Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Kamran Məmmədovun elmi irsi: satiramız ədəbiyyatşünaslıq güzgüsündə - Gülbəniz Babayeva

23-12-2022 [ 12:09 ] [ oxunub:63 ]
printerA+ | A-
102974

İstedadlı alim, filologiya elmləri doktoru, professor Kamran Məmmədov sanballı və monumental tədqiqat əsərləri ilə Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfələr verib, adını ədəbi fikir tariximizin salnaməsinə şərəflə yazıb. Mütəfəkkir alimin zəngin ədəbi irsi çağdaş ədəbiyyatşünaslığımızın ən dəyərli səhifələrini təşkil etməklə müəllifinə əbədiyaşarlıq qazandırıb.

Yarım əsrə yaxın böyük yaradıcılıq yolu keçən Kamran Məmmədovun elmi fəaliyyətində satira ilə bağlı sanballı tədqiqatları xüsusi yer tutur. Alimin "XIX əsr Azərbaycan şeirində satira" və "XX əsr Azərbaycan gülüşü" adlı monoqrafiyaları ədəbiyyatşünaslığımızın ən dəyərli nümunələri kimi çağdaş dövrümüzdə də öz aktuallığını qoruyub-saxlayır. Kamran Məmmədov XIX əsr realist Azərbaycan satirasını yaradan səbəblərdən söhbət açarkən bildirir ki, "bu, bir tərəfdən dövrlə, həyatla, ictimai-siyasi hadisələrlə bağlıdırsa, ikinci tərəfdən bu satiranın qida aldığı mənbə şifahi xalq yaradıcılığı və klassik ədəbiyyatdır. Şifahi və klassik ədəbiyyatdakı satiranın nə şəkildə, necə təzahür etdiyini bilmədən XIX əsr və eləcə də XX əsr ədəbiyyatımızdakı satiranın mövqeyini düzgün, obyektiv qiymətləndirmək mümkün deyildir".

Alim bu sanballı tədqiqatında hər bir satirik janrın özünəməxsus spesifik xüsusiyyətini verir, konkret nümunələr əsasında həm folklorda, həm də klassik ədəbiyyatda işlənən satirik janrları fikir süzgəcindən keçirir.

O, XIX-XX əsr Azərbaycan satirasının mənbəyinin birinin də klassik yazılı ədəbiyyat olduğunu diqqətə çatdırır. Müəllif yazılı ədəbiyyat deyərkən təkcə Şərq ədəbiyyatının tərkib hissəsi olan Azərbaycan ədəbiyyatının Xaqani, Nizami, Nəsimi, Füzuli kimi nümayəndələrini deyil, bunlarla yanaşı, Firdovsi, Sədi, Hafiz kimi böyük söz ustadlarını da nəzərdə tutur və qeyd edir ki, bu sənətkarlar olmasa, Şərq şeiri çox sönük görünərdi. Tədqiqatçı bir həqiqəti də nəzərə çarpdırır ki, Azərbaycan klassik ədəbiyyatında satiranın hansı əsərlə, kimin yaradıcılığı ilə başlamasını söyləmək çətindir. O da məlumdur ki, ayrı-ayrı dövrlərdə yaranan satiranın özünəməxsus, fərqli cəhətləri vardır. Buna görə də XII əsr Azərbaycan satirası ilə XX əsr satirası, yəni Xaqani satirası ilə Sabir satirası arasında böyük fərqlər vardır. Xaqani yaradıcılığında yaşadığı cəmiyyətin mənfi cəhətlərini, pisliklərini ifşa, üsyankar ruh, kəskin tənqidi münasibət, fikirlərin ifadəsində kinayə, gülüş, eyham, istehza və başqa üsullardan istifadə genişdir. XII əsrdə satiranın həcv, təmsil, hekayə, lətifə janrları çox işlənmişdi. Xaqani, Nizami və onların müasirləri də bu janrlara müraciət etmişlər. Bununla yanaşı, onların bir sıra ciddi, tənqidi əsərlərində də satira ünsürləri vardır. Tədqiqatçının gəldiyi qənaət budur ki, Xaqani, Nizami və digər klassiklərin satirik yaradıcılığına yaşadıqları dövrün iqtisadi, coğrafi və ictimai-siyasi vəziyyətinin güclü təsiri vardır, eləcə də həmin mərhələdə ədəbiyyatın ideya istiqaməti, spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Kamran Məmmədov tədqiqatda M.F.Axundzadə, H.Zərdabi, F.Köçərli, M.Rəfili, H.Araslı, F.Qasımzadə , Ə.Sultanlı, H.Səmədzadə, M.Cəfər, Ə.Mirəhmədov, M.Qorki, A.V.Lunaçarski, N.V.Qoqol, V.Q.Korolenko və başqa böyük fikir və söz adamlarının, mütəfəkkirlərin satira ilə bağlı düşüncə və mülahizələrini diqqətlə sərf-nəzər edir, münasibət bildirir, müqayisə və paralellər apararaq faktlar əsasında orijinal və inandırıcı nəticələrə gəlir.

K.Məmmədov XIX-XX əsr şairlərinin Xaqani yaradıcılığından yetərincə bəhrələndiklərini göz önündə canlandıraraq yazır ki, "Çörək" şeirinin təsiri ilə Qasım bəy Zakir "Düyü", Seyid Əzim Şirvani "Buğda" şeirini. "Həbsiyyə"nin təsiri ilə həmin şairlərin dövrü, zəmanəni qırmanclayan şeirləri yaranmışdı. Daha sonra tədqiqatçı, Zakirin "Bərdənin tərifi" şeirində "Mədain xərabələrinin", Sabirin "Əzrailin istefası" şeirində isə Xaqaninin "Rey şəhərinin iqlimini məzəmmət" şeirinin güclü təsiri olduğunu diqqətə çatdırır.

K.Məmmədov dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığında satiranın mühüm yer tutduğunu xüsusi vurğulayaraq yazır: "Nizami haqqında nisbətən çoxlu elmi əsərlər, məqalələr yazılmasına baxmayaraq, təəccüblü də olsa, deməliyik ki, hələ indiyə qədər şairin satirası haqqında danışılmayıbdır. Bunun bir səbəbi də, bizə elə gəlir ki, Azərbaycan ədəbiyyatında satiranın ancaq XIX əsrdən başladığı fikrinin ictimai elmimizdə möhkəm mövqe tutması ilə bağlıdır. Əlbəttə, o cəhəti də yaddan çıxarmaq olmaz ki, Xaqani, Nizami, Nəsimi, Füzuli kimi nəhənglərin yaradıcılığındakı ayrı-ayrı konkret problemlər də öyrənilməmişdir. "Nizamidə satira" ayrıca bir mövzu kimi tədqiq olunmağa layiqdir". Alim onu da vurğulayır ki, Nizaminin bütün poemalarında, xüsusilə də "Sirlər xəzinəsi" poemasında satiranın ünsürləri ilə deyil, məhz özü ilə rastlaşırsan.

Kamran Məmmədov Füzuli yaradıcılığında satiranın mühüm yer tutmasından söhbət açarkən qeyd edir ki, əsasən, tədqiqatçılar şairin Nişançı paşaya yazdığı və "Şikayətnamə" adı ilə tanınan məşhur əsərini diqqət mərkəzində saxlamışlar. "Zamanımıza qədər bizi güldürməkdə və ağlatmaqda baqi qalan" (B.Çobanzadə), "başdan-başa acı qəhqəhələr, kin və nifrətlə atılmış oxlarla dolu" (A.Şaiq), "Azərbaycan dilində yaranan satiranın ilk nümunəsi" (H.Araslı), "dövrün acgöz, rüşvətxor, canavar iştəhalı hakimlərini damğalayan" (Mir Cəlal), "xəyanətkarlığı, rüşvətxorluğu, ədalətsizliyi satirik gülüşlə tənqid atəşinə tutan" (M.Quluzadə), "dərin bir kin və qəzəb hissilə, amansız kinayə və öldürücü gülüş ruhu ilə yazılmış" (H.Əfəndiyev) "Şikayətnamə" haqlı olaraq ictimai məzmunlu satiranın ən parlaq nümunəsi kimi təhlil edilir, "salam verdim, - rüşvət deyildir, - deyə almadılar" satirik misrasının xalq kütləsi içərisində geniş yayılmasının, zərbül-məsəl şəklinə keçməsinin köklü səbəbləri doğru-dürüst əsaslandırılır. K.Məmmədov Füzulinin yaradıcılığında satiranın mühüm yer tutduğunu ön plana çəkərək yazır: "İndiyə qədər Füzulidə satira ayrıca tədqiqat obyekti kimi öyrənilmədiyindən, görkəmli füzulişünaslar isə şairin satirasından ancaq yeri gəldikcə bəhs etdiklərindən böyük sənətkarın satira xəzinəsi tamam-kamal araşdırılmamışdır. Füzulidə satirik nəsrlə ("Şikayətnamə") bərabər, satirik qəzəllər, rübailər, qitələr, təmsil ("Pişiklə köpək"), alleqorik poemalar ("Bəngü Badə", "Söhbətül-əsmar") vardır. Biz hələ şairin bütün yaradıcılığına səpələnmiş satirik misraları, beytləri, bəndləri demirik" . Ümumiyyətlə, K.Məmmədov bildirir ki, Füzulidən başlayaraq XIX əsrə qədərki Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində də satiraya rast gəlirik. Lakin onların yaradıcılığında satira Füzuli yaradıcılığındakı qədər qüvvətli olmayıb.

Görkəmli tədqiqatçı XIX əsrin birinci yarısında Azərbaycanda maarifçi-satirik şeirin qüvvətlənib inkişaf etməsində Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Baba bəy Şakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Baxış Nadim kimi şairlərin xidmətlərini xüsusi dəyərləndirməklə yanaşı, satirik şeirlərə öz yaradıcılığında geniş yer verən Məmmədcəfər Miskin, Aşıq Mahmud, Aşıq Hüseyn, Aşıq Musa, Aşıq Əziz kimi xalq aşıqlarının rolunu da ayrıca qeyd edir. Alim göstərir ki, həmin şairlərin bir çoxu Azərbaycan ədəbiyyatında satiranı qüvvətləndirmək üçün ardıcıl iş aparmışlar. Əlbəttə ki, satirik şeirin qüvvətlənib ədəbiyyatımızda cərəyan halına gəlməsində bu sənətkarların hamısı fəal rol oynamayıb. Kamran Məmmədov bu şairlər içərisində Qasım bəy Zakirin rolunu xüsusi qiymətləndirərək yazır: "Zakirin satiraları müstəqil ədəbi cərəyana çevrilən satirik şeirin vuran qəlbi və düşünən beyni olmuşdur desək, heç də səhv etmərik. O da diqqətəlayiqdir ki, həmin işdə Mirzə Fətəli Axundov kimi dahi sənətkara müəllimliyi məhz Qasım bəy Zakir və Mirzə Şəfi Vazeh etmişdir".

K.Məmmədov Azərbaycan ədəbiyyatı tarixində realist ədəbi məktəbin formalaşması, mükəmməl estetik-fəlsəfi, nəzəri əsaslarının işlənib hazırlanmasını Mirzə Fətəli Axundovun adı ilə bağlayaraq yazır: "Axundovun realizm haqqındakı fikirlərini heç cürə satira haqqındakı fikirlərindən ayırmaq olmaz. Satira, Axundovun rəyincə, realizmin əsas tərkib hissəsini təşkil edir. Həqiqətin gözünə dik baxmaq, ictimai məzmun və satiranı ön plana çəkmək, xalqın tərbiyələnməsinə kömək etmək, Axundova görə bədii əsərin əsas vəzifələrindəndir... Böyük mütəfəkkirin tənqidi-estetik fikirləri də fəaliyyətinin başqa sahələri kimi demokratik mahiyyət daşıyırdı. O, geniş kütlələrin şüuruna təsir edəcək sadə, təbii və təsirli bir dildə yazılmış dolğun məzmunlu, ictimai mənalı realist sənət uğrunda çalışır, bu işdə tənqid və satiraya geniş meydan verirdi".

Kamran Məmmədov öz tədqiqatlarında XIX əsrin ikinci yarısında yazıb-yaratmış görkəmli maarifçi-satirik şair Seyid Əzim Şirvani yaradıcılığına həssaslıqla yanaşır, onun şahidi olduğu, müşahidə etdiyi acınacaqlı hadisə və səhnələri vətəndaşlıq yanğısı ilə qələmə aldığını və "Əkinçi", "Ziya" kimi mətbuat orqanlarında çap etdirdiyini göstərir. S.Ə.Şirvani vətəndaşı olduğu cəmiyyətin və mühitin əsl mahiyyətini dərindən dərk edir, istər tənqidi-maarifçi şeirlərində, istərsə də satira və təmsillərində ağır və iztirablı yaşam tərzini dəyişdirmək, yeniləşdirmək uğrunda mübarizə aparırdı. K.Məmmədov bununla bağlı yazır: "O, müasiri şairlərə (Asi, Fəna, Növrəs, Qasir, Yusif, Səfa, Xəlil, Qumri və b.) məktublarında vüqarlı, dəyanətli olmağa, hər cür hiylə və yalana aldanmamağa, şairlərdən öyrənməyə çağırırdı. Şair müxtəlif şeirlərində özünün satiraya, tənqidə münasibətini də bildirirdi".

Kamran Məmmədovun yaradıcılığında "XX əsr Azərbaycan gülüşü" (yaxud bir məclisdə on iki kişinin söhbəti) monoqrafiyasının önəmli yeri vardır. Müəllif əsərdə böyük mollanəsrəddinçi şairimiz Mirzə Ələkbər Sabirin "Bir məclisdə on iki kişinin söhbəti" adlı proqram xarakterli şeirinin forma-struktur özəlliklərindən məharətlə yararlanmış və on iki satirik sənətkarın yaradıcılığını ali məktəbdə dərs deyən alimin mühazirələri şəklində oxuculara təqdim etmişdi. Hər dərsdə bir satirikin həyat və yaradıcılığından söhbət açılır. Bununla yanaşı, kitabda XX əsr Azərbaycan ədəbiyyatında stabilləşən satiranın əsas xüsusiyyətləri təhlil süzgəcindən keçirilir. Alim monoqrafiyada XX əsr Azərbaycan gülüşünün, satirasının bu və ya digər xüsusiyyətlərindən ümumiləşmiş şəkildə deyil, ayrı-ayrı sənətkarın yaradıcılığı fonunda söhbət açır, satiranın özünəməxsus çalarlarını və rəngarəngliyini ön plana çəkir, gülüşün spesifik təzahür formalarından danışmağa üstünlük verir. Tədqiqatçı XX əsr satirasının əsas xüsusiyyətlərini M.Ə.Talıbov, Z.Marağayi, N.Vəzirov, C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Ə.Möcüz, Ə.Qəmküsar, Ü.Hacıbəyli və Y.V.Çəmənzəminlinin yaradıcılığına istinadən açıqlayır. K.Məmmədov XX əsrin əvvəllərindəki Azərbaycan gülüşü deyərkən ilk növbədə satiranı nəzərdə tutur. O göstərir ki, bu dövrdə satira şeirdə, nəsrdə, dramaturgiyada özünün yüksək mərhələsinə gəlib çatmış, əsrin ilk mərhələsində "Molla Nəsrəddin" ədəbi məktəbi yaranmışdı.

Kamran Məmmədov çox doğru vurğulayır ki, "yaxşı satira nümunəsi heç də hər hansı qiymətli elmi kəşflərdən az əhəmiyyətli deyildir. Satira xalqın mənəvi xəstəliklərini müalicə üçün həmişə öz gücünü göstərmiş və indi də göstərməkdədir".

SİZƏ MARAQLI OLA BİLƏR