Gecələr qrad atırdılar, qızara-qızara gəlirdi, səsi də vahiməli id, eşidəndə yerə yatırdıq.
(Uşaqlıqlarını Qarabağda qoyub gələnlərin xatirələrindən...)
İşlədiyim şöbə qarabağlılardan ibarətdir. Acılı-şirinli, sevincli-kədərli xatirələri ilə yaşayıb gedirlər. Keçmişində şirini, doğmaları, sonrasında həsrəti, bu günündə yeni ümidləri ilə. Rasta uşaq olanda çıxıb Qubadlıdan. Amma sözü-söhbəti də elə Qubadlıdır. Gözləri yol çəkə-çəkə "Yazı düzü"nü mənə təsvir edir... Yaylıq kimi dalğalanan qıpqırmızı lalə dənizini sanki görürəm. Dəlicəsinə çiçəkləyən lalələrin altındakı mina "yataqlarını" da... Qırmızı və qara. Frederik Stendalın əsəri deyil... Xeyir və şərin dueti. Sonuncu dəfə 1987-ci ildə öz maşınları ilə İrəvandan keçib Kislovodska getməklərini xatırlayır. Qayıdanda görüblər ki, ara qarışıb. Danışır ki, evimiz rayonda "kastinsa" (qostinisa) adı ilə tanınırdı. 3 mərtəbəli idi, işğalda da son günə qədər dağıtmamışdılar, çaxır fabriki kimi işlədirmişlər, tərk edəndə yandırıblar. Hətta, birinci mərtəbədəki iri soyuducumuz da durur, sınıq-salxaq günə qalsa da.
- Həyətimizdə marala qədər varımız idi. Rayonda bir ovçu vardı, adına "quş Əhməd" deyirdilər. Həyətində heyvanxana düzəltmişdi, əsas da vəhşi və qırmızı kitaba düşən heyvanlardan. Heyvanları tərtəmiz qəfəslərdə, kök, tox, baxımlı saxladığı üçün uşaqlı valideynlər buradan əskik olmurdu. Kiçik qardaşım əl çəkmədiyindən quş Əhməd balaca bir ceyranı ona bağışlamışdı. Bu bala ceyran da bizimlə bir böyüməyə başladı və yekəldikcə də, qulaqlarını evin, hasarın divarlarına qanı çıxana qədər sürtürdü, uşaq diş çıxaranda əlinə keçəni damağına sürtən kimi... Demə, ceyran yox, maral imiş. Multfilmlərdə göz qabağında heyvanlar böyüyən, meyvələr yetişən, güllər açan kimi, bizim körpə ceyran da qısa zamanda gözəl buynuzlu marala çevrildi...
Söhbətin axırını eşitməyə tələsdiyimdən səbirsizliklə soruşuram:
- Sonra nə oldu, Rasta?
- Sonra... ermənilər gəldi. Özümüz necə çıxdıq bilmədik, amma atam ilk onu yerləşdirdi, maşına qoyub apardı, "sənsə azad ol" deyib meşəyə buraxdı.
Başqa qaçqınlardan da eşitmişdim, evlərini qoyub çıxanda ilk iti açıb buraxırmışlar. Körpə uşağı gözünün içinə baxa-baxa öldürən, sahibinə vəfalı heyvana acıyar?
"Qubadlı azad olandan sonra bizə həyətimizdən torpaq gətirdilər. Açanda ağladıq... Həmin o soxulcanlı torpaq idi. Anam deyərdi ki, soxulcanlı torpaq münbit olur. Aparıb qəbrinin üstünə tökdüm, "ana, bax, sənə çox sevdiyin Qubadlı torpağı gətirmişəm", - dedim. Torpaq dəyişməmişdi. Sərvəti yağmalansa da...
Palıd bu yerlərin arxası, vələs dövləti idi. Mütəxəssislər işğalsonrası real vəziyyəti qiymətləndirərək hesablamış, bu nəticəyə gəlinmişdir ki, 300 illik qoz ağacları, iberiya ağcaqayını, saqqızağac, söyüdyarpaq armud, kiparis, qırmızı palıd və eldar şamlarından ibarət hektarlarla yaşıl massiv, münbit torpaq qatı ermənilər tərəfindən məhv edilmişdir. Hərəsinin yaşı 1600 il hesablanan 3 ədəd Şərq çinarı torpağın Qubadlıda ucaltdığı təbiət abidəsi idi. Görməmişlər vəhşi barbar kimi meşələrin canına daraşmış, daşınanı daşımış, apara bilmədiklərini qırıb yandırmışdılar. Əslində dəyişməyən bir torpaq qalmışdı, bir də çaylar... Düşmən yeddibaşlı əjdaha kimi çayın qabağını kəsib suyu geri vururdu. Onlar da azad oldu, suları duruldu.
"Su həyatdır. Hər axan suyun bir hədəfi vardır, o, həyatı paylaşmaq üçün bir yerlərə daşır..." Gələnlər danışır ki, yenə də Bərgüşadın suyu isti, Həkəri buz kimidir. Adların gözəlliyinə bax... Eşidəndə də elə bil çay kimi axır, qulağa layla çalır. Laçınlılar deyir ki, biz Qubadlı demirdik, "çay" deyirdik. "Çaya getdik, çaydan gəldik..." Rayonda çay çox olduğu üçün. Ağalar, Daşlı dərə, Taxtakörpü çayları Qubadlı təbiətinin yaraşığıdır.
Lakin bu torpağın ən böyük sərvəti onun istedadlı, vətənpərvər insanlarıdır. Xalq yazıçıları Süleyman Rəhimov və Cəlal Bərgüşad, Xalq şairləri Qasım Qasımzadə və Ramiz Rövşən, xanəndə Ağabala Abdullayev Qubadlının adını elə onun igid övladları - xalq qəhrəmanı Qaçaq Nəbi, general-mayor Mais Bərxudarov qədər yüksəkliyə qaldırmış, tanıtmışlar. Şair Eldar Baxış son nəfəsində "Qubadlı alınanda sümüklərimi ora aparıb atamın yanında basdırarsınız" vəsiyyətini etmişdi. Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşdə Mais Bərxudarov tankın üstündə öndə gedərək, ordunu da arxasınca aparmışdı. General-mayor rütbəsi də ona elə göstərdiyi bu qəhrəmanlığa görə verilmişdir.
Qubadlı azad ediləndən sonra deyirdilər ki, rayonda yiyəsiz donuz və erməni meyidi əlindən gəzmək olmur. Nə düşündürücü paralel... Qubadlı hara, donuz hara? At izi it izinə qarışıb. Gizli hikməti görməmək mümkün deyil, hər kəs özünə oxşayana can atar, yanında onu görmək istəyər. İşğaldan qabaq hər ağacın başı hacıleylək yuvası imiş. İndi həmin ağacların altında, çirkabın, ifrazatın içində yaradanın "xoşuna gəlməyən heyvan"lar eşələnir.
Necə də utanmırlar. Nə olar düşmən olanda? Axı indi görürük necə yaşadıqlarını, eyiblərini, murdarçılıqlarını... Bu qədər xarici jurnalist, nümayəndə heyəti gəlir Qarabağa. 10-u "görməsə" də, biri görür axı, çəkir, göstərir. Heç olmasa onlardan da olsa, utanırlar? Axı insan həmişə pisini gizlədər. Özü də düşməndən. Bəli, bu da sualıma özümün cavabım. İnsan deyillər! Olmayacaqlar da! İnsanlıq hara, erməni hara? Hərə özünə yaraşanı edir. Bir yaxşı tanışım var, əri atıb, başqa qadının yanına gedib. Olur... Mövzu da o deyil. Siz görəsiz, həmin qadın keçmiş əri üçün nə boxça yığdı... Bəy boxçası. Bütün paltarlarını yudu, ütülədi, tikdi, çatmayanı aldı. "Allah vurmuşdu onu" deyənlərə qısaca: "Mənim adımdır", - dedi.
Bir az lirikanın yeri var... Belə bir yarıgerçək var ki, proza içindəki poeziyanın hesabına indiyə qədər yaşayır. "Elə ki, payız gəldi və şəhər təzədən çadırşəbini başına çəkdi, şəhərin övzalı tamamən dəyişilir". Əbdürrəhim bəy... Havalar soyumağa, "göylər payızla nəfəs almağa" başladı... Puşkin... İndi hər şeyi havanın üstünə atmaq, ağır halsızlığa, yüngül əzginliyə "havadandır" donu geyindirmək bir adət olub. O da bu ədalətsizliyə etirazını öz hadisələri ilə bildirir. Amma ən azından unuduruq ki, hava dəyişməsəydi, on nəfərdən doqquzu söhbətə nədən və necə başlayacağını bilməzdi. Hava durumu haqqında dünyanın bütün yaradıcı adamları öz sözünü deyib. Şeirdə, nəsrdə, musiqidə, kinemotoqrafiyada, akvareldə... Həmişə də bu mövzunun romantik çaları olub, qəlbimizi isladıb. "Santyaqoda yağışlar yağır", "Yağış bütün izləri silir", "Bakıda küləklər əsir", "Nyu-Yorkda payız", "Şirin noyabr", "Payız haqqında əfsanə", "Sinoptik"... "Bir axşam taksidən düşüb payıza...", "Göz yaşları içində payız dul kimi..." və daha nələr, nələr. Yaradıcı insanlar çox zaman romantik olduqları üçün bu sıranı sonsuza qədər uzatmaq olar. Hər kəsin qəlbinin öz havası var, hər qəlb bir cür meteohəssasdır. Kiminin qəlbində həmişə şimaldır, kimininkində Şimal buzlu okean. Kimə isə günəşli tərəf daha çox düşüb...
27 ildən sonra Qarabağın hava məlumatı yenidən gündəmə gəldi. Şair Şücaət ölümündən qabaq yazmışdı:
Yavaş-yavaş unudulur Kəlbəcər
Bəzi ürəklərdə odu qalıbdı
Hava bürosunun məlumatında
Səkkizcə hərflik adı qalıbdı...
Əlimizi yelləyib, başımızı bulayıb, kövrələrək "kimin üçün?" deməyib ("əsla" dediyimiz nə varsa qapının ardındaymış məgərsə"), bütün varlığımızla müharibə gedən ərazilərimizdəki meteo dəyişiklikləri həyəcanla izləməyə başladıq.
Payız, səndən bir ricam var:
Çox tələsmə, qoy geciksin boranlı qar...
Vətənimin yad əllərdə hələ əsir torpaqları
Döyüşlərdə əsgəri var...
(Güneydən olan Yusif Savalanın nəğməsindən)
Ən çox da daxili hava proqnozuna Şuşadan başlamaları ləzzət edirdi...
Telefon zəngi məni Qarabağın havasından ayırdı. Nəzrin idi, ortancıl nəvəm... Rus məktəbində 9-cu sinifdə oxuyur. Azərbaycan dilindən tapşırıq həll edirdi, kömək istəyirdı, özü də gülə-gülə:
- Nənə, privet, "evin yıxılsın" cümləsinə antonim nə yazım?
- Evin tikilsin!
- Bəs, "Allah qorusun?"
Duruxdum. Yenə də, "lənət şeytana" deyib cavab verdim:
- Allah öldürsün...
- A esli, "bəbbəxt olasan?"
Bu hal gülməli olmaqdan çıxırdı... Yaxşı ki, "Allah başına daş salsın"ı soruşmur tapşırıq... Bu fikirlərlə və küçədən səs eşitdiyimdən pəncərəyə yaxınlaşdım. Külək yağışı qabağına qatıb qovurdu. Bir anlıq baxdığım hissəyə qaranlıq çökdü. Quşlar qatarla isti ölkələrə köçürdülər. Bəlkə də, birinci dəfə idi bunu canlı görürdüm. Uşaq vaxtı payızın təsvirinə köçəri quşları çəkməklə başlayırdım. İki qövsü birləşdirib bir-birinin ardınca düzür, uçub gedən dəstəni öz aləmimdə belə təsəvvür edirdim. İbtidai sinif kitablarımızda da uzaqlaşan durnaların üçbucaqlı qatarı payız mənzərəsinin parçası kimi yadımda qalıb. Əsl hava içimizdə olandır... Cəbhədəkiləri fikirləşdim. Əfqanıstanda vuruşmuş bir əsgərin sözlərini xatırladım: "Qışda çayda çimmişəm". Burnuma barıt qoxusu gəldi... Döyüş zonasından uzaq, lakin döyüşün tam ortasında olan, ermənilərin ikinci "Stalinqrada çevirmək" istədiyi Tərtəri, Gəncədəki, Mingəçevidəki mülki əhalini düşündüm. Hələ qədim Arranın anası, paytaxtı Bərdə... Mənbələrdə "Qafqaz Albaniyasının qəlbi" adlandırılan, hər daşının üzərində əsrlərin tozu olan Bərdə. Müharibənin başlanmasından 1 ay sonra - oktyabrın 28-də əli yerdən-göydən üzülən düşmən Bərdəyə içərisində 144 bombacıq olan "Smerç" tipli 2 ədəd ballistik raket atmış, nəticədə 27 nəfər dinc sakin şəhid olmuş, 70 nəfər yaralanmışdı. Düşündüm deyəndə ki, elə işimiz, əlimizdən gələn onları düşünmək, nəfəs çəkmədən dua etmək idi. O mülki əhalini ki, atışma kəsəndə narahat olur: "Birdən müharibə dayanar a? İşimiz yarımçıq qalar. Onsuz da təzyiqlər çoxdur. Heç vaxt Qələbəyə bu qədər yaxın olmamışıq..." Bu görünməmiş hadisə, həyat-məmat məsələsi idi. İnsanlar şəxsi maraqlarını ümummilli maraqların içərisində əridib qələbə, intiqam təşnəsi ilə müharibənin sona qədər davam etməsini istəyirdilər. Dünyanın heç bir xarabasında arxada bu qədər itki olmur. Bilmirdik ön cəbhədə şəhid olmuş əsgəri ağlayaq, yoxsa onun evdə beşikdə uyuyan balasını. Dünya da rəsmisi-sıravisi qatışıq divanda oturub bizə fokuslanmış nəzərləri ilə bu dəhşəti izləyirdi.
Kaş elə dərdimiz dərslikdəki qüsurlar olaydı... Qarabağda isə bu an leysan, dolu, güllə, mərmi, korona və erməni virusu yağırdı. Qarabağda havanı əsgərlərimiz təyin edirdi.
13 oktyabr, 2023