Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-da “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” əsərinin müzakirəsi keçirilib

25-11-2019 [ 10:42 ] [ oxunub:23 ]
printerA+ | A-
99483

AMEA-nın Ədəbiyyat İnstitutunun Elektron akt zalında tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, professor Əjdər İsmayılovun təkrar nəşr olunmuş “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” əsərinin elmi müzakirəsi keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Əjdər İsmayılovun zəngin elmi yaradıcılığından bəhs edib. Bildirib ki, bir sıra fundamental monoqrafiyaların, araşdırmaların müəllifi olan Əjdər Tağıoğlunun Azərbaycanın ictimai-siyasi həyatında da mühüm xidmətləri var. Onun "Hüseyn Cavidin tarixi dramları", “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda elmi araşdırmaları cavidşünaslıqda ciddi əsərlərdən hesab olunur.

İ.Həbibbəyli bildirib ki, kitab ömrünün 30 ildən çoxunu qədim Ön Asiya və Ön Qafqaz türk tayfalarının araşdırılmasına həsr edən alimin çoxillik tədqiqatları nəticəsində ərsəyə gəlib. O, nəşrin erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən bu günümüzədək “Böyük Armeniya” uydurması ilə bağlı kilsə əfsanə və rəvayətlərini, qondarma iddialarını alt-üst etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, kitabda zəngin tarixi faktlar əsasında rusdilli nəşrlərdə coğrafi ərazi adı “Armeniya” olan sözün mənşəyinin izahı da verilir.

Qeyd olunub ki, tarixi sənədlər, xəritə və fotolarla zəngin olan əsərin elmi redaktorları tarix elmləri doktorları Tofiq Məmmədov və Kamal Əliyev, rəyçiləri isə professorlar Qəzənfər Kazımov və Elməddin Əlibəyzadədir.

AMEA-nın vitse-prezidenti yenidən işıq üzü görmüş kitabın tarixçilər, tədqiqatçılar, həmçinin tələbə və doktorantlar üçün dəyərli mənbə olduğunu bildirib.

Daha sonra akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Vəli Əliyev, tarix üzrə elmlər doktoru, dosent Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, “Turan Araşdırma Mərkəzi” İB-nin sədr müavini Cavid İsmayıl, yazıçı, publisist Yunus Oğuz və digərləri çıxış edərək Ə.İsmayılovun tarixşünaslığımız üçün maraqlı məqamları araşdırdığını, tariximizin qaranlıq qalan səhifələrinə toxunduğunu söyləyib, nəşrin erməni yalanlarına qarşı tutarlı cavab olduğunu bildiriblər.

Sonda çıxış edən professor Əjdər İsmayılov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR