Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Anar tezisləri. Ədibin 84 yaşına ithaf - Tehran Əlişanoğlu

14-03-2022 [ 11:17 ] [ oxunub:42 ]
printerA+ | A-
102111

Yaşadıqca bilirsən, hər il, hər ay, hər gün də insan omrüdür. Bir daha ədəbiyyatımızın Anar sevgisindən yazmaq istədim, əzəldən intəhasızlığa. Bir qəfil elmi mübahisədən təkanlanıb bu qeydlərə gətirən düşüncələrimi mətbu bölüşmək istədim.

1. Deyirsiniz, Anarın yaradıcılıq portreti "sovet cildi"ndə deyil, burada, Müstəqillik dövrü ədəbiyyatında yer almalıdır. Razılaşmıram.

Anar Azərbaycanda 60-cılar hərəkatının ruporu, generatoru, memarı və lokomotividir. Onun ədəbiyyat və tariximizdəki qəti yerini, rolunu, missiyasını ordan alıb nəyinsə naminə müstəqilliyin ayağına yazmaq yanlış olar, əbəsdir, qeyri-elmidir.

2. "60-cılar" bütün "sovet ədəbiyyatları"nda var; hər birisində bir ayrı, hansında hansı kökdə-məxrəcdəsə, hansı zəmində, necə, nə qədər.

Qaynaqlar: çağdaşlıq tendensiyası, müasirlik notları 60-cılardan əvvəl 50-cilərdə də var, bunu təvazö edib Anar özü də daim vurğulayır, hərəkatı Zəmanə özü yaratdı deyir. Amma axı Zəmanə 60-cıların idi, 60-cıların payına düşmüşdü; hərəkatı məhz 60-cılar başlatdı, böyük əzmlə, iradə gücünə, israr və müqavimətlə, ardıcıl fəaliyyət hesabına tarixə yazdı. Liderlik məqamı və missiyası Anarın öhdəsinə düşmüşdü.

3. Bizdə 60-cılar hərəkatı nə zamandan başlanır, konkret hansı məqamdan? Daim mübahisə predmetidir.

Mənimcə, vater-xətt 1960-cı il, gənc Anarın "Keçən ilin son gecəsi"dir; zamanları bölən hekayə. Burda Mirzə Cəlilə göndərmə də var (yeni zamanların nigaranlığı), sosializm zamanının atributları da (əmək insanının halal həyatı); amma başlıca tema gənc nəslin həyatıdır, o (gənc nəsil) öz istədiyi kimi yaşamağa meyllidir və bunu edir də. 60-cılar yeni dünyaduyumu, baxışlar sırası, həyat tərzidir; hər cür "Kommunist" və sosrealist tənqidlərə məhəl qoymadan, Anar "gəmisi" yelkən alıb Ağ limanlara doğru üzməyə başlayır.

4. Rus modelindən alıb "kənd nəsri" - "şəhər nəsri" antinomiyası uydurmaq əbəsdir, bəsdir. 

Azərbaycan başdan-binadan Şəhər ölkəsidir, ədəbiyyatımız - "şəhər ədəbiyyatı". Odur ki, tüm yazıçılar Kəndini yazmağa məşğulkən Anar Şəhəri yazdı, çağdaş ədəbiyyatımıza Şəhər təfəkkürünü gətirdi. Sivilizasiya qatında, bütünlükdə mədəniyyət qatında; lokal mikro-mühitdə də Şəhəri yazdı ("Ağ liman" və ətrafında sıra hekayələri), Cəmiyyət miqyasında ("Molla Nəsrəddin-66", ətrafında sıra hekayələr, "Macal", "Şəhərin yay günləri"), İnsan Kosmosunda da ("Əlaqə", "Sizsiz", sıra xatirə-əsərləri, "Göz muncuğu"), Dünya tənhalığında ("Otel otağı", ətrafında sıra hekayələr, "Ağ qoç, qara qoç"), Millət paradiqmasında da ("Dədə Qorqud", "Unudulmaz görüşlər", "Yaşamaq haqqı", "Söz dünyası", "Qarabağ dastanı: otuz ilin həsrəti, 44 günün zəfəri"...) eynən, Azərbaycan sivilinin tədqiqini verdi, təqdimatını etdi. Sivilizasion qlobal prosesdir, nəhəng müasirlik aktıdır; içindəyiksə, varıqsa, nə xoş halımıza!

5. 60-cılar hərəkatı və Anar. Nədən məhz Anar?

60-cılar sadəcə ədəbiyyat, sənət deyil , bütöv bir mədəniyyət aktı, hərəkatıdır; fikirdə, düşüncədə, duyumda,- dedik; zövqdə, yanaşmada, mənəviyyat və estetikada, böyük yaradıcılıq enerjisi, həyat eşqində. Kinoda, teatrda, təsviri sənətdə, musiqidə, televiziyada və radioda, elmdə və texnikada, ictimai-mədəni mühitdə, məişət tərzi və davranışda, modada, arzu və xəyalatımızda... Bütün bu sahələr köklü araşdırma istəyir, əlbəttə; hər birisinin öz korifeyi, lideri və sıra nəfərləri, entuziast və təmsilçiləri... Amma hər birisinin hərəkət və hərəkat tezliyində həm də ədəbiyyatın sözü və gözü olaraq Anar görünür, müxtəlif rakurs və görəvlərdə: dramaturq, ssenarist, rejissor, redaktor, təşkilatçı, təşviqatçı, ideya katalizatoru... "Torpaq. Dəniz. Od. Səma", "Adamın adamı", "Sizi deyib gəlmişəm", "Şəhərin yay günləri", "Təhminə və Zaur"; "Gün keçdi", "Hər axşam saat 9-da", "Dantenin yubileyi"; "Evləri köndələn yar", "Nigaranlıq"... Həm də bu, bir dəfə başlanıb bugün də bitməyən, tükənməyən hərəkatdır, bugün də israrla tele-ekranlarımızı bəzəyən: "Dədə Qorqud", "Uzun ömrün akkordları", "Qəm pəncərəsi", "Cavid ömrü", "Sübhün səfiri", "Təhminə" və yenə "Təhminə"... Zaman-zaman həzzini aldığımız kimi, vaxt olub ki, həm də bəzisinə sərt, tənqidi yanaşmışıq. Bu, belədir. Amma etiraf etməli: bugün belə, 60-cılardan başqa da bir dayanıqlı mədəniyyət platforması, müasirlik mücadiləmiz varmıdır?!

6. 60-cılar hərəkatı və biz.

Və bir də "Qobustan"; bütün bu ədəbi-mədəni hərəkatı, sənət və mədəniyyət gəlişməsini toparlayıb bir araya gətirən, inikas və intişar etdirən, yayan, şüurlara yeridən İncəsənət toplusu "Qobustan". Anar "Qobustan"ı ərsəyə gətirəndə, 1968-ci il, 30 yaşı vardı; necə bir köklü-köməcli, uzaqgörən bir işin altına girdiyini şəksiz ki, bilir, fəhm edirdi. Bugünlərdə Anarın  "Ömrümün Qobustan illəri" yazısını təsadüfən, yenidən oxudum (bax: Anar, "Yaşamaq haqqı", Bakı, 2020, s. 1053-1066). Özümün "Qobustan"lı illərim xəyalıma gəldi; bəlkə də ən parlaq səhifələri deyil, 1977-ci il sayları, orta məktəbi bitirdiyim zamanlardan 1988-ci ilə qədər Anarın "Qobustan"ı bütün dəsti ilə (hər il dörd say olmaqla) bugün də şəxsi kitabxanamda, gənclik düşüncə və xəyalatımın ən parlaq düsturu-dəlilləri olaraq durur. Sonralar da Fikrət Qocanın buraxdığı sayları adda-budda izləmiş, hətta burda çap da olunmuşam, amma həmən o həzzi-ləzzəti verməyibdir. "Ömrümün Qobustan illəri"ndə Anar "Qobustan"lı illərini vərəqləyir, toplunu çıxarmağın əngəllərindən, məxsusən Dil siyasətinə görə, Türkiyə türkcəsinə yozularaq doğma türk dilinə görə suçlanmağı, çək-çevirə salınmağından söz açır. Mənim "Qobustan"lı illərimdə isə hər şey Dil idi; sənət dili, musiqi dili, rəssamlıq, heykəltaraşlıq, memarlıq dili, teatr və kino dili, Qurama, Şəbəkə, Dünya dili, folklor və Yazı dili, Ortaçağlar və müasirlik, Şərq və Qərb dili... Nə qədər imzalar, adlar, sənət klassikası! Baxıb-görürəm ki: 60-cılar, 70-cilər, 80-cilər... - kimdə-kimsədə necə, nə zamandan, bizim Sənət və həyat zövqümüzü, əqidə və ideallarımızı elə "Qobustan"lı illər formalaşdırmış, yetirmiş...

Vərəqlərkən, daha bir qəfil detal heyrətimə səbəb oldu. Toplunun Sovet incəsənətinin 60 illiyinə  (1977, № 3-4) və Azərbaycan Sovet incəsənətinin 60 illiyinə (1980, № 1-2) həsr olunmuş saylarının titul səhifəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi L.İ.Brejnevdən verilmiş sitat əvvəlcə tərcümədə - Azərbaycan dilində, sonra orijinalda - ruscadır. Bəlkə də ol zamanlar, içində olduğumuz illərdə bu fakt bizə adi gəlir, təbii görünürdü, Heydər Əliyev Azərbaycanında yaşayırdıq; bugündən baxanda isə çox önəmlidir, cəsarət aktı olduğu barizdir. Nə olsun ki, Anarın öz etirafına görə, "Qobustan" birbaşa Heydər Əliyevin himayəsində və nəzarətində idi; bu Dili gerçəklərdə yaşatmaq, yeritmək və şüurlara yedirmək, şəksiz ki, hünər işi sayılmalıdır.

 

7. 60-cılar hərəkatına korrektəmiz.

Belə ki, bütün bu hərəkat hələ 1990-cı illərə, müstəqilliyimizə qədər olubdur. İndi, cənablar, deyirsiz, bütün bunları "silib" də, Anar adını, imzasını, parlaq yaradıcı portretini bugünümüzəmi korrektə etmək gərəkdir? Deyirsiniz ki, sovet dönəmi tarixdir, dünəndir; müstəqilliyin otuz ili ərzində, habelə bugün də yazıb-yaradan Anarı Sovet cildindən çıxarıb şanlı-şövkətli Müstəqillik epoxasına transfer etmək gərəkdir. Mənimcə, heç gərək deyil; bəlkə əksinə, "dövr"ün özünün (1960-1980-ci illər) "sovet" libasını ən nəhayət soyundurub arxivə vermək, əvəzində: önə hələ ol zamanlardan, 60-cılardan başlanan müasir Azərbaycanı, Azərbaycan həyatını, müasirlik hərəkatını çıxarmaq gərəkdir, necə var - elə. Nədənsə bizim ədəbiyyat və mədəniyyət tarixçilərimiz ictimai-siyasi amili ifrat kultlaşdırır; halbuki tarixi-mədəni faktor daha dərin və əsaslıdır. Buna mən Anarın "Söz dünyası"nı (Bakı, Şərq-Qərb nəşriyyatı. I cild-2018, II cild-2020) oxuyarkən bir daha əmin oldum; bizim XX yüzil başdan-başa müasirlik, modernləşmə aktı, çabalarından ibarətdir və bu yolda necə bir ictimai-siyasi rejimləri (qatı çarizm hakimiyyəti, repressiv stalinizm dövrü, durğunluq-staqnasiya mühiti) keçib-dəf edə bilmişdir.

8. Müstəqillik savaşı və Anar.

Doğrudur, tariximizin Müstəqillik savaşında Anarın ictimai-siyasi xadim kimi, Millət vəkili kimi, AYB sədri kimi, türk dünyası hərəkatlarının aparıcı Şəxsiyyətlərindən biri kimi, ən nəhayət eləcə müstəqil ölkənin Vətəndaşı kimi fəaliyyəti, zəhmətləri, xidmətləri çoxdur; bütün bu faktlar ədibin rəsmi bioqrafisinin şərəfli səhifələridir. Anarın yaradıcılığında isə, mənimcə, "müstəqillik savaşı" yoxdur, sözün metafizik anlamında; iç azadlığı, sərbəst düşüncə, müstəqil şəxsiyyət fenomeni var, nədənsə-kimdənsə- hansı instansiyadansa asılı olub qurtulmaqlıq, müstəqil olmaq çabaları, qayğısı yoxdur. Çün Anar hər zaman daxilən azad, müstəqil olubdur. Və daima Anar "dünya" ilə deyil, dünya Anarla (geniş mənada oxu: "milli varlıq"la) savaşda olubdur. Anar yaradıcılığının hərəkətverici qüvvəsi, ekzistensial cövhəri buradadır. Odur ki, Anar dar mənada "müstəqillik ədəbiyyatı"nın deyil, daha dərin, geniş müasir Azərbaycan hərəkatının təmsilçisi, ruporudur.

9. Anar olmağın sirri.

Bir də Anarı Ulu Öndər eşqinə, "Heydərabad" qurmaqda qınayanlar var. Nədən?  Zatən biz başdan-binadan Heydərabad sakinləriyiz; məgər Dədəm Qorqud boylamaları "Xanım hey!" nidasından başlamırmı? Tənqid romanımın "Maarifçi hökmdar" qismində bu metafizikanı daha geniş faktolojidə çözməyə, təsbit etməyə çalışmışam (bax: T.Əlişanoğlu, Azərbaycan, Azərbaycan. Bakı, "Nurlan", 2005). Azərbaycan ədibindən söz edərkən, mənim yadıma həmişə Məhəmməd Füzulinin "Padişahi-mülk..." qitəsi gəlir. Azərbaycan qələm əhlinin qurduğu səltənət, daima fatehlərin cızdığı xəritələrlə qiyas olunur. Hünər bu ki, Anar varoluşumuzun çağdaş xəritəsində bir "Söz dünyası" qurubdur...

SİZƏ MARAQLI OLA BİLƏR