Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

27-06-2024 [ 17:09 ] [ oxunub:9 ]
printerA+ | A-
104696

İyunun 27-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Əvvəlcə Fəxri xiyabanda görkəmli alimin məzarı ziyarət olunub, üzərinə güllər düzülüb.

Daha sonra tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun foyesində akademik Məmməd Arif Dadaşzadənin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçiriblər.

Mərhum alimin ailə üzvlərinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələrinin, Ədəbiyyat və Folklor institutlarının əməkdaşlarının və media mənsublarının iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açıb. O, Məmməd Arif Dadaşzadənin mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından bəhs edib, alimin XX əsr Azərbaycan ədəbi-tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli görkəmli elm xadimi Məmməd Arif Dadaşzadənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranmasında, təşəkkülündə, strukturunun və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rolu olduğunu bildirib. Qeyd edib ki, ədəbiyyatşünas alimin 120 illiyinə töhfə olaraq AMEA-nın Rəyasət Heyətinin qərarı ilə  Məmməd Arif Dadaşzadənin əsərlərinin biblioqrafiyası çapa hazırlanır.

“Akademik Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biridir”, - deyən akademik İsa Həbibbəyli bu görkəmli şəxsiyyətin Azərbaycan ictimai fikir və ədəbiyyat tarixində özünəməxsus yeri olduğunu vurğulayıb. Bildirib ki, tənqidçi və ədəbiyyatşünas kimi akademik Məmməd Arif Dadaşzadə elmi fəaliyyətində, təhlillərində və qiymətləndirmələrində obyektivliyi, ədaləti, gerçəkliyi qoruyub saxlayıb. O, yarım əsrdən çox bir dövr ərzində Azərbaycan və dünya ədəbiyyatını araşdırıb ümumiləşdirərkən dövrü üçün müdriklik və müasirlik nümunəsi ola biləcək elmi düşüncə ilə təhlillər və müqayisələr aparıb. Alim konkret ədəbi şəxsiyyətlərə qiymət verərkən dövrün ədəbi və ictimai proseslərini nəzərə alıb. 

Diqqətə çatdırılıb ki, Məmməd Arif Dadaşzadə yenilikçi mövqeyi ilə Azərbaycan ədəbiyyatşünaslığında silinməz izlər qoyub. Onun XX əsr Azərbaycan dramaturgiyasının əsas yaradıcılarından biri olan Cəfər Cabbarlıya həsr olunmuş monoqrafiyası geniş həcmli elmi əsərlər sırasında xüsusi çəkiyə malikdir. Həmçinin akademik Məmməd Arif Dadaşzadənin “Səməd Vurğunun dramaturgiyası” adlı monoqrafiyası Xalq şairi Səməd Vurğunun yaradıcılığının monoqrafik miqyasda öyrənilməsində etibarlı elmi bələdçidir.

Məmməd Arif Dadaşzadə ilə bağlı xatirələrini bölüşən akademik İsa Həbibbəyli onu böyük alim, ədalətli şəxsiyyət kimi xarakterizə edib. O, 1974-cü ildə ədəbiyyatşünas alimin yubileyində iştirakını xatırlayıb, Azərbaycan cəmiyyətinin Məmməd Arif Dadaşzadəni böyük elm xadimi kimi yüksək dəyərləndirməsinin əyani şahidi olduğunu bildirib.

Qeyd olunub ki, görkəmli alim və bacarıqlı təşkilatçı olan Məmməd Arif Dadaşzadə 1938-ci ildən Ədəbiyyat İnstitutunda fəaliyyətə başlayıb, həmin ildən şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında direktor müavini vəzifələrində işləyib, iki dəfə bu elm ocağının direktoru seçilib. O, 1960-cı ildən ömrünün sonunadək Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.

Akademik İsa Həbibbəyli alimin böyük elmi məktəb yaratdığını, ziyalı nəsillərin yetişməsində, millətin yeni qələm sahiblərinin formalaşmasında mühüm rol oynadığını söyləyib.

Daha sonra Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Ədəbiyyat İnstitutunun yaradılması və təşəkkülündə Məmməd Arif Dadaşzadənin yeri və rolu” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, Məmməd Arif Dadaşzadə elmi və ədəbi-ictimai fikrimizin tarixinə müdriklik və müasirlik nümunəsi kimi daxil olmuşdur. Ədibin əsərləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin yeni mərhələsinin, müasir ictimai fikrimizin də inkişaf yoluna işıq salır. Milli ədəbiyyat tarixinin yaradılmasında yaxından iştirak edən alim respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə töhfələrini əsirgəməmişdir.

Elmi sessiyada, həmçinin Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Cəfər Cabbarlının yaradıcılıq metodu akademik Məmməd Arifin tədqiqatlarında”, Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Akademik Məmməd Arif Dadaşzadənin ədəbi-tənqidi görüşləri”, XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy “Səməd Vurğun irsi akademik Məmməd Arif Dadaşzadənin araşdırmalarında” və filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Dadaşzadə “Akademik Məmməd Arif Dadaşzadə və ədəbi-mədəni mühit” adlı məruzələrlə çıxış ediblər.

Məruzələrdə qeyd olunub ki, akademik Məmməd Arif Dadaşzadə bir çox elmi-nəzəri kitab, dərslik, yüzlərlə məqalə yazmış, ömrünün təqribən 40 ilini dünya ədəbiyyatından tərcümələrə həsr etmişdir. O, sözün əsl mənasında ədəbiyyatşünaslıq məktəbi, ədəbi tənqid və tənqidçilər məktəbi yaratmış şəxsiyyətlərdən biridir.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Məsimov və filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva çıxış edərək ədəbiyyatşünas alimin çoxcəhətli yaradıcılığını müxtəlif aspektlərdən təhlil ediblər.

Sonda Məmməd Arif Dadaşzadənin nəvəsi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə babasının xatirəsinə göstərilən diqqətə görə AMEA rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR