Çərşənbə axşamı qeydləri
Belə. Bilmək niyyətilə, ilin əvvəlində(n) bir "çərşənbə axşamı müzakirələri" yapdıq. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi, otaq 465-də. Söhbət ədəbiyyatdan, bədii kitablardan gedir, əlbəttə. Zamanımızda böyük sürət almış kitab prosesinə müdaxilə cəhdi az qala axar suya bir kərə ayaq basmaq kimidir. Odur ki, niyyətimiz təvazökar idi: baxaq görək, bu axının, hərəkətin, kitab bumunun özü nə?; mənə, sənə, ona, bizə... - yəni ki, oxucuya nə deyir, nə danışır...
"Monitorinqimiz"i prosesin stixiyasına adekvat qurmağa qərar verdik. Əlimizi atıb düzülü rəflərdən bir kitab götürürük; həftə ərzində oxuyub-düşünüb-vərəqləyib-nəzərdən keçirib - ... ya nəzər salıb təəssüratımızı "çərşənbə axşamları"na çıxarırıq. Yəni ki bir növ resepsiyasına varırıq; baxaq görək, bunu niyə oxuduq, necə oxuduq, ədəbiyyat adına, ya nədən oxuduq, nə qazandıq, nə bildik, nə biləmmədik; necə də olsa, peşəkar ədəbiyyat oxucularıyıq, ədəbiyyatçılarıq, hardasa işimizin də adı elə bu. Amma əlbəttə, könüllülük prinsipi ilə; buna görə bizə qonorar, ya (illik tədqiqat planından izafi) maaş verən yox ki; həm də könülsüz oxu/oxucu olurmu?!
Kimsə əvvəl irad tutdu ki, həftədə bir kitab çoxdu; hətta bir zamanların min bir süzgəcdən keçib ən nəhayət oxucuya çıxan kitab templərini anıb: ayda bir müzakirədən çox çox olar, ciddi olmaz - dedilər. Razılaşmadıq, kitab stixiyasının internet əsrinin gündəlik sürətlərini qovduğu əyyamlarda az olar ki, çox olmaz, - dedik, - ciddiyyət nəyə lazım, bəs deyilmidir ki, içində olub prosesə qatılasan?! Doğrudur, tempi tam saxlaya bilmədik; iş-güc, tədqiqat planları, cəmiyyət hesabları, gündə yol ölçdüyümüz marşrutlar, dolanışıq, məişət qayğıları, bayramlar, məzuniyyət... - cəmisi yaşadığımız sürətin içərisindədir; məgər çağdaş, çağdaş oxucu olmaq asanmı? Bil-əks, çağdaş oxucu olmadan çağdaş olmaq necə, hesabdanmıdır?
Hər həftə saat 12-00-da müzakirələrə əvvəl-əvvəl daha gur kontingent toplaşırdı; şöbə əməkdaşları ilə yanaşı, institutdan digər kitab oxuyanlar, müasir ədəbiyyatla, proseslə, konkret müəlliflə tanış, ya maraqlı olanlar, "fb"-də elanı görüb maraqlananlar, müəllif və ona qoşulub "kənar"dan qatılanlar... Tədricən niyyətlər açıldıqca, maraqlar durulduqca, (belə olar, ya olmaz deyə) təqdir, həm qınaqlar yer aldıqca, kimsələr çəkildi də kimsələr də bizimlə qaldı; sonda mütaliə və müzakirələrin təməlində duran yığcam bir "monitorinq qrupumuz" formalaşdı.
Bu yerdə qrupun üzvlərini təqdim etməliyəm yəqin ki: filoloji doktorları Tehran Əlişanoğlu, Mərziyyə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova, yazıçı, böyük elmi işçi Mənzər Niyarlı (Hüseynova), kiçik elmi işçi Hənifə Səlifova, doktorant Yeganə Məmmədova və bir də internetdə çərşənbə axşamlarını xəbər verib, informasiyasını yayan Turan Turan olmaqla (ara-sıra filoloji doktoru və yazıçı Salidə Şərifova, yazıçı və filologiya üzrə fəlsəfə doktoru Bahar Bərdəlinin də qatqılarını unutmuram) kitablar aləminə uzun bir yola çıxdıq...
***
Bir ildə 52 həftə var, yarım ildə - 26; 26 olmasa da il yarısı boyu 15 çərşənbə axşamına yığışıb aşağıdakı kitabların müzakirəsini keçirə bildik:
1. Mənzər Niyarlı, Vətəndən vətənə. Roman. Bakı, aybKitab-"Mütərcim", 2019
2. Mərziyyə Səlahəddin, Susmayan könlüm. Şeirlər kitabı. Bakı, "Ecoprint", 2017
3. Salidə Şəmmədqızı, Dionisin qələbəsi. Hekayələr toplusu. Bakı, "Elm və təhsil", 2018
4. Bayram İsgəndərli, Bu qatar hara gedir? Hekayələr. Bakı, "Elm və təhsil", 2018
5. Əlisəfa Azayev, Fədakarlıq anı. Povest. Bakı, Qanun nəşriyyatı, 2018
6. Elxan Yurdoğlu, Ulduz çoxluğu qədər təklik. Şeirlər. Naxçıvan, "Əcəmi NPB", 2018
7. Alpay Azər, Yazıçı və arvadı. "Hisslər və macəralar" silsiləsindən hekayələr. Bakı, Qanun nəşriyyatı, 2018
8. Elçin Muradxanlı, Türkün nəğməsi. Şeirlər. Bakı, "Avropa", 2017
9. Kamran İmranoğlu (Əliyev), Dağlı məhəlləsi. Hekayələr. Bakı, "Elm və təhsil", 2017
10. Rövşən Yerfi, Müqəssir. Roman. Bakı, Azərbaycan Yaradıcılıq Fondu- "Elm və təhsil", 2017
11. Hədiyyə Şəfaqət, Qapı. Şeirlər. Bakı. "Vektor" Beynəlxalq Nəşrlər Evi, 2017
12. Etibar Muradxanlı, Tələbə taqımı. Roman və povest. Bakı, Qanun nəşriyyatı, 2018
13. Hürzad Əhmədli, İncədən gələn səda. Şeirlər. Bakı, 2016
14. Məmməd Əliyev, Bir yay gecəsi. Povest. Bakı, "Elm və təhsil", 2018
15. Malik Atilay, Yalnızlığı adıyla çağır. Şeir kitabı. Bakı, Qanun nəşriyyatı, 2019
Çox da tanış mənzərə deyil, deyilmi?; "Çərşənbə axşamları"nacan bizə də tanış deyildi. Diqqət edilərsə, nəzərimizdə 2016-dan bu yana olan kitablardır. Qərarımız beləydi; çün belə fərz edirdik ki: 2016-ya qədər ədəbi prosesdə (hətta bəzən ədəbiyyat-ətrafı da daxil olmaqla) elə bir imza olamaz ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, akademik İsa Həbibbəylinin rəhbərliyi altında hazırladığı, iri həcmli "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyində (Bakı, "Elm və təhsil", 2016, I, II c.-1888 səh.) heç olmaya, adı olmaya. Belə deyilmiş...
Müzakirələrin birində məlum oldu ki, Əlisəfa Azayev adlı "yazıçı-hüquqşünas" 1979-cu ildən 2017-ci iləcən 27 kitab çap etdirmişdir, amma azacıq izi də ikicildlikdə yoxdur. Görən, nəzərdənmi qaçırmışıq? Təbii, uzağa getmədən, biz Əlisəfa Azayevin 2018-də çıxmış sayca 28-ci - "Fədakarlıq anı" kitabının müzakirəsini etdik; "povest" janrı verdiyi əsər, əslində, "əhvalatlar romanı" təyinatına daha çox uyğun gəlirdi. Proloq və epiloqunda, Ulu öndər Heydər Əliyevin xilaskarlıq məqamını alqışlayan müəllif, romanın15 fəsil - 15 əhvalatının hər birisində ölkənin müxtəlif bölgələrində 1993-cü iləcən, ümumən 90-cı illərin çətin, arzuolunmaz sosial və kriminal durumundan danışır. Doğrudur, bir qədər naturaya aludədir, "olanları"-olayları "doskanal"-təfsilən çatdırmağa çalışır; amma insafən təhkiyə rakursu da var: hadisələri-əhvalatları hər yerdə Ədalət naminə "qanunlar işığı"na tutmaq, 1990-cı illərdə baş alıb gedən anarxiyanı qanun və gerçəklər savaşında təqdim etməkdir müəllif niyyəti. Unutmurduq ki, qələm hüquqşünas əlindədir və müzakirədə tənqidi yanaşıb, təhkiyəni daha da güclü bədii təhkiyəyə çevirmək üçün müəllifin diqqətini bütün süjetlərdən keçən, çox vaxt kölgədə qalan "notarius" (notarial idarənin müdiri) obrazına yönəltdik. Əsərdə başlıca "qanun keşikçisi" məhz odur, "Notariusun romanını yaz" - dedik. Mənimcə, bu nöqtədən müstəqilliyimizi yazan olmayıbdır. Əlisəfa Azayev məclisdə iştirak edirdi; ədəbiyyatdan kənarda, ummadan, təvazökarlıqla israr etdiyi 27 kitabına işarə ilə: "Elə onu yazıram da..." - dedi. Nəşriyyat kitabda müəllifi "yazıçı-hüquqşünas" kimi təqdim etmişdi, biz də "hüquqşünas-yazıçı" statusuna haqq qazandırdıq; qoy belə bir tip yazıçı da olsun, nədən olmasın?!.
Ötən ilin dəyərli bədii əsərlərindən biri Mənzər Niyarlının "Vətəndən vətənə" romanı oldu desəm, yanılmaram. Biz onu "povest" kimi 2018-ci ilin "Azərbaycan" jurnalından (№ 10, 11) oxumuşduq; bu il əsər "roman" kimi "aybKitab" seriyasından Bakıda, habelə Təbrizdə əski əlifba ilə də çıxdı. Olduqca gərəkli, "Cənub" mövzusunda olan əsər bizi 1930-cu illərin repressiya mühitinə aparır və ədəbiyyatımızda az qala heç işlənməmiş Cənubluların Şimaldan deportasiyası motivindən yapışıb doğurduğu ağrı-acıları günümüzəcən daşıyıb-gətirir və üzərində dərindən düşündürür. Kitaba Önsöz yazmış Əli Əmirlinin söylədiyi kimi: "Vətəndən Vətənə" taleyin Araz vasitəsilə ikiyə böldüyü iki vətən haqqındadır, şərti desək, iki Azərbaycan arasında qalmış böyük bir ailənin mürəkkəb peripetiyalarla zəngin iztirablı taleyi haqqındadır". Romanda avtobioqrafik çalarlar var; və bu, əsərin yaşam enerjisini birə-ikiqat artırır. Müzakirə də elə bu məqamlar ətrafında dolaşdı. Mənzər Niyarlı yazıçıdır; nə yazdığını, nədən yazdığını, necə yazdığını bilir; mövzunun bədii dərki, xatirə tonuna yüklənmiş təhkiyə planı: çoxlu və dürüst təfərrüat, sərrast detallar, etnoqrafizm və digər təsvir incəlikləri ilə birgə; başlıcası insan içindən keçən, yaşanan, izlər qoyan dövr-zaman mənzərələri (obrazlar) yerindədir, və roman əsl peşəkarlıq nümunəsidir. Bu halda özlüyündə suallar irəli gəldi: "Vətəndən vətənə" romanının Cənub mövzusunda ədəbiyyat sırasında yeri necə görünür?; "repressiya" mövzusunda ədəbiyyata hansı bucağı artırmış?; bioqrafizm və avtobioqrafiya günün ədəbiyyatına nə gətirir?; etnoqrafizm, məxsusən Cənub həyatının zəngin naxışları, ailə və xalq dəyərlərinin təfərrüatlı təsviri bu istiqamətdə nəsrimizə nə vermiş? və s. məqamlar balaca bir romanın gördüyü böyük işi üzə çıxardı...
Hamı, hər kəs özündən başlamalıdır; indi bu zərurət az qala hamının, hər kəsin qarşısını kəsən məsələ. Biz də özümüzdən başladıq. Sirr deyil ki, Ədəbiyyat İnstitutunda bugün elmi əməkdaşların az qala yarısının həm də bədii yaradıcılığa meyli var; İnstitutun direktoru akademik İsa Həbibbəylinin xeyir-duası ilə "Ədəbiyyatşünaslıq plyus" şöbəsi fəaliyyətə başlayandan bu iş tamamən leqallaşdı və məlum oldu ki, bizim bu istiqamətdə ən azı ildə bir kitablıq mətləblərimiz var ( İllik "Plyus bədii yaradıcılıq" almanaxının nəşri nəzərdə tutulur - Bakı, "Elm və təhsil", 2017, 2018, 2019). Şöbəmizdən Mərziyyə Səlahəddin "Susmayan könlüm" adlı yeni kitabını "monitorinq"ə məmnuniyyətlə təqdim etdi və özü də müzakirədə iştirak etdi; əksinə, Salidə Şəmmədqızı "Dionisin qələbəsi" adlı hekayələr toplusuna marağımızı təqdir etmədi və özü də tədbirdə olmadı.
Qarabağ mövzusunda hekayələrində sərt müharibə həqiqətlərinin acısını, duyğusal yaşamlarını qələmə alan Mərziyyə Səlahəddinin şeirlərindən tamam özgə, ailə-məişət, güzəran axınında sevgisizlik, sevgi intizarını yaşayan və bunu dilə gətirməyə qərar verən lirik qəhrəman boylanır. Həyatdan incik, incikliyində bir qədər də şıltaq bu qadın inadı, müzakirə zamanı, az qala müəllifin özünü də diksindirdi. Poetik kəşflər, milli şeirin əsrlərcə gəlişdirdiyi zəngin ifadə arsenalı "susmayan könül" üçün çox da vacib deyil; intonasiya və havasına tapınaraq, həmin şeirin aşıladığı sırf vərdişlə Mərziyyə Səlahəddin eləcə həyat duyğularını danışır, şərh edir. Qarabağşünas-ədəbiyyatşünas kimi bildiyimiz Mərziyyə Nəcəfovanı indi də şair kimi tanıdıq; alim-şair, şair-alim; nədən olmasın, belə bir statusu da mümkün dəyərləndirdik...
Salidə Şəmmədqızının "Dionisin qələbəsi" kitabını, əksinə, elm adamının bədii yazmaq istəyi və səlahiyyəti kimi qiymətləndirdik. Elmi yazılarında ardıcıl elmi dəyər, nəzəriyyə maksimalizmini axtaran Salidə Şərifova sanki realiyada onu tapa bilmir və Salidə Şəmmədqızı hekayələrində elmi mühitin aktual-ironik obrazını təqdim etməyə cəhdlər edir. Rupor-qəhrəmanın, çalışdığı elmi müəssisədə (və ümumən mühitdə) özündən, elmi ideyalarından, irəli sürdüyü layihələrdən, elmi fikir və mövqeyindən başqa nə varsa, həpsi yalandır, quramadır, elm adına maxinasiyadır. Bu ki, elm var, əks halda rupor-qəhrəman da olamazdı, gəl onu əhatə edən sosial mühit eybəcər və gülüncdür. Müzakirədə əksərən gəldiyimiz qənaət bu oldu ki, səkkiz hekayənin hər bir süjetində (hətta "Ləzzəti-söhbəti" hekayəsində daha beş süjetdə) elmi mühiti təqdim edən surətlər, personajlar özlüyündə bədii araşdırma predmeti olmaqdan çox, ümumən mühiti görükdürən, illüstrə edən, təsəvvür yaradan vasitədir, informasiya ötürücüsüdür; obrazların arxasında konkret prototiplər axtarmaq nəyə lazım? Bəsdir ki, ara-sıra satira güzgüsünə baxıb bu ayinədə özümüzü əyri görməyi də yadırğamayaq; nədən olmasın...
Salidə Şərifovada satira duzu gərəyincədir; bizə məsləhət gördü ki, yazdıqlarına aludə olmaqdansa, bəlkə uzun yaradıcılığı boyu daim kölgədə qalmış Bayram İsgəndərliyə də bir diqqət ayıraq. Heç ləngimədən əlimizi uzadıb rəfdən Bayram İsgəndərlinin yenicə çapdan çıxmış "Bu qatar hara gedir" kitabını götürdük. Bayram İsgəndərlinin on hekayələr kitabı varmış; bu isə diktə edirdi ki, kitabı milli hekayəçilik müstəvisində məhşərə çəkək, baxaq görək, Mirzə Cəlildən bu yana xeyli təcrübə və tipoloji baqajı olan hekayəçiliyimizə nəsə nüanslar artıra bilibmidir. Bayram İsgəndərli sanki mənsur şeirə çəkən, bir qayda olaraq qəhrəmanın daxili hissləri, emosional dünyası, nisgil və ömür xatirələri üzərində qurulmuş yığcam hekayələr yazır; o sıradan "Bu qatar hara gedir" kitabında 62 belə duyğusal insan-əhvalatla bizi tanış edir. Oxşar situasiya-qəhrəmanlar, yekrəng poetika eyniyyət cızır: əksərən insan-təbiət doğmalığının ahəngini çizgiləyən təsirli peyzajdan birbaşa qəhrəmanın iç dünyasına açılan düşüncələr ötən illər-xatirələr-əhvalatlar işığında İnsan həyatını (qəhrəmanın özünü) yaşanmış və yaşanmamış sevinc-nisgil, xoşbəxtlik, ya pərişanlıq, mənəvi duyğular sırası-aurasından təqdim edir və sanki hər dəfə başqa, alternativ ömür sorağı-arayışını aktualizə edir. Yaşanmamış, itirilmiş ömrün mənbəyi sosial mühitdir; amma Bayram İsgəndərlinin hekayələrində sosial düşüncə bilavasitə yoxdur, məhz "yaşanmış"ın, İnsan fərdinin içindən fiksə olunur. Şəxsən mənə bu tərz Anton Çexovun son mərhələ, impressionist hekayələrinin təsiri kimi göründü; amma maraqlıdır, müzakirədə dinləyici qismində iştirak edən qocaman hekayəçinin deməsindən belə bəlli oldu ki, deyəsən, heç ümumən Çexov hekayəçiliyindən xəbəri yoxmuş... Olanda olur, ədəbiyyatda təsirlər bəzən təsirsiz də olur, nədən olmasın?!
Daha da maraqlı məqam. Təsdiq olundu ki, insan içinin etirafları sosial həqiqətlərdən daha üstün və cəlbedicidir; müzakirəsini etdiyimiz hekayələri, demə, Bayram İsgəndərli hələ otuz il bundan əvvəl qələmə alıbmış. "Ön söz"də qeyd etdiyi kimi: "Kitab 1992-ci ildə "Yazıçı" nəşriyyatının planında idi. Çapına icazə verilmişdi. Qrifi də öz yerində. O il çap edilmədi. Çünki Sovetlər dağılmışdı, yenisi də ki... hələ nə olacağı doğru-dürüst bilinmirdi..." Sonra olasılar, olmuşlar artıq olmuş, yaşayan - insan həqiqətidir. Ötən il Bayram İsgəndərlinin daha bir, "Qarabağdan gələn duman" hekayələr toplusu (Bakı, "Elm və təhsil", 2018) çapdan çıxıbmış. Müzakirə iştirakçılarından həmin kitabdan xəbəri olanlar da vardı və hekayəçinin eyni həssaslıqla müharibə dövrü insan həqiqətlərinə aşinalığını təsbit etdilər. "Qarabağ müharibəsi" mövzusunun nəzərimizdə ayrıca yeri var və bu not da yadımızda qaldı...
"Kölgədə qalmış" başqa bir müəllif - Rövşən Yerfiyə diqqəti mən çəkdim. Hərçənd internet dünyası kəşf olunandan Rövşən Yerfi özü tanıdılmasında hamıdan fəaldır; səhifə yaradıb əsərlərini müntəzəm şəbəkə oxucularına çıxarır və dediyinə görə, minlərlə daimi izləyicisi var. Rəfdən mənə avtoqrafla bağışladığı, 2017-də nəşr olunmuş "Müqəssir" kitabını götürüb, müzakirəyə çıxardıq. Uzun illər pentensionar xidmətdə, qadın həbsxanalarında çalışmış, "həyatın dibi"ni müşahidə etmiş yazıçı, haqlı olaraq, sıra əsərlərində mövzunu ilk dəfə ədəbiyyatımıza gətirməsi ilə də öyünür. Amma heç vəch öyünməməli şeylərdən yazır. Azərbaycan gerçəkliyində kütləvi şəkil almış daha bir qadın həqiqətindən - Rusiyaya dolanışıq ardınca getmiş və mənən özgələşmiş ər tərəfindən tərk edilən qadının acı hekayətindən söz açan balaca roman aktuallığı ilə müzakirədə xeyli suallar doğurdu. Hələ Mirzə Ələkbərin qaldırdığı "fatma-tükəzban" məsələsi nə qədər eybəcərləşsin ki gərək, ailəsini Rusiyaya aparmış Azərbaycan kişisi heç də çəkinmədən-eymənmədən qadınının yanında "sonyalar"la işrətdən də çəkinməsin?! Mirzə Cəlilin hələ "Danabaş"da qaldırdığı "kişi cəmiyyəti" problemi nə qədər "adiləşsin", mənən ucuzlaşsın ki, qadın (əri, sevgilisi və hətta hədə yolu ilə yoldan ötən hər kəs - "ərinin qohumu" tərəfindən) cinsi istismara məruz qalsın, rahatca "şəhvət qurbanı"na çevrilsin?! Azərbaycan kişisinin qadınına və özünə qarşı xəyanətinə Azərbaycan qadını da eyni şiddətlə cavab vermək hüququ və iqtidarındadırmı; C.Cabbarlının Balaş zülmünə qarşı aktuallaşdırdığı Sevil problemi bugündən, bugünün materialında necə görünür? Göründüyü qədər, müəllifin çözməyə çalışdığı kontekst məsələləri bu balaca romana qədər də ən azı yüz-yüz əlli ildir bizdə sosial-mənəvi olaraq qalır və qaldıqca da "kiflənir". Kimdir müqəssir? Bir çox kəskinliklərə baş vursa da, amma Rövşən Yerfi qayıdıb (bütün əsər boyu) çözümü sentimental-hissiyyatlı "zavallı Liza" məxrəcində saxlayır: "Yəqin ki, hamını düşündürən bir çox suallara cavab axtarılacaqdı: əsas xəyanətkar, günahkar kimdir? Niyə sevgili, qonşu, qohum sayılan bu insanlar bir-birinə dönük çıxmışdılar? Nə, kim səbəb idi namərdliyin, dönüklüyün təntənəsinə?! Yoxsa zəmanəni haqqın yolundan döndərib, vətəni qürbətə çevirən, təkcə öz xeyrini güdərək, insanlığa, cəmiyyətə tüpürən simasızlar, acgöz qurd xislətli insan cildinə girmişlərmi yaratmışdı bu vəziyyəti?!. Müqəssir kim idi? Yalnız zavallı Əfiqə idimi müqəssir?.." ("Müqəssir", s. 106) Olsun, qoy "zavallı Əfiqə" məxrəci olsun; "kiflənmək"dənsə, nədən olmasın?!
Alpay Azərin "Yazıçı və arvadı" hekayələr toplusu uzaq sualları daha yaxına çəkir və daha yaxından, uzağa getməyimizə imkan verməyən bir məsafədən seyr etməyimizə şans verir. Bəlkə buna görə, hekayələrdə rakurs çevik, oynaq, postmodern epoxasına yaraşan tərzdə bir az da ironikdir; analitika duzu da daha artıq, yerində... Ardıcıl hekayəçiliyi ilə seçilən Alpay Azərin bu kitabı elə adından bizi çəkdi; mən oxumuşdum, "monitorinq qrupu" da məmnuniyyətlə mütaliə etdi. Çağdaş rus nəsrində yenidən - "yeni realizm"ə qayıdışdan xəbər verən Lalə Həsənova Alpay Azərin hekayəçiliyini də bu hadisəyə yaxın dəyərləndirdi; bu ki, yazıçı çəkinmədən çağdaş cəmiyyət və insan problemlərini öz təcrübəsində müşahidə edir və "uzaqlaşdırmadan" elə bunu da yazır. Mən "Yazıçı və arvadı" uzun hekayəsini daha tutarlı hesab etdim, başqaları daha çox Alpayın çağdaş "sevgi macəraları"nı bəyəndi... "Uzun" sözünü yalnız janr baxımından vurğulamıram (məlum ki, türk ədəbiyyatında "povest"ə belə deyirlər - uzun hekayə); Alpay Azər uzun yazmağı, mətləblərini birbaşa "həyatda", naturaları kağıza köçürməklə izləməyi sevir. Nədən "həyat materialı"na qəsd edəsən, kəsib-doğrayıb "lazım olanı" montaj edəsən?; bəlkə elə maraqlı rakurs tapıb oxucu(n) ilə birgə baş verənləri müşahidə edə, seyr edə, bu və ya digər qənaətlər hasil edəsən?! Doğrusu, uzun, lap uzun hekayədə yazıçı peşəsinin sirrinə vaqif olmaq istəyən qəhrəmanın "laborator" ləzzətləri - bahalı avto-qələmlə yazmaq, dəmində və əyri oturub (kafe masaları arxasında) düz yazmaq, yazmaq vərdişlərində dünya çapında məşhur yazıçıları təqlid etmək və üstəlik xanımını da bu oyunlara cəlb etmək məzələri məni qətiyyən yormadı. Bəlkə qəhrəmanı "qrafoman" da zənn etmək olardı, son nəticədə zərif insani duyğularla müşaiyət olunan "yazıçı və arvadı" süjetini ortaya qoymasaydı...
Alpay Azərin çağdaş "sevgi macəraları" az qala serial intriqaları vəd edir: ev-iş, ailə-məişət süjetləri, rahatca sevib-ayrılmalar, ikinci-üçüncü - N qədər sevgilər, "xarizmatik ifritələr", Don Juan-qəhrəmanlar və olur ki, bu sicilləmədə qəfil təzahür edən "əsl sevgi" simptomları... Alpay Azər gənclikdən, gənc nəsildən yazır və müzakirədə(n) "natura" barəsində belə bir fikir də keçdi ki, "günün sevgiləri" elə belə olur. Amma yazıçı ədəbiyyatın tələblərinə kifayət qədər bələddir, janr həssaslığı yerindədir; odur ki, serial ucuzluğuna uymayıb, hekayəni qəfil də dayandıra bilir. Və macəra həvəsi əvəzinə, qarşımızda çağdaş insan naturasını - parçalanmış insan içi, psixologiyası, şüuru, duyğu və düşüncələrini görürük. Alpay Azər insan mündəricəsinin sosial qatında (cəmiyyətlə münasibətlərində) deyil, sırf mənəvi başlanğıclarında (fərdin duyumu-qapsamasında) gəzişməyi tərcih edir. Yenə də Anton Çexov təsirləri, təəssürləri yadımıza gəldi; fərqli olaraq Alpay Azər rus klassikasına yaxşı bələd birisidir, yaradıcı bəhrələnmələrə də heç yad deyil. Hətta belə bir nüans: Çexov hekayəni bitirdikdən sonra sonluğunu silməyi tövsiyə edirdi; Alpay bəzən, əksinə, bir sonluğa "doymayıb", bir neçə variasiya da təklif edir; hərçənd Çexovun son impressionist yaradıcılığında da "həyat"a doymazlıq, bitməzlik aşkardır...
Daha bir məqam, Alpay Azərin hekayələrində "rus naturası"nı yaxından hiss edib, dürüstlüklə portretləşdirməsi müzakirə iştirakçılarının diqqətinə gəldi. Belə bir təşəbbüsü, çağdaş milli nəsrdə "rus xarakterləri"nin kəşfi və təsbitini uğurlu tərzdə hələ Rafiq Tağı gerçəkləşdirmişdi. Həmin istiqamətdə həmçinin Etimad Başkeçidin, Mübariz Örənin uğurları yada düşdü; indi də Alpay Azərin qələmində gerçək rus insanını görürük... Olsunmu; bugün Azərbaycan toplumu yalnız ucsuz-bucaqsız rus ərazilərinə yeriməklə qalmır, bütünlükdə dünya məkanına səpələnmiş və bu halda özgə xarakterlər də qayıdıb-gəlib ədəbiyyatımızda olmasınmı? Olursa, olsun; nədən olmasın?!
Dünya köhnə dünyadır, sevgiləri təzədir... "Don Juanlıq effekti" Elçin Muradxanlının "Türkün nəğməsi" toplusunda təqdim etdiyi lirik qəhrəmanda, çağdaş insan obrazında, onun sevgiyə münasibətində, hissiyyat və davranışında da qabarıqdır. Həm də müəllif qəhrəmanın duyğularında qəti fəci-dramatik notlar axtarmır, eləcə "çağdaş sevgilər"in bəyanı və anatomiyasında israr edir... Azər Alpayda da beləydi; amma fərqli olaraq, Elçin Muradxanlı müzakirədə şeirlərinin məhz bu yöndən qabarmasına xeyli təəccüb etdi, bəlkə hətta şaşırdı da. Bəzən niyə yazır, nədən duyğularımızı kağıza köçürmək istəyirik, fərqində oluruqmu? "Türkün nəğməsi" toplusunda "türkəm", "türkün türküsü", "türkün sözü" vurğuları da poetik nida olaraq çox keçir, az qala məxsusi irq təəssüratında, türk iftixarını bəyan edir - pafoslu, ritorik, patetik. Topluda ayrıca motivdə Vətən duyğularının da ifadəsi var: daha çox, "kəndim", kənd etnoqrafiyası, peyzaj lirikasında...
Ümumən, müzakirədə şeir topluları diqqətimizi belə bir məqama çəkdi; lirik qəhrəmanın torpaq-vətən-yurd duyğuları: ya həsrət-nisgil, Məhəmmədhüseyn Şəhriyarın "Heydər baba" ahənginə bələnir - Elçin Muradxanlıda belədir; ya birbaşa romantik pafos kəsb edir, Elxan Yurdoğluda bu, Məmməd Araz şeirinin nəfəsində qanad çalır; ya da ritorik-vətəndaşlıq çağırışlarında, Hürzad Əhmədli bunu daha çox Səməd Vurğun-Bəxtiyar Vahabzadə tərzində edir... Yəni poetik vətənsevərlik, sanki bir borc; bu şeirin zirvə çağları-çalarlarını vermiş şairlərin diliylə və bir də peyzaj təfərrüatında danışır. Peyzaj hissiyyatı konkretdir; və bu heyndə bizə poetik yaşamlar fonunda Muradxanlıda-Kürdəmirdə (Elçin Muradxanlı), Naxçıvan torpağında (Elxan Yurdoğlu), İncə dərəsində -Qazaxda (Hürzad Əhmədli), Şəkidə (Hədiyyə Şəfaqət), Bakıda (Malik Atilay) və daha nə qədər olmadığımız yerlərdə "olmaq" müyəssər oldu... Olmasınmı?; hər şair yaşamı, şeir həqiqəti poetik Vətən coğrafiyasını bir az belə artırırsa, artıra bilirsə, olsun! Nədən olmasın?!
Əmma ki, şairlik missiyası daha həssas; (kitablardan) ötüb keçər də hər ünvanda qərar tutamaz. Şeir müzakirələrində mübahisələr ən çox bu nöqtədə haçalanırdı: modern şeirdirmi, günü ifadə edə bilirmi? (1), ya ötədən beləsinə, "min beş yüz ilin oğuz şeiri"ni nəylə heyrətləndirəsisən ki, eləcə poetik təfərrüatlarlamı? (2) Mənə görə, Elxan Yurdoğlu imzası, doğrusu, kəşf oldu; - biz onun "Ulduz çoxluğu qədər təklik" toplusunu müzakirəyə çıxardıq,- amma onu da deyim ki, məndən fərqli, çoxlarına çox yerdə Elxanın şeirləri eləcə təfərrüat təəssüratı bağışlamışdı. Vətən şeirləri, sevgi şeirləri və poetik mən... - "qəliblər", məlum "nəfəslər", peyzajlar barəsində dedik, - yarıb özünə, sözünə, poetik sərbəstliyə doğru "şeir yolu" axtarışlarında gördüm Elxan Yurdoğlunu. Modern həvəsi burda total mövzu və basqılardan fərdin konkret psixoloji dünyasına çıxmaq, ömürləri anlarda kəşf etmək, poetikləşdirmək cəhdlərində görünür və bu əsnada şairin öz poetik deyim və leksikonu da durulub meydana çıxır...
Ən çox modern şeir ehtiraslarını müzakirədə Hədiyyə Şəfaqətin "Qapı" toplusu qızışdırdı... Beləmi yazmaq, ya belə yazmamaq? Romantik-realist, ənənəvi şeir qəliblərində formalaşmış zövqlər üçün çətindir Hədiyyə Şəfaqətin mətnləri ilə yol(a) getmək; amma çətinliyin də öz həzzi var, şeir əhli şair qəlbini heç vəch dana bilmir. "Realistlər" daha çox Hədiyyə Şəfaqətin o mətnlərini qəbul və uğurlu bildilər ki, ya özüylə söhbətdə aydın lirik mənzərələr cızır, ya da cəmiyyət həyatından konkret lövhələr daxil edib üzərində düşünür... Boşluğu hayqıran qadın... - bir qeydimdə, Hədiyyə Şəfaqətin lirik qəhrəmanını belə səciyyələndirmişdim. Hədiyyə Şəfaqət "şair missiyası"nı "göylər"in ona (məhz) diktə etdiyi mənaları, yaşamları, duyğu və düşüncələri "yerdə" - ətrafında, yan-yörəsində, insanlarda, təbiətdə oxumaqda (borc) bilir; aradığını (göyləri yerdə) tapammadıqda ətrafına, yan-yörəsinə, insanlara, təbiətə və özünə çağırışlarını, hayqırtılarını, etiraflarını yazıya alır. Hər şerində bir başqa, mücərrəd görünən "Qapı"nın sadə sirri bundadır; məxsusi məcaz-simvol-ifadə altyapısı axtarmaq əbəsdir, Hədiyyə Şəfaqətin poetik dünyası metanomikdir, şair qəlbinin mət(i)nləşməsinə yan-yörəsində nə varsa (hər növ insan və təbiət materialı) yarıyır... Müzakirədə Cavanşir Yusiflinin, Mətanət Vahidin Hədiyyə Şəfaqət haqqında yazdıqları yada düşdü, poetikasına giriş üçün ən mükəmməl vəsilə hesab olundu. Amma mənimcə, sadə(cə) İmzadan klassika yapmaq da lazım deyil; çün çox vaxt müəyyənləşdirmək olmur: Hədiyyə Şəfaqətin mətnlərində tüm stixiyamı danışır, ya (şüurlu) yaradıcılıq aktı... Nədən bəs, Hədiyyə Şəfaqət yaradıcılığına (poetikasına) güvənib də, ən nəhayət "şair missiyası"na tamlıqda sahib çıxmasın? Deyək, bir zamanlarda Ramiz Rövşən kimi, ya Salam Sarvan kimi, ya Qulu Ağsəs və b.-ları kimi. Nədən olmasın?!.
Və bir də 22 yaşlı gənc şair Malik Atilay. "Yalnızlığı Adıyla Çağır" onun ilk kitabıdır, burdan göndərmişdi, buradaca soyumağa qoymayıb müzakirə etdik. "Sosial təsviri şeir"dən başlayıb, yalnızlığın metafizikasına və oradan da daha konkret - darıxan Bakının əhval-ruhiyyəsinə... Rəylər eynən haçalandı: ilk kitab gəncliyin poetik nəfəsini yaşayan müəllifin, hamı necə, o da elə, sadəcə modern görünmək həvəsidirmi (1); yoxsa, elə deyil, Malik Atilayın bu nəfəsi poetik ifadəyə çevirən, mətnləşdirə bilən aşkar, orijinal istedadı var; bugünəcən Bakımızı yazan yox isə də, geci-tezi, gənc şair "darıxan Bakı"nın innən beləsi tərcümeyi-halını yazacaqdır! (2) Daha bir maraqlı iş oldu, burdan müzakirəmiz bitməmiş, ordan Malik Atilayın (məhz) "Diqqət! Diqqət! Darıxır Bakı..." şeiri Kulis.az-ın şeir müsabiqəsinin də mükafatını aldı! Zəmanəmizdə ədəbi gəncliyə diqqət vacibdir; olsun, nədən olmasın?!.
Və bir də ədəbiyyatımızda Qarabağ müharibəsi mövzusu. Müharibə zamanında yaşayırıq, müzakirəyə çəkdiyimiz elə bir kitab olmadı ki, özünü olmasa da, heç olmaya izini burda görməyək. Poetik toplular "otuz il Qarabağsız yaşayan milli insan"ın dünyadan bezarlığı motivlərindən, az və ya çox, yan ötmür. Ən çox bunu Hürzad Əhmədlinin "İncədən gələn səda" kitabında(n) gördük, duyduq, yaşadıq. Hürzad Əhmədli doğma kəndi Kəmərlidə ədəbiyyat və dil dərsləri deyən təvazökar qələm əhlidir. Kitabını qızı Hənifə Səlifova rəfə qoymuşdu, götürüb mütaliəsini etdik. Az qala yarım əsr öncə "müəllimləri Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Nəriman Həsənzadə və tələbə yoldaşları onu şair təbiətli bir qız kimi tanımış", elə o zamandan dostluq, ülfət, məhəbbət, Vətən sevgisi, doğma kəndi, el-oba, ailə dəyərlərini vəsf edən duyğularını nəzmə çəkir. Və məxsusən düşmənlə üz-üzə səngər həqiqətləri, hünər və qəhrəmanlıq mövzusu, məğlubiyyətlə barışmazlıq, yeri gəldikcə tənqid ruhunda mental yaşamlar müzakirə abhavasını da diktə etdi. Bu, bugün onminlərlə, yüzminlərlə vətənpərvərin qəlbində bəslədiyi aciz-səssiz çağırışlardır, olursa, Hürzad Əhmədli misalı, poetik tərcümanını da tapır... Nədən olmasın?!
Qarabağ müharibəsi mövzusunda ayrıca, Etibar Muradxanlının yenicə çap olunmuş "Tələbə taqımı" romanını müzakirəyə çıxardıq. Ad cəlbedici idi və məlum oldu ki, bilavasitə sənədli janrda yazılmasa da, roman həqiqətdə gerçək, sənədli materiallara söykənir; 1992-ci ildə BDU-nun bir qrup tələbəsi könüllü olaraq Qarabağ müharibəsinə yola düşür və Milli Qəhrəman adını almış Rövşən Hüseynovun başçılığı ilə tələbə taqımı cəbhədə görünməz şücaət və hünərlər göstərirlər. Romanda od-atəş içərisində döyüşlərdə şəhid olmuş Rövşən Hüseynovun, Fərhad Quliyevin, qazilər Xudaverən Rəhimovun, Arif Babayevin, Ənvər Məmmədovun, Cəmil Məhəddinovun, Ümidvar Kəlbiyevin, Baxış Məmmədovun, Təbriz Şükürovun, Mübariz Hümbətovun, Sucəddin Həsənovun, Məcid, İsgəndər, Ehtiram və onlarla digər döyüşçünün mərd, cəsur, qorxmaz, vətənsevər, dostluqda sadiq obrazını canlı görürük. Zatən işıqlı obrazların örnəyindən uca, ölməz, tapınacaq, o günlərdən nəyimiz qalmış ki? Etibar Muradxanlının qələmi müharibə səhnələrinin atəş-saçan mənzərələrini də, döyüş reallığında insan xarakterini, cevik hərəkət və psixolojisini də görükdürə bilir. Bu əsnada Aqil Abbasın "Dolu" romanı (və eyni adlı film) göz önünə gəldi; hətta bəlkə müəllifin (amerikansayağı filmlərdən qaynaqlanan) geniş təxəyyülə meydan verdiyini də düşünmək olardı. Amma ki müzakirəmizə canlı şahid - Qarabağ qazisi Arif Abbas da qatılmışdı, söylədikləri daha da kəsərli, heyrətamiz, qan-donduran olmaqla, qələmin yazdıqlarını bir daha təsdiq edirdi. Mənzər Niyarlı müzakirə və əsər haqqında "Ədalət" qəzetində məqalə çap etdirdi, (qəzetin saytında,10.06.2019) oxucu rekordu mövzunun nə qədər də aktual olduğunu qabartdı. Müharibə mövzusunu ardıcıl işləyən Etibar Muradxanlı haqqında Əsəd Cahangir deyir ki: "Qarabağ epopeyasını yaratmaq bir yazıçı kimi onun tale təyinatıdır". Olsun!; bu yükün altına girmək şərəfli, nədən olmasın?!.
***
Kamran İmranoğlunun "Dağlı məhəlləsi" hekayələr kitabı bizə əsl sürpriz oldu. Bu, haman romantizm və realizm tədqiqatları ilə məşhur, AMEA-nın müxbir üzvü Kamran Əliyevdir; çoxsaylı monoqrafiyaları ilə yanaşı ara-sıra bədii əsərlər də çap etdirdiyini bilirdik. Açıqlamasını, bir müsahibəsində özü belə deyir: "Mən yazıçı deyiləm, belə bir fikrim də yoxdur. Amma deyə bilərsiniz ki, onda bəs niyə yazırsınız? Bununla bağlı bir sirrimi sizə açıqlamaq istərdim. Mən uşaqlıq və gənclik illərimdə şeir yazmışam. Bu şeirlərin heç birini məcburiyyətdən qələmə almamışam. Həmin dövrdə sanki poeziyaya bir maraq var idi. Lakin mən sonradan bir-iki istisna nəzərə alınmaqla, həmin şeirlərin çapı ilə məşğul olmadım. Çünki şeiri poeziyanın mahiyyətini öyrənmək üçün yazırdım. Bu, mənə elm adamı kimi şeirin arxitekturasını bilmək üçün lazım idi. Əgər mən şeir yazmağı bacarmasaydım, romantizmdən elə bir dissertasiya yaza bilməzdim. Bunun sayəsində şeirin əlifbasını öyrəndim. Hekayə də belədir. Hekayə insanın öz daxili dünyasını ifadə etməyin bir formasıdır. Mən də öz dünyamı bu vasitə ilə ifadə edirəm və bəzən bu, yaxşı alınır. İlk çap olunan hekayəm "Dağlı məhəlləsi"dir..." (http://kaspi.az/az/insan-insani-basa-dusse-muharibe-olmaz/, 2 oktyabr 2017)
Sürpriz isə kitabın özü idi; realist poetikanın imkanlarını bir daha nümayiş etdirməsi və yeri gəldikcə onu (modernizmə) dekonstruksiya cəhdləri ilə. Əvvəla, tələbəlik (universitet) xatirələri üzərində, konkret süjetlər, ləzzətli təfərrüatlar və mənalı detallarla (realizmin bolluca palitrası ilə!) müəllif oxucunu 1960-1970-ci illərin əlçatmaz "uzaqlığ"ına aparır, mühitin uzaqlığı qədər də doğma mənəvi pozitivləri ilə tanışdırır. Bunu o illəri yaşamış bizlər etməsək, kim edəsidir ki (müsahibədən: "O dövrdə mənimlə bir vaxtda tələbə olmuş insanlar mənə zəng vururdular ki, bu, bizim gördüyümüz hadisələrdir..."); o illər gəncliyinin gümrah nəfəsi, yabançı mühitə qarşı şaqraq gülüşü zəmanə haqqında indiki yavan təsəvvürlərə bir dad gətirir. Kamran İmranoğlu üçün mənəvi konsept daha əzəldir; sonrakı dövrü - 1990-cı, 2000-ci və 2010-cu illəri qapsayan, trend mövzuları deyil, məhz müasirliyin periferiyasını təqdim edən alim, ziyalı, müəllim ömründən süjetlər də sosialçılıqla yanaşı, daim cəmiyyət həyatının sərhədində mövcud və ondan üst(ün) olan insan həqiqəti - sırf mənəviyyat dünyasından söz açır...
Və nədən yazırsa yazsın, baxıb görürük ki, Kamran İmranoğlu həm də bir zamanlar bizdə mövcud nəsr texnologiyalarını, təhkiyə, üslub, xarakter sənətkarlığını bir daha sınağa çəkib, sanki: müstəqilliyin işığında bunu daha üstün və peşəkarlıqla etmək olmazmı... - imtahanını cavablandırmağa çalışır. Alim-yazıçı dəst-xətti məhz burda görünür (müsahibədən: "Sadəcə hekayəni, nəsri daha yaxşı başa düşmək üçün yazıram. Yəni nəsr yazmamışdan əvvəl oxuduğum əsərlərə tamam başqa cür yanaşırdım. Mən bu məsələlərlə məşğul olduqdan sonra bütün ədəbiyyatşünaslara və tənqidçilərə, bir sözlə, özümüzə yazığım gəlir. Çünki heç nəyin mahiyyətinə tam olaraq vara bilmirik"). Bu sırada yazıçı-alimin təkrar-təkrar müstəviyə çıxardığı temalardan birisi də 1920-1930-cu illərin repressiv həyatı və insan həqiqətidir... Belə bir fürsət, imkan və ilham gəlibsə, nədən olmasın?!
Son dövrlərdə memuar materialının ədəbiyyatımıza gur axınla girməsi onu xeyli canlandırıb. Daha bir professor, Məmməd Əliyevin "Bir yay gecəsi" povesti bu faktı bir daha yadımıza saldı. Son, yay müzakirələrindən birisini həmin əsərə həsr etdik. Və əmin olduq ki, tanınmış ədəbiyyatşünas-alim bu dəfə qələmi bədii sözə yönəltməkdə heç də günah işlətməyib. Əksinə, yeniyetməliyindən qəlbində, xatirələrində istisini qoruyub saxladığı insanların obrazlarını ədəbiyyata gətirməklə xeyli də savab yiyəsi olubdur. Bu əsər də qorxunc sovet quruluşu haqqında təsəvvürləri yenir; ötən əsrin ortalarında, bir dağ kəndində öz halal-haram fəlsəfəsinə sığınmış icmanın həqiqəti inzibati keşməkeşlərdən daha üstündür. Yeniyetmə gəncin nəzərlərindən, olmuş hadisələri nəql edən süjet real, canlı insan surətlərini, xarakterləri qabardır; az qala dünənə qədər Azərbaycan cəmiyyəti necə də əsrlərin sınağından çıxmış əxlaq, davranış, mənəviyyat kodeksinə malikmiş! Və bir də insan - təbiət təması; bir yay gecəsində təhkiyəçi-qəhrəmanla at belində səfər imkanını qazanan oxucu dağ kəndinin əsrarəngiz, təravətli, eyni zamanda müdhiş hisslər yaşadan təfərrüatlarını da dada bilir. Uğurla təhkiyəyə çökən kənd idilliyası dövrün və quruluşun sərt üzündən daha möhkəm və yaşarıdır. Sovet üsul-idarəsi də keçmişdə qaldı, - müzakirədə yekdil rəylərdən biri də bu oldu ki, - ötən əsri sosial fonda (vacib) deyil, insanlarda yazmağın tam zamanıdır... Ki, yığcam hekayətində Məmməd Əliyev də bunu edibdir. Nədən olmasın?!.
***
Beləliklə, çərşənbə axşamlarında əlimizi uzadıb rəfdən götürdüyümüz ixtiyari 15 kitab kifayət qədər rəngarəng mövzularda, il ərzində bizə müxtəlif mətləblərdən söz açıb danışdı. Ötən əsrin 30-cu illərindən günün lirik notlarınacan geniş ərazilərdə gəzişərək, hər biri öz miqdarınca müxtəlif həqiqətlər söylədi. Mənimcə, bu yox, hələ baş vuramadığımız digər hər hansı 15 kitab da olarsa, bizə həməncə nələrisə də bilmədiyimizi anlatıb, nələrsə də bildiyimizin üstünə gətirəcəkdi. Müzakirələrdə hasil etdiyimiz başlıca qənaət bu oldu ki, kitablar yazılır ki, oxunsun; oxunmazsa nədən yazılsın ki...
Ulu öndər Heydər Əliyev Azərbaycan yazıçılarının 1997-ci ildə keçirilən X qurultayında müstəqillik illəri ədəbiyyatının xarakterinə diqqət yönəldərək, sovet dövründən fərqli, bugün ədəbiyyata total sifarişin lazımsız və mümkünsüz olduğunu söyləyir; amma eyni zamanda yazıçılara əsərlərində prioritet olaraq Azərbaycanın problemlərinə toxunmağı tövsiyyə edir, xüsusən Qarabağ müharibəsi mövzusuna həssas yanaşmalarını arzulayırdı ("Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", 2 cilddə. II c., Bakı, "Elm və təhsil", 2016, s. 7). Belə ki, kitablar aləminə ilkin ixtiyari və frontal baxışdan sonra, "monitorinq qrupumuz", fəaliyyətini daha konkret - "müharibə ədəbiyyatı" kontekstində davam etdirməyi qərara aldı.
Sonda "monitorinq qrupumuz"la birgə, müzakirələrdə canlı iştirak etmiş müəlliflər: Əlisəfa Azayevə, Bayram İsgəndərliyə, Alpay Azərə, Rövşən Yerfiyə, Elçin Muradxanlıya, Hürzad Əhmədliyə, Etibar Muradxanlıya, Məmməd Əliyevə, habelə ayrı-ayrı müzakirələrə qatılmış: yazıçı Azər Abdullaya, fəlsəfə elmləri doktoru Rahid Uluselə, filologiya üzrə fəlsəfə doktorları: Xanverdi Turabogluya, Rasim Nəbioğluya, Ruhəngiz Əliyevaya, Könül Rəhimovaya, Elnarə Qaragözovaya, Dilarə Əliyevaya və b.-a da minnətdarlığımızı unutmuruq.
Belə. Monitorinqimiz davam edir; bu dəfə "Qarabağ müharibəsi" mövzusu, "müharibə ədəbiyyatı" ətrafında...