Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin Özbəkistanda çap olunan “Hophopnamə”sinin təqdimatı keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində reallaşıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrdən danışıb: “Son illər Azərbaycan-Özbəkistan əlaqələri yeni mərhələdə inkişaf edir. Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişaf etdirilməsinə Özbəkistanın ölkəmizdəki və Azərbaycan Respublikasının Özbəkistandakı səfirlikləri və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi çox böyük dəstək verir. Samir Abbasovun təşəbbüskarlığı sayəsində Azərbaycan ədəbiyyatının yüzdən çox nümunəsi özbək dilinə tərcümə olunub və çap edilib. Yeni çap olunan əsərlərdən biri Mirzə Ələkbər Sabirin “Hophopnamə”si, biri də Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsidir”.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov əlavə edib ki, bu nəşr mərkəz tərəfindən Özbəkistanın bütün kitabxanalarına, universitetlərinə, tədqiqat müəssisələrinə əvəzsiz olaraq veriləcək.
Tədbirdə Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Obijon Shofiyev, özbək şairə, “Kitob dunyosi” qəzetinin baş redaktoru Xosiyət Rüstəm və Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli çıxışlarında nəşrin əhəmiyyətindən bəhs ediblər.