M.F. Axundovdan başlayan professional Azərbaycan ədəbi tənqidi yarandığı zamandan etibarən milli ədəbiyyatımızın tədqiqində, təbliğində, inkişafında mühüm rol oynamışdır. Azərbaycan tənqidçiləri və ədəbiyyatşünasları milli, eləcə də dünya ədəbi irsinin tədqiqi, milli ədəbiyyatın formalaşma qanunauyğunluqlarının müəyyənləşdirilməsi sahəsində mühüm xidmətlərə imza atmışlar. Azərbaycan ədəbi tənqidinin əsas problemlərindən və vəzifələrindən biri professional ədəbi tənqidin hələ tam formalaşmadığı dövrdə fəaliyyət göstərmiş, yaradıcılıqları yaşadıqları dövrdə elmi aspektdən tədqiq edilməmiş ədiblərin irsinin araşdırılmasıdır. Azərbaycan romantizminin görkəmli nümayəndəsi Abbas Səhhətin yaradıcılığı da bu qəbildəndir. Abbas Səhhətin yaradıcılığı ilə bağlı Mir Cəlal Paşayev, Kamal Talıbzadə, Cəfər Xəndan, Əziz Mirəhmədov, Məmməd Cəfər Cəfərov, Kamran Məmmədov, İsa Həbibbəyli, Məsud Əlioğlu, Abbas Zamanov, Kamran Əliyev, Bəkir Nəbiyev və digər ədəbiyyatşünaslarımızın müxtəlif aspektli araşdırmaları mövcuddur.Bu araşdırmalarda Abbas Səhhət yaradıcılığının ədəbi cərəyanlar kontekstində tədqiqi xüsusi xətt kimi diqqəti cəlb edir.
Professor Mir Cəlal Paşayev araşdırmalarında Abbas Səhhətin yaradıcılığında həm romantik, həm də realist ədəbi məktəbin ənənələrinin eyni zamanda təzahürünün ədibin irsinin unikallığını şərtləndirdiyini xüsusilə qeyd edir: "Abbas Səhhət dövrünün çox az yazarlarından olub ki, hər iki - həm romantik, həm də realist ədəbi məktəbin nümayəndəsi kimi Azərbaycan ədəbiyyatında, mətbuatında, ədəbi mühitində tanınıb, oxunub, sevilib və yaddaşlarda həkk olunub... Abbas Səhhət romantiklər arasında məktəb, tərbiyə ilə ən çox bağlı olan şairdir... Səhhətin fikrincə, müsəlmanlar ona görə geri qalmış, qapaz altına düşmüşlər ki, ehkami-dini pozdular, şəriəti düz yerinə yetirmədilər." Professor Abbas Zamanovun, Əziz Mirəhmədovun, Cəfər Xəndanın tədqiqlərində isə Abbas Səhhətin maarifçilik ideyalarına xüsusi diqqət yetirilir. Abbas Zamanov yazırdı: "Səhhətin gözəl uşaq şeirləri yetmiş ildir ki, dərsliklərimizin səhifələrindən düşmür, bu gün də məktəblilərimizin dilinin əzbəridir. Abbas Səhhətin şair, tərcüməçi, ictimai xadim, həkim, müəllim kimi gördüyü işlərin, xalqa etdiyi xidmətlərin on illik ümumi mənzərəsinə nəzər saldıqda heyrətə gəlir, inanırsan ki, o, bu illərdə xalqın mədəni inkişafı üçün əlindən gələn hər şeyi etmiş, heç bir fədakarlıqdan çəkinməmişdir. İnanırsan ki, o, çoxcəhətli yaradıcılığında və fəaliyyətində yalnız bircə məqsəd düşünür:
Fikrimiz tərbiyeyi-millətdir,
Qəsdimiz millətə bir xidmətdir."
Əziz Mirəhmədov da Abbas Səhhətin maarifçilik fəaliyyətini xüsusi vurğulayır: "Səhhət sözü ilə işi bir olan xadim idi. Xalqa məktəb lazım idi - onlar da açdılar. Xalqa yeni teatr lazım idi - yaratdılar, hətta qadın rolunu da bir müddət özləri oynadılar. Xalqa tibbi yardım lazım idi - göstərdilər. Kitab lazım idi - yazdılar. Qəzetjurnal lazım idi - çıxartdılar...".
Akademik Məmməd Cəfər Cəfərovun, akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü Kamran Əliyevin tədqiqatlarında Abbas Səhhət yaradıcılığı Azərbaycan romantizmi kontekstində tədqiqə cəlb edilir. Akademik İsa Həbibbəyli Abbas Səhhətin Azərbaycan romantizminin nümayəndəsi olduğunu əsaslandırmaqla yanaşı onun ədəbi-bədii görüşlərində sentimentalizmin izlərinin olduğunu da qeyd edir: "Doğrudur, Abbas Səhhətin ədəbi manifesti kimi səslənən "Təzə şeir necə olmalıdır" adlı məqaləsi 23 fevral 1905-ci il tarixdə "Həyat" qəzetində dərc edilmişdi. Lakin məqalədən göründüyü kimi, Abbas Səhhət cəmiyyət hadisələrinin dəyişməsi ilə əlaqədar olaraq, ədəbiyyatın, şeirin "təzə səbkiyə" keçməsi zərurətini düzgün dərk etmişdi. Lakin onun "Təzə şeir necə olmalıdır" sualına verdiyi açıqlama xəyala əsaslanan romantizmin yox, bu ədəbi cərəyana çox yaxın olan və hissiyyat üstündə qurulan sentimentalizmin sənət kredosunu ifadə edirdi: "Yazı yazdığımız vaxt hər şeydən müqəddəm hissiyyata tabe olmaq gərək. Tainki kəlamın oxuyanların qəlbinə təsiri ola və başqasının hissiyyati-qəlbisini oyandır.". Azərbaycan ədəbi tənqid tarixində Abbas Səhhət yaradıcılığı ilə bağlı fundamental tədqiqin müəllifi olan akademik Kamal Talıbzadə də Abbas Səhhəti Azərbaycan romantizminin əsas imzalarından biri kimi təqdim edir: "Səhhət poeziyasında obyektiv romantik istiqamət üstünlük təşkil edir və üslubi xüsusiyyət onun peyzajları üçün daha səciyyəvidir, elə bu xüsusiyyətləri ilə də o, Koltsov və Nikitinə çox yaxındır." Kamal Talıbzadə ədibin yaradıcılığında azadlığın, sevginin, vətən eşqinin tərənnümünün milli folklor və ədəbi-mədəni ənənələr kontekstində və bazisində öz əksini tapdığını xüsusi vurğulayır. Akademikin qənaətinə görə Abbas Səhhətin yaradıcılığında əks olunan maarifçilik, romantik düşüncə vüsəti, vətənə sevgi motivləri onun yaradıcılığının Azərbaycan milli mədəniyyəti və ədəbiyyatındakı yerini müəyyənləşdirən əsas cəhətdir.
Abbas Səhhət yaradıcılığı bu gün də Azərbaycan ədəbi tənqidinin diqqətindədir. Prof. A. Rüstəmlinin, F. Ələkbərlinin, S.Fərəcovun, S. İsmayılovanın, R. Məmmədovanın, F. Qəzənfəroğlunun, R. Əliyevin və digər tədqiqatçıların ədibin yaradıcılığının müxtəlif aspektlərinə həsr edilmiş tədqiqatları buna bariz sübutdur.
Elnarə Qaragözova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Ədəbi tənqid" şöbəsinin aparıcı elmi işçisi
Fil.f.d., dosent
https://olaylar.az/news/edebiyyat/564444