(Əlişir Nəvainin elmi-filoloji və nəsr əsərlərinin məzmunu və şərhi)
Türk xalqları ədəbiyyat tarixinin müqayisəli öyrənilməsində böyük mütəfəkkir, türk ədəbi dilinin rəsmi olaraq tarixi yer almasında Əmir Əlişir Nəvainin irsinin rolu ondan ibarətdir ki, ortaq ədəbiyyatların dəyəri və tarixi əhəmiyyətini məhz bu dahi şəxsiyyətin əsərlərini bir-bir təhlil etmək də yetərlidir. Bu mənada Əlişir Nəvainin elmi-filoloji və nəsr əsərlərinin qısa məzmununa nəzər salmaq istədik. Bu əsərlərin leksik dili, qrammatik quruluşu, fonetik ahəngi türk dillərinin qarşılıqlı müqayisə üçün nümunə olacaq ən böyük ədəbi faktordur.
Beləliklə, dahi mütəfəkkir Əlişir Nəvainin təhlil və araşdırmaya cəlb etdiyimiz, ümumiyyətlə, 22 adda elmi-filoloji və nəsr əsərlərinin yazılma tarixini və qısa məzmun təsvirini aşağıdakı kimi sıralaya bilərik.
Əsərlərin adını orijinalda olduğu kimi, eyni zamanda, Azərbaycan dilində də verməyi məqsədəuyğun bildik.
"Minacat” – "Allaha dua” – yazılma tarixi məlum olmadığından adına – məzmununa uyğun olaraq tədqiqatımızın Giriş xülasəsinə "Bizmillah” – deyə "Minacat”ı ilk olaraq təqdim edirk. Amma, şairin yaradıcılığına, eləcə də əsərlərinin ruhuna uyğunluğu baxımdan "Minacat”ı şair ömrünün son vaxtlarında da yazdığını qeyd edə bilərik.
Beləliklə, "Minacat” – "Allaha dua” və ya "Allaha yalvarışlar” – Əsər Allaha xitabən yazılan ifadələrdən ibarət olub, məzmun və ifadə tərzi baxımından gözəl bir duyğu yaşantısıdır. "Münacat”ın dili - ruhaniyyət aləminin dərinliklərinə varan şairin insanlara tövsiyyəsi, nəfs toxluğu, insani hisslərin daim üst qatda yer alması və s. kimi mənəvi duyğuların insanlara aşılanmasıdır.
1481-ci ildə yazılıb. "Vəqfiyyə” – 1481-ci ildə o, sufi görüşlərinin təsiri ilə dünya malına üz çevirərək, xeyriyyəçilik missiyasına başlayıb, bunu həyatının amalı bilərək, vəqf mülkünün təməlini yaratmışdı. Bu əmlakdan əldə edilən gəlirin əksəriyyəti təhsil müəssisələrinin, mehmanxanaların və dərvişlərin, qələndərlərin, kasıb-kusubların, yetim-yesirlərin ehtiyaclarını qarşılamağa, digər qismini elm və ədəbiyyatın inkişafı üçün sərf edib. "Vəqfiyyə”, eyni zamanda, şairin özünün-özünə hesabatıdır.
1481-ci ildə yazılıb. "Ərbain” ("40 rubai”). Dahi filosof Əbdürrəhman Caminin "Hədisi-Ərbəin” adlı əsər üzərində çalışdığını bilən Əlişir Nəvai ustadının bu addımını yüksək dəyərləndirmiş və ondan izn alaraq həmin əsəri çağatay türkcəsinə çevirməyi xahiş edir. Beləliklə, Ə.Nəvai imzası ilə türk ədəbi dilində yazılan "Hədisi-Ərbəin” əsərini Ə.Caminin əsərinin mövzusunda götürsə də, eyni ildə, eyni şəkildə yazsa da, amma başqa bir ifadə ilə, dörd misralıq qitələr halında yazmışdır. Peyğəmbərə həsr olunmuş hədisləri əvvəl ərəbcə, daha sonra onların – hədislərin məna və mahiyyətini türk dilində yazılması səbəb olmuşdur.
1485–1488-ci ildə yazılıb. – "Tarixi ənbiya və hukəma” ("Peyğəmbərlər və hakimlər tarixi”) adlı əsəri əslində, din tarixinə dair bir salnamədir. Əsər, peyğəmbərlərin tarixi və hakimlərin (hökmdarların) həyatından, hədislərə və müxtəlif tarixi mənbələrə istinadən nəsr şəklində yazılmış hekayətlərdən ibarətdir və 1485–1488-ci illərdə qələmə alınmışdır. Adından da göründüyü kimi, əsərin məzmunu iki hissədən ibarətdir: Ənbiyə – Peyğəmbərlik tarixi və peyğəmbərlər haqqında və Hükəma – Hakimlər (hökmdarlar – filosoflar) tarixi və onlar haqqında. Əsərin orijinallığı, dərinliyi – gözəl məziyyətlərindən biri də odur ki, qələmə aldığı bütün tarixləri və tarixi hadisələri, hekayətləri "Quran-Kərim”dən götürdüyü ayələrlə əsaslandırmış, örnəyini məhz müqəddəs səmavi kitabımızla bağlamışdır. Amma Əlişir Nəvai qələminin qüdrəti, yanaşım tərzi orijinallığı, gözəl məziyyətləri, nəsihətamiz hekayətlərlə anlaşıqlı məzmunda yazılmışdır. Əsər sadə və anlaşıqlı bir dildə, rəvan və səlis üslubda, maraqlı və təsirli şəkildə rahat oxunur.
1485-ci ildə yazılıb. "Nəzm ul-cəvahir”in ("Şeir cəvahirləri”) qədim dini - tarixi məzmun daşıyan, əxlaqi dəyərləri özündə ehtiva edən süjeti vardır. Daha doğrusu, islam dininin ilk xəlifələrindən biri Həzrət Əliyə məhəbbət – ehtiram nişanəsi kimi dəyərləndirmək olar. "Nəzm ul-cəvahir” ("Nəzm cəvahirləri”) əsəri Həzrət Əlinin "Nəsr inciləri” ("Nəsr ul-laoliy”) toplusundakı nəzm şəklindəki hikmətlərin tərcüməsi əsasında yaradılmış rubailər məcmusudur.
1488-ci ildə yazılıb. "Tarixi muluk Əcəm” ("Əcəm məmləkətləri tarixi”) əsərinin əsas mövzusu fars hökmdarları tarixini sülalərə istinadən dörd (4) hissəyə bölərək tarixi təsvirini vermişdi: Pişdadilər, Keyanilər, Eşqanilər, Sasanilər. Əlişir Nəvai bu sülalələrdən olan – hakimiyyət taxtında bir-birinin ardınca (tarixi xronologiyaya əsasən) əyləşən padşahların hər birinin tərcümeyi-halı kontekstində hekayət və hekayətin sonunda dörd misralıq şeir parçası vermişdir. Əsərin yazılışı zamanı da sülalələr tarıxi xronologiyaya əsaslanmışdır.
1491-1492; 1497-1498-ci illərdə yazılıb "Məcalis un-nəfais” ("Nəfis məclislər”) XV əsr özbək elmi nəsrinin klassik əsəri sayılan bu əsər türk dilində yazılmış ilk təzkirə nümunəsidir. Əsər Həzrəti Xaqan Şahruh Mirzənin şahlıq dövründən başlayaraq müəllifin öz yaşadığı dövrə qədər Heratda, Xorasanda, Mərvdə, Məşhəddə, Xarəzmdə, Səmərqənddə, Azərbaycanda və digər şəhərlərdə yaşayan, əksəriyyəti də farsca yazan 459 şair və fazil haqqında mükəmməl topludur. "Məcalis ün-nəfais”də məlumatlar illər, çoğrafi məkanlar və səcərəçilik prinsipləri əsasında tərtiblənərək qələmə alınmış, bu əsər artıq o dövrün tam və gerçək ədəbi mənzərəsinin güzgüsü oldu. Təbii ki, zəngin mütaliə sahibi olan Ə.Nəvai özündən əvvəl yazılmış (ərəbi, farsı mükəmməl bildiyindən bütün mənbələri orijinaldan oxuyub) təzkirələrdən, ayrı-ayrı şair və alimlər haqqında yazılmış kitablardan, müasiri olduğu məşhur qələm sahiblərinin əsərlərindən, səyahətə çıxarkən görüşdüyü tanınmış alim və sənət adamlarından topladığı məlumatlardan da yararlanmışdır.
1491-ci ildə yazılıb. "Haləti Seyyid Həsən Ərdəşir” ("Seyyid Həsən Ərdəşirin tərcümeyi-halı və şəxsiyyəti”) əsərində dövrünün böyük ziyalısının ömür yolu vərəqlənmişdi. Seyid Həsənin kiçik yaşda oxumağa olan marağını, təmiz qəlbini və təvazökar əxlaqını, elmini, təsəvvüfi görüşünü, Baysunqur Mirzə zamanından ta Əbulqasım Baburun hökmdarlığına qədər – 40 il sultanlar və şahzadələr xidmətində çalışdığından bəhs edir. Seyid Həsən Ərdəşir Əlişir Nəvainin dostu, məsləkdaşı və atası qədər sayğı – ehtiram bəslədiyi mürəbbiyəsi (tərbiyəçisi) olmuşdur. Ona görə də şairin ruh tərbiyəsində, əxlaqi görüşlərində, təriqət yolunda bu şəxsin böyük təsiri Nəvaini ömrü boyu izləmişdir. Dünyanın maddi və mənəvi çəkisini gözəl dərk edən, dövrünün ibrət götürüləsi məşhur kişilərindən sayılan Seyid Həsən Ərdəşir ömrünün axırında əsas dərvişlik yolunu tutaraq xəlvətə çəkilmişdir. O bütün elmləri əxz edərək dünya dərkində kamil insan timsalına çevrilmişdi.
1492-1494-ci ildə yazılıb. "Xəmsət ul-mutahayyirin” ("Beş heyrət”) adlı nəsr əsərini XV əsr Şərq ədəbiyyatının görkəmli mütəfəkkiri, filosofu, şairi, şeyxülislamı Əbdürrəhman Camiyə ithafən onun vəfatından sonra – 1492-1494-cü illərdə qələmə almışdır. Bu dərdi – ağır itkini onun xatirəsinə "Xəmsət üt-mütəhəyyirin”i adlı risaləsini yazmaqla ehtiramını ifadə etmişdir: həm də onu kimliyini bir daha insanlara tanıtmaq, onunla bağlı xatirələrdən bir neçəsini sözə düzmək, məktublaşmalarını, ədəbiyyat-elm-irfan tarixinə təqdim etdiyi əsərləri bir-bir sadalamaqla ideya-estetik dəyərini açmaq və nəhayət, piri ustadının son günlərini, onun matəm mərasimini, sonda isə onun ölümünə yazdığı mərsiyəni təqdim etmək məqsədində olub. Girişdən sonra əsərin əsas quruluşunu beş hissədə verməklə - Müqəddimə, birinci, ikinci, üçüncü məqalətlər və Xatimədən ibarət olduğundan "Xəmsət üt-mütəhəyyirin” ("Beş heyrət”) adlandırmışdır.
1492-ci ildə yazılıb. "Mizan ul-əvzan” ("Vəznlərin tərəzisi”) risaləsində yalnız əruz elmindən bəhs edilir və türkcə yazılıb, Əruz elmi türk şeiriyyətinin əsasında şərh olunur. Əlişir Nəvai bu əsərini yazarkən əvvəlki ədəbiyyatşünas ustadların əsərlərini ehtiramla adlarını çəkir, mükəmməl bir mənbələrdən də faydalanmağı unutmur. Ədəbiyyat nəzəriyyəsi, xüsusən əruz elmi məsələlərinə həsr olunan bu əsər ümumtürk ədəbi nəzəriyyə tarixində özünəməxsus yeri olan elmi risalədir.
1493-ci ildə yazılıb. "Haləti Pəhləvan Məhəmməd” ("Məhəmməd Pəhləvanın tərcümeyi-halı və şəxsiyyəti”) əsərində dövrünün məşhur mədəniyyət xadimlərindən biri, onun. gözəl insanın fəzilətlərdən söz açır, xeyirxahlığında, nəcib xüsusiyyətlərindən söz açmış, onu özünə müəllim, ustad, bəhs edir.. Pəhləvan Məhəmməd xalq arasında "Kuştigir” – təkbətək döyüşdə şöhrət qazanmışdı. Əlişir Nəvai ustadı Pəhləvan Məhəmmədin fiziki gücülülüyünü də adının mənası kontekstində anladır. "Hətta onun kimi güclü insanlar 500, 1000 ildə bir dəfə doğulduğunu” da yazır. Əziz dostunun yüksək elmindən, ədəb-ərkanından, musiqi, tibb, şeiriyyət, ədəbiyyatşünaslıq sahəsindəki görüşlərini, astronomiya, islam hüququ haqqındakı geniş biliyindən, zəngin dünyagörüşündən söz açır.
1494-cü ildə qələmə alınmış "Munşəat” ("Məktubat”) – görkəmli dövlət xadimi Əlişir Nəvainin 1485-1499-cu illər arasında yazdığı məktublarından ibarətdir. Bu məktubların məzmunu nəsihət, məsləhət ruhundadır. Məktublarda müxtəlif tarixi şəxsiyyətlərin adları, onların həyatı və fəaliyyəti ilə bağlı ibratamiz cəhətlər də diqqətə çatdırılıb. Bu ruhda yazılmış məktubların məqsədi göndərilən ünvandakı şəxsi doğru-düzgün yola çağırışdır. Tədqiqata cəlb edilmiş nəsr əsər türkcə yazılmışdır. ("Münşəat” əsərini Nəvai farsca da yazmışdır, təəssüf ki, əsərin farsca olan nüsxəsi əlimizə yetməmişdir).
1495-1496-cı illərdə yazılıb. "Nəsaim ul-məhəbbət” ("Nasoyim ul-muhabbat min shamoyim ul-futuvvat”) türk təzkirəçilik tarixində övliyalar barədə ilk əsər hesab olunur. Ə.Nəvai Ə.Caminin "Nəfahət ül-üns" əsərini çağatay türkcəsinə çevirərkən mətnləri yenidən xeyli dolğunlaşdırır və 152 məşhur sufi şair haqqında əlavələr edir. Beləliklə, əsərdə 770 sufi şair, elm-irfan əhli haqqında verilən mənbələrin hamısı yenidən nəzərdən keçirilmiş, hər bioqrafik hekayətə əlavələr edilmiş, bəzən hədislərlə, nəsihətlərlə zənginləşdirmiş, həmin şəxsin elmi-nəzəri yaradıcılığının, fikir dünyasının ən vacib xüsusiyyətini önə çəkmiş və şəxs – övliya haqqında mükəmməl qaynaq təqdim etmişdir. "Allah təalanın köməyi ilə bu müqəddəs işi başa vurdum. Həzrət Şeyx Fəridəddin Əttarın "Təzkirət ül-övliya” əsərindən bəzi məşhur şeyxülislamların, yüksək elmli hind övliyalarının və bir çox başqalarının isimlərini bu əsərə əlavə etdim”.
1498-1499-ci ildə yazılıb. "Lisan üt-teyr” ("Quş dili”) əsəri bəsirət gözü (ağıl-idrak gözü, təfəkkür gözü, qəlb gözü, ibrət gözü) ilə qələmə alınmışdır. Bu əsər, sözün tam mənasında dünyanı dərk hadisəsidir, nəfslə bağlı təsəvvüfü bir dastandır. Mənəvi eşqin şövq və zövqündən təsirlənərək təsəvvüfün incəliklərini açıqlayan "Lisan üt-teyr” mərifət və irfan yolunun əsaslarına söykənir, öyrədir. Bütün hadisə və təfsilatlar məcazi məna daşıdığından alleqorik xüsusiyyətə malikdir, əsas qəhrəmanları quşlardır. Baş qəhrəmanları isə Simurq (anqa) və Hüdhüddür (şanapipik). Bunlardan əlavə 14 quş da istirakçıdır, həmin quşlar əsərdəki hadisələrin daim mərkəzində görünən obrazlardır. "Lisan üt-teyr” əsərinin içindəki "Şeyx Sənan” fəsli bəzən ayrıca qissə kimi təqdim edilmişdir.
1499-cu ildə yazılıb. "Muhakimət ul-luğəteyn” ("İki dilin muhakiməsi”) adlı əsərində "yetmiş iki növündən bəhs etməklə kifayətlənmək olar” – yazaraq Adəmdən sonra ilk yaranışdakı yetmiş iki millətə işarət edir. Və bu yetmiş iki dilin içində onun mənsub olduğu türk dilinin incəlikləri, zənginliyi, çoxçalarlılığı, çoxmənalılığı, bir sözlə, türkçülük ideologiyası, türk ədəbi dil fəlsəfəsi məsələsini təfərrüatı ilə diqqətə yetirməyi qarşısına məqsəd qoyub. Türk dilinin fars dilindən üstünlüyünü elmi-nəzəri əsaslarla, misallar kontekstindən şərh edir.
1499-cu ildə yazılıb. "Sirac ul-muslimin” ("Musəlmanların cırağı”) islamın Türküstan elində geniş yayılmağa başladığı dövrlərdə qələmə alınmışdır. Amma bütün ədəbiyyat - bilgilər ərəb, az qismi isə fars dilində idi. Nəvainin məqsədi islam ehkamlarını – qanun-qaydalarını xalqa öz dilində anlatmaq idi. Yəni, xalq islam əxlaqına anlamadığı ərəb dilində başa düşməyərək itaət etməkdənsə, öz dilində də bunları anlamasının gərəkliyini çatdırmaq idi. "Müsəlmanların çırağı”nı məhz bu nöqteyi- nəzərdən araya-ərsəyə gətirməyi özünə borc bilmişdi. Əsərin ən böyük özəlliyi, yeniliyi, fəlsəfi – estetik qayəsi məhz bundan ibarətdir. Ömrünün son zamanlarında, özünün də yazdığı kimi zəif, halsız vücudu ilə, amma ruhunu Allaha – islam peyğəmbərinə təslim etmiş şair xalqına, millətinə, islam əhli sadə türk insanlarına bu borcunu da ödəyə bilmişdi.
1500-cu ildə yazılıb. "Məhbub ul-qülub” ("Ürəklərin sevgisi”) əsəri mədəniyyət tariximizdə, ümumtürk ədəbiyyat tarixində ən ali əxlaq dərsliyidir, nəsihətlərlə dolu müdrik kəlamlardır. Əlişir Nəvai bu əsərində dövlət idarəçiliyi və ailə məişət məsələlərinə dair həyat təcrübəsini hekayələr şəkilində oxucuya çatdırmışdır. Məzmunu – dahi mütəfəkkirin zəngin həyati müşahidələri, bədii düşüncələri, dünya dərkinin fəlsəfi yekunundan ibarətdir. Eyni zamanda, bir sıra məsələləri – öz dövrünün ictimai-siyasi hadisələrini, hakim məfkurə (iqtidar ideologiyası) ilə arasında əlaqəsinin yeni şərhini verir.
"Risaleyi-tiyr andoxtan” ("Oxatma haqqında risalə”) çox kiçik həcmdə (cəmi 675 sözdən ibarət) maraqlı bir əsərdir. Oxatma sənətinin tarixi, fəzilətləri və mahiyyəti, haqqında hədis və tam dini rəvayətlərlə əhatələnmiş gözəl, oxunuşu su kimi axan, məzmunu ruhu aydınladan bir dastandır. Əsərdə bu dünyanın yaranışının fəzilətlərini – əməyin, zəhmətin, bu yolda çəkilən qayğının, halallığın gözəllikləri anladılır. Hər nə varsa, kim nə edir, nə iş görürsə, hamısı Allahın hökmündədir, Allahın xəbəri var, hər kəsə, hər işə yol açan, yol göstərən uca rəbbimizdir. Əsər sırf dini məzmun daşısa da, əxlaqi dəyərlər – insan oğlunun yer üzündə çəkdiyi zəhmətin halallığına işarədir. Ox atmanın fəzilətləri hədislər vasitəsilə anladılır.
"Sabat abhur” ("Yeddi dəniz”) ərəb dili lüğətşünaslığı mövzusunda – izahlı lüğət olaraq yazılmış bir əsərdir. Müəllifin təkcə türk dili uğrunda mübarizəsi deyil, fars dilində yaratdığı "Divan” və digər əsərləri deyil, həm də islamın türk dilində bədii və elmi şəkildə təbliği sahəsində böyük xidmətləri danılmazdır. Qurani-Kərimi, hədisləri ərəb dilindən fars, türk dillərinə tərcümə məsələsi böyük miqyaslı bir iş olduğundan lüğətə, həm də izahlı lüğətə o zamanlar nə qədər böyük ehtiyac olduğunu dövrün ab-havasını bilənlər üçün məlumdur Bu əsər nədən "Yeddi dəniz” adlandırıb? Çox sadə səbəb: "Yeddi dəniz” yeddi ərəb lüğət kitabına istinadən hazırlamışdı.
Dahi mütəfəkkir Əlişir Nəvainin adlarını qeyd etdiyimiz bu əsərlərini elmi məzmununa görə belə bir təsnifatda qruplaşdıra bilərik.
I. Dil və ədəbiyyat əsərləri: 1."Muhakimət ul-luğəteyn” ("İki dilin muhakiməsi”), 2."Mizan ul-övzan” ("Vəznlərin tərəzisi”), 3."Səbat abhur (sözlük)” ("Yeddi dəniz (sözlük”)
II. Sənədlər: 1." Vəqfiyyə”, 2. "Munşəat” ("Məktublar”).
II. Bioqrafik əsərlər: 1. "Haləti Seyyid Həsən Ərdəşir” ("Seyid Həsən Ərdəşirin tərcümeyi-halı və şəxsiyyəti”), 2. "Xəmsət ul-mutahayyirin” ("Beş heyrət”), 3."Haləti Pəhləvan Məhəmməd” ("Məhəmməd Pəhləvanın”)
IV. Təzkirələr: 1."Nəsaim ül-məhəbbət ("Sevgi mehləri”), 2."Məcalis ün-nəfais ("Nəfis məclislər”)
V. Tarixi əsərlər: 1. "Tarixi ənbiya və hukəma” ("Peyğəmbərlər və hakimlər tarixi”) 2. "Tarixi mülük Əcəm” ("Əcəm mülkünün tarixi”)
VI. Dini əsərlər: 1. Ərbəin” ("40 rubai”), 2."Nəzm ul-cəvahir” ("Nəzm cəvahirləri”), 3."Lisan ut-teyr” ("Quş dili”), 3a. "Qisseyi Şeyx Sənan” ("Şeyx Sənan qissəsi”), 4. "Sirac ul-muslimin” ("Musəlmanlar cırağı”), 5. "Məhbub ul-qülub” ("Ürəklərin sevgisi”), 6. "Risolayi tiyr andoxtan” ("Oxatma haqqında risalə”), 7. "Minacat” ("Allaha yalvarış duaları”).