AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın “Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib.
Tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq “Nizami Gəncəvi ili”ndə Azadə Rüstəmovanın rus dilində çap olunan bu kitabının böyük önəm daşıdığını bildirib. Akademik qeyd edib ki, nizamişünaslıq XX əsrin 30-cu illərindən inkişaf etməyə başlayıb. Buna da üç böyük qərarın təsiri olduğunu diqqətə çatdırıb. 1938-ci ildə verilən qərarla Nizami irsinin tərcümə və nəşri sahəsində canlanma olduğunu, nizamişünaslığın təməli qoyulduğunu vurğulayıb. İkinci qərarın ulu öndər Heydər Əliyev, üçüncünün isə cənab Prezident İlham Əliyev tərəfindən verildiyini və bu istiqamətdə xeyli işlər görüldüyünü əlavə edib. 2021-ci ilin sonuna qədər Prezidentin Sərəncamına uyğun olaraq bu sahədə akademiyada qırx kitabın nəşr olunacağını deyib.
Akademik İsa Həbibbəli belə sanballı nəşrlərdən birinin Azadə Rüstəmovanın “Nizami Gəncəvi sözünün orbitində” kitabı olduğunu bildirib. Eyni zamanda Azadə Rüstəmovanın iki böyük xidmətindən bəhs edib: “Onun birinci xidməti odur ki, o, 40-cı illərdən başlayan nizamişünaslığı mükəmməl sistemli elm səviyyəsinə qaldırıb. İkincisi isə nizamişünaslığın məktəbini yaratması, gələcək nizamişünaslar yetişdirməsidir. Bu kitab da elmi-nəzəri və azərbaycanşünaslıq baxımından çox önəmlidir. “Nizami Gəncəvi ili”nə Ədəbiyyat İnstitutunun hesabatıdır”.
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizamişünaslıqda Azadə Rüstəmova mərhələsi” adlı məruzə edib.
Ardınca Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edərək bildirib ki, “mən çox fəxr edirəm ki, onun ilk aspirantı olmuşam. Azadə xanım klassik nizamişünaslığın son böyük nümayəndələrindən biridir. O, elmin “qara fəhləliyindən çəkinmirdi, çox böyük zəhmətkeş idi. Bu kitab onu göstərir ki, bu gün də Azadə xanımın elmi fikirləri aktualdır”. XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı isə “Azadə xanımın kitabının təqdimatı mənim üçün çox önəmlidir. Mən onun dörd-beş kitabını çap etdirmişəm. Ədəbiyyat tarixi kitabında Azadə xanım haqqında oçerki öz üzərimə götürmüşəm” – deyə məluamt verib. Həm də şair Hüseyn Kürdoğlunun Azadə Rüstəmovaya həsr etdiyi bir şeir səsləndirib. Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyev çıxışında qeyd edib ki, “mən onunla 1989-cu ildə diplom işimin müdafiəsində tanış olmuşam. Elmi rəhbərim məni akademiyaya gətirərək Azadə xanımla tanış etdi. Beləliklə, mənə müəllim işləmədən birdəfəlik aspiranturaya qəbul olmaq icazəsi verildi. Mövzum orta əsrlərdən olsa da, Nizamişünaslıq şöbəsinin aspirantı oldum”. Filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova da Azadə xanımla tanışlığından bəhs edib: “Mən 1993-cü ildə BDU-da tələbə olarkən Ədəbiyyat İnstitutuna gəlib-gedirdim. O vaxtlardan da Azadə xanımla tanış olmağa başladım və davamçısı oldum. Onun kitabının yenidən nəşr olunmağı çox əlamətdar hadisədir”.
Sonda Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova həm də Azadə xanımın ailə üzvü kimi tədbirin təşkilatçılarına və çıxış edənlərə böyük minnətdarlığını bildirib. Onun aspirantlarının öz müəllimlərinə qarşı bu cür sayğısını yüksək qiymətləndirib.
İctimaiyyətlə əlaqələr şöbəsi