Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Filologiya elmlər doktoru Almaz Ülvi Daşkənddə elmi ezamiyyətdə olmuşdur

07-11-2019 [ 16:44 ] [ oxunub:29 ]
printerA+ | A-
99434

Bu ilin oktyabr ayının 27-31 oktyabr tarixlərində İnstitutumuzun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru, Özbəkistan Respublikası Kokand Dövlət Pedaqoji Universitetinin Fəxri professoru Almaz Ülvi Binnətova Özbəkistanın Daşkənd şəhərində keçirilən “Özbək dilinin tərəqqisi və türkoloji məsələlər” adlı beynəlxalq konfransa dəvət olunmuşdur.

Konfransda fil.e.d.Almaz Ülvi Binnətovanın “Türk ədəbi dil məktəbinin elmi- nəzəri əsasları: Mühakimət ül-lüğəteyn (İki dilin müqayisəsi) əsəri” adlı məruzəsi dinlənilmişdir. Həmin konfransın Plenar iclasında AMEA-nın vitse-Prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan-Özbək əlaqələrində mühüm addım”: “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” mövzusunda məruzəsi Proqrama daxil edilmişdir.

Qeyd edək ki, Daşkənddə olduğu müddətdə nəvaişünas alim bir sıra tədbirlərdə içştirak etmişdir.  

Oktyabr ayının 27-də Daşkənddəki Nizami Gəncəvi adına Pedaqoji Universitetində olmuş, universitetin qarşısında ucaldılmış Nizami Gəncəvinin abidəsi önünə gül dəstəsi qoymuşdur. Daha sonra Əlişir Nəvainin abidəsini ziyarət etmişdir.

Oktyabrın 28-də Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin tərcümə fakültəsində nəvaişünaslıq dərsində – ustad dərsi keçən alim  “ Əlişir Nəvainin Azərbaycanda öyrənilməsi və tədqiqi məsələləri” mövzusunda mühazirə söyləmişdir.

Eyni tarixli gündə Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutunda “İki xalqın oğlu –Maqsud Şeyxzadə” adlı kitabın təqdimat mərasimi ilə Azərbaycan xalqının böyük Maqsud Şeyxzadənin 111 illiyi (1918-2019) qeyd edilmişdir. Mərasimdə Özbəkistan tərəfdən İnstitutun direktoru, professor Nizaməddin Mahmudov, akademik Naim Kərimov, görkəmli nəvaişünas, professor İbrahim Haqqul və digər tanınmış alimlər ustadlarını unudulmaz  xatirələri ilə hörmətlə anmışlar.

Tədbirin sonunda Almaz Ülvi və tədbirin bir qrup iştirakçısı şəhərin mərkəzində yerləşən “Çağatay xiyabanı”nda əbədi uyuyan Maqsud Şeyxzadənin qəbrini ziyarət etmişlər.

Oktaybarın 28-i günün ikinci yarısında Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetində Azərbaycan xalqının böyük oğlu “Cəlil Məmmədquluzadə - 150” yubiley  tədbiri və “Jalil Mammadkulizoda: Poçt qutusi” kitabının təqdimatı keçirilmişdir. Tədbiri Universitetin rektoru açaraq, Azərbaycan-özbək xalqlarının dostluq, qardaşlıq əlaqələrindən danışmışdır. Daha sonra universitetin professoru, filologiya elmləri doktoru Həmidulla Baltobayev “Cəlil Məmmədquluzadənin yaradıcılığı” mövzusunda geniş məruzə etmişdir. Almaz Ülvinin “Molla Nəsrəddin və özbək satirik poeziyası” mövzusundakı məruzəsi maraqla qarşılanmışdır.  Tədbirin gedişində A.Ülvi Mirzə Cəlilin dəmir lövhə üzərində döyülmüş portretini və “İki xalqın oğlu – Maqsud Şeyxzadə” adlı kitabını Universitet rəhbərliyinə hədiyyə etmişdir.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Mirzə Uluğbəy adına Özbəkistan Milli Universiteti arasında əməkdaşlıq Memorandiumu imzalanmışdır.

Professor Həmidulla Baltobayev Akademik İsa Həbibbəylinin 70 illiyi münasibətilə yazılmış “Ustaz” kitabını Almaz Ülviyə hədiyyə etmişdir. Kitabın müəllifləri Almaz Ülvi və Yaşar Qasımbəyli, özbək dilinə tərcümə edəni isə Obidjon Şəfiyevdir. Kitabın naşiri  “MÜMTAZ SÖZ” nəşriyyatının sahibi professor Həmidulla Baltobayevdir.

Oktyabrın 29-da Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Özbəkistan Respublikası Ali və Orta ixtisas təhsil nazirliyi, AMEA Rəyasət heyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, ABŞ Oksford Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Türkiyənin İstinye Universiteti, Qazaxıstan Respublikası, L.N.Qumulyov adına Avrasiya Milli Universiteti və Qırğız-Manas Universitetinin birgə təşkilatçılığı ilə keçirilən  “Özbək dilinin tərəqqisi və türkoloji məsələlər” adlı beynəlxalq elmi konfrans öz işinə başlamışdır.

Konfransın plenar iclasından sonra və bütün nümayəndə heyətinin -  Özbəkistanla yanaşı, Azərbaycan, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan alimlərin iştirakı  ilə  Universitetin nəzdində yeni təşkil olunmuş Məhəmməd Füzuli adına Mədəniyyət, Təhsil və Araşdırmalar Mərkəzinin açılış mərasimi olmuşdur. Açılış mərasimində Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Universitetin rektoru, professor Şuxrat Sirojiddinov və Almaz Ülvi çıxış edərək iki xalq arasındakı elmi-ədəbi əlaqələrin inkişafına xüsusi önəm vermişlər. 

Bakıda  nəşr olunan “İki xalqın oğlu – Maqsud Şeyxzadə” (elmi redaktoru və ön söz müəllifi akademik İsa Həbibbəyli, redaktoru, toplayıb nəşrə hazırlayan fil.e.d. Almaz Ülvi) və Almaz Ülvinin həmmüəllifi olduğu “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları Mərkəzə hədiyyə edilmişdir. Konfrans iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Oktyabrın 30-da Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetində keçirilən “Özbək filologiyasının inkişaf təmayülləri” adlı beynəlxalq elmi konfransın Plenar iclasında  Almaz Ülvi “Azərbaycan -özbək dillərinin müqayisəli öyrənilməsində Əlişir Nəvai əsərlərinin yeri” mövzusunda məruzə etmiş, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabını hədiyyə etmişdir.

Özbəkistan EA Dil, Ədəbiyyat və Folklor İnstitutunda gənc doktorantların fil.e.d. Almaz Ülvi Binnətova ilə görüşü təşkil edilmişdir. Almaz Ülvi gənc alimlərlə iki xalqın elmi əlaqələrindən söz açaraq geniş məruzə etmiş, gənclərin suallarını cavablandırmışdır.

Almaz Ülvinin uzun illərdir əməkdaşlıq etdiyi “Kitab dünyası” qəzeti redaksiyasında əməkdaşlarla maraqlı görüşü keçirilmişdir. Almaz Ülvi redaksiyaya “İki xalqın oğlu – Maqsud Şeyxzadə” və “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitablarını hədiyyə etmişdir. Redaksiya da öz növbəsində Almaz Ülviyə qəzetin yeni sayında dərc olunmuş “İsa Həbibbəyli-70:” adlı məqaləsi dərc olunmuş nüsxəsini və “Ülvi Bünyadzadə. Əlvida” kitabını hədiyyə etmişlər. Görüşün sonunda Almaz Ülvi qəzetə müsahibə vermiş və xatirə şəkli çəkdirmişdir.

Almaz Ülvi Daşkənddə olduğu müddət ərzində Respublikanın müxtəlif televiziya kanallarına da müsahibə vermişdir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR