"İraq Türkman folkloru" kitabım İstanbulda "Kərkük Vəkfi" tərəfindən çap olunanda (1998) əsərə Prof.Dr.Mahir Naqib "Abidə bir əsər" adlı Ön söz yazmış və yaradıcılığımı yüksək qiymətləndirmişdi. Əslən Kərkükdən olan Mahir bəyin məqaləsi aşağıdakı cümlələrlə bitir: "Bir zamanlar tək torpaq parçası halında olan Kərkük və Azərbaycan XX yüzilin başlarında iki ayrı ada halına gəlmişdi. Bu gün bu iki adanı bir-birinə bağlayan körpünün memarı Qəzənfər Paşayevdir".
O vaxtdan bir qərinə (25 il) keçib.
Prof.Dr. Mahir Naqibin haqqımda dediklərini tərəddüd etmədən kərküklü şair, tədqiqatçı, musiqişünas, ədəbiyyatşünas, ictimai xadim Dr.Şəmsəddin Kuzəçiyə aid etmək olar. Ş.Kuzəçi günümüzdə Azərbaycan-Kərkük dünyasını bir-birinə bağlayan ədəbi-mədəni, elmi körpünün ağırlığını çiyinlərində daşıyan iki-üç nəfərdən biridir. O, İraq-Türkman ellərində, Türkiyə və Azərbaycanda sayılıb-seçilən tədqiqatçılardandır. Türk aləmində də yaxşı tanınan şair və ədəbiyyatşünasdır.
Onun İraq-Türkman musiqisinin tədqiqi və təbliğində də xidmətləri böyükdür.
Dr.Şəmsəddin Kuzəçinin ikicildlik möhtəşəm "Çağdaş İraq Türkman şairləri" kitabı Türkiyə, Azərbaycan, İraq və başqa Türk ellərində çap olunub və oxucuların rəğbətini qazanıb.
Azərbaycan-İraq-Türkman əlaqələrində böyük xidmətləri vardır. Ədəbi əlaqələrimizdə əsas simalardan biridir. Bu sətirlərin müəllifinin 2016-cı ildə Bakıda çap olunan "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" monoqrafiyasını 2017-ci ildə Dr.Mustafa Ziyanın Ön sözü ilə Ankarada çap etdirdi. Azərbaycanla bağlı "Kərkükdən səsləniş" (Bakı, 2018) və çox böyük həcmli "Kərkükdən Azərbaycana" (Ankara, 2019) kitabları işıq üzü gördü. Azərbaycan-Kərkük ədəbi-elmi fəaliyyətimi yüksək qiymətləndirərək Dr. Mustafa Ziya ilə birgə "Kərkük sevdalısı Qəzənfər Paşayev" (Kərkük, 2017, 152 səh., təkmilləşdirilmiş nəşri - Ankara, 2019, 212 səh.) kitabını yazıb.
Filologiya üzrə elmlər doktoru Gülxanı Pənahın mənə həsr etdiyi "Şəxsiyyətlə yaradıcılığın vəhdəti" (Bakı, 2018) monoqrafiyasına Dr.Şəmsəddin Kuzəçi müsbət rəy yazıb və həmin rəy "Qəzənfər Paşayevi anlamaq" adı ilə monoqrafiyada çap olunub.
Dr. Şəmsəddin Kuzəçi məhsuldar tədqiqatçıdır. Onun 60-dan artıq nəşr olunan kitabları İraq-Türkman mədəniyyətinə və ədəbiyyatına güzgü tutur. Alimin "Kərkük şairləri" - Poets of Kerkuk" (Ankara, 2014), "İraq Basim tarixi" - "İraki Press history" (Ankara, 2023) kitabları ingiliscə çıxıb. Bu, o deməkdir ki, Dr. Şəmsəddin Kuzəçi Beynəlxalq aləmə çıxan və buna haqqı olan tədqiqatçıdır. Yaradıcılığını yüksək qiymətləndirdiyim Dr. Şəmsəddin Kuzəçiyə yeni-yeni uğurlar diləyirəm.
***
Şimali Azərbaycan, Cənubi Azərbaycan və İraq Türkmanları bir bütövün hissələridir. Bu bütövün hissələrindən biri də burada Şəmsəddin Kuzəçidir. Şəmsəddin bəy çox böyük bir ailədən, çox məşhur bir nəsildəndir. O böyük ifaçı Əbdülvahid Kuzəçinin əmisi oğludur. O hətta Səməd Vurğun və Rəsul Rzanın şeirlərinə musiqi bəstələyib və kitabına daxil edib. Yəni burada Şəmsəddin Kuzəçi haqqında deyilən sözlər elə-belə göydəndüşmə deyil. Bunun ənənəsi var.
Bax belə, bizim gənc qardaşımız Şəmsəddin Bəy o xalqın gözəl, çalışıb-vuruşan, vətənpərvər, vətən sevgisiylə yaşayan adamıdır ki, qarşımızda durub. Nəşr etdirdiyi kitabları ilə də Türkman mədəniyyətinə böyük xidmət etmişdir. Mən qardaşım Şəmsəddin bəyin zəhmətini, əziyyətini çox təqdir edirəm. Xoş gəlmisən deyirəm.
***
Və nəhayət, Şəmsəddin Kuzəçi, elə bir insandır ki, bütün qapıları aça bilir. Ona mənəvi hüququ, haqqı var. Həmişə çalışıb işləmiş, xidmət göstərmişdir. Vaxtilə "Ədəbiyyat qəzeti"nin redaksiyasında, baş redaktorun otağında Bəndəroğlu ilə görüşmüşdük. O zaman Bəndəroğlu dedi ki, biz Qəzənfər müəllimlə qapıları açdıq, istəməzdim o qapılar qapansın. Yəni o əlaqələri nəzərdə tutur, kəsilməsini istəmirdi. Bax bu qapıların qapanmamasında rolu olan insanlar bunlardır. Mən də çox sevinirəm ki, onlar buradadır. Nicat Köksal bir kitab buraxıb və hər səhifəsində mənim adım çəkilir. Çünki Əta Tərzibaşının kitablarını çap edir və onlardan bəhs edərkən qeyd olunur ki, Bakıda bu kitabı Qəzənfər Paşayev buraxıb. Digər kitabda da görürsüz ki, bu məsələlər göstərilib. Xidmət heç vaxt itmir, həmişə nəzərə alınır.