Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

02-12-2019 [ 15:51 ] [ oxunub:24 ]
printerA+ | A-
99501

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan görkəmli mütəfəkkir, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb. Dövlət başçısının sərəncamına əsasən görkəmli mütəfəkkirin 150 illik yubileyinin AMEA-da silsilə tədbirlərlə qeyd olunduğunu deyən akademik İ.Həbibbəyli bu mərasimlərdə dövlət rəsmiləri, ictimai xadimlər, xarici ölkələrdən dəvət olunmuş alimlərlə yanaşı, Əhməd bəy Ağaoğlunun nəslinin nümayəndələrinin də iştirak etdiyini bildirib.

AMEA-nın vitse-prezidenti bugünkü tədbirin institutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi tərəfindən təşkil edildiyini söyləyərək, yeni yaradılmış şöbədə qısa müddətdə mühacirət ədəbiyyatının öyrənilməsi istiqamətində sistemli şəkildə tədqiqatların aparıldığını, görkəmli şəxsiyyətlərimizlə bağlı əsərlərin çap edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, görkəmli şəxsiyyətlərimizə həsr olunan belə kütləvi tədbirlər onların parlaq həyat və fəaliyyətlərinin dərindən öyrənilməsi və təbliğ edilməsi baxımından faydalıdır.

Akademik İ.Həbibbəyli böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun çoxcəhətli fəaliyyətini, milli xidmətlərini tarixilik və müasirlik fonunda xarakterizə edib, onun Azərbaycanın ictimai fikir tarixində özünəməxsus yer tutduğunu qeyd edib. Bildirib ki, Ə.Ağaoğlu Azərbaycanda və Türkiyədə milli-mənəvi və islami dəyərlərin qorunub saxlanılması şərti ilə Şərq əsaslı və Qərb yönümlü inkişaf uğrunda fəaliyyət göstərib, məhz bu istiqamət onun publisistikasının əsasını təşkil edib. Görkəmli mütəfəkkirin hər iki xalqın milli istiqlalının əldə olunmasında böyük rolu olub.

Elmi sessiyada filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlının “Əhməd bəy Ağaoğlunun bədii-publisistik irsinin nəşri və tədqiqi problemləri”, filologiya üzrə fəlsəfə doktorları - Şahbaz Şamıoğlunun “Əhməd bəy Ağaoğlu fenomeni” və Abid Tahirlinin “Əhməd bəy Ağaoğlunun epistolyar irsi” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə qeyd olunub ki, Əhməd bəy Ağaoğlu müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərib. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə müasirləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR