AMEA Rəyasət Heyətinin “Nizami Gəncəvi İli”nin yekunlarına həsr olunmuş xüsusi iclası keçirilib
Bu gün AMEA Rəyasət Heyətinin böyük konfrans zalında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-da həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş AMEA Rəyasət Heyətinin Xüsusi iclası keçirilib.
525.az xəbər verir ki, əvvəlcə “Nizami Gəncəvi İli”ndə AMEA-da nəşr edilmiş kitabların və rəsm əsərlərinin sərgisinə baxış keçirilib. Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” kimi qeyd olunduğunu xatırladıb. AMEA rəhbəri dahi şair, bəşəri təfəkkürə malik böyük mütəfəkkir Nizami Gəncəvinin əsərlərinin tədqiqi və nəşri sahəsində şairin 1941-ci ildə keçirilmiş 800 illik yubileyinin tarixi əhəmiyyəti olduğunu qeyd edib.
O, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin 1979-cu ildə “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin tədqiqi, nəşri və tərcümə edilməsini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qəbul etdiyi qərardan sonra ölkəmizdə şairin həyat və yaradıcılığının öyrənilməsi istiqamətində yeni bir tarixi epoxanın başlandığını, genimiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Akademik R.Mehdiyev 1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin keçirilməsini dövrün mühüm hadisələrindən biri kimi dəyərləndirib.
“Nizami Gəncəvi İli”ndə Azərbaycan Milli Elmlər Akademiyasında genişmiqyaslı tədbirlərin həyata keçirildiyini deyən AMEA rəhbəri 2021-ci il ərzində Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər Planına əsasən Azərbaycan miqyasında və xarici ölkələrdə mühüm işlərin görüldüyünü vurğulayıb. Akademik əlavə edib ki, bu məqsədlə AMEA-nın elmi-tədqiqat müəssisələrində çoxsaylı beynəlxalq və respublika miqyaslı konfranslar keçirilmiş və bu tədbirlərdə Azərbaycan alimləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin mütəxəssisləri məruzələrlə çıxış etmişlər.
Akademik R.Mehdiyev il ərzində böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığının AMEA-da tədqiq olunması və təbliğ edilməsi istiqamətində aparılmış genişmiqyaslı işlər, çap edilmiş çoxsaylı kitablar və əldə olunmuş mühüm nəticələrin “Nizami Gəncəvi İli”nin yekunlarına həsr edilmiş Rəyasət Heyətinin Xüsusi iclasını keçirməyə tam əsas verdiyini bildirib.
Daha sonra "Nizami Gəncəvi İli”ndə AMEA əməkdaşları tərəfindən müxtəlif dillərdə nəşr olunmuş kitablar haqqında məlumat verilib, onların siyahısı təqdim olunub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli”nin Azərbaycan nizamişünaslığı” mövzusunda məruzə ilə çıxış edib. O, AMEA-da “Nizami Gəncəvi İli” çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr, eləcə də nizamşünaslıq ilinin inkişaf mərhələləri haqqında məlumat verib.
Nizami Gəncəvi irsinin öyrənilməsinə əsas etibarilə XX əsrin əvvəllərindən başlanıldığını deyən İ.Həbibbəyli 1909-cu ildə M.M.Axundovun “Şeyx Nizami” kitabının dahi şairin irsinə həsr olunmuş ilk böyükhəcmli nəşr olduğunu bildirib.
Akademikin sözlərinə görə, Nizaminin 800 illik yubileyi çərçivəsində ən əhəmiyyətli hadisə onun “Xəmsə”sinə daxil olan 5 poemanın ilk dəfə Azərbaycan dilinə tərcümə edilməsi olmuşdur. Həmin yubiley çərçivəsində böyük mütəfəkkirin həyat və yaradıcılığına həsr olunmuş 8 kitab çap olunmuşdur.
“Nizami Gəncəvi irisinin öyrənilməsinin yeni mərhələsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, - deyən İ.Həbibbəyli Ümumilli Liderin 1979-cu ildə Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə dair müvafiq qərarından sonra Azərbaycanda şairin yaradıcılığının bir neçə istiqamətdə öyrənilməsi ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Məruzəçi qeyd edib ki, Nizami Gəncəvi irsinin öyrənilməsinin ən yeni mərhələsi dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Prezidentin Nizami Gəncəvinin 870 illiyinin keçirilməsi ilə bağlı qərarından sonra həm ölkəmizdə və beynəlxalq miqyasda dahi şairin dünyada tanıdılması istiqamətində ciddi addımlar atılmışdır: “Prezidentin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncamından sonra həm ölkəmizdə, həm də bütün dünyada Nizami irsininin yenidən araşdırılması, öyrənilməsi və təbliği istiqamətində yeni hərəkata start verilmiş, fundamental tədqiqatlar aparılmışdır”.
İ.Həbibbəyli AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan 5 poemanın Azərbaycan dilində yenidən çap olunduğunu qeyd edərək, bu nəşrləri AMEA-nın “Nizamin Gəncəvi İli”nə ən böyük ərmağanı kimi qiymətləndirib.
O, “Nizami Gəncəvi İli” çərçivəsində AMEA-da ümumilikdə 68 nəşr, 45 monoqrafiyanın işıq üzü gördüyünü, onlarla məqalənin yazıldığını, müvafiq dövlət qurumları ilə Nizami yaradıcılığının təbliğinə dair uğurlu layihələrin həyata keçirildiyini bildirib.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov müasir Azərbaycan tarixinin ən əlamətdar illərindən biri olan "Nizami Gəncəvi İli”ndə Azərbaycan xalqı üçün olduqca mühüm tədbirlərdən birinin – Vətən müharibəsində qazanılmış böyük Zəfərin birinci ildönümünün qeyd olunduğunu xatırladıb. O, Nizami yaradıcılığının bir il içərisinə sığmayacaq qədər geniş mövzu olduğunu, bundan sonra da dərin tədqiqatların aparılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Alim bu yaxınlarda İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyinin saytında miniatürlərdəki Nizami əsərlərindən nümunələrdə faktların təhrif olunmasına yol verildiyindən bəhs edib, bu məqsədlə muzey rəhbərliyinə ünvanladığı məktubu səsləndirib.
Baş direktor dahi Nizami Gəncəvinin “Xəmsə”sinin Azərbaycan ədəbiyyatı içərisində öz orijinallığı ilə seçildiyini qeyd edərək burada yer alan fikirlərin müasir dövrdə də öz aktuallığını qoruyub saxladığını, gələcək nəsillərə nümunə olduğunu bildirib.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ümummilli lider Heydər Əliyevin “Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun yubileylərini nəinki on ildən, beş ildən bir, hər il qeyd etmək lazımdır” fikirlərinə istinad edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı hər bir azərbaycanlının, Şərq insanının, ümumilikdə insanlığın diqqətini böyük şair-filosofa yönəltməyə xidmət etmişdir.
“Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir”, - deyən akademik İ.Hüseynova qeyd edib ki, dahi şairin əsərləri ölkəmizdə dəfələrlə nəşr olunmuş, onun ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülmüş, çoxlu sayda tədqiqatlar ərsəyə gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır.
Akademikin sözlərinə görə, bəşəriyyətin ən nəhəng ədib və filosoflarından olan dahi Azərbaycan şairi Nizaminin bioloji, ekoloji, tibbi bilik və baxışlar aləmi də öz zənginliyi, rəngarəngliyi və çoxşaxəli olması ilə seçilmişdir.
AMEA-nın vitse-prezidenti bildirib ki, Nizami Gəncəvi özünə qədərki elmi bilikləri ümumiləşdirərək bir sıra mühüm nəticələr çıxarmağa nail olmuş, öz münasibət və təsəvvürlərini əlavə etməklə bəşəriyyətə qiymətli töhfələr vermişdir. İ.Hüseynova qeyd olunan məsələlərin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının birgə təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçirilmiş “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda VII “Fizika və lirika” konfransının əsas müzakirə mövzuları olduğunu diqqətə çatdırıb.
Akademik əlavə edib ki, konfransda Nizami Gəncəvi yaradıcılığının müasir biologiya, aqrar, ətraf mühit və tibb elmlərinin nöqteyi-nəzərindən araşdırılmasına böyük yer verilmiş, şairin əsərlərində digər elmlərlə yanaşı, botanika, zoologiya, anatomiya, fiziologiya, gigiyena, biotibb, həmçinin ümumi biologiya ilə bağlı çoxsaylı dəyərli elmi fikirlərə, müxtəlif elm sahələri arasında əlaqələrin şərhlərinə rast gəlməyin mümkünlüyü vurğulanmışdır.
Daha sonra iclasda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi əsasında və “Nizami Gəncəvi İli” ilə bağlı 2021-ci ildə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Akademiyanın əldə etdiyi mühüm nəticələr nəzərə alınaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Səncər “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif ediliblər.
İclasda akademik Ramiz Mehdiyev, həmçinin AMEA-nın Fəxri fərmanı ilə təltif edilib. Akademik Ramiz Mehdiyev ilk dəfə olaraq AMEA-nın Fəxri Fərmanını aldığını qeyd edərək bunu alimlərin əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirib.
Sonda AMEA Rəyasət Heyətinin qərarı ilə təltif edilmiş "Nizami Gəncəvi İli”ndə xüsusi fəaliyyətinə görə akademik Arif Həşimov, akademik İsa Həbibbəyli, akademik İradə Hüseynova, akademik Rafael Hüseynov, akademik Teymur Kərimli, müxbir üzv Nüşabə Araslı, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, professor Xəlil Yusifli, müxbir üzv Namiq Cəlilov, akademik Fuad Əliyev, filologiya elmləri doktorları İmamverdi Həmidov, Fəridə Əzizova, Mehdi Kazımov, dosent Siracəddin Hacıyev, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əliyev, elmi fəaliyyətinə görə akademik Gövhər Baxşəliyeva, akademik Nailə Vəlixanlı, filologiya elmləri doktorları Gülbəniz Babaxanlı, Məryəm Seyidbəyli, Seyfəddin Rzayev, Şəfəq Əlibəyli, Ramazan Qafarlı, Elnarə Akimova, Aybəniz Əliyeva-Kəngərli, dosent Zəhra Allahverdiyeva, fəaliyyətinə görə müxbir üzv Ərtegin Salamzadə, filologiya elmləri doktoru Məmməd Əliyev və Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevə AMEA-nın Fəxri fərmanı təqdim olunub. Bir qrup alim və tədqiqatçı isə AMEA Humanitar və İctimai Elmlər bölmələrinin Fəxri fərmanlarını alıblar.