Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNSTİTUT KİV-də

Ülkər Hüseynova. Mirzə Fətəlinin yubileyinə

11-12-2019 [ 10:42 ] [ oxunub:88 ]
printerA+ | A-

XX əsrin sonlarında ikinci dəfə müstəqillik qazandıqdan sonra sovetlər dövründə təsadüfi hallarda, həm də burjua ideologiyasına xidmət etdiyi iddia olunan bir sıra mətbuat orqanlarının fəaliyyətinə yeni baxış yarandı.

"Kaspi", "Füyuzat", "Kəşkül", "Ziya", "Şərqi-rus" və s. qəzet və jurnallarımız arxivlərdən çıxarılaraq, latın qrafikası ilə yenidən kitab halında nəşr edildi. Milli-mənəvi sərvətimiz olan bu mətbu nəşrlərdə zəmanəsinin problemlərini çox maraqlı, obyektiv işıqlandıran yüzlərlə yazılar bizə keçən əsrin əvvəllərində Azərbaycan həyatının məqamlarını təsvir edir.

Bu baxımdan "Kaspi" qəzetinin 1903-cü il 26 oktyabr, 230-cu sayında Əlimərdan bəy Topçubaşovun M.F.Axundova həsr olunmuş məqaləsi çap olunmuşdu. Həmin ildə dövrün ziyalıları Axundovun məşhur komediyalarının yazılıb çap olunmasının 50 illiyini qeyd edirdilər. Müsəlman aləmində belə bir ədəbi yubileyin keçirilməsi çox nadir hadisə idi.

Qəzet 1911-ci ildə isə dahi dramaturqumuzun yubiley hazırlıqları və şənliklərini çox ətraflı işıqlandırmışdı. "Kaspi"də çap olunmuş bəzi məqalələri tərcümə edərək XXI əsr oxucularının diqqətinə çatdırırıq.

Ülkər HÜSEYNOVA 

Hacı bəy ŞİRVANSKİ 

Bu gün "Nicat" xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə xüsusi təşkil olunmuş yubiley komitəsi idarə heyəti, cəmiyyətin seksiyaları və dəvət olunmuş nümayəndələrlə birlikdə Hacı Zeynalabdin Tağıyevin teatrında ilk müsəlman dramaturqu, Qafqazda keçən əsrin böyük ictimai xadimi, mərhum Mirzə Fətəli Axundovun anadan olmasının 100 illik yubileyini keçirir.

Bu təntənəli yubileyin xüsusi əhəmiyyəti həm də ondadır ki, bu təntənə yalnız bizim həyatımızda nadir hadisə deyil, - demək olar ki, bütün Şərqdə müstəsnadır.

Həqiqətən, Şərqdə böyük dahilər, söz və fikir korifeyləri dünyaya gəlib, onların adları yad olan Qərbdə də şan və şöhrət, ölməzlik qazanıb, lakin əfsus ki, onların qəbirləri unudulmuş, həm də izsiz-soraqsız itmişdir.

Biz hələ gələcək nəsillərə cəmiyyətimizin öz dahi oğullarını unutmadığını, onların xatirəsini yad edən hər hansı tədbirlərin keçirilməsindən danışmırıq.

Utancvericidir ki, əsrlər keçir, bu gün də ağıllara hökmran Firdovsi, Hafiz, Füzuli, Rumi, Sədi və b. şair və yazıçıların yaratdıqları əsərlər gələcək nəsillərə yalnız zənginlərin imarətlərində, ya da alimlərin, ticarətçilərin toz basmış rəflərində mövcud olan nadir nüsxələri vasitəsi ilə ötürülür.

Onların ecazkar, dahi əsərlərini toz basır, güvə yeyir, bu ehtiramsızlıq, hörmətsizlik deyilmi?

Bu haqda yazmaq çox eyibdir, lakin nə edəsən ki, real həqiqət belədir. Avropalıların öz xadimlərinə hörmətlə yanaşmaqları müqabilində biz məzəmmətə layiqik. Onlar özlərinin, hətta az tanınan xadimlərinə böyük diqqət və məhəbbət göstərirlər. Biz isə ölməz sənətkarlarımıza da laqeydik.

Avropalılardan xeyli geridə qalan rusların fəaliyyətini izləyin. Siz əmin ola bilərsiniz ki, bütün maneələrə baxmayaraq, cəmiyyət öz əməkdar xadimlərinə lazımi dərəcədə qiymət verir, hələ şəhərləri deyil, bir çox kəndlərdə siz dahi yazıçı, rəssam, həkim, alimin adı verilmiş məktəb, kitabxana, müxtəlif cəmiyyətlərə rast gələrsiniz. Hələ bununla kifayətlənməyib, cəmiyyət onların əsərlərini çap edib geniş kütlələrə çatdırır, heykəlləri qoyulur, təntənəli yubileyləri keçirilir.

Bəs bizdə siz nə taparsınız?

Heç nə...

Niyə belədir?

Hansı çərxi-fələk bizim ağlımızı, hisslərimizi korşaldıb. Görəsən, nə vaxt, nəhayət, dahi Sədi, Füzuli və başqalarının ölməz əsərləri geniş xalq kütlələrinin ixtiyarına veriləcək, malı olacaq? Cəmiyyət nə vaxt bu şərəfli pleyadaya özünün sonsuz məhəbbət və diqqətini bildirəcək? Deyəsən, heç vaxt və bunu da bizə avropalılar sübut etdilər, onlar haqqımızda deyirlər ki, biz hələ ən yaxşı oğullarımızı qiymətləndirmək iqtidarında deyilik. Necə də doğru və acınacaqlı qiymətləndirmədir.

Lakin bu gün əmin olacağıq ki, hələ bizim bütün hissiyyatımız kütləşməyib, hələ qəlbimizin gizlinlərində müqəddəs arzu və istəklərimizi hifz etmişik, onların üzə çıxması üçün isə güclü təkan lazımdır.

Ona görə də biz "Nicat" cəmiyyətinin bu gözəl təşəbbüsünü xüsusi alqışlamalıyıq.

Bugünkü təntənə əyani surətdə sübut etməlidir ki, nəhayət, biz də hərəkətsiz, donmuş vəziyyətdən çıxmışıq, biz də ləyaqətli müəllimlərimizi qiymətləndirməyi öyrənmişik.

Bunu sübut etmək Mirzə Fətəli Axundovun bəxtinə düşüb. Axundov şübhəsiz, o dahilərin sırasındadır ki, onlar haqqında deyilir ki, əsrlər keçir, elə simalar meydana gəlir ki, onlar öz təşəbbüsləri və fəaliyyətləri ilə cəmiyyətin ən yaxşı və şüurlu hissəsinin arzularını təcəssüm etdirirlər.

O, yalnız müasirlərindən deyil, ondan əvvəl yaşamışların çoxundan da bir baş yuxarıda dayanıb. O, yalnız bizim Zaqafqaziya müsəlmanları arasında deyil, demək olar ki, bütün müsəlman aləmində teatrın təməlini qoymuşdur. Teatra böyük məhəbbət və diqqət yetirən Mirzə Fətəli Axundov yalnız teatrla kifayətlənmir, rus, fars, ərəb ədəbiyyatını gözəl bildiyindən, müsəlmanların ictimai və siyasi həyatında çox yaxından iştirak edirdi. Yeri gəlmişkən, müsəlman əlifbasının islah edilməsi təşəbbüsü də Axundova məxsus idi ki, hələ bu gün də həyata keçməyib.

Beləliklə, öz müasirləri arasında çox kəskin, təzadlı bir şəxsiyyət olduğundan, hər bir yenilikçi kimi, rəhmətlik həyatda onu əhatə edən adamlardan yalnız yaxşılığa yamanlıq, nankorluq görmüşdür.

Yüksək ictimai mövqedə olmasına baxmayaraq, rəhmətlik hər tərəfdən özünə düşmən münasibət görürdü, onu az qala yaramaz işlərlə məşğul olan dinsiz, kafir, təlxək elan edəcəkdilər. Lakin o, məğrurcasına özünün haqlı və düz yolda olduğunu bildiyindən ətrafdakıların əfi ilan kimi fısıltılarına fikir vermir, öz işinə daha ciddi-cəhdlə bağlanırdı, o, həm özünə, həm də başladığı işlərin gələcəyinə inanırdı.

Onu qayğısız, yüngül həyata cəlb etmək istəyənlər yamanlıq naminə yamanlıq edənlər M.Fətəlidən öz layiqli "mükafatlarını" aldılar. Axundov, göz yaşları içərisində gülərək, parlaq, gözəl avazla gələcək nəsillərə görk olsun deyə, şarlatan mollaları, dərvişləri, xəsis tacirləri, avara bəyləri, həm də tale tərəfindən incidilmiş avam kəndlilərin obrazlarını yaratdı.

Rəhmətlik yazıçının qəhrəmanları o qədər həyatidir ki, tamaşaçı onları səhnədə yaxşı artistlərin ifasında gördükdə onlardan o qədər bədii zövq alır ki. Rəhmətlik sağlığında demək olar ki, öz əsərlərinin "bəhrəsini" görmədi, ona yalnız müasirlərinin tikanlı sözlərini eşitmək qismət oldu...

Söyləyirlər ki, rəhmətlik Mirzə Fətəli "Hacı Qara" pyesinin keçmiş tələbəsi, Bakı Realnı gimnaziyasının məzunu, bu gün tanınmış dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Bakıda tamaşaya qoyulduğunu eşidərkən sevincdən gözləri yaşarmış, Nəcəf bəyə təşəkkür məktubunda bildirmişdi ki, bu xəbər qoca yaşlarında onu çox məmnun etmiş və bu gün onun ömrünü on il də uzatmaqla, həyatının ən yaxşı günü hesab ediləcək.

Əgər müasirləri öz dahi və ölməz müasirinin xidmətlərini layiqincə qiymətləndirə bilməyiblərsə, atalarımızın bu səhvini düzəltmək bizim mənəvi borcumuzdur.

Biz belə fikirləşirik ki, rəhmətlik dramaturqun fəaliyyəti ilə sıx bağlı olan bir qurum yaratmaq məqsədəuyğun olar.

Bu mənada Mirzə Fətəli Axundovun adını əbədiləşdirmək üçün hər hansı dram cəmiyyətinin, yaxud onun adına xüsusi fondun yaradılması, bununla da teatr işlərinin inkişafına, ümidverici artistlərə və səhnə üçün layiqli xadimlərin hazırlanmasına kömək məqsədəuyğun olardı.

Bu gün isə rəhmətlik Axundovun teatral anımı günündə, teatrda tamaşaçıların başı üzərindən üzümüzü xalqımıza tutub deyək: Dahi və ölməz oğlunun xatirəsi önündə bir nəfər kimi oyan və ayağa qalx, xatirəsini əbədi minnətdarlıqla qəlbində hifz et, qaranlıq və cəhalət dumanını yararaq gələcək nəsillərə məhəbbət və yeni axtarışlar simvolu kimi çatdır. 

"Kaspi", № 271, 2 dekabr 1911-ci il 

Müsəlman "Nicat" Maarifçilik Cəmiyyətinin təşəbbüsü ilə cümə günü, dekabrın 2-də Tağıyev teatrında ilk müsəlman dramaturqu Mirzə Fətəli Axundovun xatirəsinə həsr olunmuş təntənəli yubiley tamaşası təşkil edilmişdi.

Tamaşa zalı və foye rəngbərəng elektrik lampaları, çiçək çələngləri, gül-çiçək dibçəkləri, kiçik bayraqlarla bəzədilmişdi. Çoxlu tamaşaçı vardı.

Yubiley müsəlman dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Fətəli Axundov və onun əsərləri" mövzusunda maraqlı məruzə ilə açılır. Sonra "Nicat"ın dram qrupu "Hacı Qara" komediyasının 2 pərdəsini göstərir. Əsərin baş qəhrəmanı Hacı Qara rolunu tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanan Zeynalov oynayırdı. Tamaşada əsasən müsəlman teatrının qocaman artistləri - Zeynalov, Hacıyev, İ.Məlikov və Ə.Məmmədov iştirak edirdilər.

Tamaşadan sonra, açıq səhnədə Mirzə Fətəli Axundovun xüsusi çəkilmiş böyük portretinin qarşısında yubilyarın xatirəsinin şərəfinə təntənəli təbriklər başlayır. Nümayəndələr yubiley komitəsinin üzvləri - sədr Qarabəy Qarabəyov, fəxri sədri Hacı Zeynalabdin Tağıyev, üzvlər Ə.M.Topçubaşov, M.Q.Hacınski və Ə.Haqverdiyev tərəfindən qəbul olunur.

Təntənəli yubileyi gözəl nitqi ilə yubiley komitəsinin sədri Qarabəy Qarabəyov açır. "Bu gün xalqın qəlbində layiqli yer tutmalı olan bir insanın xatirəsini təntənə ilə yad edirik; O, yalnız müsəlman aləmindəki çatışmazlıqları, cəhaləti çox mahir təsvir etməyi bacaran, yaratdığı tipik qəhrəmanları hamının başa düşəcəyi dildə danışdıran sənətkar deyil, həm də məslək adamı idi, öz məsləkinə, əqidəsinə platonikcəsinə sadiq birisi kimi bu ideyaları bütün çətinliklərə baxmayaraq, həyata keçirməyi bacaran adam idi. Onun həm nəzəri, həm də real həyatda qətiyyətliliyi, dönməzliyi Şərq istibdadının təsiri altında əqli və mənəvi baxımdan geri qalmış xalq arasında nadir rast gəlinən şəxsiyyətlərdən biri edir. Bizim pionerlər Axundovdan nümunə götürməlidirlər... Təəssüf ki, aramızda Axundov kimilərinə çox az təsadüf olunur. Biz, ziyalılar - avam kütləyə rəhbərlik edənlər sadəcə firavanlıq, asan qazanc, cah-cəlal, şişirdilmiş ad-san axtaranlardan başqa bir şey deyilik. Bizi paxıllıq və heç bir iş görmədən birinci olmaq hərisliyi parçalayır. Mədəni xalqlarda bu anaxronizmlər çoxdan unudulub, ona görə də bu xalqlar qabağa gedib, irəliləyib, biz isə bir nöqtədə, bir yerdə donub qalmışıq. Nə qədər ki, Axundov kimilər dünyaya gəlməyəcək, biz də ali ideallarla yaşayanlara çevrilmədikcə, bu belə də olacaq. Bugünkü geriliyimizin təqsiri bütünlüklə bizim üzərimizə düşür. Əvvəl özümüzü tərbiyələndirmək lazımdır ki, sonra xalq kütlələrinin tərbiyəçisi olaq".

Axırda natiq Qurandan misallar gətirərək maarifin vacibliyini söyləyir, sübut edir.

Onun çıxışı dəfələrlə gurultulu alqışlarla qarşılanır, natiq çıxışını gələcəyə ümidlərlə, ruh yüksəkliyi ilə qurtarır.

Sonra sədrin təklifi ilə, zaldakı tamaşaçılar ayağa qalxaraq Zaqafqaziya şeyxülislamının təbrikini dərin hörmətlə dinləyirlər. Şeyxülislam yazır: Hər bir ruhani ata müsəlman teatrının banisi, ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətləri olan böyük xalq mütəfəkkirinin qarşısında öz borcunu yerinə yetirməlidir; ona görə başda mən olmaqla Şah Abbas məscidində toplaşan ruhanilər tərəfindən unudulmaz Mirzə Fətəlinin xatirəsinə həsr olunmuş yadetmə mərasimi keçirildi, Quran oxundu, dualar edildi. 

Zaqafqaziya Şeyxülislamının müavini Axund Molla Pişnamazadə 

Bu təbrik sürəkli alqışlarla qarşılanır.

Sonra yubileyə gəlmiş çoxsaylı nümayəndələrin təbrikləri başlayır: ilk çıxışı "Nicat" cəmiyyətinin sədri İsa bəy Aşurbəyov edir. "Nəsri-Maarif" maarifçilik cəmiyyətindən isə İ.B.Məlikov çıxış edir. Müsəlman artistləri tərəfindən qocaman artist C.Zeynalov, H.Z.Tağıyev fabrikinin nəzdindəki dram dərnəyinin adından Rza Zəki təbrik edir. Yubilyarın vətəni Nuxadan gəlmiş nümayəndə heyəti tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanır.

Yelizavetpol müsəlmanlarının nümayəndəsi çıxış edir. Çıxış edənlərin hamısı rəhmətliyk yubilyarın böyük xidmətlərini qeyd etməklə, M.F.Axundovun portreti qarşısında təzim edirlər.

Müsəlman ziyalıları adından çıxış edən Əlimərdan bəy Topçubaşov əvvəlcə tatar dilində (azərbaycanca tərc.), sonra rusca yubileydə iştirak edən və tatar dilini başa düşməyənlər üçün müsəlman Molyeri - Mirzə Fətəli Axundovun bəzi əsərləri haqqında qısa məlumat verir.

Erməni mədəniyyət cəmiyyətinin adından d-r Kələntərov çıxış edir. O qeyd edir ki, keçirilən belə təntənəli günlər xalqı həyatın gündəlik hay-küyündən ayırır, xalqı geriyə baxıb gələcəyi düşünməyə məcbur edir. O, müsəlman xalqının işıqlı gələcəyinə inanır.

Yəhudi icması adından d-r Veynşal və pristav köməkçisi Aleynikov çıxış edirlər. Aleynikov qeyd edir ki, yubiley təntənələrində bir çox millətlərin nümayəndələrinin iştirakı müsəlman xalqına göstərir ki, onun qonşuları içərisində çoxlu həqiqi dostları vardır.

Gürcü cəmiyyəti adından C.Nasidze çıxış edir. Polonskinin truppası adından çıxış edən C.Lyudviqov yubilyarın portreti önünə tər çiçəklərdən möhtəşəm çələng qoyur və deyir ki, incəsənət milli olsa da, səhnə əsərləri beynəlmiləldir. Dramaturq Mirzə Fətəli Axundov yalnız müsəlmanlara məxsus deyil, o, həm də bizə, rus artistlərinə, bütün mədəni bəşəriyyətə məxsusdur.

"Bakı" qəzetinin redaksiyası adından X.A.Vermışev çıxış edir, o, M.F.Axundovun məhz Qafqazın oğlu olduğundan sevinc hisslərini bildirir, o deyir bu, ona sübutdur ki, Qafqaz xalqları özündə böyük mədəni güc ehtiyatları mühafizə edir.

"Kaspi" qəzetinin redaksiyası adından İqla müsəlman xalqını mədəniyyət bayramı münasibəti ilə təbrik edir və müsəlman ziyalılarına qəlblərində M.F.Axundov kimi xalqına bəslədiyi məhəbbəti, ağrını daim daşısınlar. Əgər müsəlman ziyalıları buna qadir olsalar, onda müsəlman xalqına arzulamağa heç bir şey qalmayacaq, çünki ziyalıların məhəbbət və fəaliyyəti - xalq səadətinin etibarlı rəhnidir, təminatıdır. Müsəlman ziyalısı indi özünün baharını, özünün tərəqqi dövrünü yaşayır. Əgər o, bu baharın ətrini öz xalqına "bağışlasa", bu M.F.Axundova ən yaxşı abidə olacaqdır.

Erməni insansevərlər cəmiyyətinin adından təbrik nitqi ilə Q.B.Ter-Mikaelyan çıxış edir.

Sonra Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yubiley komitəsinin adına göndərilmiş teleqramlar oxunur.

Peterburqdan: "Dövlət Dumasının Müsəlman fraksiyasının üzvləri milli yazıçı Axundovun yubiley şənliklərində sizinlə birlikdə eyni hissləri keçirir və salam göndərir. Sədr Tevkelov, katib Maqsudov".

Orenburqdan: "Orenburqun qələm sahibləri istedadlı ilk türk-tatar yazıçısı-dramaturqu Mirzə Fətəli Axundovun ruhu önündə səcdə edərək, onun yubiley şənliklərində fikrən iştirak edirlər. "Vakt" qəzetinin redaktoru Kərimov, "Şuro" jurnalının redaktoru Fəxrəddinov".

Həştərxandan: "Xalqımızın ilk dahi müsəlman dramaturqu-psixoloqu, şərəf və ləyaqəti uğrunda namuslu, dəyanətli mübariz M.F.Axundovun yubiley gününü ürəkdən təbrik edirik. Sərəfov, Nərimanov, Orucov, Həyatov, İsmayılov".

Safrazyanlar adından: "Xatirəsi hər bir artist üçün müqəddəs olan, müsəlman səhnə sənətinin banisi, unudulmaz söz ustadı, Mirzə Fətəlinin fəaliyyətinə səcdə edirik. Biz onun "Sərab vəziri" (Lənkəran xanının vəziri - tərc.), "Hacı Qara" və s. əsərlərinin qəhrəmanlarını iftixarla oynayaraq müsəlman aləminin ölməz dramaturqunun şöhrətinin ilk carçıları idik. Erməni və müsəlman səhnəsinin artistləri, Safrazyanlar ailəsi".

Tiflisdən: "Erməni Dram Cəmiyyəti Qafqaz xalqlarının qırılmaz əlaqələri, mədəni tərəqqisinə dərindən əminliklə, səmimi qəlbdən istedadlı dramaturq Mirzə Fətəli Axundovun xatirəsinə həsr olunmuş təntənələrə qoşulur".

Erməni yazıçısı Qabriel Sundukyan: Qafqaz oğlu Mirzə Fətəli Axundovun xatirəsinin yad edilməsinə qəlbən sevinirəm. Müsəlman xalqına ürəkdən tərəqqi və rifah arzulayıram.

Təbriklər oxunub qurtardıqdan sonra yubiley komitəsinin sədri Q.Qarabəyov gözəl nitqi ilə bayram şənliklərini yekunlaşdırır, bütün iştirakçılara və qonaqlara təşəkkürünü bildirir. O, yubiley tədbirlərinin keçirilməsi təşəbbüsünü və yubileylə əlaqədar bütün təşkilati məsələlərin zəhmətini öz üzərinə götürmüş "Nicat" Xeyriyyə Cəmiyyətinə, "Nəsri Maarif"in yaxından iştirakına görə təşəkkürünü bildirir. Natiq Peyğəmbər ə.s.-ın "Kim yarım saat ərzində maarifçilik işləri ilə məşğul olubsa, bu, onun bütün gecə ibadətlə məşğul olmasına bərabərdir, əgər bir gün ərzində maarifçiliklə məşğul olubsa, bu, onun üç ay oruc tutmasına bərabərdir" kəlamlarını yada salır.

Yubileyin sonunda Əbdürrəhim bəy Haqverdiyevin orijinal düşünülmüş və gözəl yazılmış "Mirzə Fətəli Axundov və onun qəhrəmanları" tamaşası göstərilmişdir.

Təntənəli yubiley gecə saat 12-də qurtardı. 

"Kaspi", № 273, 4 dekabr 1911-ci il