Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Əlimuxtar Muxtarov. Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda

22-04-2021 [ 19:26 ] [ oxunub:169 ]
printerA+ | A-
100775

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olunub.

Monoqrafiya “Nizami Gəncəvi İli” çərçivəsində Gəncə Bölməsinin Rəyasət Heyətinin   qərarı ilə nəşr edilib.   

Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi rəhbəri və geniş “Ön söz”ünün müəllifi isə akademik Nizami Cəfərovdur. Kitabın rəyçiləri professor Xəlil Yusifli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva və AR Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətovadır.

Dünya mədəniyyəti tarixində özünəməxsus mövqeyi olan, əsərləri dünya şeir xəzinəsinin nadir inciləri sayılan Nizami Gəncəvi yaradıcılığı Azərbaycan bədii-estetik fikrinin inkişafında yeni, orijinal bir mərhələ təşkil edir. Nizami Gəncəvi dühası əsrlərlə Azərbaycan şairlərinin yaradıcılıq yolunu işıqlandıraraq XIX əsrə qədər öz ədəbi məktəbinin qapısını hər bir yaradıcı insanın üzərinə açıq qoyub. XX əsrdə isə şairin yaradıcılığının öyrənilməsinə marağın və ehtiyacın artması ilə yanaşı, şairin ədəbi şəxsiyyəti də ədəbiyyatın bədii obrazına çevrilib. Bu ədəbi-bədii nümunələrdə yazarların təxəyyülünü qidalandıran mənbələrdən birincisi şairin öz poemaları olduğu kimi, ilk ədəbi qaynaqlar da əhəmiyyətli rol oynayıb. Günümüzə qədər Nizami Gəncəvi obrazının təsvirinə həsr olunmuş kiçik və irihəcmli bədii nümunələr məhz həmin ilkin mənbələr əsasında yazılmışdırsa, şairin obrazının dövrün ictimai-siyasi təfəkkürünün prizmasından işıqlandırılması da yazarların təxəyyülünə təsirsiz ötüşməyib. Buna görə də şairin obrazının bədii əsərlərdə inikasının hərtərəfli öyrənilməsi və obyektiv ədəbiyyatşünas nəzər-nöqtəsindən keçirilməsi bugünkü elmimizin qarşısında duran aktual məsələlərdəndir.

Monoqrafiya ədəbiyyatın bütün janrlarında şairin obrazının təsvirinin bədii cizgilərinin öyrənilməsinə həsr olunub.  İstər Azərbaycan ədəbiyyatı tarixində, istərsə də dünya ədəbiyyatı tarixində Nizami Gəncəvi qədər bədii ədəbiyyatda obraz olaraq canlandırılan və haqqında bədii əsər yazılan ikinci bir mütəfəkkir tapmaq çox çətindir. Bu da xalqımızın böyük azərbaycanlı Nizami Gəncəviyə olan sevgisinin, məhəbbətinin təzahüründən irəli gəlir.

Vəsaitdə dahi mütəfəkkir haqqında orta əsrlərdən bu günə qədər Azərbaycan bədii ədəbiyyatında yazılan bütün şeirlər, hekayələr, poemalar, romanlar və pyeslər tədqiq və təhlil süzgəcindən keçirilərək işıqlandırılıb.

200-dən çox mənbəyə istinadən qələmə alınan monoqrafiya ədəbiyyatşünaslarla yanaşı, tarix, dilçilik, fəlsəfə və ümumən humanitar sahədə çalışan mütəxəssislər üçün əhəmiyyətli tədqiqat əsəridir.