Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

İNSTİTUT KİV-də

Asif Rüstəmli-65: Missiya. İşıqlı adam. Alim ömürlülüyü

19-02-2019 [ 12:25 ] [ oxunub:53 ]
printerA+ | A-

Bədirxan Əhmədli. Alim Ömürlüyü

Filologiya elmləri doktoru, professor Asif Rüstəmli  çağdaş Azərbaycan ədəbiyyatşünaslığının ağırlığını çiyinlərində daşıyan alimlərimizdəndir. Onun yaradıcılığında ədəbiyyatşünaslıq iki istiqamətdə - nəzəri və praktik cəhətdən inkişaf edib. Bu mənada Asif Rüstəmlini mən F.Köçərlidən başlayan A.Sur, Ə.Abid, İ.Hikmət, B.Çobanzadə, F.Qasımzadə, H.Araslı, M.Rəfili ilə davam edən klassik tədqiqatçılar sırasına daxil edirəm. Son dərəcə səbr və mətanətlə ədəbiyyatımızın işlənilməyən, işlənilməsi vacib problemlərini aşkara çıxarmaq, ədəbiyyatımızdakı yerini, mövqeyini təyin etmək missiyası çox zaman onun üzərinə düşür. Böyük dramaturqumuz Cəfər Cabbarlının yaradıcılığı iki ədəbiyyatşünasın - görkəmli ədəbiyyatşünaslar Məmməd Arif və Asif Rüstəmlinin araşdırmaları ilə tamamlanır. Cabbarlışünas tədqiqatçı alim M.Arifdən sonra onun bir neçə pyesini, hekayələrini, şeirlərini üzə çıxarmış və yaradıcılığını ölkə hüdudlarından kənarda belə tanıtmışdır. Otuz ildən çoxdur ki, C.Cabbarlı yaradıcılığı A.Rüstəmli tədqiqatlarında təhlil və tədqiq olunur, bədii irsi bütövləşdirilir, əsərləri nəşrə hazırlanır...

Vaqif Yusifli. İşıqlı Adam

Asif Rüstəmli ilə tanışlığım səksəninci illərdən başlanıb, "Azərbaycan" jurnalında onun ilk yazılarından birinin çapına kömək etmişəm. O yazı mollanəsrəddinçi şair Bayraməli Abbaszadədən idi. Sonralar da Asif "Azərbaycan" jurnalında tez-tez yazılarını çap etdirdi, həmişə də bu yazıların ilk oxucusu mən oldum.

Asif bir tədqiqatçı kimi, çox işləkdir, mən bu mənada onu Qulam Məmmədlinin, Əliəjdər Səidzadənin ardıcılı hesab edirəm. O, Azərbaycan ədəbiyyatşünaslığında hal-hazırda 1 nömrəli cabbarlışünasdır. Cabbarlının tərcümeyi-halında, ömür yolunda elə səhifələr var ki, onları ilk dəfə Asif açıqlayıb. Asif 1918-1925-ci illərin ədəbi səhifələrinin qaranlıq qalan əksər nöqtələrini işıqlandırıb. Yeri gələndə müasir ədəbiyyatşünaslığın problemlərindən də yazır. Asifə xas olan bir cəhəti də vurğulamaq istəyirəm. O, çox səliqəli alimdir, yəni faktların əsirinə çevrilməyərək yalnız o faktların bu gün üçün nə dərəcədə əhəmiyyətli olduğuna çalışır...

Elnarə Akimova.Missiya

Asif  Rüstəmlinin mənbələrə əsaslanaraq, arxivdə, əlyazmaların tozunu udaraq hasilə gətirdiyi əsərlər əsl alim örnəyinin nümunəsidir. Onun tədqiqatçı üslubunda milli-ədəbi fakt bədii-estetik arxetipdən kənar dərk olunmur. Əksinə, zaman, ədəbi mühit və sənətkarlıq məsələlərinin bir-birinə çulğaşmış şəkildə təcəssümü ona hadisənin, faktın etnik-tarixi tipini - genotipini müəyyənləşdirməyə imkan yaradır. Belə olduğu üçündür ki, istər  Bayraməli Abbaszadə, Mirzə Bala Məmmədzadə irsinin və XX əsrin əvvəllərinin bir çox ədəbi proseslərinin öyrənilməsində, istərsə də çağdaş dövrümüzdə Mir Cəlal yaradıcılığının araşdırılması yönündə axtarışlarında, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixi inkişaf mərhələlərinin tədqiqində onun nəzəri marağının hədəfində milli ədəbi fikrin immanent inkişaf qanunauyğunluğunu görmək çətin olmur...

"Ədəbiyyat qəzeti", 16 fevral, 2019-cu il