Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Nizami Gəncəvi irsi və təbiət” mövzusunda VII “Fizika və lirika” konfransı keçirilib

02-10-2021 [ 20:27 ] [ oxunub:42 ]
printerA+ | A-
101251

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının birgə təşkilatçılğı ilə “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda VII “Fizika və lirika” konfransı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş sərgi təşkil edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin cari il yanvarın 5-də imzaladığı Sərəncamla 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə AMEA-da keçirilən tədbirlərin Humanitar və İctimai Elmlər Bölməsi ilə yanaşı, digər bölmələrdə də keçirildiyini bildirib. Nizami yaradıcılığının miqyası geniş olduğundan dahi şairin yaradıcılığının bir çox elm sahələrini əhatə etdiyini qeyd edən akademik indiyədək AMEA-da Nizami yaradıcılığına həsr olunmuş 20 kitabın, 4 jurnalın işıq üzü gördüyünü vurğulayıb.

AMEA-nın vitse-prezidenti “Nizami Gəncəvi İli” nəşrlərinin coğrafiyasının geniş olduğunu bildirərək Azərbaycan alimlərinin dahi şairə həsr edilmiş məqalələrinin Türkiyə, MDB və digər ölkələrdə də çap olunduğunu diqqətə çatdırıb.

İ.Həbibbəyli konfransın “Nizami Gəncəvi İli” haqqında Sərəncamın icrası istiqamətində AMEA rəhbərliyinin dəstəyi ilə həyata keçirilən tədbirlərdən biri olduğunu deyib. “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda keçirilən ilk konfransın Nizamişünaslıq üçün böyük bir töhfə olacağına əminliyini ifadə edib, tədbirin Nizami yaradıcılığı ilə bağlı yeni bir istiqamətdə birgə əməkdaşlıq etməyə, tədqiqatlar aparmağa sövq edəcəyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova “Nizami Gəncəvi irsi və təbiət” mövzusuna həsr olunmuş konfransın rəhbərlik etdiyi institutda keçirilməsindən məmnunluğunu bildirib.

Akademik ümummilli lider Heydər Əliyevin “Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun yubileylərini nəinki on ildən, beş ildən bir, hər il qeyd etmək lazımdır” fikirlərini xatıraladaraq dahi mütəfəkkirin qiymətli əsərlərinin dünya mədəniyyətinin qızıl fondunda öz layiqli yerini tutduğunu, bəşəriyyət tarixində əbədiyaşar nümunələrdən olduğunu qeyd edib.

“Dünyanın ən nəhəng ədib və filosoflarından olan N.Gəncəvinin elmi baxışları, elmi dünyagörüşü artıq səkkiz əsrdir ki, müxtəlif elmi tədqiqatların mövzusudur. Ədəbiyyatşünaslar, sənətşünaslar və digər sahələrin mütəxəssisləri Nizami irsini dərindən tədqiq etmişlər”, - deyə bildirən vitse-prezident dahi şairin özünəqədərki bütün dünyəvi bilikləri ümumiləşdirərək elmi nəticələr əldə etdiyini, dünya elminə misilsiz töhfələr verdiyini diqqətə çatdırıb. Alim N.Gəncəvinin əsərlərində təbiət, ətraf mühit, 50-yə qədər heyvan növü, kol və dərman bitkiləri, anatomiya, fiziologiya, mikroorqanizmlər, maddələr mübadiləsi və s. proseslərlə bağlı olduqca qiymətli fikirlərə rast gəlindiyini söyləyib, onun yaradıcılığında fotosintez prosesi, həyatın əmələ gəlməsi ilə əlaqədar məlumatların da yer aldığını qeyd edib. Akademikin sözlərinə görə, dahi mütəfəkkir əsərlərində bugünədək bir çox alimlərə məlum olmayan, Azərbaycandan kənar ölkələrdə yetişən bitkilər barədə məlumatlar da təqdim edib.

İ.Hüseynova N.Gəncəvi yaradıcılığında təbiətlə bağlı fikirlərin dərindən araşdırılması üçün Ədəbiyyat İnstitutu ilə birgə dissertasiya işinin hazırlanmasının da faydalı olacağını diqqətə çatdırıb.

Daha sonra akademik İ.Həbibbəyli Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını rəhbərlik etdiyi institutun adından akademik İ.Hüseynovaya təqdim edib.

Tədbirdə Mədəniyyət Nazirliyinin şöbə müdiri Məryəm Qafarzadə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir, filosof N.Gəncəvinin Azərbaycan üçün dəyər məcmusu, zəngin mədəniyyətimizin rəmzi, xalqımızın ümumbəşəri ideyalara sadiqliyinin aynası olduğunu olduğunu vurğulayıb. Bildirib ki, N.Gəncəvi böyük humanist şair kimi, hər zaman insan ləyaqətini tərənnüm edib.

“Nizami Gəncəvinin daimiliyi həm də ondan ibarətdir ki, o, müasir dövrdə baş verən ekoloji böhrana öz dövründən sanki proqnoz verərək baxmış, problemlərin həlli yoluna işarə etmişdir”, - deyə qeyd edən M.Qafarzadə dahi şairin poetik aləminin daim hərəkətdə olan bir dünya olduğunu bildirib. Onun sözlərinə görə, N.Gəncəvi demək olar ki, bütün əsərlərində insanları təbiəti sevməyə, ona qayğıkeş münasibət göstərməyə çağırıb. Qeyd edib ki, canlı təbiətin qorunması mövzusu Nizaminin “Yeddi gözəl”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” və digər poemalarında öz əksini tapıb.

Konfrans işini məruzələrlə davam etdirib. Tədbirdə AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Nizami Gəncəvinin elmi dünyagörüşü və elmə münasibəti”, Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyevanın “Nizami Gəncəvinin nəsil şəcərəsi və həyatı” və Təhminə Bədəlovanın “Nizami Gəncəvinin yaradıcılıq yolu”, Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın “Nizami Gəncəvi yaradıcılığında insan sağlamlığı məsələləri”, eləcə də Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Nizaminin təbiət aləmi və təbiət sevgisi” mövzularında məruzələri dinlənilib.

FOTO QALEREYA