Gecədən xeyli keçənə qədər televiziya kanallarında dünyada tüğyan edən koronavirus xəbərlərini izlədim. Mənə elə gəldi ki, bəzi kanallar vahimə yaratmağa meyillidirlər.
Yaddaşımı vərəqlədim. 1665-ci ildə Londonda vəba epidemiyası 70-110 min adamı süpürüb aparmışdı. 1754-cü ildə bir neçə günün içində Qəbələdə epidemiya on minlərlə adamın həyatına son qoymuşdu. Göründüyü kimi, o vaxt vəba epidemiyası lokal xarakter daşımışdı. Bu zəhrimar koronavirus isə dünyada döymədiyi qapı qalmayıb. Nə isə... Yatmağa çalışdım. Qarışıq yuxular gördüm. Səhər yuxudan oyananda telefonumda mesaj gördüm:
- Evdən çölə çıxmayın. Əllərinizi tez-tez sabunla isti suda yuyun. Heç kimi evinizə buraxmayın. Koronavirus yaşlı adamların qənimidir. Siz isə səksəni haqlayıbsınız. Ən əsası odur ki, bu mürtəd telefon dəstəyi ilə də keçir. Telefonun dəstəyini, ağıza, xüsusən də qulağa tutulan hissəsini tez-tez spirtlə silin. Özünüzdən muğayat olun!
Mesajda yazılanların çoxu həqiqətdən xəbər verirdi. Nə gizlədim, bu günlərdə övladlarıma, qohum-əqrəbaya hətta millət vəkili olan qardaşım qızına imkan vermədim ki, Novruz bayramı münasibəti ilə gəlib məni təbrik etsinlər. Bu, mənim məsuliyyət hissim və onlara məhəbbətimdən irəli gəlirdi.
Hiss etdim ki, mesaj göndərən məni tanıyır və isti münasibət bəsləyir. Odur ki, mesajına cavab göndərdim:
- Mesajınıza görə təşəkkür edirəm. Lakin telefon vasitəsi ilə koronavirusun keçməsi ağılkəsən deyil. Bilməmiş deyilsiniz ki, dezinformasiyaya görə adamı həbs eyləyə bilərlər.
Poeziyamızın tanınmış tədqiqatçısı, alim dostum Qurban Bayramov üç gündə mənə üç dəfə zəng edib. İlaxır çərşənbə münasibəti ilə təbrik edib. 20 martda İTV kanalında çıxışım zamanı onunla birgə Tofiq Mütəllibovun təzəcə çapdan çıxmış ikicildlik "Seçilmiş əsərləri"nə "Ön söz" yazdığımız barədə danışdığıma görə minnətdarlığını bildirdi. 21 mart Novruz bayramı günü də öz yerində. Təkcə o deyil, bir çox dost-tanış da zəng edib bayramımı təbrik etdi. Koronavirus telefon vasitəsi ilə keçirsə, bəs onun əlamətlərini özümdə niyə hiss etmirəm?
- Əvvəla, koronavirusun əlamətləri özünü bir neçə gündən sonra göstərir. İkincisi, Qurban Bayramov Kolanıdandır, onlar çox sağlam olurlar. Bu yaxınlarda 70 yaşı münasibəti ilə Ədəbiyyat İnstitutunda AMEA-nın Fəxri Fərmanı ilə təltif olundu. Ancaq o da özünü qorumalıdır. Onun da yaş həddi koronavirus üçün münbit şərait yaradır. Koronavirus çox təhlükəli bioloji silahdır. Allah onu yaradanın evini yıxsın.
- Bu dediklərinizlə heç cür razılaşa bilmərəm. Koronavirus epidemiyanın çox geniş yayılmış formasıdır. Bütün dünyanı ağzına alıb. Mətləbdən uzaqlaşmayaq. Siz haradan bilirsiniz ki, koronavirus telefon vasitəsi ilə də keçir. Dediklərinizi sübuta yetirə bilməsəniz, sizi nələr gözlədiyini dərk edirsinizmi?
- Mənim əlimdə sübutum var. Sənin dostun, professor Şirindil Alışanlı var ha, o, yerin altını da bilir, üstünü də. Özü görkəmli ədəbiyyatşünas alim olduğu halda, bir çox xəstəlikləri, onların müalicə yollarını bəzi həkimlərdən yaxşı bilir. Bəlkə də bu onun uzun illərdən bəri İbrahim doktorla, Köçəri həkimlə dostluq etməyinin bəhrəsidir. Siz onları qiyabi də olsa Hüseyn Kürdoğluya həsr etdiyiniz "Hüseyn Kürdoğlunun poetik dünyası" monoqrafiyanızda söz açdığınız "Üç dost" adlı dostluq şarjından tanıyırsınız.
Sizin bir yeriniz ağrıyanda həyat yoldaşınız Arəstə xanım deyir ki, Şirindil professorla məsləhətləş. Dərdinin çarəsini o biləcək.
- Bütün bunların koronavirusa nə dəxli var?
- Dəxli var. Professor Alışanlı bilir ki, koronavirus telefon vasitəsilə ilə də keçir.
- Sübutun varmı?
- Var, özü də lap daşdan keçən sübutum var. O, hər gün sizinlə 2-3 dəfə zəngləşərdi. Azərbaycanda 5-10 nəfərin koronavirusa yoluxduğunu eşidəndən bəri bir dəfə də olsun sizə telefon açmayıb. Bundan da böyük sübut olarmı?
İnsafən, telefon zəngi məsələsini düz deyirdi. Odur ki, fikir məni götürdü. "Şeytan əməli" texnikaya inanım, yoxsa inanmayım. Çox fikir-zikirdən sonra ağlıma gəldi ki, ayə o şey ki, şeytanla bağlıdır, orada araya çaxnaşma salmaq var. Qərara gəldim ki, koronavirusun telefon vasitəsi ilə keçməsi məsələsi cəfəngiyyatdır. Bir az təlaş keçirsəm də, ictimaiyyət qarşısında məsuliyyətini dərk edən, mənim kimi qorxudan evdən eşiyə çıxmayan, o cümlədən də, professor Şirindil Alışanlıya zəng edib dərdləşdim və yavaş-yavaş özümə gəldim.
19 aprel, 2020