Professor Cavanşir Yusifli çağdaş ədəbi prosesə münasibətdə ən aktiv bir neçə tənqidçi imzasından biridir. Bununla belə, onu ədəbi tənqidimizin zahidi kimi görürəm: həmişə hər yerdə görünməz, göründüyü yerlərdə belə, sanki "burada deyil" kimi hiss oyadar. Fikrimcə, istənilən yazar üçün vacib şərtlərdən biri öz "xarizmasını" mətnlərinə yansıda bilmək bacarığıdır; yaxşı əsərmətn həmişə öz müəllifinə bənzəyir, çünki xalis enerjisini daşıyır. Cavanşir Yusifli həm az qala, hər həftə yeni bir esse yazır, yəni çox şey deyir, həm də hər mətni danışdıqca daha çox susur, elə bilirsən, əslində, demək istədiklərini yazdığı cümlələrdə "boğur". Onun yazıları möhkəm səslə öz içinə qışqırmaq kimidir...
"XXI əsrin ədəbi tənqidi" silsiləsini yazmaqda məqsədim çağdaş Azərbaycan ədəbi tənqidinin ümumi mənzərəsində ayrı-ayrı ədəbiyyatşünas ənqidçiesseistlərin yaradıcı fərqini göstərməkdir. Hərçənd bu silsilənin digər yazılarından da göründüyü kimi, mən nə arxaik "tənqid" sözününlayışını sevirəm, nə də tənqidçi adınıünvanını. Di gəl uzun illər beyinlərdə oturuşmuş bu anlayışın sıfırlanması üçün bizə hələ xeyli zaman lazım olacaq. Baxmayaraq ki, növbəti dəfə israr edirəm, klassik ədəbi tənqid yerini böyük ölçüdə artıq esseistikaya verib və ömrünü tamamən başa vurması yaxın 3-5 ilin işidir.
Yeri gəlmişkən, qeyd edim ki, çox vaxt esse janrına tərəddüdlə yanaşılmasının səbəbi məlumatsızlıqdır; çoxuna elə gəlir ki, "tənqidçi" adının "vahiməsi" yanında "esseist" ünvanı çox sönük qalır. Ona görə əksər müəllifin mətnləri janr xüsusiyyətləri etibarilə əsasən esse olsa da, tənqidçi adına israr edir. Halbuki esse müəllifə ədəbiyyatın çərçivəsində qalmağa imkan vermir, ondan müxtəlif elm və sənət sahələri ilə bağlı, heç olmasa, maraqlı mətn ərsəyə gətirəcək qədər çoxtərəfli bilgilər tələb edir. Çağdaş tənqidçiesseist onsuz da mətnə “qiymət verən”, onun ədəbi prosesdəki yerini müəyyənləşdirən "hakim" ola bilmir, çünki buna tələb yoxdur, ehtiyac duyulmur. Bu gün mətnin şərhi, təhlili oxucu üçün tanıtım xarakterlidir. Etiraf edək ki, burada artıq ədəbiyyat maraqlarından daha çox konkret olaraq müəllif və ya nəşriyyat maraqları öndədir. Yazarkən bunu düşünsək də, düşünməsək də, nəticə buraya varır. İndi mətnin özündən çox onun haqqındakı fikir fikir doğurur. Əlbəttə, son söz yenə oxucunundur, amma tənqidçiesseist də ixtisaslı oxucudur və o yalnız mətn haqqında qənaətlərini bölüşmür, dolayısı ilə müəllifin obrazını yaratmış olur.
Tənqidə qarşı tələblər gərəkdiyindən çoxdur. Bəzən "amplua" sözünü "ampula", "doğrudan"ı "doğurdan" yazan yazıçılar belə, tənqidin köhnəliyindən, yoxluğundan şikayətlənir. Səbəb isə həmişəki kimi, "məndən yazmırsa, demək yoxdur" yanaşmasıdır. Ümumiyyətlə, ədəbi tənqidlə bağlı atılan istənilən addım produktiv ola bilmir, səbəblər nə qədər subyektiv kimi görünsə də, əslində, mahiyyətin dərinliyinə, genişliyinə varsaq, nəticə etibarilə, tamamilə obyektivliyinə şahid olarıq. Ədəbi tənqidin canlı mexanizm kimi fəaliyyətinə mane olan amillər aradan qalxmadıqca (bu möcüzə heç vaxt baş verməyəcək) hansı qurumlarda bu ad altında fəaliyyətə başlanırsa başlansın, bu, bəzən Sizif əməyindən, bəzən isə sadəcə, göstərişdən ("Show must go on") ibarət olacaq. Ədəbi tənqid müxtəlif ictimai təcrübə və şərtlərlə bağlı olduğundan dövr yeni tipli oxucusunu yaradır və bu halda, bütün digər sahələr kimi, ədəbi tənqid də formasını, məzmununu dəyişir.
Ədəbi-tənqidi diskurs sonuncu dəfə nə vaxt funksional olub, nə vaxt rezonans yaratma gücünə malik olub? Məhz mətn üzərindən tənqidi diskurs yoxdur, olsa belə, çox vaxt hesablanmış, razılaşdırılmış süni prosesdən ibarət olur. Ara-sıra bu arxaik diskursa can vermək cəhdləri olsa da, proses elə gedir ki, İsa nəfəsinin belə ona xeyri yoxdur və heç gərək də deyil. Amma ümumi şəkildə bu diskursu "tənqidi" adlandırmağa alışmışıq, odur ki, hələlik belə də davam edək.
Cavanşir Yusifli onlarla tərcümə kitabının, həmçinin "Bədii mətnin sirləri", "Ədəbiyyatda yaşamağın formulu", "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi", "Gülüş və dünyanın sonu", "Yaddaşın poetikası", "Sözdən əşyaya" və s. kitabların müəllifidir. Budəfəki ədəbi tənqid haqqında mülahizələrimi əsasən müəllifin "Mətn, işarə, məna" kitabı üzərində qurmaqla yanaşı, yeri gəldikcə bu əhatə dairəsindən kənara çıxacağam. Çünki 2019-cu ildə çap edilmiş bu kitabdakı əsas tendensiya - mətnin ideya və məzmun qatına deyil, onları yaradan məna qatlarına, işarələr sisteminə fokuslanma C.Yusiflinin ötən əsrin sonlarındakı tənqidi mətnləri üçün də xarakterikdir. Və elə ilk tənqidi yazılarından onun klişelərə qarşı olduğu, oturuşmuş düşüncəni dağıtmağa meyilliliyi özünü göstərir.
2016-cı ilin poeziyası haqqında məruzəsində Cavanşir Yusifli Şəms Təbrizinin "Şeirdə sözün meydanı dar, Mənanın meydanı geniş olmalıdır..." fikrini yada salır. Özünün xüsusən son dönəm "Ədəbiyyat qəzeti"ndə çap olunan yazıları ilə bu ifadəni bütünlükdə yaradıcılığa aid etməyin mümkünlüyünü sərgiləyir. Cavanşir Yusiflinin tənqidi yaradıcılığının əsasında nəzəri təcrübə dayanır, onun filoloji yanaşması məhz mətnin içindəki məna tutumu və onun ifadə olunduğu işarələr sistemi ilə bağlıdır. Doğrudur, ümümi mənzərədə əksər ədəbiyyatşünas ənqidçiesseist üçün vacib olan elə bu cəhətlərdir. Amma müəyyən məqamdan sonra bu şərhlərdə həmin o arayış başını alıb gedir və mətnin şərhinə, bəzən mənaların interpretasiyasına gətirib çıxarır.
Cavanşir Yusifli mətnə, hər şeydən öncə, nəzəriyyəçi kimi yanaşsa da, şeirə təhliləgəlməyən mətn kimi yanaşdığı məqamlar olduğunu da görə bilirik: "Bu misraların içindəki hisslər "düşünülmədiyindən" bütün hallarda şeirin izahı bizə heç nə vermir, təhlil etdikcə bədii mətnin özündən addım-addım uzaqlaşırsan". Bu metafizikliyi, sirrin mətndən öncə gəlməsini tənqidçi nəzəri müddəa ilə əsaslandırır. C.Yusifliyə görə, yaxşı mətnin özəyində reallıq dayanmır, əksinə, mətn özü reallığı yaradır və onun təhlillərinin mərkəzində həmişə yalnız mətn və müəllifin yaratdığı işarələr sistemi görünməkdədir - bu tandemin doğurduğu sirr. Onun mətnləri aysberqin altında alov axtarmaq kimidir. Əgər adətən, tənqidçi mətni təhlil edirsə, C.Yusifli mətninsözün arxasındakı məqsədin, ideyanın yaranma stixiyası, səbəblər və zəmininin üzərinə işıq tutur. Müəllifin nəyi necə yazdığı ilə yanaşı, nə üçün yazdığı da görünür onun şərhlərindən - mətnin sirri açılır.
Cavanşir Yusiflinin mətnləri istər mövzu və problematika seçimi, istər məsələnin qoyuluşu etibarilə hər zaman bütövlükdə prosesin əks qütbündə dayanır və onun üslubuna ilk baxışdan həmişə bir az anlaşılmazlıq kimi görünən mürəkkəblik, dərinlik, bir az da sərtlikkateqoriklik xasdır. Sonuncu nə zaman təzahür edir mətnlərdə? Müəllif öz bilgi və bazasına güvənəndə, alternativ fikir əndişəsinə qapılmayanda kateqoriklik üstünlük təşkil edir.
"Mətn, işarə, məna" kitabından da göründüyü kimi, Cavanşir Yusifli həm klassik, həm də çağdaş ədəbiyyat nümunələrini təhlil edir. Hər iki halda, poeziyaya üstünlük verir. Bəlkə, bu ona görədir ki, professorun düşüncəsincə, poeziya yalnız gerçəküstü olanın ifadəsidir (və yaxud gerçəyin gerçəküstü ifadəsidir): "Poeziya görünməyən, ağla gəlməyən dünya ilə təmasdan bəhs edir və bu qaranlıq və görünməyən dünya zamanla görünən, əlini toxundura bildiyin gerçəklikdən daha yüksək və əhəmiyyətli olur..."
Kitabda "Formanın müqəddəs sirri" silsiləsindən ibarət olan "Ayrılan yollar - Qasım bəy Zakir", "Bədii mətnin janr-üslub konteksti: Mola Pənah Vaqifin görmədikləri", "Axundov yaddaşı", "Dilin və bədii təfəkkürün bədii formada ifadəsi" məqalələri klassik ədəbiyyata müasir baxışdır. İlk ağla gələn "formanın sirri varmı?" sualıdır, özü də müqəddəs? Cavab, əlbəttə, bütünlüklə silsilədə, ən çox da ilk məqaləsində əks olunub. Bu baxımdan ədəbiyyatşünasın müqayisəli müstəvidəki müşahidələri də maraqlıdır. Məsələn, "Formanın müqəddəs sirri"ni çözməyə çalışarkən Seyid Əzimi Zakirlə müqayisə edir: "Zakirdən fərqli olaraq, Seyid Əzimdə satirik kontekstə keçid "yarğanlar şəklində" hiss edilmir. Seyid Əzimin bu tipli mətnlərində vəziyyəti duyaraq, yaşayaraq, ondan çıxış yolunun qaldığını güman edərək yazmaq tərzi hiss edilir". Həmçinin məsələyə başqa bir istiqamətdən nəzər yetirərək, forma baxımından da qəzəlləri özü üçün, satiralarını sosial diqtə ilə yazıbmış kimi görünən Seyiddə bu keçidin sanki "öz intonasiyasına ironiya" ilə süsləndiyini qeyd edir.
"Ey Şeyx Nizami" məqaləsində Seyid Əzim Şirvaninin:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü - ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək
Beyti, evi, məktəbi, kəlamı dağılan
- beytindən söz açarkən Cavanşir Yusifli bilinənləri yenə bir kənara itələyib başqa bir sirr pərdəsini açır: "Seyid Əzimin bəndinin görünən və bilinən anlamı təkcə fiziki dağıntı, nəyinsə uçması, dağılması demək deyildir, dünyadan böyük olmaq, onun sərhədlərindən daşmaq... elə toz olmaq, dağılmaq, yaxşı mənada görünməmək deməkdir. Böyük ədəbiyyat həmişə və hər yerdə, həm də bütün zamanlarda bu tipli görünməyən nəsnələrin təsirinə uyur, onunla yaşayır, onunla nəfəs alır..." C.Yusiflinin mətnləri, beləcə, güzgünün arxasındakıları görməyə israr edir. İstər klassik, istər çağdaş ədəbiyyata yanaşmadakı bu "tərs köşə"lər bildiklərimizə, bildiyimizi sandıqlarımıza bir başqa nəzərlə baxmağımızı təmin edir, axtarışa sövq edir. Ədəbiyyatın, əslində, bir sual, bir arayış olduğunu unutmağa imkan vermir, daşlaşmış qənaətlərimizdən şübhələnməyə əsas yaradır.
İlk dəfə, deyəsən, Seyid Əzim haqqındakı bu məqaləsini oxuyanda düşünmüşdüm ki, Cavanşir Yusiflinin tənqidi mətnlərinin dayağı nəzəriyyə olsa da, onlarda qəribə bir ekzistensiallıq var. Bütün gerçəküstülüyünə rəğmən bu atmosfer mətni həm həyatın acı gerçəklərinin içinə çəkib gətirir, dünyanın başına dolandırandan sonra isə ovuclarını açıb buraxır səmaya. Cavanşir Yusiflinin əksər mətnlərini oxuyarkən məhz ədəbi düşüncənin öz azad səmasına buraxıldığı təəssüratını duyuram. Bunlar isə bir ədəbi-tənqidi məqalədən daha çox esseyə məxsus xüsusiyyətlərdir. Ümumiyyətlə, C.Yusiflinin mətn intonasiyası da çoxdandır ki, elmi-nəzəri çərçivələri aşıb; onun esseləri də, bir növ, poeziyadır.
Hər müəllifin öz dəsti-xəti olanda, oxuduğu mətndən içindəki səsi, avazı eşidəndə oxucu mətnlə tanışı ilə qovuşmuş kimi doğmalaşır. Cavanşir Yusiflinin bütün yazıları eyni ritm və intonasiya ilə daimi oxucusunun ürəyində öz köşəsi olan doğma mətnlərdir. Son dönəm "Ədəbiyyat qəzeti"ndə çap olunan kiçik həcmli, br növ, tezis xarakterli "Bitməyən yazılar", "Poeziyanın xarakteri", "Dramaturgiya, yaxud bədii mətnlə dərdləşmək...", "Ədəbiyyatın yetişmək istədiyi üfüq", "Əbədi yuxusuzluq, yaxud dairəvi hərəkət stixiyası", həmçinin "İtmiş mənalarla oyun...", "Janr transformasiyası və üslub fərqləri", "Filoloji fantaziya fraqmentləri" silsilələrindən yazılar və s. Cavanşir Yusifli tənqidinin metodologiyasını müəyyənləşdirmək baxımından xarakterikdir. Bu yazılarda hansısa bədii əsəri (və ya kiçik parçanı) fon olaraq götürüb özünün poeziyaya, nəsrə, bütövlükdə ədəbiyyata baxışını, tələb və münasibətini sərgiləyir. Tezis və onu əsaslandıran əsərlə bağlı bir neçə cümlə bəzən bir dərs qədər təsirli olur. "Bədii mətn nə deyir?"dən çox "Bədii mətn nə istəyir?" önəmlidir. Bədii mətn bizdən ideya yaratmağı istəyir. Ən gözəl və mükəmməl deyilə biləcək mətnlər məhz bunu istəyir, onların məzmun nağıllanmasına, geniş və ucuz semantik təhlillərə ehtiyacı yoxdur, bədii mətn "mənə görə oxucu üçün ideya yarat" deyir. Bu səbəbdən ədəbi tənqidin analitik olmaqdan başqa çarəsi və şansı yoxdu..." - bu fikirlər C.Yusiflinin bütün ədəbi-tənqidi yaradıcılığının xülasəsidir.
Cavanşir Yusifli çağdaş ədəbi tənqidimizdə sözünün çəkisi müzakirəyə meydan verməyən, mövqeyi qeyd-şərtsiz qəbul edilən avtoritetdir; onun müsbət yöndə təqdim etdiyi mətnə/müəllifə "zaval yoxdur". "Ədəbiyyat meşələri"ndə təkbaşına gəzişən bu dərvişin arzusu bu məkanın səhraya çevrilməsinin qarşısını almaq çabasıdır. Hər yazısı bir az da dərsdir - nə isə öyrənirik, ya yox, bu artıq bizə bağlıdır.
Ədəbiyyat qəzeti. 28.11.23.