(Z.İ.Əliyevanın "Türkiyə ədəbi mühiti və xalq yazıçısı Anarın yaradıcılığı" e-kitabı haqqında)
XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna yeri və rolu olan Anarın çoxyönlü yaradıcılığı daim diqqət mərkəzində olmuş, yazıçılıq fəaliyyəti, dram yaradıcılığı, publisist əsərləri həssaslıq və qədirşünaslıqla ədəbiyyatşünasların daim tədqiqat predmetinə çevrilmişdir. Anar imzasının kifayət qədər hüdudsuz nüfuzu, şöhrət və istedadının yayılma arealı onun yaradıcılığını daha geniş çevrədə - yalnız Azərbaycanda deyil, bütün türk dünyası civarında da öyrənməyi zəruri edir. Artıq sədlər aradan götürülmüş, kölgələr çəkilib getmiş, milli ziyalılarımızın Türkiyə mühitində hansı çəkidə olması məsələsi ədəbiyyatşünaslığın maraq dairəsinə daxil olmuşdur. Bu yalnız, bir yazıçıya verilən dəyəri üzə çıxarmağa hesablanmış missiya deyil, daha geniş anlamda Azərbaycan ədəbiyyatının Türkiyə ədəbi mühitindən görünən simvolik obrazıdır. Bu baxımdan,
Zakirə İmamverdi qızı Əliyevanın “Türkiyə ədəbi mühiti və xalq yazıçısı Anarın yaradıcılığı” adlanan mövcud əsəri görkəmli yazıçı-dramaturq, rejissor və ssenarist, ədəbiyyatşünas və publisist Anar Rzayevin çoxyönlü fəaliyyətinin əsas hissəsinin tədqiq edilməsi, araşdırılıb elmi ictimaiyyətə təqdim edilməsi işində gərəkli addımdır.
Anarın yaradıcılığı özündə xalqın keçib gəldiyi yolun bütün istiqamətlərini, milli özünüdərk proseslərini, millət kimi formalaşmasına xidmət göstərən amilləri, cərəyanları, fikir adamlarının talelərini, məfkurə mücadilələrinin kodlarını daşıyan mətnləri ehtiva edir. Bu baxımdan, Zakirə Əliyevanın üzərinə çox böyük missiya düşüb. O, öz kitabında toxunduğu bu kimi fundamental mövzuların işlənmə səviyyəsi ilə həm tədqiqatçı olaraq şəxsi elmi-nəzəri potensialını, həm də üzərinə götürdüyü missiyanı çox yönlərdən təqdim edə bilib.
Kitabın I fəsli “Azərbaycan-Türkiyə ədəbi əlaqələri və Anar” adlanır. Müəllif 1920-ci illərdən başlayaraq Azərbaycanla Türkiyə arasında olan müştərəkliyin çətinliyindən bəhs etmiş, hər iki ölkənin aydınlarının canatımlarına rəğmən qarşılıqlı görüşlərin, ünsiyyətin çətinliklər bahasına başa gəlməsini vurğulamışdır. Yalnız milli müstəqilliyi qazandığımız 1991-ci ildə sonra iki ölkə arasında olan bütün divarların aradan qalxdığını yazan təqdiqatçı bu ünsiyyətin və məhrəmliyin zəmini kimi Nazim Hikmət, Bəxtiyar Vahabzadə, Anar kimi ziyalıların münasibətini əsas gətirmişdir. Türk dünyası arasında mənəvi körpünün qurulmasında ziyalıların, ədəbiyyat xadimlərinin birbaşa rolu olduğunu bildirən tədqiqatçı bu sırada haqlı olaraq Anarı yalnız Türkiyə civarında deyil, bütün türk dünyası hüdudunda – Çingiz Aytmatov, Olyas Süleymenov kimi dünya şöhrətli, kökünə, bütövlüyünə bağlı yazarlarla ortaq genetik müstəvidə təhlilə cəlb etmişdir. Anar-Nazim Hikmət münasibəti, yazıçının rəhbərliyi ilə 1969-2004-cü illər arasında çıxan “Qobustan” jurnalındakı türkçülüyü təmsil edən fəaliyyəti, habelə türkiyəli müəllif Yusif Gediklinin Anar haqqında ziddiyyətli fikirləri bu fəsildə hər biri yerində, məqamında gələn məsələlərdir ki, müəllif bu məsələləri tədqiqatçı məharəti ilə incələməyə müvəffəq olmuşdur.
“Anar yaradıcılığı Türkiyə ədəbi tənqidində” adlanan II fəsildə artıq Türkiyə ədəbi mətbuatında Anarın mövqeyi, çəkisi, əsərlərinin təhlili məqamları tədqiqat predmetini təşkil edir və bu fəsil alimin həm də özünün obrazının, qələminin gücünün, təhlil səriştəsinin görünməsinə yardımçı olur. Müəllif təhlillərində tədqiqata cəlb etdiyi müəlliflərlə mübahisəyə girməkdən çəkinmir və bunu milli ədəbiyyatşünaslığımızın, elmi-nəzəri arsenalımızın təcrübəsinə əsaslanaraq, onlardan bəhrələnərək edir. Bəzən polemika milli ədəbiyyatşünaslığımızın nümayəndələri ilə də aparılır və bu, olduqca təbiidir. Çünki əsas məsələ burada əsərə verilən yozumda obyektiv elmi qanunauyğunluqlardan çıxış etməkdir və bu qanunauyğunluqlar harada pozulursa obyektivin işığı ora tuşlanır. Zakirə Əliyeva türk ədəbiyyatında Anar yaradıcılığına həsr olunmuş tədqiqatlarda deyilən bir sira fikirlərlə razılaşmır. Fırat Kızıltuğ, Beysel Şahinin öz mətnlərində Anarın əsərlərindəki humanist missiyanın bədii-ictimai dəyərini aça bilməməsinə, Hele Kaplanın Təhminəyə münasibətdə yazdığı “bar qızı” ifadəsinə, Ayşə Atayın “Bayram həsrətində” hekayəsinin təhlili zamanı söylədiyi fikirlərin yanlışlığına etiraz əlaməti olaraq tədqiqatçı öz qənaətlərini ortaya qoyur ki, bununla da özünün düşünən, iti zəkalı alim mövqeyini sərgiləmiş olur.
Zakirə xanımın kitabı ədəbiyyat tarixçiliyimiz üçün qiymətli mənbələrdən sayıla bilər. Ədəbi irsə, ədəbi dövrə yanaşmağın elmi-metodoloji nümunəsini meydana qoymaq, əsaslı mübahisələrə meydan açmaq, dövrə şəxsiyyətlər, yaxud proseslər, situasiyalar tarixi kimi yanaşmaqda mümkün olan bütün faktları ümumiləşdirmək bacarığı ilə. Alim Anarın əsərlərinin nümunəsində həm də zamanlar arasında vəhdətə nail olmağın, bağı qırılmağa qoymamağın nümunəsini verir. Kitabda Anarın Türkiyə ədəbi mühitində qazandığı müstəsnalıq, estetik çəki, onun bu mühitdə şəxsən tanıdığı, 85 ildən artıq ömür bioqrafiyasında iz qoymuş insanlarla bağlı fikirləri, eləcə də türk ədiblərinin, elmi dairələrinin tanınmış yazıçı haqqında düşüncələri adi məqam olaraq şərhini tapmır, sənətin mahiyyətini dərk etmək, yüksək sənət materiyasının nə olduğunu müəyyənləşdirmək baxımından yaxşı impulslar verir.
Müəllif kitabda Anar nəsrinin sənətkarlıq xüsusiyyətləri üzərində də dayanmış, onların forma və məzmun vəhdətini, təhkiyə xüsusiyyətlərini elmi-nəzəri aspektdə şərh etmişdir. Anarın koloritli, səlis və obrazlı təhkiyə mədəniyyətinə malik olduğunu yazan müəllif onu lirik-psixoloji üslubun nümayəndəsi kimi səciyyələndirmişdir.
Kitab faktoloji baxımdan da çox böyük əhəmiyyətə malikdir. Türkiyə mətbuatında Anarın yaradıcılığı ilə bağlı çoxsaylı kitab və məqalələr, mətbu mətnlər silsiləsi nəzərdən keçirilmiş, ədəbiyyat siyahısında yer almış, milli ədəbiyyatşünaslığımızın, tənqidi fikrimizin görkəmli ədiblərinin Anar xüsusunda olan məqalələri ilə müvazi şəkildə dəyərləndirilmişdir.
Xalq yazıçısı Anarın bu il 85 yaşı tamam olur. Zakirə Əliyevanın “Türkiyə ədəbi mühiti və xalq yazıçışı Anarın yaradıcılığı” kitabını bu yubileyə və ümumiyyətlə, çağdaş dövrümüzdə güclənməkdə olan Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri tarixinə və milli ədəbiyyatşünaslığımıza dəyərli elmi töhfə hesab etmək olar.
Elnarə Akimova
Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri