Əsrlər boyu İraqda yaşayan soydaşlarımızla bir bayraq altında birləşmişdik. Hətta Uzun Həsənin vaxtında ölkənin paytaxtı yayda Təbriz, qışda Bağdad olmuşdu. Lakin 1747-ci ildə Nadir şah qətlə yetiriləndən sonra Bağdad, Kərkük, Mosul osmanlı türklərinin təbəəliyinə keçdi. İraqla əlaqələrimiz kəsilmək dərəcəsinə çatdı. Məhz buna görə də Azərbaycan hakimləri İraqda məskən tutmuş qəbilələri geri qaytarmağa təşəbbüs göstərdilər. Bu münasibətlə Mirzə Camal Cavanşir yazır: "1747-ci ildə Nadir şah qətlə yetirildikdən sonra Pənah xan yanında olan adamlarla birlikdə Qarabağ ellərini qarşılamaq üçün İraq və Azərbaycan sərhədlərinə qədər getdi. Onların bu səfəri bir nəticə vermədi" (Mirzə Camal Cavanşir Qarabağlı. "Qarabağ tarixi". Bakı, 1959, s.14-15).
Doğrudur, Şah İsmayılın vaxtında Bağdad, Mosul, Kərkük yenidən Azərbaycana qaytarıldı. Lakin bu çox çəkmədi.
"Çaldıran vuruşu"nda səfəvilər məğlub olduqdan sonra Bağdad, Kərkük, Mosul birdəfəlik xan itirib, paşa qazandı.
Demək lazımdır ki, Bağdad və ətraf yerlərdə təkcə Qarabağ elləri deyil, Güney və Quzey Azərbaycanın hər yerindən qəbilələr məskən salmışdılar. Ara kəsiləndən sonra soydaşlarımız qəm, qüssə, kədərini həsrət nəğmələrində tapdılar:
Əslim qarabağlıdı,
Sinəm çarpaz dağlıdı,
Kəsilib gəlib-gedən,
Demə, yollar bağlıdı.
Bağdad yolu Gəncədi,
Gülü pəncə-pəncədi.
Demə, sizdən irağıq,
Məhəbbət ölüncədi.
Eysim qərib;
Eysim, yoldaşım qərib.
Bilmirəm, haralıyam,
Torpağım-daşım qərib.
Ayrılıq - əlacı olmayan dərdə bənzəyir, ağrısı-acısı insanı yandırır. Ayrılıq hər bir dərddən betər olur.
O ayrılığın təsiri günümüzdə də davam edir. Təsadüfi deyil ki, yazıçı Mövlud Taha Qayaçı və görkəmli müğənni Əbdülvahid Kuzəçi haqqında "Vida" sözüm "O da Bakı həsrəti ilə yaşayırdı" cümləsi ilə bitir.
Qəribədir ki, görkəmli İraq-türkman şairi, ədəbi-mədəni, elmi əlaqələrimiz yolunda misilsiz xidmətlər göstərən Əbdüllətif Bəndəroğlu, hələ Bakını görmədən "Bakıya həsrət" şeirini yazmışdı.
Azərbaycana çoxsaylı gediş-gəlişindən sonra da ayrılıq qəlbini sızıldadırdı:
Yaşar könlüm;
Çırpınar, yaşar könlüm.
Bağdadda bir ah çəkər,
Bakıda yaşar könlüm.
Yuxarıdakı bayatı-xoyratlardan da göründüyü kimi, nə kəsilən yollar, nə ayrılığa gətirib çıxaran illər bu elatın dilinə təsir edə bilməmişdir.
Bu münasibətlə kərküklü tədqiqatçı Səid İrmaq yazmışdır:
"Vətən torpağı kiçilib-genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tükənə bilər, tarixi təhrif edilə bilər. Hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər, lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir. ("Qardaşlıq", №5, Bağdad, 1962)".
O vaxtdan ədəbi dil osmanlı türkcəsi kimi qəbul olunsa da, danışıq dili Azərbaycan dilini təmsil edir. Xalq dil məsələsindəki qətiyyətini bayatılarda bəyan edir:
Dilim-dilim;
Kəs qovun dilim-dilim.
Mən dilimnən vaz keçməm,
Olursam, dilim-dilim.
Biz bütün bunlardan xəbərsiz idik. İ.V.Stalinin ölümündən (1953) sonra, Sovet İttifaqında ab-havanın yumşaldığı keçən əsrin 60-cı illərində xəbər tutduq.
İraqa gediş-gəliş başlayandan sonra məlum oldu ki, İraqda Türkman adlanan, azərbaycanca danışan, dilini, adət-ənənəsini, folklorunu, ədəbiyyatını qoruyan elat vardır. Rəsul Rzanın "Uzaq ellərin yaxın töhfələri", Xalq şairi ilə birgə çap etdirdiyimiz "Kərkük bayatıları" (1968), mənim "Elm və həyat" dərgisində çap olunan "İraq azəriləri" (1987), "Ulduz" jurnalında işıq üzü görən "Kərkük şairləri" (1968), kərküklü Sinan Səid və Nərminə Məmmədovanın birgə oxuduqları Kərkük mahnıları ölkəmizdə görünməmiş marağa səbəb oldu.
O da məlum oldu ki, keçən əsrin 50-ci illərindən başlamış, kərküklü tədqiqatçı, universitet təhsilli Əta Tərzibaşı dil və folklor birliyimizdən bəhs edən, ədəbi-mədəni, elmi əlaqələrimizə həsr olunan qiymətli əsərlər yazmışdır.
İraq-türkman folklorşünaslıq və ədəbiyyatşünaslıq elminin patriarxı Əta Tərzibaşının bütün əsərlərini ölkəmizdə çap etdik. Tədqiqatçının birliyimizdən bəhs edən əsərləri və fəaliyyəti Azərbaycanda yüksək qiymətləndirildi. Azərbaycan Sovet Ensiklopediyasında haqqında oçerk verildi (ACE, IX cild, 1986, s.257). Əta Tərzibaşı, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi. 1994-cü ildə Füzulinin 500 illik yubileyinə gedəndə Anar, Yaşar Qarayev, Sabir Rüstəmxanlı, Ayaz Vəfalı kərküklü Mustafa Ziyanın bələdçiliyi ilə Əta bəyi ziyarət etdik. Anar Yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim edəndə Əta bəyin çöhrəsində bir məmnunluq duydum.
Ədəbi və elmi əlaqələrimiz yolunda böyük xidmətlər göstərən Əbdüllətif Bəndəroğluna da Azərbaycan Sovet Ensiklopediyasında oçerk həsr olunub (ACE, IV cild, 1980, s.126).
Ə.Bəndəroğlu da Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.
Əta Tərzibaşı,
Əbdüllətif Bəndəroğlu və Nəsrin Ərbil haqqında
Professor Teymur Əhmədovun "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) Ensiklopedik məlumat kitabı"nda (Bakı, "Nurlar", 2011) geniş oçerklər vermişəm.
Mən Yazıçılar Birliyinin sədri Anarın təklifi ilə İraq türkman ədəbiyyatı üzrə Birliyə müşavir təyin edildikdən sonra əlaqələrimiz təşkilati status qazandı və onun daha geniş vüsət alması üçün çeşidli tədbirlər keçirməyə mənəvi stimul oldu.
İndi İraq türkmanlarından 13 nəfər: Əta Tərzibaşı, Nəsrin Ərbil, Əbdüllətif Bəndəroğlu, Məhəmməd Bayat, Mustafa Ziya, Şəmsəddin Kuzəçi, Fövzi Əkrəm, Mövlud Taha Qayaçı, Nicat Kövsəroğlu, Aydın Kərkük, Faruk Köprülü, Əsəd Ərbil, Rıza Çolakoğlu Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.
Yeri gəlmişkən, Yazıçılar Birliyində Şəmsəddin Kuzəçinin Ankarada çap etdirdiyi "Rəsul Rza. Uzaq ellərin yaxın töhfələri" əsərini İraq türkman yazarlarının (40 nəfər) hamısının iştirak etdiyi təqdimat mərasimində (1.XI.2023) Birliyin İraq türkman ədəbiyyatı üzrə müşaviri səlahiyyətindən istifadə edərək, şairlərdən: Əli Yavuz, Qədriyyə Ziya, professorlar: Mehmet Ömər Qazançı, Mahir Naqib və Süphi Saatçının Yazıçılar Birliyinə fəxri üzv seçilməsinə dair Birlik qarşısında vəsatət qaldırdım.
Onu da deyim ki, ilk dəfə İraq türkmanlarından professorlar Süphi Saatçı və Mahir Naqibi Akademiyanın Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayevin təşkilatçılığı ilə Ədəbiyyat İnstitutunda İraq türkman folkloruna həsr olunmuş konfransa öz hesabıma mən dəvət etmişdim. Eləcə də, Nəsrin Ərbil və Mövlud Taha Qayaçını Bakıya ilk dəfə mən dəvət etmişdim.
Şükürlər olsun, indi İraq türkman yazarları tez-tez ölkəmizə gəlir, dövlət universitetlərində, Milli Kitabxanamızda, Yazıçılar Birliyində, Ədəbiyyat İnstitutunda, "Ədəbiyyat qəzeti" redaksiyasında, Folklor İnstitutunda, Atatürk Mərkəzində, özəl universitetlərdə, orta məktəblərdə və s. onlarla görüşlər, kitabların təqdimatı keçirilir. İraqlı soydaşlarımız dövlət əhəmiyyətli tədbirlərə dəvət olunurlar.
Keçən il, oktyabr ayında keçirilən Azərbaycan yazıçılarının qurultayında Nəsrin Ərbil iraqlı türkman şairləri təmsil etdi.
Şəmsəddin Kuzəçi isə, təklifimlə Yazıçılar Birliyinin orqanı "Ədəbiyyat qəzeti"nin Redaksiya Şurasına seçildi.
Yeri gəlmişkən, Dr. Şəmsəddin Kuzəçi bu ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib. İndiyə qədər ölkəmizdə dövlət qurumlarında iraqlı soydaşlarımızdan yalnız Əbdüllətif Bəndəroğlu Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmişdi.
Azərbaycanda İraq türkman folkloruna, ədəbiyyatına və ləhcəsinə neçə-neçə dissertasiyalar, monoqrafiyalar, publisistik və elmi məqalələr həsr olunmuşdur. Hazırda iki nəfər dissertant Ədəbiyyat İnstitutu və Pedaqoji Universitetdə İraq türkman ədəbiyyatından, bir nəfər isə, Folklor İnstitutunda mərasim folklorundan dissertasiya yazır.
Sevindirici haldır ki, son vaxtlar ədəbi-mədəni, elmi məqalələrimiz dövlət səviyyəsində inkişaf edir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli qərarı ilə Akademiyanın nəzdində "İraq Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası" yaradıldı. Yığıncaqda "Azərbaycan İraq türkman araşdırmaları" mövzusunda geniş məruzə etdim. Məruzəm "525-ci qəzet"də çap olundu (24.07.2023). İyirmi bir nəfərdən ibarət Şuranın sədri akademik Teymur Kərimli, müavini mən təyin olunduq.
Sevindim ki, arzularım yerinə yetir.
Bu ilin oktyabr ayında dövlət səviyyəsində böyük bir tədbir keçirildi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "İraq türkmanları və türk dünyası: tarixi yaddaşın bərpası" adlı Beynəlxalq elmi-praktik konfrans keçirildi. Yüksək səviyyədə keçən konfransda azərbaycanlı alimlərlə bərabər, 40-dan artıq İraq türkman yazarları, şairləri, radio və televiziya işçiləri, dərgi və qəzet redaktorları, ictimai xadimlər iştirak etdilər. Onlar İraq, Almaniya, Hollandiya, Türkiyə və s. ölkələrdən gəlmişdilər.
Konfransda professorlardan: Çoban Xıdır Uluxan (Kərkük Universiteti), Məhməd Ömər Qazançı (Bağdad Universiteti), Mahir Naqib (Çankaya Universiteti), Ömər Türkmanoğlu (Qazi Universiteti), Fövzi Əkrəm (İraq Ədəbiyyatçılar və Yazıçılar Birliklərinin türkman bürosunun sədri), Aydın Kərkük (İraq türkman Ədəbiyyatçılar Birliyinin sədri), Faruk Abdullah (Bağdaddakı Türkman Ocağının sədri, İraq Türkman Cəbhəsinin sabiq sədri), Gürşad Çavuşoğlu (Türkman Həmrəylik Təşkilatının sədri), Neset Bacalan (Niderlandda Türkman diaspor Təşkilatının rəhbəri), Şəmsəddin Kuzəçi (Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri), Yıldız Səadəddin (Bağdad Universiteti), Gülzar Bayatlı (Türkmaneli Televiziya kanalının aparıcısı), Əhməd Haşim Muxtaroğlu (jurnalist, Türkman Təhsil İdarəsinin müdiri), Qənim Osman (İraq Türkmanları İnsan Haqları Birliyinin Almaniya təmsilçisi) və başqalarının məruzələri böyük maraqla qarşılandı.
Azərbaycan tərəfindən çıxış edən Sabir Rüstəmxanlı, Rəşad Məcid, Əflatun Amaşov, Vüqar Zifəroğlu, Əfzələddin Əsgər, Xatirə Bəşirova, Güllü Yoloğlu, Elçin Əsgərov, Səkinə Qaybalıyeva, Ləman Süleymanova, Adil Zeynalov və başqalarının məruzələri elmiliyi ilə seçilirdi.
Elə buradaca deyim ki, Ərbildən Əsəd Ərbilin, Ankaradan Nəsrin Ərbil və Mustafa Ziyanın, İstanbuldan professor Suphi Saatçı və Ərşad Hürmüzlünün konfransa dəvət olunmaması təəssüf doğurdu. Bununla belə, konfrans mənəvi və fiziki birliyimizin bariz nümunəsinə çevrildi.
Sevincimin həddi-hüdudu yox idi. Təkcə ona görə yox ki, İraq Mədəniyyət Naziri Dr. Əhməd Əl-Fikək və İraq Yazıçılar Birliyində Türkman Mədəniyyət bürosunun sədri, sabiq millət vəkili Fövzi Əkrəm Tərzioğlunun imzası ilə mənə ünvanlanan "İraq türkman mədəniyyətinin dost Azərbaycan dövlətində tanıdılması və dəstəklənməsində böyük xidmətinizi nəzərə alaraq, səylərinizi yüksək qiymətləndirir və Sizə Yaradıcılıq Plaketini təqdim edir, təşəkkür və minnətdarlığımızı bildiririk" - Yaradıcılıq Plaketi ilə təltif olundum, bir də ona görə ki, ürəyimdə boy atan arzularım yerinə yetir.
Ulu öndər Heydər Əliyev İraqdakı soydaşlarımızın "Qardaşlıq" dərgisinə verdiyi müsahibədə demişdir:
"Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır" ("Qardaşlıq" dərgisi, №8, s.4, İstanbul, 2000).
Hədsiz dərəcədə sevinirəm ki, müəyyən tarixi-siyasi səbəblər üzündən parçalanmış xalqımız mənəvi cəhətdən bütövləşir.
P.S. Bakıda "İraq türkmanları və türk dünyası: tarixi yaddaşın bərpası" adlı Beynəlxalq elmi-praktik konfransın plenar iclasında (30.10.2023) çıxışımdan sonra iraqlı
soydaşlarımızdan bəzisi xahiş etdi ki, çıxışımı məqalə
halında mətbuatda çap etdirim. "Türkmaneli" və ya "Kərkük" qəzetlərinin birində, eləcə də soydaşlarımızın İstanbulda çıxan "Qardaşlıq" dərgisində çap etdirəcəyimi nəzərə alaraq, məqalədə bəzi təfsilatlara varmışam.