Oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Qırğız-Türk Manas Universitetinin nümayəndə heyətini qəbul edib.
Akademik İsa Həbibbəyli qonaqları salamlayaraq onları Akademiyada görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan-Türkiyə qardaşlığından söz açan akademik İsa Həbibbəyli 44 günlük Vətən müharibəsinin iki ölkə arasında dostluq müasibətlərini daha da möhkəmləndirdiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər nəinki hərbi sahədə, o cümlədən elm sahəsində əməkdaşlığın daha da inkişaf etməsinə müsbət təsir edib. Manas Universitetinin Türkiyə və Qırğızıstanın birgə universiteti olduğunu deyən akademik bu ali təhsil ocağının ortaq dəyərlərimiz baxımından Azərbaycan üçün əhəmiyyətini diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti Qırğızıstanla bir çox istiqamətdə birgə elmi tədqiqatların aparılması zərurəti yarandığını deyib və tədqiqat obyektlərinin müəyyənləşdirilməsi üçün üçlü layihələrin həyata keçirilməsinin vacibliyinə toxunub.
“Bizim ortaq tariximiz, dilimiz, coğrafiyamız 100 illər boyu, hətta Sovet hakimiyyəti zamanında öyrənilməmiş məsələlərdir. Bütün bunlara imzalanacaq sazişlə geniş meydan açacağıq. Azərbaycan Milli Elmlər Akademiyası isə bütün imkanları ilə bu mövzuların tədqiq edilməsinə, öyrənilməsinə şərait yaradacaqdır”, – deyə akademik bildirib.
Ümummilli Lider Heydər Əliyevin elmə göstərdiyi qayğının bu gün dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətinə çatdıran İsa Həbibbəyli Azərbaycanda elmin sürətlə inkişaf etdiyini, dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Akademik bu inkişafın nümunəsi kimi Azərbaycan Milli Elmlər Akademiyasının dünyanın bir çox ölkələrinin akademiyaları ilə müqavilələr bağladığını, bu sahədə əməkdaşlıqların daha da artırıldığını qeyd edib.
Görüşdə Qırğız-Türk Manas Universitetinin Türkiyə üzrə rektoru, professor Alpaslan Ceylan çıxış edərək göstərdikləri xoş münasibətə görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirib. Daha sonra rəhbəri olduğu müəssisə haqqında məlumat verərək universitetin 11 fakültəsinin olduğunu, bu yaxınlarda Tibb fakültəsinin açılacağını söyləyib. Onun sözlərinə görə, bütün bunların əsas hissəsini Elmlər Akademiyası ilə görüləcək ortaq işlər təşkil edir.
Qırğız-Türk Manas Universitetinin prorektoru Asılbek Kulmirzayev də öz növbəsində iki təşkilat arasında imzalanacaq sazişin 3 ölkə arasında əlaqələrin genişlənməsinə zəmin yaradacağını, türk birliyinin daha da güclənməsinə səbəb olacağını bildirib.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Qırğız-Türk Manas Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəddə iki təşkilatın alim və mütəxəssislərinin əməkdaşlığının qurulması, müştərək layihələr, işçi mübadiləsi və s. nəzərdə tutulub.
Görüşün sonunda tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.