44 günlük Vətən müharibəsində Azərbaycan tarixinə silahiyla, canıyla - qanıyla, qəlbinin Vətən sevgisi deyilən alovuyla yeni səhifələr, Zəfər səhifələrini yazdı igid Azərbaycan oğulları. O igidlərin hər birinin simasında Azərbaycan kişisinin mərdliyi, qeyrəti, sonsuz Vətən məhəbbəti ilə, ilahi sevgiylə dolu ruhu, öz həyat hekayəsini anladan məsum, hərarətli baxışları, susmayan könül nəğmələri və daha nələr, nələr görünür.... Mübariz, Polad, Aslan, Hikmət, Tərlan, Şahin, Vüqar, Elsevər, Vüsal ... Hər biri bir ananın arzusu, hər biri bir balanın sevinci, hər biri bir bacının fəxri, bir ocağın igidi idi... hər biri elimizin, obamızın ümid dirəyi, dar günündə dayağıydı... Ölməzlik qazanmış şəhidlərimiz... İndi onlar hər biri hər birimizin balası, qardaşı, atasıdır...
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik,
Biz Vətən naminə ölsək, dirilərdən diriyik – (Bəxtiyar Vahabzadə)
Bu müqəddəs zirvədə yer alan rəşadətli oğullarımızdan biri də 26 yaşını cəbhədə qeyd etmiş Xəyal Balakişiyevdir... Azərbaycan Respublikası Prezidentinin “Füzulinin azad olunmasına görə” medalı ilə təltif etdiyi Xəyal Müseyib oğlu Balakişiyev...
Füzuli 2020-ci ilin oktyabr ayının 17-də 2020-ci ildə azad olunub, bu həm də Xəyalın ad günüdür...
“Ana, mən ad günümü inşallah Şuşanı azad edəcəyimiz gün qeyd edəcəyəm!” – deyən Xəyal Qubadlı uğrunda döyüşlərdə şəhid oldu. Oğlunun şəhid olduğunu öyrənən Nazimə xanım dəyanətlə, təmkinlə, qürurla dayandı. Döyüşlər gedən bölgədəki əsgərlərə sövqat göndərib, məktub yazdı: “Mənim əziz əsgər oğullarım! Mən şəhid Balakişiyev Xəyalın anasıyam. Bu kiçik sovqatı Sizə oğlum adından göndərirəm. Allaha əmanət olun! Oğlumun qanının yerdə qalmayacağına inanıram! Zəfərlə qayıdın inşallah! 25.10.2020.”
Nazimə xanımın Zəfər arzusu çin oldu, Xəyalın qanı yerdə qalmadı...İndi Nazimə xanım Xəyalın arzusunu yerinə yetirmək qərarındadır: “Hər il 8 noyabrda – Şuşanın azad olunduğu gün Xəyalın ad gününü qeyd edəcəyəm. Onun döyüşdüyü o torpaqlara gedəcəyəm... Bütün əsgərlər, qazilər mənim övladlarımdır. Mən onlarla fəxr edirəm...”
Biz də Nazimə Ananın simasında Xəyal kimi vətənpərvər oğullar böyütmüş bütün mətanətli, qürurlu Azərbaycan qadınları, Anaları qarşısında baş əyir, onlarla fəxr edirik. Şəhid Anası da bir şəhiddir, fədakarlıqla yaşayan və yaşadan şəhid... Bala həsrətiylə qovrulsa da, göynəsə də, bu ağrıya rəğmən həyatın gözünə dik baxır, qəddini dik tutur... Nazimə xanıma da Xəyalının fotoları, videoları, xatirələri, ifaları yadigar qaldı... Xəyalın sosial şəbəklərdə dönə-dönə paylaşılan bir videoda Xəyalın nurlu simasını seyr etdikcə göz yaşlarımızı tuta bilmədik... Zeynal Cabbarzadənin sözlərinə Tofiq Quliyevin bəstələdiyi mahnını pianoda özü çalaraq ifa edən Xəyalın... Xəyal sanki Nazimə xanımın baxışlarının intizarında, qəlbinin həsrətində oxuyurdu...
Qaş qaralır, kölgə tutur
Yavaş-yavaş meşəni.
Könlüm səsdə, gözüm yolda
Gözləyirəm mən səni.
Səbrim getdi, harda qaldın?
Qaş qaraldı, gəlmədin...
Vətənpərvər Xəyal Ermənistan yaraqlılarının silahlı təxribatına qarşı Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatlarından kənarda qala bilməzdi. Ordu sıralarına könüllü qatıldı. 2012-2013-cü illərdə hərbi xidmətini müharibə bölgəsində yerinə yetirdiyi üçün özünün daha hazırlıqlı olduğuna əmin idi. Qardaşı Babanın dediyinə görə Ağdam və Füzuli istiqmətlərində təmas xəttindəki səngərdən dağılmış şəhərlərimizi görəndə çox əsəbləşirdi... Bəzən də Milli Qəhrəman Mübariz İbrahimov kimi təkbaşına düşmən üzərinə hücuma keçmək istəyirdi... Xəyalın Vətən sevdalı ailə üzvləri onu belə tərbiyə etmişdilər.
Xəyal döyüş meydanında, qardaşı Baba isə arxa cəbhədə iformasiya məkanında ingilis, rus və türk dillərində ermənilərin ağzının payını verirdi.
Zəfərə doğru döyüşlərdə silahını, canından artıq sevdiyi Vətən bayrağını biri-birinə ötürən qəhrəmanlarımızın “nəğmə dolu ürək” səsləri də bir-birinə calanır, əziz bir əmanət kimi hər birimizin qəlbinə, könlünə hopur və susmaq bilmədən qovuşduqları ölməzlik zirvəsindən əbədiyyətin varlığını bizə anladır.
Xəyal da “nəğmə dolu ürək”di. Cəbhədə döyüşlər arasında əsgər yoldaşlarına sevdiyi Azərbaycan və türk mahnılarını şövqlə oxuyurdu:
Pəncərəmin pərdəsini
Havalandıran külək
Dənizləri köpük-köpük
Dalğalandıran külək
Mənə əsməyi anlat
Mənə sevməyi anlat...
Yurdumuzun talan olunmuş, viran edilmiş, yaraları sızlayan, güllə səsindən dincəlmək istəyən torpağını Vətən oğullarının “nəğmə dolu ürək”ləri isidirdi. Xəyalın səsinə Xudayarın səsi qovuşur, Xudayarın səsinə Məbudun səsi... Xəyyamın azan səsi isə Xəyalın Şuşanı azad etmək arzusunu Şuşaya qovuşdurur... Ölməzlik yolunda yaşatmaq eşqiylə çırpınan “nəğmə dolu ürək” sahibi Vətən oğulları... ilahi bu nə möhtəşəmlik... nurlu simalar, ürəyi gözəl, əməli gözəl igidlər...
Xəyal cəbhəyə yollananda anası Nazimə xanıma: “Vətən səndən irəlidir!”, atası Müseyib kişiyə: “Vaxt gələcək sən mənimlə fəxr edəcəksən” deyib getmişdi. Xəyallarına qovuşa bilməyən gənc Xəyalımız! Hər birimizin fəxri, qürur yerisən!
Dəmir Gədəbəylinin sözlərinə Elza İbrahimovun musiqi bəstələdiyi bu nəğmə də Xəyal kimi yüzlərlə igidlərimizin nəğməsidir, səslənir....
Nəğmə dolu bir ürəyəm,
Torpağına baş əyərəm,
Ey Vətən!
Vətən müharibəsində “nəğmə dolu bir ürəklə”, torpaqlarımızın azad olunması uğrunda döyüşüb həlak olan, canından, qanından keçən igidlərimizin, qazilərimizin önündə baş əyirik!
https://www.youtube.com/watch?v=hTTmwzCoeSs
Zakirə Əliyeva
filol.ü.f.d., dosent