Tarixi biliklərin inkişafı və mənbələrin öyrənilməsi qədim dövlətçilik ənənələrinə malik türk dünyasının tarixindəki qüdrətli imperiyaların daxili və xarici siyasəti, yürüş və müharibələri, sosial islahatları ilə yanaşı, elmi-mədəni həyatı haqqında da ətraflı məlumat əldə etməyə imkan yaradır. Nəinki yarandığı coğrafi arealda baş verən hadisələrə, bütünlükdə dünya tarixinə güclü təsir göstərmiş bu dövlətlərin uzaqgörən türk sultanları həm özlərini, həm də qan-can bahasına qurduqları imperiyaları tarixin səhifələrində əbədiləşdirmək üçün salnamələrin yazılmasına böyük önəm verir, saraylarına şeir-sənət biliciləri və yaradıcıları ilə bərabər, müstəsna olaraq bu işlə məşğul olan tarixçilər də cəlb edirdilər. Yeri gəlmişkən, qeyd edək ki, Sultan Səncərin hakimiyyəti dövrü (1118-1153) həm elm və sənət adamlarının himayəsi, həm də yazılan əsərlərin çoxluğu baxımından xüsusilə fərqlənmişdir.
Məlumdur ki, böyük türk imperiyaları içərisində XI əsrdə oğuzların Qınıq boyuna məxsus tayfalar tərəfindən əsası qoyulmuş, Türküstandan Aralıq dənizinə, Cənubi Qafqazdan İran körfəzinə qədər geniş bir ərazini əhatə edən Səlcuq dövləti ümumtürk dünyasının sosial-siyasi, iqtisadi və mədəni tarixində mühüm rol oynamışdır. Hər şeydən əvvəl orta əsrlərdə Cənubi Qafqaz və Ön Asiya coğrafiyasında türk tayfalarının hakimiyyətinin möhkəmlənməsi, Avropa səlibçilərinin qarşısının alınması, türk etnik-milli dəyərlərinin yayılması və qüvvətlənməsi və bütün bunların az və ya çox dərəcədə tarixi proseslərin sonrakı mərhələlərinə də təsiri məhz Səlcuq imperiyasının adı ilə bağlıdır. Türklərin dünyaya yayılması və hakimiyyət dönəmlərini dörd böyük dövrə (İslamdan əvvəl - Hun və Göy Türk, İslamdan sonra - Səlcuq və Osmanlı imperiyaları dövrü) bölən türk tarixçisi professor Osman Turan geniş və dərin elmi araşdırmalarının nəticəsi olan “Səlcuqlular tarixi və Türk-İslam mədəniyyəti” kitabında bu xüsusda qürurla yazır: “...Selcuklu ve Osmanlı devirleri Türk ve İslam medeniyet ve mefkurelerinin imtizaciyle müstesna bir ehemmiyet kazanır; Türk ve dünya tarihlerinde büyük bir kudret ve hayatiyetin mümessilleri olarak cihan-şȗmul ve milli tesirleri günümüze kadar devam eder” (Turan, 1969: XV).
Səlcuq dövlətinin tarixinin araşdırılması zamanı tədqiqatçıların tez-tez müraciət etdikləri etibarlı və dəyərli mənbələr sırasında orta əsr tarixçisi Əbu Bəkr Nəcməddin Məhəmməd ibn Əli Ravəndinin "راحت الصدور و آیت السرور (در تاریخ آل سلجوق") “Rahət əs-sudur və ayət-əs surur” (dər tarixe-ale Səlcuq) (“Könüllərin rahatlığı və sevinc əlamətləri” (Səlcuq sülaləsinin tarixi haqqında)) əsəri də yer almaqdadır.
Tarixi faktlar və bu günümüzədək gəlib çatan mənbələr sübut edir ki, artıq səlcuqlara qədər tarixi salnamələrin yazılması ənənəsi formalaşmış, Yaxın və Orta Şərqdə ərəb-fars dillərində dövlətlərin və sülalələrin tarixinə dair əsərlərin yazılması bir zərurətə çevrilmişdi. Maraqlı və təqdirəlayiqdir ki, tarixi araşdırmalarda, daha konkret desək, Səlcuq imperiyasının tarixinin öyrənilməsinə həsr edilmiş əsərlərdə ilk fəsillər məhz tarixi qaynaqların təsnifatından bəhs edir və burada mənbələr haqqında ətraflı məlumatlarla tanış olmaq mümkündür (Bax: Turan, 1969: 1-19; Bünyadov, 2007: 5-16; Məmmədov, 2015: 8-24).
Məhəmməd Ravəndiyə qədər İraq Səlcuq sultanlığının sarayında fars dilində yazılmış və onun əsəri üçün də ilkin mənbə olmuş Zəhirəddin Nişapurinin II Toğrulun adına yazdığı “Səlcuqnamə”si artıq var idi. Qeyd edək ki, bu əsər həm də Ravəndinin bilavasitə Səlcuq tarixinə dair istinad etdiyi ən mühüm və cəmi iki qaynaqdan biri idi (digər mənbə isə Əbu Tahiri Hatuninin “Tarixi-al-Səlcuq” əsəri olmuşdur). Adı çəkilən əsərlərin Azərbaycan tarixi üçün ayrıca bir əhəmiyyəti də onların Atabəylər dövləti və dövlət xadimləri ilə bağlı məlumatlarla zəngin olmasıdır. Arslan şahın tərbiyəçisi olmuş Nişapurinin “Səlcuqnamə”si 1177-ci ilədək olan hadisələri əhatə edir, Ravəndi isə əsərini Səlcuqların yüksəliş dövründən başlayır və 1199-cu ilədək olan tarixi olayları işıqlandırır. Akademik Ziya Bünyadovun qeyd etdiyi kimi, Ravəndinin əsərinin “əsas hissəsi (Səlcuqilərin yüksəlməsindən III Toğrulun (mənbələrin əksəriyyətində II Toğrul kimi qeyd olunur – T.B.) hakimiyyəti dövrünə qədər) Zəhirəddin Nişapurinin material və məlumatlarına istinadən yazılmış, III Toğrulun hakimiyyəti və onun ölümündən sonrakı dövrə aid bölmələr isə müəllif tərəfindən müstəqil yaradılmışdır” (Bünyadov, 2007: 10). Hətta Zəhirəddin Nişapurinin əsərinin orijinalının itməsi və oradakı məlumatların məhz Ravəndinin bu və ya digər əlavə və dəyişikliklərlə öz əsərində istifadə etməsi sayəsində günümüzə çatmasına dair versiyalar da mövcuddur.
Məhəmməd Ravəndi II Toğrulun dövründə, onun sarayında xidmət etmişdir. Məlumdur ki, Sultan II Toğrul ibn Arslan sonuncu İraq Səlcuq sultanı olmuş və atasının ölümündən sonra yeddi yaşında ikən taxta çıxsa da, dövləti faktiki olaraq onun atabəyi Məhəmməd Cahan Pəhləvan idarə etmişdir.
Mənbələrin verdiyi məlumata görə, XII-XIII əsrlər tarixçisi kaşanlı Əbu Bəkr Nəcməddin Məhəmməd ibn Əli Ravəndi II Toğrulun müəllimi olmuş dayısı Zeynəddin Mahmudun vasitəsilə sarayda müzəhhib - əlyazmanı qızıl suyu ilə işləyən sənətkar kimi xidmətə daxil olmuşdur. Onu tarixdə əbədiləşdirən əsərini – “Rahət əs-südur...”u (müəllif özü də kitabdakı başlıqlarda əsərini qısaca olaraq belə adlandırmışdır) yazmaq ideyası isə Həmədanda Əmir Seyid Fəxrədddin Əlaüddövlə Ərəbşahın oğlanlarına müəllimlik etdiyi illərdə doğsa da, kitabın yazılması üçün bir neçə il material toplamaqla məşğul olduğundan onu II Toğrulun vəfatından sonra başlaya bilmişdir (Özaydın). Beləliklə, “Rahət əs-südur...”un təxminən 1202-1205-ci illər arasında qələmə alındığı məlumdur. Əsər Anadolu Səlcuq sultanı I Qiyasəddin Keyxosrova ithaf edilmişdir. Bu da dövrün sürətlə dəyişən siyasi olaylarından doğan zərurətin nəticəsi olaraq bir fakt kimi tarixə düşmüşdür. Belə ki, kitabın bitməsi tarixi Qiyasəddin Keyxosrovun ikinci dəfə hakimiyyətə gəlişi dövrünə təsadüf edir. Əslində Ravəndinin, əsəri Anadolu Səlcuq sultanı II Süleyman (Rüknəddin Süleyman) şaha təqdim etmək üçün Konyaya gəldiyi, lakin bu zaman şahın vəfatı səbəbindən müəllifin istəyinin baş tutmadığı da məlumdur.
Dosent Eldəniz Məmmədovun “Səlcuqlar” əsərində oxuyuruq: “II Süleyman şah öldükdən sonra hakimiyyətə gələn oğlu III Qılınc Arslanın yaşı çox az olduğundan türkmən bəyləri taxta Keyxosrovu dəvət etdilər. 1205-ci ildə Keyxosrov yenidən hakimiyyət başına keçdi” (Məmmədov, 2015: 115). Belə olan halda Məhəmməd Ravəndi əsərinin ithaf hissəsində dəyişiklik edərək kitabı yeni sultanın adına bağlamış və ona təqdim etmişdir. Hətta əsəri 1921-ci ildə Londonda geniş ön söz, şərh və izahlarla nəşr etdirən görkəmli islam alimi və filosofu Əllamə Məhəmməd İqbal bu dəyişikliklərin o qədər də dəqiqliklə yerinə yetirilmədiyinə diqqət çəkərək və söylədiklərini də əyani misallarla isbatlayaraq yazır: “...the author was compelled to change his dedication. He thereforc seems to have revised the book and to have made the alterations necessary to fit it for presentation to the new Sultan. It appears however, that the revision was not very carefully done, for we sill find many traces of the former dedication to Rukn-ud-din Sulaymanshah” (İqbal, 2007: XIX-XX) (“... müəllif ithafını dəyişdirməyə məcbur oldu. Göründüyü kimi, kitabı yenidən nəzərdən keçirmiş və yeni sultana təqdim etmək üçün ona uyğun dəyişikliklər etmişdir. Rüknəddin Süleyman şaha əvvəlki ithafının bir çox izlərini tapdığımıza görə, düzəliş çox diqqətlə edilməmişdir).
Məhəmməd Ravəndi əsəri ənənəvi hissələrlə başlayır: dibaçə, peyğəmbərlərin tərifi, İslam peyğəmbəri Həzrət Məhəmmədin və səhabələrinin mədhi. Maraqlıdır ki, alimlərin mədhinə də yer verilmişdir. Sultanın – I Qiyasəddin Keyxosrovun ləqəb və şəcərəsinin tarixindən də ayrıca bəhs edilmişdir. Müəllif Səlcuqların tarix səhnəsinə gəlməsindən ta II Toğrulun ölümünə qədərki dövrü əhatə etsə də, dosent Eldəniz Məmmədovun yazdığına görə, “ata tərəfdən qohumu olan Səlcuq İraq sultanlarının” (Məmmədov, 2015: 18) sarayında qulluq etdiyindən və təbii ki, orada baş verən hadisələrə daha yaxından bələd olduğuna, bir çoxuna bilavasitə şahidlik etdiyinə görə İraq Səlcuqlarının tarixinə xüsusi yer ayırmışdır.
“Rahət-əs südur...”un bizim üçün maraqlı və önəmli olan bir xüsusiyyəti də tarixi olayların nəqli zamanı mətnə hadisələrlə bağlı nəzm parçalarının əlavə edilməsidir. Ravəndinin bu şeir parçalarını, atalar sözləri və zərbül-məsəlləri əsərinə daxil etməsini çox vaxt onun sultana və oxucularına öyüd vermək istəyinə bağlasalar da, nəzm hissələri əsasən təsvir olunan tarixi hadisələrlə səsləşir. Əbdülkərim Özaydın yazır ki, Ravəndi nəzm hissələrində bəzən ifrata varmış və “zaman zaman ölçüyü kaçırarak konu dışına çıkmış ve bu yüzden tenkide uğramıştır. Kitapta bulunan 2799 beyitten sadece 511’i müellife aittir. Diğerleri başta Firdevsî’nin Şâhnâme’si olmak üzere çeşitli eserlerden alınmıştır” (Özaydın). Heç təsadüfi deyildir ki, Məhəmməd Ravəndinin müraciət etdiyi bədii söz inciləri sırasında XII əsr görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin də məsnəviləri vardır.
Elmi tarixşünaslıqda da qəbul edilmiş inkaredilməz gerçəklikdir ki, tarixi həqiqətlərin öyrənilməsinin ən etibarlı mənbələrindən biri də sözügedən dövrdə yaşayıb-yaratmış, cərəyan edən ictimai-siyasi, sosial, ədəbi-mədəni hadisələrin bilavasitə canlı iştirakçısı olmuş bədii söz sənətkarlarının qələminə məxsus ədəbi örnəklər, xüsusilə də süjet və kompozisiya imkanlarının genişliyi ilə seçilən epik əsərlərdir. Bu baxımdan XII əsr tariximizin, xüsusilə, tarixi şəxsiyyətlərimizin öyrənilməsi üçün dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin poemaları qiymətli mənbələrdir. M.Ə.Rəsulzadənin də qeyd etdiyi kimi, “şairin bilavasitə mədh etdiyi sülalə, dövrlərində yaşamış olduğu Azərbaycan atabəyləridir” (Rəsulzadə, 2008: 65), yəni Səlcuq imperiyasının əsas sütunlarından olan sülalənin tarixidir.
Məlumdur ki, Nizam Gəncəvi birinci poemasını Ərzincan hakimi Fəxrəddin Bəhram şah ibn Davud Səlcuqiyə, “Xosrov və Şirin”i Məhəmməd Cahan Pəhləvan və onun vəliəhdi Qızıl Arslana, “İskəndərnamə”ni isə Məhəmməd Cahan Pəhləvanın oğlu Əbu Bəkrə ithaf etmişdir. Klassik epik şeir ənənələrinə əsasən əsərdə məmduha xüsusi fəsillər həsr edildiyindən Nizami də adı çəkilən hökmdarların hakimiyyətindən, fəaliyyətindən bədii əsərin imkan verdiyi çərçivə daxilində, bəzən obrazlı təfəkkürün mübaliğə və təşbihləri ilə reallıqdan bu və ya digər dərəcədə uzaqlaşsa da, hər halda gerçəklikləri də bədii örtüyə bürüyərək bəhs etmişdir. Və çox incə bir məqamı da xüsusi vurğulayaq ki, azərbaycanlı şair türk dövlət quruluşu sistemini təqdir etmiş və bu münasibətini də hər fürsətdə oxucusuna çatdırmağa nail ola bilmişdir. Misal olaraq, “Məxzənül-əsrar”dakı “Qarı və Sultan Səncərin hekayəsi”ndə Nizaminin türk dövləti və türk hökmdarlarının ədaləti haqqında söylədiyi fikirlərə diqqət yetirək:
دولت ترکان که بلندی گرفت
مملکت از داد پسندی گرفت (گنجوی, 1960: 112)
Türklərin dövləti ona görə ucaldı ki,
Məmləkətdə ədalət hakim oldu. (Gəncəvi, 2014: 124)
Bu kimi misalların sayını artırmaq olar və bütün bunlar bir daha təsdiq edir ki, Nizami Gəncəvinin əsərləri yüksək hikmətamiz-fəlsəfi fikirlər, ali bəşəri və humanist dəyərlərin bədii ifadəsi, insan zəkasının fövqündə dayanan sənətkarlıq nümunəsi olmaqla yanaşı, həm də Azrəbaycan tarixinin öyrənilməsi, dövlət xadimləri və dövlətçilik tariximizin araşdırılması üçün dəyərli və etibarlı mənbələrdir.
Digər tərəfdən, Nizaminin əsərlərində ümumiyyətlə, dövlət, onun idarə olunması, hakimiyyət və xalq, orduya diqqət və qayğı, xalqla ədalətlə davranmaq qaydaları və s. kimi məsələlərə dair aydın və əsaslandırılmış fikirlər də yer almışdır. Akademik Teymur Kərimlinin də qeyd etdiyi kimi, “Nizami, bir siyasi-ictimai institut kimi dövlətin rolunu çox yüksək qiymətləndirirdi və xüsusən onun başçısının şəxsi kefiyyətlərinə böyük əhəmiyyət verirdi” (Kərimli, 2002: 24).
Bu mövzuya ayrılıqda kifayət qədər tədqiqat əsəri həsr olunduğu üçün bunun üzərində dayanmağa ehtiyac hiss etmirik (Bax: Rəsulzadə M. Azərbaycan şairi Nizami. Bakı, “Çıraq” nəşriyyatı, 2008. 416 səh.; M.Mübariz. Böyük demokrat. // Nizami. Üçüncü kitab. Bakı, Azərnəşr, 1941. səh. 5-47; Kərimli T. Nizami və tarix. Bakı, Elm, 2002. 243 səh.; Məmmədov Q. Nizami Gəncəvinin ictimai və siyası görüşləri. Bakı, Azərnəşr, 1962. 64 səh. Bədəlova T. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında dövlət, hökmdar və xalq münasibətlərinin bədii həlli. // AMEA Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutu. Nizami Gəncəvi almanaxı. № 1. Bakı, “Zərdabi Nəşr”, 2019. Səh. 230-239 və s.). Odur ki, Məhəmməd Ravəndinin Səlcuq tarixindən bəhs edən əsər qələmə alarkən Nizami məsnəvilərinə də müraciət etməsi, fikirlərini müasiri olduğu və sözünün, sənətinin şöhrəti kifayət qədər geniş əraziyə yayılan, dövlət dairələrində ehtiramla qarşılanan qələm sahibindən gətirdiyi bədii nümunələrlə qüvvətləndirməsi tamamilə təbii və qanunauyğun hal idi və bunu onun seçdiyi beytlərin məzmunu da bir daha sübut edir. Qısa bir haşiyə çıxaraq onu da qeyd edək ki, “Rahət əs-südur...”da XII əsr Azərbaycan ədəbiyyatının digər bir qüdrətli nümayəndəsi – Xaqani Şirvaninin də qəsidələrindən “مدح انبیا و ستایش پیغمبر صلعم” (“Mədhe-ənbiya və setayeşe-peyğəmbəre-səl’əm”) və “هلاک کردن غزّان ائمّۀ نیشابوررا” (“Həlak kərdən Qəzzan əimmeye-Nişaburra”), “سلطان سنجر بن ملکشاه” (“Sultan Səncər bin Məlikşah”) fəsillərində istifadə edilmişdir.
Orta əsr yazı qaydalarına əsasən, Ravəndi hər hansı nəzm parçasını verməzdən əvvəl müəllifin adını və əsərin ünvanını qeyd etmədən, yalnız “شعر” (şeir) sözü ilə keçid edərək münasib bildiyi parçanı daxil etmişdir. Orta əsrlər yazısında tam məqbul hesab edilən bu halın bir çox səbəbləri içərisində birini xüsusi qeyd edək ki, həmin əsərlər hələ yazıldğı dövrdə də çox məşhur idi və elm-sənət biliciləri, yəni şeirlə maraqlananlar, yazı-pozu bilənlər həmin parçaların hansı əsərlərdən götürüldüyünü çətinlik çəkmədən müəyyən edə bilirdilər. Xatırlayaq ki, Nizami Gəncəvi özü də “Xosrov və Şirin”də qədim hind abidəsi “Kəlilə və Dimnə”dəki qırx “mətləbi” təlmih üsulu ilə əsərinə “daxil edəndə” onların məzmununu açıqlamadan birbaşa hekayətdən hasil olan nəticəyə işarə etmişdi ki, bu da şairin zamanında həmin hekayələrin hər kəsə məlum olduğundan irəli gəlirdi.
Ravəndinin əsərində (nəşr variantında) verilən şeir parçalarının kimə və hansı əsərə məxsus olduğu qeydləri isə Məhəmməd İqbalın böyük səbr və axtarış tələb edən gərgin əməyinin nəticəsidir. Deməli, Məhəmməd Ravəndi əsərlərinə müraciət etdiyi digər müəlliflər kimi, Azərbaycan şairinin də adını çəkmədən məsnəvilərindən bol-bol faydalanmışdır. “Rahət əs-südur...”un nəşri zamanı mükəmməl mətnşünas işi görən Məhəmməd İqbal “Ön söz”də məhz Nizami Gəncəvinin əsərinə dair qeydləri barədə də yazmışdır: “Lines quoted from Khusraw Shirin of Nizami are not so numerous and are happily in continuous passages which can be easily traced in this book by looking up that name in the index of books” (İqbal, 2007: XXVI) (Nizaminin “Xosrov və Şirin”indən sitat gətirilən sətirlər o qədər də çox deyidir və xoşbəxtlikdən fasiləsiz keçidlərdə verilmişdir ki, onları da indekslərdəki həmin ada müraciət edərək kitabda asanlıqla tapmaq olar). Deməli, tərtibçi kitabdakı bütün şeirlərin hansı əsərdən götürüldüyünü dəqiqləşdirərək ətəkdəki qeydlərdə vermiş, yeri gələndə izahlar da yazmış, əlavə olaraq sonda verilən adlar göstəricisində də lazımi məlumatları qeyd etmişdir.
“Rahət əs-südur...”un çox diqqətlə incələnməsi nəticəsində məlum oldu ki, müəllif burada bir dəfə Nizami Gəncəvinin “İskəndərnamə” əsərinin adını çəkmiş, beş dəfə “Leyli və Məcnun”dan, iyirmi beş dəfə isə “Xosrov və Şirin”dən ayrı-ayrı parçaları əsərinə daxil etmişdir.
Maraqlıdır ki, Ravəndi “İskəndərnamə”ni “Şahnamə” ilə birlikdə, həm də Səlcuq dövlətinin tarixinin olduqca geniş, zəngin və kitablara sığmayacaq qədər əhvalat və olaylarla dolu olmasını göstərmək üçün müqayisə “etalonu” kimi xatırlayır:
”...و تاریخ آن دولت و عجایبهای آن مملکت اگر نوشته شوذ ده شاه نامه و اسکندرنامه بیش بوذ از باز و شکار و رزم و بزم و فتح بلاد و شکست خصمان و صلت دوستان. ” (راوندی, 2007: 44).
“Və o dövlətin tarixi və o məmləkətin qəribəlikləri, əgər yazılarsa, qızılquş, ovçuluq, müharibə, məclislər, ölkələrin fəthi, düşmənlərin məğlubiyyəti və dostların səxavəti ilə dolu on “Şahnamə” və “İskəndərnamə” olar”.
“Rahət əs-südur...”da müxtəlif yerlərdə (راوندی, 2007: 234, 255, 390, 395, 464) “Leyli və Məcnun”dan gətirilən beş parçanın hamısı “ختم کتاب به نام شروانشاه” (“Şirvanşahın adına kitabın bağlanması”) hissəsindəndir. Bu da təsadüfi deyildir. Çünki məlumdur ki, Nizami burada dövlətin əbədiliyi üçün görülməsi zəruri olan işlərdən, hökmdarın fərdi keyfiyyətlərindən – dövlət işlərində tənbəlliyə yol verməmək, hər bir işdə tədbirli olmaq, sözündə möhkəm olmaq, ölkənin rifahı üçün ədalətlə çalışmaq və s. kimi mətləblərdən bəhs etmişdir və Məhəmməd Ravəndi də hər dəfə 2-4 beyt gətirməklə şairin öyüd-nəsihət dolu fikirlərindən faydalanmışdır. Məsələn:
کاریکه صلاح دولت تست
در جستن آن مکن عنان سست (راوندی, 2007: 234)
Bir iş ki, sənin dövlətinin xeyrinədir
Onu axtarmaqda astagəllik etmə. (Gəncəvi, 2017: 352)
Yeri gəlmişkən, bir məqamı diqqətə çatdırmaq istərdik ki, “Rahət əs-südur...”da gətirilən hissələrlə “Leyli və Məcnun”un bir neçə nəşr və tərcümə variantları arasında müqayisələr apararkən müxtəlif şəkildə nüsxə fərqlərini müşahidə etdik və zənnimizcə, Nizamiyə zaman baxımından daha yaxın mənbə kimi şairin əsərlərinin elmi-tənqidi mətnlərinin yenidən işlənməsi zamanı Ravəndinin əsərindən də istifadə etmək olar.
Təbii ki, mövzu və tədqiqat obyekti baxımından Məhəmməd Ravəndinin Nizami yaradıcılığına ən çox müraciəti məhz “Xosrov və Şirin”lə bağlıdır. Nizami Gəncəvinin “Xosrov və Şirin” dastanında türk sultanları və Azərbaycan Atabəyləri ilə bağlı məqamlara dair müstəqil araşdırmaların (Rəsulzadə M. Azərbaycan şairi Nizami. Bakı, “Çıraq” nəşriyyatı, 2008. 416 səh.; Yusifli X. “Elmi və bədii fikrin üfüqləri fövqündə”. // Nizami Gəncəvi. Xosrov və Şirin. Farscadan tərcümə X.Yusiflinindir. Bakı, “Adiloğlu”, 2011. Səh. 5-17; Бадалова Т. Азербайджанские Атабеки в произведении Низами Гяджеви. // Научные исследования в сфере гуманитарных наук: открытия XXI века. Материалы Междунaродной научно-практической конференции. Пятигорский Государственный Университет. 18-19 мая 2017 г. Стр. 10-19 və s.) olduğunu nəzərə alaraq bu məsələ üzərində xüsusi dayanmadan Ravəndinin “Xosrov və Şirin”dən götürdüyü parçaların təhlilinə keçməyin daha məqsədəuyğun olduğunu güman edirik.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ravəndi əsərinin ayrı-ayrı fəsillərində Nizami Gəncəvinin “Xosrov və Şirin” məsnəvisindən iyirmi beş dəfə müxtəlif həcmdə parçalar gətirmişdir. Müəllifin verdiyi sitatları incələyərkən məlum olur ki, tarixçi təkcə bilavasitə Səlcuq sultanları və Azərbaycan Atabəyləri ilə bağlı fəsillərdən deyil, həm də dastanın ümumi süjet xəttindən münasib gördüyü parçalarla tarixi mövzudakı kitabını zinətləndirmişdir. Ravəndinin “Xosrov və Şirin”ə müraciəti haqqında ümumi təsəvvür yaratmaq üçün bu parçaların bəzilərinin işlənmə məqamları və yerinə də nəzər salmaq maraqlıdır. Əvvəlcə onu deyək ki, bu sitatlar bəzən bir beyti, bəzən isə bütöv bir fəsli əhatə edir və bütün hallarda müəllifin fikrini tamamlayır. Məsələn, elə götürək “Xosrov və Şirin”dən gətirilən ilk sitatı. “ابتدای کتاب راحة الصدور و ذکر عدل و ستایش انصاف” (“Rahət əs-südur” kitabının başlanğıcı və ədaləti xatırlamaq və insafı tərifləmək) fəslində müəllif məhz “سیاست کردن هرمز خسرو را” (“Hörmüzün Xösrovu cəzalandırması”) parçasını bütövlüklə (hətta əvvəlki və sonrakı fəsillərdən də əlavə etməklə - 57 beyt) verir. Nəzmə keçməzdən əvvəl isə zalımların zülmü və onun qorxulu nəticələrindən də bəhs edir, Hörmüzü nümunə göstərir: "... در خبر اوّل گفت ظلم نبایذ کردن که روز قیامت عذاب ظالمان از همه مجرمان سخت تر بود... در جاهلیّت عدل ورزیذه اند و ظلم بر نگزیذه اند و وخامت عاقبت آن بدیذند چنانک شاه هرمز با پسر خویش پرویز چه خطاب فرمود، و چون پسر بحق خشنود بود نیایش نوشروان در خواب مکافات بنمود” (راوندی, 2007: 81). (İlk xəbərdə dedi: zülm etmək lazım deyil ki, qiyamət günü zalımların əzabı bütün günahkarlardan daha kəskin olacaq... Cahiliyyətdə ədalət işlətdilər və zülmü seçmədilər və onun sonunun ağırlığını gördülər. Beləliklə, Şah Hörmüz oğlu Pərvizə belə xitab etdi. Və elə ki, oğlan haqlı olaraq məmnun oldu, yuxusunda Nuşirəvanın duası ilə mükafatlandırıldı).
“Rahət əs-südur...”da Nizami məsnəvisindəki "در مدح آتابک محمّد بن ایلدکز" (“Atabəy Məhəmməd bin Eldəgizin mədhi”),"کیفیت رسیدن خسرو پیش مهین بانو" (“Xosrovun Məhin Banunun qarşısına çatması əhvalatı”), “حکایت کردن شاپور از حال خسرو نزد شیرین” (“Şapurun Şirinin yanında Xosrovun halını nəql etməsi”), “بپادشاهی نشستن شیرین بجای عمّۀ خویش” (“Şirinin bibisinin yerinə padşahlıq taxtında oturması”), “صفت پادشاهی خسرو پرویز و داد وی” (“Xosrov Pərvizin padşahlığı və onun ədaləti”), “رزم خسرو با بهرام” (“Xosrovun Bəhramla döyüşü”) və s. fəsillərdən də parçalar verilmişdir və göründüyü kimi, bunlar əsərin ən müxtəlif hissələrini əhatə edir.
Ravəndinin Nizami Gəncəvinin “Məxzənül-əsrar” məsnəvisindən əsərinə beytlər daxl etməsi məsələsi üzərində isə bir qədər ətraflı dayanmağa və dəqiqləşdirmələrə ehtiyac vardır. Əslində, “Rahət əs-südur...”a doğru yolumuz professor Xəlil Hüseynovun “Nizaminin “Sirlər xəzinəsi” monoqrafiyasındakı kiçik bir qeyddən başladı. Məsnəvinin tədqiq tarixindən bəhs edən alim ətək qeydində yazır: “İbn Bibidən əvvəl Hindistan təzkirəçisi Məhəmməd Ovfinin “Lübab-ül-əlbab”ında “Sirlər xəzinəsi”nin yalnız adı çəkilir. M.Ravəndinin “Rahət əs-südur və ayət əs-sürur”unda isə poemadan bir neçə beyt verilmişdir” (Hüseynov, 1983: 7) və istinad olaraq da əsərin 1921-ci ildə Məhəmməd İqbal tərəfindən Londonda nəşr edilmiş nüsxəsinin 253-cü səhifəsi göstərilmişdir. Məhəmməd Ravəndinin əsərinin çox səbr və diqqətlə araşdırılması nəticəsində aşkar oldu ki, Nizami Gəncəvinin və “Məxzənül-əsrar”ın adı kitabda bircə dəfə, kitabın təkrar Tehran nəşrinin 217-ci səhifəsində, ətək qeydində çəkilmişdir. Məlum olduğu kimi, həmin qeydlər də kitabın müəllifi Məhəmməd Ravəndiyə deyil, tərtibçisi Məhəmməd İqbala aiddir. Elə həmin cümlədə “Müxtəsər Səlcuqnamə”nin 1902-ci ildəki nəşrinə aid qeyd də dediklərimizi bir daha təsdiq edir. Bundan başqa, “سلطان طغرل بن محمّد ملکشاه” (“Sultan Toğrul bin Məhəmməd Məlikşah”) adlanan həmin fəsildə haqqında bəhs etdiyimiz ətək qeydinə ən yaxın səhifələrdə (səh. 215 və 216-da) bircə yerdə altı beytdən ibarət “بخواهذ ماند” (“Qalacaq”) rədifli şeir verilmişdir ki, “بخاندان تو بسیار که تا قیاما این خاندان بخواهذ ماند/ خاندان زنده ست،” (Sənin xanədanın (dövlətin) çox xanədandan canlıdır (qüvvətlidir), Odur ki, qiyamətədək bu xanədan qalacaq) məqtə beyti ilə bitən həmin şeir parçasının müəllifi haqqında heç bir qeyd olmadığından onun Məhəmməd Ravəndinin özünə aid olduğunu ehtimal etmək olar. Çünki yuxarıda da qeyd olunduğu kimi, müəllif əsərdə öz şeirlərindən də istifadə etmişdir.
Nizami Gəncəvi və “Məxzənül-əsrar”a dair qeydə gəldikdə isə, Məhəmməd Ravəndi, Məlik Fəxrəddin Bəhram şahdan bəhs etdiyi yerdə tərtibçi Məhəmməd İqbal qeyd etdiyi indeksə uyğun olaraq ətəkdə Nizami Gəncəvinin “Məxzənül-əsrar” məsnəvisinin məhz həmin bu Bəhram şaha ithaf edilməsi və şairə mükafatların göndərilməsinə dair “Müxtəsər Səlcuqnamə”dən (Hostman nəşri, 1902, səh. 21-22) götürdüyü məlumatı əlavə edir.
Beləliklə, Məhəmməd Ravəndi yazır: "... یگانگی و نیک خواهی داماذ تا جان سپاری امیر اسفهسلار کبیر عالم عادل مویّد مظفّر مقبل فخرالدّین ناصر الاسلام ملک الامرا بهرامشاه غازی(٢) در مصافگاه ابخازی ظاهر شذ که جان فدا کرد و در اخلاص بندگان کوشید... ” (راوندی, 2007: 217). (Can qurban etmək dərəcəsində bənzərsiz və xoş niyyətli damad əmir, aləmin böyüyü, qoşun başçısı, ədalətli, qalib, müzəffər, xoş iqbal Fəxrəddin nasirül-islam (İslamın fatehi) məlikül-aləmra (aləmin hökmdarı) Bəhramşah Qazi2 abxaz döyüşündə aydın oldu ki, canını fəda etdi və sədaqətli bəndə (təbəə) kimi döyüşdü).
Gördüyümüz kimi, tərtibçi (غازی) “qazi” sözünü (٢) “2” indeksi ilə işarələmişdir. Ətəkdə isə izah vermişdir: “ملک فخرالدّین بهرامشاه در روزگار غیاث الدّین کیخسرو و رکن الدّین سلیمانشاه صاحب ارزنجان بوده است، وی داماد سلیمانشاه بود و در حدود سنۀ ٥٩٩ همراه او بغزو ابخاز رفت و با فوجی از حشم خویش بدست دشمن اسیر گشت، در مختصر سلجوقنامه (طبع هوتسما سنۀ ١٩٠٢ ص ٢١-٢٢) مسطور است که ملک فخرالدّین بهرامشاه صاحب سیرت نیکو و علوّ همّت و فرط مرحمت بود و در ایّام پادشاهی او مملکت ارزنجان در کمال خرسندگی بود و کتاب مخزن الاسرار را نظامی گنجه بنام او کرد و بخدمتش فرستاد پنج هزار دینار و پنچ سراستر رهوار جایزه فرمود ” (راوندی, 2007: 217). (Məlik Fəxrəddin Bəhram şah Qiyasəddin Keyqubadın və Süleyman şah Rüknədinin dövründə Ərzincanın sahibi idi. O, Süleyman şahın kürəkəni idi və 599-cu ildə onunla Abxaziyaya getdi və fədakarlığı üzündən düşmənin əlinə əsir düşdü. “Müxtəsər Səlcuqnamə”də (1902-ci il, Hostman nəşri, səh. 21-22) yazılmışdır ki, Məlik Fəxrəddin Bəhram şah xoş xasiyyət, himmət sahibi (alicənab) və həddindən artıq mərhəmətli idi və onun padşahlığı dövründə Ərzincan kamalla firavan idi və Nizami Gəncəvinin “Məxzənül-əsrar” kitabı onun adına yazılmışdır və bu xidmət müqabilində şairə beş min dinar və beş baş qatır mükafat göndərməyi əmr etmişdi).
Çox güman ki, tədqiqatçılar Məhəmməd İqbalın qeydləri ilə Məhəmməd Ravəndinin öz mətninə daxil olan hissələri qarışıq saldıqlarından “Məxzənül-əsrar” haqqında ilk bilgi verən tarixi mənbələr sırasında XIII əsr abidəsi “Rahət əs-südur...”un da adını qeyd etmişlər.
Beləliklə, XIII əsr tarixçisi Məhəmməd Ravəndi Səlcuq imperiyasının tarixindən bəhs edən məşhur “Rahət əs-südur...” salnaməsində bədii parçalarından istifadə etdiyi sənətkarların, o cümlədən də Nizami Gəncəvinin adını çəkməsə də, fikirlərinin təsir gücünü artırmaq üçün Şərqin digər məşhur ədəbi, tarixi şəxsiyyətləri – Əbülqasim Firdovsi, Xacə Nizamülmülk və başqaları ilə yanaşı, XII əsr Azərbaycan şairinin də tarixi, elmi və fəlsəfi-didaktik fikirlərlə zəngin olan əsərlərindən - “Leyli və Məcnun”, daha çox “Xosrov və Şirin” məsnəvilərindən faydalanmış, “İskəndərnamə”nin yalnız adını qeyd etməklə kifayətlənmiş, “Məxzənül-əsrar” və “Həft peykər”ə isə müraciət etməmişdir.
İstifadə olunmuş ədəbiyyat:
Osman Turan. Selçuklular tarihi və Türk – İslam medeniyeti. İkinci baskı. İstanbul, Turan Neşriyat Yurdu, 1969. 492 səh.
Bünyadov Ziya. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). Bakı: “Şərq-Qərb”, 2007. 312 səh.
Abdülkerim Özaydın. Râvendî, Muhammed b. Ali. // İslam Ansiklopedisi. https://islamansiklopedisi.org.tr/ravendi-muhammed-b-ali
Məmmədov Eldəniz. Səlcuqlar. Dərs vəsaiti. Bakı: Mütərcim, 2015. 204 səh. http://web2.anl.az:81/read/page.php?zoom=0&bibid=447812&pno=3
5.Muhammad İqbal. Preface. // The Rahat-us-sudur wa ayat-us-surur being a history of the Saljuqs by Muhammad ibn Ali ibn Sulayman ar-Rawandi. Edited with notes, glossary and indices by Muhammad İqbal. Tehtan, 2007. P. IX-XLII.
Rəsulzadə Məhəmməd Əmin. Azərbaycan şairi Nizami. Bakı, “Çıraq” nəşriyyatı, 2008. 416 səh.
نظامی گنجوی. مخزن الاسرار. متن علمی و انتقادی بسعی واهتمام عبدالکریم علی اوغلی علی زاده. ب. نشریات فرهنگستان علوم جمهوری آذربایجان. ۱۹۶۰.
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərcümə prof. Rüstəm Əliyevindir. Bakı, Qanun Nəşriyyatı, 2014.
Kərimli Teymur. Nizami və tarix. Bakı, “Elm”, 2002. 243 səh.
محمّد علي بن سلیمان راوندي. راحت الصدور و آیت السرور: در تاریخ آل سلجوق. به سعی و تصحیح محمّد اقبال. تهران، اساطیر، ١٣٨٥.
Nizami Gəncəvi. Leyli və Məcnun. Filoloji tərcümə Mübariz Əlizadənindir. Bakı, “Qanun nəşriyyatı”, 2017, 384 səh.
Hüseynov Xəlil. Nizaminin “Sirlər xəzinəsi”. Bakı, “Elm” nəşriyyatı, 1983. 132 səh.