İsa Həbibbəyli: "AMEA-nın yeni Nizamnaməsi sahibkarlıq və innovasiya fəaliyyətinin genişlənməsinə imkan yaradacaq"
"Elm haqqında" qanunda elmi fəaliyyətdə innovasiya və sahibkarlıq fəaliyyəti ilə bağlı geniş müddəalar öz əksini tapıb".
AMEA-nın I vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın Ümumi yığıncağında çıxışı zamanı bildirib ki, AMEA-nın yeni Nizamnaməsi Akademiyada sahibkarlıq və innovasiya fəaliyyətinin genişlənməsinə imkan yaradacaq: "Bu, eyni zamanda Akademiyanın bundan sonrakı fəaliyyətini də stimullaşdırmaq imkanlarına malikdir. Artıq bir neçə ildir ki, AMEA Rəyasət Heyətinin vəsatəti əsasında, ölkə Prezidentinin razılığı ilə və Nazirlər Kabinetinin qərarı ilə Akademiyada yeni qurumlar yaradılır. Amma bu məsələlər hüquqi cəhətdən əvvəlki Nizamnamədə öz əksini tapmayıb. Yeni Nizamnamədə elmi müəssisələrin, mərkəzlərin, sosial xidmət və xidmət mərkəzlərinin sahələrinin yaradılması və fəaliyyətlərinin stimullaşdırılması, ləğvi ilə bağlı müddəalar öz əksini tapıb".
İ.Həbibbəyli qeyd edib ki, Nizamnamədə Akademiyanın elmi bölmələrinin idarə olunmasına yeni baxış öz əksini tapıb: "Elmi bölmələr həm akademik katiblər, həm də həmin bölməyə kuratorluq edən vitse-prezidentlər tərəfindən idarə olunurdu. Akademiya Nizamnaməsinə dəyişiklik etməklə bölmələrə rəhbərlik həmin bölmələrə kuratorluq edən vitse-prezidentlərə həvalə edilib".
İsa Həbibbəyli deyib ki, vitse-prezidentlər Akademiyanın bölmələrinin sədrləri olacaqlar: "Bundan sonra I vitse-prezidentlərə və vitse-prezidentlərə köməkçi ştatları da ayrılacaq. Nizamnamədə bununla bağlı da tənzimləyici müddəalar öz əksini tapıb".