Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Ukraynanın Kiyev şəhərində “Akademik A.Krımskinin anadan olmasının 150 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransda iştirak etmişdir. Beynəlxalq konfrans Ukrayna Elmlər Akademiyası akademik Aqafangel Krımski adina Şərqşunaslıq İnstitutu, V.Vernadski adina Ukrayna Milli Kitabxanası, O.Potebnyi adına Dilçilik İnstitutunun təşkilatçılığı, Kiyevdeki Yunus Əmrə İnstitutu, Bakı Multikulturalizm Mərkəzinin, Helvetika Nəşriyyat Evinin tərəfdaşlığı ilə keçirilmişdir.
Beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Hüseyn qızı Axundova iştirakçıları təbrik edərək, Aqafangel Krımskini Azərbaycan üçün son dərəcə hörmətli alim, yazıçı və tərcüməçi kimi dəyərli olduğunu bildirmişdir. Ukrayna Azərbaycan ədəbi-mədəni əlaqələrinə əhəmiyyətli töhfələr verdiyini qeyd etmişdir.
Nizamişünas alim Təhminə Bədəlova Akademik Aqafangel Krımskinin 150 illiyinə həsr olunmuş Beynəlxalq konfransda "Dünya nizamişunaslığının korifeyi" adlı məruzə ilə çıxış etmişdir. Təhminə Bədəlova çıxışının sonunda professor Asəf Zamanov ilə birgə tərcümə etdiyi Aqafangel Krımskinin "Nizami və müasirləri" kitabını və AMEA-nın müxbir üzvü Nüşabə Araslının "Nizami və türk ədəbiyyatı" (rus dilində) kitabını V.Vernadski adına Ukrayna Milli Kitabxanasına hədiyyə etmişdir.