Sənətin izi ilə /elmi red. filolol.e.d., prof. Vüqar Əhməd, rəyçilər filolol.e.d., prof. Alxan Bayramoğlu və sənət.ü.f.d., prof. Aydın Talıbzadə. - Bakı: Elm və təhsil, 2020. - 542 s
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Rauf Sadıxovun “Sənətin izi ilə” adlı kitabı çap olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 fevral 2020-ci il tarixli (protokol № 2) qərarı ilə nəşr edilib.
Ön sözün müəllifi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir. “Ömrün və elmin izləri” adlı ön sözdə alimin milli teatr və mətbuat tarixi sahəsində apardığı araşdırmalarına yüksək qiymət verilib.
Kitabda ədəbiyyatşünas-tədqiqatçı Rauf Sadıxovun müxtəlif elmi məcmuə və toplularda dərc edilmiş XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına, mətbuatına, publisistikasına, maarifinə həsr etdiyi məqalələr, habelə teatr tədqiqatlarına dair yazıları yer almışdır. Eyni zamanda müəllifin ayrı-ayrı görkəmli şəxsiyyətlər haqqındakı məqalələri və əsərlərə yazdığı rəylər də əksini tapmışdır.
Kitabda “Ədəbiyyatşünaslığa dair məqalələr”, “Mətbuat, publisistika və maarif məsələləri”, “Resenziya və müqəddimələr”, “Teatr tarixinə dair məqalələr”, “Hacı İbrahim Qasımovun teatr resenziyalarından nümunələr”, “Şəxsiyyətlər”, “Axtarışlar, tapıntılar”, “Dissertasiya və avtoreferata yazılan rəylər” bölümləri və “İlyas Əfəndiyevin ilk dramlarının səhnə təcəssümü” adlı monoqrafiya yer almışdır.