Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNSTİTUT KİV-də

Mehparə Axundova. Xurşidbanu Natəvan haqqında eşitdiklərim - Xatirə

19-11-2020 [ 11:25 ] [ oxunub:120 ]
printerA+ | A-

1920-ci ildən başlayaraq Şuşada 50 il ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Mirzə Xosrov Axundov dövrünün çox hörmətli şəxsiyyətlərindən biri olub.

O, həm də Şuşanın məşhur şəxsiyyətləri ilə bağlı fikirlərini qələmə alıb. Xosrov Axundovun qələmə aldığı bu yazılar arasında xeyirxahlığı ilə Qarabağda xüsusi nüfuz qazanmış Xurşidbanu Natəvan haqqında da fikirləri var.
Qeyd edək ki, o, müəllim kimi fəaliyyət göstərdiyi illərdə Xurşidbanu Natəvanın nəvələrinə dərs demişdi.

X.Axundovun Xurşidbanu Natəvanla bağlı yazdığı düşüncələrini oxuculara təqdim edirik.

***

Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvan öz dövrünün tərəqqipərvər qadını olub. O, təkcə bədii yaradıcılıqla məşğul olmaqla kifayətlənməyərək dövrünün ədəbi mühitinə yaxınlaşmaq məqsədilə ədəbi məclislər yaratmış, saray xaricində baş verənlərlə maraqlanmağa təşəbbüs etmişdir. Geniş dünyagörüşünə malik şairə öz zamanında bir sıra Azərbaycan şairlərinin meydana çıxmasına yardımçı olmuş, onlara köməklik göstərmişdir.

Xurşidbanu Natəvan həm də XIX əsrin ən dəyərli nəqqaşlarından və rassamlarından biri sayılıb, musiqişünas olub.

Natəvan xalqın maariflənməsinə, ədəbiyyatın inkişafına, Şuşanın abadlaşmasına ciddi fikir verirdi. O, "Məclisi-üns" adlı ədəbi məclis yaradaraq məclisin bütün məxaricini öz üzərinə götürmüşdü. Məclisdə müxtəlif ədəbi məşğələlər də keçirilirdi. Nizami, Füzuli, Nəvai və digər klassik şairlərin yazıları haqqında söhbətlər açılır, qəzəllərə nəzirələr yazılırdı.

Natəvan yalnız "Məclisi-üns"ü təşkil etməmişdi. "Təzkireyi-Nəvvab" əsərinin müəllifi Mir Möhsün Nəvvaba "Məclisi-fəramuşan"ı yaratmasına da köməklik göstərmişdi.

***

"Fəna" təxəllüslü Mirzə Rəhim Xurşidbanu Natəvanın köməkçilərindən biri olmaqla bərabər, Natəvanın təşkil etdiyi "Məclisi-üns"ün fəal üzvlərindən idi. O, vaxtının çoxunu Natəvanın evində keçirər, müəyyən işlərdə ona məsləhətlər verərdi. Odur ki, ona "Xanlıq Mirzə Rəhim" deyərdilər. Onun Mirzə Əkrəm adlı az savadlı bir qardaşı vardı. O zaman Şuşa qəza naçalniki Dubrovski bütün Şuşa qəzasını idarə edərdi. Mirzə Rəhim qardaşı Mirzə Əkrəmi Dubrovskinin nəzarəti altında Şuşa "İnşaat müdiri" vəzifəsinə təyin etdirmişdi.

Rus padşahı tərəfindən Zaqafqaziyanın mərkəzi Tiflis şəhərində əyləşərək Qafqazı idarə edən Qafqaz canişini bir dəfə qəzanı yoxlamaq üçün Şuşaya gəlməli olur. Bu xəbərlə əlaqədar olaraq idarələrdə böyük həyəcanla hazırlıq gedir. İnşaat müdiri Mirzə Əkrəm Həsən Kərim oğlu adlı bir nəfər şəxsdən yeni bina təmir etmək haqqında məlumat almışdı. Bu məlumatı naçalnikə demək üçün o, idarəyə gəlir və naçalnikin otağına daxil olaraq pis bildiyi rus dilində bu qərar ilə bağlı məlumat verməyə başlayır:

- Qasfadin naçalnik, znaet çto Qasan Karım oxlu dom şiyot? Belə həyəcanlı bir zamanda naçalnik Mirzə Əkrəm kimi savadsız işçinin ifadəsini eşidər-eşitməz əsəbiləşir, o andaca onun işdən xaric olunması barədə əmr verir. Bu hadisə Mirzə Rəhimə pis təsir edir və Dubrovskiyə nifrət bəsləyir.

Şuşada "Bazar başı" adlanan yerdəki  bağlıq içərisində olan bina keçmişdə Pənah xan ilə İbrahim xanın divanxanası olduğundan ora "Divanxana qabağı" deyirlərmiş. Keçmişdə həmin divanxana qabağına hörmətli şəxslərin əyləşməsi üçün oturacaqlar düzərmişlər.

Bir gün Mirzə Rəhim də bir dəstə adamla orada oturub söhbət edirmiş. Bu vaxt naçalnik Dubrovski məst halda dəftərxanaya tərəf gəlir, əyləşənlərin hamısı onu görən kimi ayağa qalxıb təzim edirlər. Mirzə Rəhim isə ona etina etmir, hətta arxasını çevirir və ayağa durmur. Bunu görən naçalnik qeyzlənib yolla gedən bir nəfər kəndlinin əlindəki ağacı alıb, qızmış canavar kimi Mirzə Rəhimə hücum edir. Mirzə Rəhim Xan qızı Natəvanın evinə doğru qaçmağa başlayır. Naçalnik Dubrovski onu təqib edir, ardınca yüyürüb Natəvanın otağının qarşısında Mirzə Rəhimi yaxalayır, əlindəki ağac ilə onu vurub yerə yıxır və ayağının altında möhkəm əzişdirir.

Bu hadisədən xəbər tutan Xurşidbanu eşiyə çıxır, nökərlərinə naçalniki tutub döymələrini əmr edir. Nökərlərin ürəyindən olan bu söz onları həvəsləndirir, naçalniki möhkəm əzişdirirlər. Sonra Xan qızı yaxınlaşıb naçalnikin çiynindən paqonlarını dartıb qopardır. Möhkəm döyülmüş və üz-gözü yaralanmış halda Dubrovski idarəsinə tərəf gedir. Bu halda canişin şəhərə varid olub naçal nikin dəftərxanasına gəlir və Dubrovskinin bu hala düşməsinin səbəbini ətraflı öyrənir.

Bir neçə gündən sonra canişin Xurşidbanu Natəvanın görüşünə gəlir. Nahar vaxtı naçalnik haqqında söhbət açılır. Natəvanın naçalnikin paqonunu qoparması üzərində dayanır, bunun dövlət üçün böyük təhqir olduğunu Xurşidbanunun nəzərinə çatdırır, lakin Xan qızı naçalnik Dubrovskinin Mirzə Rəhimi ağac ilə vurmasını və ayağı altında vəhşicəsinə tapdalamasını söyləyərək Dubrovskini buraxıb öldürmədiyini təəssüflə qeyd edir. Namestnik Xurşidbanudan hadisə haqqında həqiqəti öyrənib ondan üzr istəyir və Dubrovskini işdən kənarlaşdırır.

***

Bir dəfə Xurşidbanu Natəvan oğlu Mehdiqulu xan Vəfa ilə bərabər faytonda bir neçə şəxslə Bərdəyə gedirmişlər. Ağdamla Bərdə arasında "Narlı dərə" deyilən yerə yaxın kənddə yaşayan bir qarı Xan qızının gəlmək xəbərini eşidib yolun kənarında çəmənlik bir təpə üstündə yerə köhnə bir kilim salaraq, orada çay hazırlamış, sonra gəlib yolun içində dayanaraq onların gəlməsinə müntəzir olmuşdu. Faytonun qabağınca gələn atlı qadına yoldan çıxmasını bildirmiş və onu təhqir etmişdi. Qadın isə durduğu yerdən tərpənməmiş və Xan qızı ilə görüşəcəyini atlıya söyləmişdi. Bu anda Xurşidbanu:

- Qadına mane olma, - deyə atlıya əmr etmişdi.

O saat fayton dayandırılmışdı. Qadın faytona yaxınlaşaraq xanıma ədəblə salam verdikdən sonra faytondan düşərək yaşıl çəmənlikdə çaya qonaq olmasını ondan xahiş etmişdi. Xanım onun xahişini məmnuniyyətlə qəbul edərək faytondan düşmüş və oğlu ilə bərabər qadının təşkil etdiyi çay süfrəsinə qonaq olmuşdu. Çayı içəndən sonra xanım qarının yaşayışı haqqında onu xeyli sorğu-sual etmiş, bu mehmannəvazlığın qarşısında öz təşəkkürünü bildirmişdi.

Ayağa duran vaxtda Xan qız qarı duymadan döşəkçənin altına xəlvətcə pul qoymuş və qarı ilə görüşüb faytona minmişdi.

Döşəkçəni qaldırarkən üç yüz manatı görən qarı Xurşidbanu Natəvana və oğluna səmimi qəlblə xeyir-dua və təşəkkür etmişdi.

***

Xurşidbanunun bağında hər cür meyvə ağacı var idi. Hər il meyvə yetişən zaman Natəvan siyahı üzrə Şuşada olan fəqir-füqəranı xan bağına dəvət edərdi.

Bağda böyük qazanlar asılıb qoyunlar kəsilərdi. Yüzlərlə qonaq süfrə ətrafında oturub gözəl xörəklərdən doyunca yeyərdilər. Süfrəyə şirin qəndablar düzülərdi. Qonaqların rahat olmalarına Natəvan şəxsən özü nəzarət edərdi.

Nahar bitdikdən sonra limonlu şirin çay verilərdi. Sonra yetişmiş meyvələrdən qonaqlara paylanardı. Qonaqlar gedən vaxtda onların hamısına pul verilər və ailələrinə hazırlanmış xörəkdən çatdırılardı. Qonaqlar artıq dərəcədə şad olaraq Xan qızına təşəkkür edib verilən meyvə və xörəkləri evlərinə aparardılar.

Bir gün Xurşidbanu Natəvan evdə əyləşib çay içirmiş. Birdən bir nəfərin ağlaya-ağlaya qışqırmasını eşidir. Pəncərənin qabağına gəlib qışqırıq gələn tərəfə baxdıqda görür ki, bir nəfəri pristav şallaqla bərk döyür. Bu adam ağlayaraq deyir ki, pristav ağa, məni döymə, vallah-billah pulum yoxdur. Özün də gəlib gördün ki, evdə də bir şeyim yoxdur ki, satam sizə verəm. Məni döymə, yoxsulam, balalarım acından ölür, mən pulu haradan tapıb verim? Natəvan bu kişinin vəziyyətinə acıyaraq, adam göndərib pristavı və həmin kişini yanına gətirdir. Pristav gəlib Natəvana baş əyir və deyir:

- Xanım, nə buyurursunuz?

Natəvan döyülən kişiyə müraciət edib soruşur:

- Pristav səni nə üçün döyür?

Kişi cavab verir:

- Xanım, başına dönüm, vergim var, verə bilmirəm, yoxsulam. Ağa pristava nə qədər and içib yalvarıram inanmır, məni döyür. Başına dönüm, mərhəmətli xanım, məni onun əlindən al, and olsun allaha, imkanım yoxdur, özüm acından ölürəm, mənə rəhm elə.

Xan qızı bu işdən çox pərt olub pristava söyləyir:

- Bu ac-yalavacdan nə istəyirsən? Burax getsin.

Pristav xanıma belə cavab verir:

- Buraxa bilmərəm, gərək vergini versin.

Xanım qəzəblə nökərlərə əmr edir ki, tutun bunu, bir yaxşıca əzişdirin. Nökərlər pristavı döyməyə başlayırlar. Kişini də onun əlindən alıb, bir qədər də pul verib evinə yola salırlar.

Sabahı Natəvan naçalniki yanına dəvət edib pristavın bu hərəkəti barədə ona məlumat verir, kişinin hökumətə olan borcunu ödəyir və pristavın qulluqdan xaric olmasını ondan təvəqqe edir. Səhəri naçalnik pristavı vəzifədən azad edir.

***

Bir dəfə Xurşidbanu Şuşadan Ağdama gedirmiş. Yolda qəribə bir hadisənin şahidi olur. Ağdamın yaxınlığında olan Şıxbabalı kəndindən on nəfər atlı tərəfindən bir qızın qışqıra-qışqıra varlı bir kəndli tərəfindən qaçırıldığını görür. Natəvan faytonu saxladır və onların dayanmasını əmr edir.

Xan qızı faytondan düşüb qızı yanına gətirdir, ondan məsələni öyrənir. Qız ağlayaraq danışmağa başlayır:

- Xanım, məni valideynlərim öz dayım oğluna nişanlamışdı, bu günlər toyum olacaqdı. Mən qızlarla bərabər yol kənarında olan bağda göyərti yığmağa getmişdim. Bu atlılar qəflətən bağa doldular və məni zorla atın tərkinə qoyub qaçırdılar. Nə qədər onlara yalvarsam da, heç birisi əhəmiyyət vermədi, - deyə Natəvana yalvarmağa başlayır: - Xanım, amandır, sənə qurban olum, bu zalımların əlindən məni xilas elə.

Xurşidbanu dildarlıq edərək deyir:

- Qızım, qorxma onlar səni apara bilməzlər.

Bu vaxt pristav bir neçə atlı ilə yoldan keçirmiş. Xan qızının işarəsi ilə onlar dayanırlar. Xanım əhvalatı pristava danışır və qızı qaçıranların hamısını tutub həbs etməsini ona əmr edir. Pristav onları tərksilah edib hamısını Ağdam həbsxanasına saldırır. Natəvan qızı öz faytonuna mindirib kəndlərinə apararaq valideynlərinə təhvil verir. Onlar bu nəcib xanımın qayğıkeşliyi və mərhəməti qarşısında ona həddən ziyadə təşəkkür edirlər. Qızı qaçıranlar isə məhkəməyə verilib cəzalandırılır.

SİZƏ MARAQLI OLA BİLƏR