Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Rusiya Elmlər Akademiyasında “Nəsimi poeziyası insana bir himndir: Şərq və Qərbin mənəvi və mədəni dəyərlərinin sintezi” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransın açılışında iştirak etdi.
Heydər Əliyev Fondu, Rusiya Fəlsəfi Cəmiyyəti və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunan konfransda “Müasir fəlsəfə, mədəni-tarixi metodologiya və Nəsiminin mənəvi irsi”, “Nəsimi fikirləri və Hurufizmi: şərh məsələləri və müasir şərh” , "Nəsimi yaradıcılığında humanizm problemləri", "Nəsimi poeziyasındakı insan və təsəvvür və mədəni dəyərlər", "Nəsimi estetikasında əxlaqi kamillik" və s. mövzularında məruzələr dinlənildi.
Konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Fəlsəfə İnstitutunun direktoru Andrey Smirnov, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi direktoru Abdulsalam Hüseynov, Azərbaycan MEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri f.e.d. Fəridə Əzizova və e.ü.f.d., dosent Aygün Bağırlı və başqaları çıxış etdilər.
Konfransda Rusiya, Azərbaycan, ABŞ, İran, Türkiyə, Finlandiya, Özbəkistan da daxil olmaqla müxtəlif ölkələrin alimləri iştirak edirdi.