Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar bütün dövlət müəssisələri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri və ayrı-ayrı qurumlar bu möhtəşəm tarixi layiqincə qeyd etməkdədir.
Bakı şəhəri, şəhid İlqar Məmmədov adını daşıyan 298 saylı məktəbdə də digər təhsil müəssisələri kimi “Şuşa ili” çərçivəsində 44 günlük Vətən müharibəsinin kuliminasiya nöqtəsi olan “Əziz Şuşa,sən azadsan!”- möhtəşəm nida cümləsi - simvolu ilə tədbir keçirildi.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Türk xalqları ədəbiyyatı” şöbəsinin doktorantı, həmin məktəbin müəllimi fil.ü.f.d. Aytən Qurbanovanın hazırladığı 10 a sinfinin şagirdlərinin iştirakı ilə ədəbi - bədii xeyriyyə tamaşası nümayiş etdirildi. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Amal Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru fil.ü.f.d., dosent Mehman Həsənli, elmi katib, fil.ü.f.d., dosent Aygün Bağırova, "Elmi informasiya və tərcümə" şöbəsinin müdri, fil.ü.f.d. Zakirə Əliyeva, fil.ü.f.d. Gülnar Qəmbərova, habelə məktəb direktorları, Şəhid ailələri, qazilər, ”Ümid yeri” körpələr evində tərbiyə alan körpələr iştirak edirdi.
Qonaqlar Sevinc İmanovanın rəhbərlik etdiyi Musiqi dərnəyinin üzvlərinin ifasında “Bura məskənidir gözəlliklərin” adlı məktəb himni ilə qarşılandı. Sonra qonaqlar “Şuşa-270” və gənc fiziklərinin “Gələcəyin Mühəndisi” IV Respublika Müsabiqəsi çərçivəsində hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçirdilər. Tədbir iştirakçıları açıq havada təşkil olunmuş Qarabağ mətbəxini əks etdirən səhnə ilədə tanış oldular.
Tədbir məktəbin akt zalında davam etdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan ədəbi-bədii gecədə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin ifasında Şuşa ədəbi mühitini əks etdirən, habelə Şuşa həyatına həsr olunan dahi dramaturq Mirzə Fətəli Axundovun “Hekayəti Miyo Jordan həkimi-nabatat və dərviş Məstəli şah”, Səməd Vurğunun “Vaqif”dramlarından parçalar əsasında hazırlanmış səhnəciklər nümayiş olundu, Şuşanın tanınmış simaları öz dillərində “danışdırıldı”.
Müğənni, əməkdar artist,Milli Konservatoriyanın müəllimi Səlim Abbasovun və Mahir Əsgərovun oxuduğu vətənpərvərlik mahnıları da tədbirə xüsusi rəng qatdı.
“Şuşa,sən azadsan!”adlı ədəbi-bədii gecənin təqdimatından sonra məktəbin direktoru Xatirə Hacıyeva çıxış etdi və qonaqlara söz verdi.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Aygün Bağırova, Mehman Həsənli məktəbə "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", "Molla Nəsirəddin ensklopediyası", Nizami Gəncəvi “Xəmsə”si və daha 60 adda kitablar hədiyyə etdilər.
Eyni zamanda məktəbin 10-cu sinif şagirdi İbrahimova Ramilənin “Azad Şuşa” adlı rəsm əsəsri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstituna hədiyyə olundu.
Tədbirdən sonra şəhid uşaqlarına və "Ümid yeri" körpələr evindən olan balaca qonaqlara hədiyyələr verildi. Sonda xatirə şəkilləri çəkildi.