Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi “8 noyabr - Zəfər gününə”nə həsr olunmuş tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq Zəfər gününün qürurundan söz açıb: “Vətən müharibəsi və zəfərimiz bizim hədəfimizdən çox, arzularımız idi. Vətən müharibəsi dünya üçün bir nümunə idi. Akademiyanın əməkdaşlarından da Vətən müharibəsində iştirak edənlər vardı. Xalqımızın Ali Baş Komandanımızın ətrafında birləşməsi nəticəsində zəfərə imza atdıq”.
Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək gənc alimlərin qalib ölkənin ziyalıları kimi fəaliyyətindən danışıb.
Tədbirdə 44 günlük Vətən müharibəsinin qazisi, kapitan Ruhin Mikayılova həsr olunmuş video-çarx nümayiş etdirilib. Kapitan Ruhin Mikayılov Qarabağın zəfərə gedən mübarizə tarixindən və döyüş xatirələrindən söz açıb.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva “Zəfər günü bədii ədəbiyyatda”, Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Oruclu “Post Müharibə dövründə fəaliyyət istiqamətlərimiz”, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə “Şanlı Tarixi Zəfərimiz” mövzusunda məruzələrini səsləndiriblər.
Tədbirdə AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçi Ülviyyə Qurbanova və digər institutların gənc alimləri qələbə tariximiz və bu işdə ziyalıların mövqeyi barədə fikirlərini bölüşüblər.