AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Həsrətin o üzü” romanının birinci hissəsi işıq üzü görüb. Müəllifin ilk irihəcmli bədii əsəri olan roman “Anam Züleyxa xanımın əziz xatirəsinə həsr edirəm” – epiqrafı ilə çap olunub.
“Həsrətin o üzündə qalan illər” adlı ön sözün müəllifi filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədir. “Həsrətin o üzü” romanının problematikası, janr xüsusiyyətləri, bədii obrazlar və dili haqqında” “Son söz əvəzi” isə filologiya elmləri doktoru Salidə Şərifovaya məxsusdur.
Kitabın redaktoru Maya Həsənli, komputerdə yığan Suqrət Məmmədova, dizayner Nigar Tağıyevadır. 520 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.
Əsərdə XX əsrin 50-60-cı illərində Azərbaycanda gedən ictimai-siyasi proseslər kontekstində bir ailənin düşdüyü böhranlı həyat tərzi bütün reallıqları ilə əks olunub.
Romanın birinci hissəsi “Xəyanətin üzü qara”, “Altı “Günəş”in arxasında”, “Dağlar qoynunda, qoynunda”, “Kiçik neft şəhərində”, “Bir yay gecəsi”, “Hər gecənin bir gündüzü”, “Ömrün şirin illəri” və “İmtahan sınaq olmadı” adlı səkkiz fəsildən ibarətdir.