Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dünya şöhrəti qazanmış görkəmli dövlət xadimidir. Bu böyük dühanın adı son yüzilliyin ən görkəmli dövlət xadimləri və siyasi liderləri ilə bir sırada çəkilir.
Heydər Əliyev hələ sovet hakimiyyəti illərindən Azərbaycan xalqının dünyabaxışının vətənpərvərlik, millilik və müasirlik ruhunda inkişaf etdirilməsini ön mövqeyə çəkmişdir.
Ulu öndər Heydər Əliyev müstəqilliyini elan etsə də, onu qoruyub saxlamaqda çətinliklər qarşısında qalan Azərbaycan xalqını siyasi-mənəvi böhrandan, müstəqil Azərbaycan dövlətini isə parçalanmaqdan və yox olmaqdan xilas etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və böyük qurucusudur.
Azərbaycan xalqının çoxəsrlik tarixində azərbaycançılıq təlimini müstəqil dövlətin ideologiyası səviyyəsinə Heydər Əliyev çatdırmışdır.
Heydər Əliyev – Azərbaycan dövlətçilik tarixində ən yüksək zirvəni fəth etmişdir.
Azərbaycan Respublikasının siyasi-ideoloji və iqtisadi-mədəni inkişaf konsepsiyasının möhkəm əsaslarını Heydər Əliyev yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük sınaqlardan çıxmış və özünü təsdiq etmiş Heydər Əliyev dövlətçilik təlimini yeni tarixi epoxanın reallıqları ilə və daha böyük gələcəyə ünvanlanmış ideyalarla zənginləşdirərək müasir dövrün yeniləşən tələblərinin işığında uğurla və uzaqgörənliklə davam etdirir.
Siyasi-ideoloji baxışları, qətiyyəti və cəsarəti, müdriklik və uzaqgörənliyi ilə prezident İlham Əliyev yeni dövrün müasir tipli Heydər Əliyevidir.
Ulu öndər Heydər Əliyevin dünyada qəbul olunan böyük siyasi liderə, mənsub olduğu xalqın ən sevimli rəhbərinə çevrilməsinin, qüdrətli şəxsiyyətlə böyük dövlət xadimi miqyasını fəth etməsinin bir çox mühüm siyasi-ideoloji, ideya-mənəvi səbəbləri və mənbələri vardır.
Heç şübhəsiz, Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələri zəminində yetişib formalaşmış görkəmli dövlət xadimidir.
Tarixi və milli-siyasi təfəkkürlə bəşəri düşüncənin sintezi və vəhdəti Heydər Əliyevin əsl dövlətçilik bacarıqlarına və istedadına yiyələnməsində mühüm rol oynamışdır. Ailə və təhsil mühitinin dərsləri, dövlət orqanlarında keçdiyi çətin və şərəfli yol, onu əhatə edən fərqli insanların aşıladıqları bilik və dünyabaxışı Heydər Əliyev üçün son dərəcə əhəmiyyətli olmuşdur. Bunlardan hər birinin əhəmiyyəti barəsində ulu öndərin ayrı-ayrı vaxtlardakı çıxışlarında geniş söz açılmışdır.
***
Heydər Əliyevin dövlətçilik təfəkkürünün formalaşmasında, görkəmli dövlət xadiminin zəngin mənəviyyata və geniş dünyagörüşə malik nəhəng şəxsiyyət miqyasını fəth etməsində ədəbiyyat və incəsənətin də böyük və xüsusi rolu olmuşdur. Heydər Əliyev dəfələrlə cəmiyyətin və şəxsiyyətin inkişafında bədii ədəbiyyatın mühüm əhəmiyyətini bəyan etmişdir. Ulu öndər həmişə bu fikirdə olmuşdur: "Bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir".
Həqiqətən, tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin, böyük siyasətçilərin və sərkərdələrin həyatında və fəaliyyətində mühüm yer tutmuş, böyük rol oynamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş miqyası əhatə etmişdir. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən biridir. Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, hətta cavan yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə yanaşı cəsarətlə səhnəyə çıxan Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. Müasirləri onun Naxçıvanın teatr mühitində yaxından iştirak etdiyini, “Vaqif” pyesində, “Qaralar ölkəsində” adlı dram əsərində əsas rolları məharətlə ifa etdiyini xatırlayırlar. Heydər Əliyevin teatr həvəskarı olmasına dair nadir fotoşəkillər görkəmli dövlət xadiminin Naxçıvan şəhərindəki muzeyində qorunub saxlanmaqdadır. Vaxtilə Heydər Əliyevlə Naxçıvan Pedaqoji Texnikumunda eyni sinifdə təhsil almış Firuzə Rzayeva Heydər Əliyevin ədəbiyyat dərslərində xüsusi qabiliyyət nümayiş etdirdiyini, onların ədəbiyyat müəllimləri olmuş Lətif Hüseynzadənin bu çalışqan və bacarıqlı gəncin istedadına yüksək qiymət verdiyini xüsusi olaraq vurğulamışdır. Texnikumdakı daha bir tələbə yoldaşı Dövlət Məmmədov isə Heydər Əliyevin ədəbiyyata və teatra münasibəti haqqında aşağıdakıları yazmışdır: "Yadımdadır, Lev Tolstoyun "Hərb və sülh" romanını o vaxt rus dilində oxuyur, məzmununu bizə danışırdı… Bundan əlavə, həvəskar teatrda da çalışırdı. Tamaşalarda, adətən, baş rolları oynayır, özü də şah, hökmdar, xalq qəhrəmanı obrazını canlandırırdı". Bütün bunlarla bərabər, bu görkəmli tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də nəzərə çarpdırmışdır. O, 1997-ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan Yazıçılarının X Qurultayındakı nitqində bu gerçəkliyi aşağıdakı kimi etiraf etmişdir: "Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, "oxumuşam, unutmamışam" sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam".
Azərbaycan ədəbiyyatını və dünya ədəbiyyatı klassiklərini mütaliə etmək, dərindən bilmək və yadda saxlamaq baxımından Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevlə müqayisə edilə biləcək dövlət başçısı göstərmək çətindir.
Çoxcildlik siyasi irsinə, ədəbiyyat haqqında nitqlərinə, çıxışlarına, yazıçılara ünvanladığı təbrik məktublarına əsaslanaraq, belə bir nəticə çıxarmaq mümkündür ki, Heydər Əliyev Azərbaycanın qədim dövrlərdə və ya öz dövründə yaşayıb-yaratmış görkəmli yazıçı və şairlərinin, demək olar ki, mütləq əksəriyyətinin əsərlərini diqqətlə oxumuş, özü üçün konkret nəticələr çıxarmışdır. O, dünya ədəbiyyatının, xüsusən rus ədəbiyyatının şedevrlərinə də yaxından bələd idi. Bu dahi şəxsiyyət söz sənəti dühalarının əsərlərini və ideyalarını dərindən mənimsəmişdir. Akademik Bəkir Nəbiyevin vaxtilə yazdığı kimi, "bunun birinci səbəbi özünün də dəfələrlə etiraf etdiyi və konkret əməllərində sübuta yetirdiyi məhəbbətdir: ədəbiyyata, sənətə, mədəniyyətə sonsuz məhəbbət. Digər bir səbəb Heydər Əliyevin klassik irsimizə və çağdaş ədəbi-mədəni prosesə bələdliyidir". Bu səbəbdəndir ki, Heydər Əliyevin, ümumiyyətlə, ədəbiyyat haqqında, yaxud da ayrı-ayrı yazıçı və şairlər haqqındakı nitqləri və çıxışları yüksək professional şəkildə səslənmişdir. Bu dahi şəxsiyyətin ədəbiyyata, konkret olaraq sənətkarların yaradıcılığına verdiyi qiymətlərdə bədii yaradıcılığa ictimai baxışla müasirlik anlayışı həmişə biri digərini izləmiş və tamamlamışdır. Azərbaycan Yazıçılarının 1971-ci ildə keçirilmiş V qurultayından 1997-ci ildə keçirilən X qurultayınadək bütün mötəbər tədbirlərində iştirak və çıxış edən Heydər Əliyevin nitqlərində ədəbiyyatın cəmiyyətin və mənəviyyatın inkişafındakı rolu ilə eyni səviyyədə müasir həyatın inkişafındakı borcu və vəzifələri də ən zəruri məsələlər sırasında xüsusi yer tutmuşdur. Xüsusən Azərbaycan yazıçılarının qurultaylarındakı tarixi nitqlərində o, klassik ədəbi irsə də, müasir ədəbi prosesə də respublikada dövlət səviyyəsində apardığı işlərin üzvi tərkib hissəsi kimi baxmışdır. Ədəbiyyatşünasların da doğru müşahidə etdikləri kimi, "Heydər Əliyev… Azərbaycan ədəbi prosesini respublikanın ictimai-siyasi və mənəvi dəyişiklikləri ilə, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmaq istiqamətində aparılan irimiqyaslı vəzifələr və fəaliyyət proqramı ilə əlaqədə nəzərdən keçirir, bunların ədəbiyyata, bədii fikrə müsbət, dəyişdirici təsirini göstərirdi" (Tərlan Novruzov).
Əlbəttə, görkəmli dövlət xadimi Heydər Əliyevin xüsusi rəğbət bəslədiyi yazıçı və şairlər, ayrıca fərqləndirdiyi, üstünlük verdiyi bədii əsərlər olmuşdur. Bu məqamda dövlət xadimi səviyyəsində onun şəxsi ədəbi zövqü və maraqları, ədəbiyyatda izlədiyi qayədə qabarıq şəkildə ifadə olunur. Görkəmli dövlət xadimi Heydər Əliyev qəti olaraq bu fikirdə idi: "Yalnız o yazıçıların insanın zəkasına və qəlbinə təsir göstərmək kimi böyük mənəvi hüququ var ki, o, ictimai həyatda da, şəxsi davranışı ilə də öz oxucusuna, doğrudan da, nümunə ola bilir, yəni xalq qarşısında öz mənəvi məsuliyyətini bütün dərinliyi ilə dərk edir". Müşahidələr göstərir ki, böyük siyasi xadim Heydər Əliyev dram əsərləri içərisində Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasına, şairlərdən Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirinə, poema janrı baxımından Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" əsərinə, milli mətbuat sarıdan "Molla Nəsrəddin" jurnalına, opera üzrə Üzeyir Hacıbəyovun "Koroğlu"suna, mənzum faciələrdən Hüseyn Cavidin "İblis"inə... xüsusi önəm verdiyini və bu ədəbi nümunələri xüsusilə fərqləndirdiyini dəfələrlə nəzərə çarpdırmışdır. Diqqət edilsə, görərik ki, bu ədəbiyyat faktlarının hər birində yüksək bədiiliklə yanaşı, xalqın milli-mənəvi özünüdərk məsələləri və böyük ictimai idealları özünün parlaq əksini tapmışdır. Ona görə də Heydər Əliyevin bədii ədəbiyyata münasibətdə şəxsi maraqları ilə dövlətçilik düşüncəsinin üst-üstə düşdüyü, bir-birini üzvi surətdə tamamladığı aşkar müşahidə olunur.
Bütövlükdə isə Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, ədəbiyyatı cəmiyyəti və insanı dəyişdirib inkişaf etdirən bilik və hikmət xəzinəsi kimi dəyərləndirmişdir. Heydər Əliyevin ədəbiyyat sevgisi vətən və xalq sevgisinin, milli dövlətçilik baxışlarının əsas göstəricilərindən, zəruri amillərindən birini təşkil edir. Görkəmli dövlət xadimi hələ 1971-ci ildə Azərbaycan Yazıçılarının V Qurultayındakı tarixi nitqində məsələnin bu cəhətini ön mövqeyə çəkərək demişdi: "Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini ədəbiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır".
***
Ədəbiyyata xalqın keşməkeşli taleyinin, tarixi yaddaşının, müasir həyatının və inkişafının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Bu baxımdan millilik, tarixilik və müasirlik Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasətinin əsasını təşkil edir. Əslində, bu prinsiplər qüdrətli dövlət xadimi Heydər Əliyevin dövlətçilik təliminin və siyasi fəaliyyətinin də təməl şərtlərindəndir. Həmin prinsiplər Heydər Əliyevin dövlətçilik təlimində və ədəbiyyat siyasətində sadəcə yanaşı mövcud olan amillər deyildir. Əksinə, qeyd olunan istiqamətlər Heydər Əliyev təlimində dövlətçilik fəaliyyəti ilə ədəbiyyat işinin vəhdətində, üzvi sintezində tam məna tapa bilir. Görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini ardıcıl olaraq həyata keçirmək yollarındakı mübarizəsində köklü ənənələrə malik olan həmin amillərdən yerli-yerində, əsaslı şəkildə faydalanmaqla daim özünün ali məqsədinə nail olmağa çalışmışdır. Bu yüksək ali qayə isə sovet rejimi çərçivəsində olsa belə, nəticə etibarilə Azərbaycanda möhkəm milli əsaslara malik olan, davamlı tarixi ənənələri qoruyub saxlayan və müasir inkişafın önündə gedən dövlət hakimiyyətini formalaşdırmaqdan və möhkəmləndirməkdən ibarət olmuşdur. Müşahidələr və təhlillər göstərir ki, hələ sovet hakimiyyəti illərində Heydər Əliyevin bu istiqamətdə apardığı ardıcıl və düşünülmüş siyasət ölkədə tarixi yaddaşın oyanışı, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi mənasında özünün böyük bəhrələrini vermişdir.
Azərbaycanda 1969-1982-ci illərdə milli mədəniyyət və ədəbiyyat böyük sürətlə inkişaf etdirilmiş, yaradıcı qüvvələrin qarşısında geniş üfüqlər açılmış, onların keçmiş Sovetlər İttifaqı miqyasında tanıdılması və qiymətləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Görkəmli ədəbiyyat və incəsənət xadimləri Qara Qarayevin, Rəsul Rzanın, Tahir Salahovun, Mirzə İbrahimovun, Rəşid Behbudovun, Süleyman Rəhimovun dövrün ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmələri görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsinin ən mühüm hadisələridir. 1972-ci ildə böyük dövlət xadimi və görkəmli yazıçı Nəriman Nərimanovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi və Bakı şəhərində ona əzəmətli heykəl ucaldılması dövrün tarixi hadisəsinə çevrilmişdir. Məlum olduğu kimi, sovet rejimi qeyri-rəsmi şəkildə milliyyətçi hesab edərək onu ictimai-ədəbi mühitin arxa planına keçirdiyinə görə Heydər Əliyev bu böyük şəxsiyyətin yubileyini keçirmək və heykəlini qoymaq üçün Moskva-Kreml səviyyəsində iş aparmalı olmuş və mühüm əhəmiyyətə malik olan həmin tədbirləri həyata keçirməyə nail ola bilmişdir. Beləliklə, Nəriman Nərimanov yenidən Azərbaycan xalqına qaytarılmışdır.
Heydər Əliyevin sovet hakimiyyəti illərində həyata keçirdiyi məqsədyönlü Ümummilli siyasət Azərbaycanın dövlət müstəqilliyi dövründə dövlətçilik işinin möhkəm bünövrəsini təşkil edir. Ulu öndər müstəqil Azərbaycan dövlətinin qurulub möhkəmləndirilməsində, milli ideologiyanın formalaşdırılmasında ədəbiyyat faktorundan geniş istifadə etmişdir. Bu mənada Heydər Əliyevin dövlətçilik təlimində müxtəlif dövrlərdə həyata keçirilmiş ədəbiyyat siyasəti bir-birini tamamlayır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsaslandığı Azərbaycançılıq siyasətinin ideoloji özülü görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat və mədəniyyət təlimindən yoğrulmuşdur. Prezident İlham Əliyev bu əbədiyaşar təlimi yeni epoxanın prinsiplərinə uyğun olaraq əlavə müddəalarla daha da zənginləşdirərək müasir dövrün ədəbiyyat siyasətini müəyyən etmişdir. Azərbaycançılıq və müstəqil dövlətçilik ölkəmizin ədəbiyyat siyasətində Heydər Əliyev – İlham Əliyev epoxasının ortaq ana prinsipidir. Bu baxımdan yanaşdıqda, görkəmli dövlət xadimi Heydər Əliyevin “Dədə Qorqud” dastanlarına münasibəti ilə Prezident İlham Əliyevin bu möhtəşəm ədəbi abidəni qiymətləndirməsi biri digərini tamamlayan vahid təlimdir. Məlum olduğu kimi, Vaxtilə “Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd olunması haqqında fərman imzalamış və möhtəşəm yubiley tədbirləri keçirmiş Heydər Əliyev bu dastana mühüm azərbaycançılıq hadisəsi kimi baxmışdır: “Kitabi-Dədə Qorqud” dastanlarının fövqəladə əhəmiyyəti ondadır ki, o, bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün əhəmiyyətlidir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 dekabr 2013-cü ildə Bakı şəhərində Dədə Qorqud parkının və Dədə Qorqud heykəlinin açılışı mərasimindəki çıxışında da dastana münasibətdə azərbaycançılıq ön mövqedə dayanmışdır: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Dastanın qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar... Əsərdə Oğuz eli kimi coğrafi məfhum bütün Azərbaycan oğuznamələrini əhatə edir.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında 28 dekabr 2013-cü il və “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” verilmiş 20 fevral 2015-ci il tarixli sərəncamların ruhunda, mahiyyətində müasir dövrdə azərbaycançılıq faktorunun əhəmiyyəti məsələsi üstünlük təşkil edir. Yeni dövrün ədəbiyyat siyasəti ölkəmizdə uğurla həyata keçirilən multikulturalizm və tolerantlıq siyasəti ilə daha da zənginləşdirilmişdir.
Azərbaycanın bir çox görkəmli sənətkarları ilə əlaqədar dövlət tədbirlərində, o cümlədən Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi haqqındakı 14 yanvar 2015-ci il tarixli sərəncamında da Ümummilli idealların diqqət mərkəzinə çəkilməsi Prezident İlham Əliyevin ədəbiyyat siyasətində azərbaycançılığın davamlı xətt təşkil etdiyini göstərir: “Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaş ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır.”
Yeni tarixi epoxada görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat siyasətinə dair formalaşmış ənənələri ardıcıl olaraq yaradıcı şəkildə davam etdirilməkdədir. Ölkəmizdə hazırkı şəraitdə adlı-sanlı sənətkarların dövlət səviyyəsində yubileylərinin keçirilməsi, onların əsərlərinin, sanballı yubiley nəşrlərinin hazırlanaraq geniş oxucu auditoriyasına təqdim edilməsi bədii yaradıcılıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə təkan verir. Həmçinin böyük xidmətləri nəzərə alınmaqla tanınmış yazıçılara fəxri adların, fərdi təqaüdlərin və yaradıcı gəncliyin istedadlı nümayəndələrinə Prezident mükafatlarının verilməsi də ulu öndər tərəfindən əsası qoyulmuş yazıçı zəhmətinin və ədəbi prosesin stimullaşdırılması siyasətinin konkret davamından ibarətdir. Bundan başqa, uzun illik fasilədən sonra prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Mükafatının verilməsinin yenidən bərpa edilməsi də ədəbiyyat siyasəti sahəsindəki varisliyin əməli ifadəsidir.
***
Ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin ədəbiyyat siyasətinin banisi və yaradıcısıdır. Əslində, Azərbaycan xalqının son əlli ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik dövrünün ədəbiyyatı haqqında Heydər Əliyev təlimini yeni müddəalarla zənginləşdirərək yaradıcı şəkildə inkişaf etdirir. Hesab edirik ki, ən yeni dövr Azərbaycan ədəbiyyatının qarşısında duran bir məsul vəzifə də yeni tarixi epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən ümumiləşmiş parlaq bədii obrazını yaratmaqdan ibarətdir.