun "Çəhrayı buludun adamları", Günel Natiqin "Kişilərə dur deyin", Müşfiq Abbasovun "Şeytanın siması" əsərləri ilə təmsil olunur.
Elçin Hüseynbəylinin "Pərixan" romanında Şah İsmayılın nəvəsi, I Təhmasibin qızı, naibüssəltənə Pərixan obrazı əsərin mərkəz sütunu olsa da, yazıçı bu obraz vasitəsilə Səfəvi xənadanın başlanğıcı, I Təhmasib, I Şah Abbas dövrünün bədii xronikal təsvirini verməyə, mövzunu janrın imkanları çərçivəsində reallaşdırmağa nail olmuşdur. Qeyd etmək lazımdır ki, əsərin sonluğundakı qeyri-müəyyənlik, cəzbedici təsvirlər, obrazın tarixi kontekstinə bir qədər avanqard yanaşma oxucunu mətnə cəlb edir. Mübariz Cəfərlinin "Möhlət" romanı isə müəllifin magik realizm xəttinə sadiqliyini təsdiqləyir. Adəm, Həvva, Xaliq obrazlarının adlarının simvolikası isə sadə insan kontekstindən dini arxetip səviyyəsinə qədər yüksəldildiyi əsərin əsas mesajı Xaliqin Adəmə vəsiyyətidir: "Adəm səbrli, təmkinli olsa özünə qalib gələcək".
Dedektiv romanlar müəllifi Əlisəfa Azayevin "Qarlı zirvə" romanı Ümummilli lider Heydər Əliyevin həyat yoluna həsr edilmişdir. Romanda ulu öndərin ömrünün və siyasi fəalliyyətinin Moskva, Naxçıvan, Bakı dönəmləri, Heydər Əliyevə xalq sevgisi, dövlətçilik tariximizin çətin və şanlı tarixi işıqlandırılır.
Rusdilli azərbaycanlı yazıçı Tahir Əlinin (Əlizadə) "Azərbaycan" jurnalında çap olunmuş "Mişoppa" romanı da 2023-cü ilin ədəbi kontekstinə daxil olmuşdur. Bu roman magik realizm cərəyanının ədəbiyyatımızda fərqli ampulada realizə olunması ilə yadda qaldı.
2023-cü ildə roman janrına avanqard - ekperimental yanaşmanı Nicat Məmmədovun "Əlifba sırası ilə" avtofikşn romanı təmsil edir. Rüstəm Kamalın "Yurd yerindən yuxular" əsəri də avtofikşn janrına professional yanaşma ilə yadda qaldı.
İlin roman kontekstində ən maraqlı və əks-sədalı nəsr əsərlərindən biri Vüsal Nurunun qələminə məxsus, "Əsərdəki obrazlar uydurmadır, amma kim istəsə özünə, dostuna bənzədə bilər" epiqraflı "Çəhrayı buludun adamları" kuryoz-fentezi romanı oldu.
Günel Natiqin "Kişilərə dur deyin" romanında Qaradivar şəhəri fantastik toposunda baş verənlər kontekstində feminist çalarlar qabarıq görünsə də əslində əsərdə əsas olan ümumiyyətlə gender mesajlarıdır.
Firuz Mustafanın 2023-cü ildə dərc olunan "Qapı" romanı 80-ci illərdə yazılıb, lakin nə o zaman, nə də 90-cı illərdə nəşr edilməyib. Roman ilk dəfə bu il ədəbi prosesə tam şəkildə təqdim edilmişdir. Firuz Mustafanın "Qapı" romanı repressiya mövzsusunun tam fərqli rakursdan işləndiyi əsər kimi diqqəti cəlb edir.
2023-cü ildə roman janrında izlənən əsas tendensiya Qarabağ, Vətən müharibəsi, Zəfərlə bağlı mövzuların bu böyük nəsr janrında həllinə edilən cəhdlərdir. Maraqlıdır ki, bu cəhdlər müxtəlif kontekstlərdə - mifik, realist, detektiv kontekstlərdə reallaşdırılmışdır. Məsələn Fəxrəddin Qasımoğlunun "İkibaşlı əjdaha" romanı Vətən müharibəsi mövzusunu fərqli kontekstdə - Bakıya terror törətmək məqsədilə göndərilən "Koramal"ın ələ keçirilməsi dedektiv süjeti vasitəsilə təqdim edir.Yazıçı-hüquqşünas Əlisəfa Azayevin "Mübariz cəsurluğu" romanı da dedektiv romanlar müəllifinin mövzuya fərqli yanaşmaları ilə yadda qalır. Arif Alimin "Tülək" əsəri isə Qarabağ müharibəsinin arxa cəbhəsinə həsr edilib. Romanda savaş zamanında yaşayan insanın həyatı, ağrı-acıları, döyüşçü taleyi kimi məqamlar işıqlandırılır. S.Qarayevin "N saylı qəhrəmanlıq" romanının əsasını elmlə bədii ədəbiyyatın sintezini özündə ehtiva edən akademizm cərəyanı təşkil edir və Vətən müharibəsini fərqli kontekstdə tərənnüm edən bu romanın tədqiqi akademizm cərəyanının ədəbiyyatımızda təzahür xüsusiyyətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bir sıra hallarda 2022-ci ilin sonunda çap olunan romanlar 2022-ci ildən daha çox 2023-cü ilin ədəbi proses mənzərəsində görünür. Növbəti ilin ədəbi prosesində mövqeyini saxlayan romanlar təkrar nəşr və təqdim olunur. Buna misal olaraq 2023-cü ilin 14 sentyabrında Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının qeyri-hökümət təşkilatının təşəbbüsü və dəstəyi ilə təkrar nəşrinin təqdimatı və general-mayor şəhid Polad Həşimovun ailə üzvləri ilə görüşünün keçirilməsini qeyd edə bilərik. 44 günlük Vətən müharibəsinin və Zəfərin bədii salnaməsi olan "Cığır" romanı ölkə xaricində də böyük maraqla qarşılanmış və 2023-cü ildə özbək dilində nəşr edilmişdir. Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orijinaldan özbək dilinə dosent Gülbahar Aşurova çevirib.
2024-cü ilin ədəbi prosesinin ilkin konturları. Ədəbi proses müşavirəsinin təqdim olunduğu zaman 2024-cü ilin ilk yarısına təsadüf etdiyi üçün artıq növbəti, yaranmaqda olan ədəbi gündəm haqqında da söz demək mümkündür. 2024-cü ilin yarımillik ədəbi gündəmində görünən irihəcmli nəsr nümunələri - Əfşan Yusifqızının "Bədirlənmiş ay" romanı, Əli Rzazadənin "Cənab Leytenant" romanı və digər nəsr nümunələri növbəti ilin də nəsr mənzərəsində Qarabağın tarixi, Vətən müharibəsi, Zəfər ilə bağlı əsərlərin üstünlük təşkil edəcəyindən xəbər verir.