Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Библиографические хроники основанные на поговорках : «Сила в науке» - Закира Алиева

06-03-2024 [ 13:38 ] [ прочитано:148 ]
printerA+ | A-

Biblioqrafik dil ümumdünya elm və mədəniyyət formasıdır və müxtəlif elm sahələri və mədəniyyət formalarının vahid dəyər sisteminə inteqrasiya mexanizmi rolunu oynayır. Tədqiqatçı alim, ziyalı potensialının ən vacib xüsusiyyətlərindən biri elmi yaradıcılıq axtarışlarına başlarkən, ilk növbədə, mövzuya dair ona qədər yazılmış informasiya mənbələrini əldə etməkdir. Bu zaman təbii ki, müasir dünyanın sürətli informasiya axınında biblioqrafiyanın bələdçilik funksiyasının əhəmiyyəti inkaredilməzdir. İnformasiyanın analitik emalının əsaslarına sahib olmaq, müxtəlif məlumat mənbələrinin xüsusiyyətlərini bilmək, onlarla işləmək və əldə etmək, anlaşılan, əlverişli şəkildə təqdim etmək və ondan səmərəli istifadəni təmin etmək biblioqrafiyanın vəzifəsidir. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan tədqiqatların bu vahid elmi dəyər sisteminə inteqrasiyası genişləndikcə, paralel olaraq, biblioqrafik inteqrasiya mexanizmi də öz informativ funksiyasını artırmaqda davam edir. Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: "Akademiya xalqımızın müasir beynidirsə, Nizami adına Ədəbiyyat İnstitutu bu beynin yüz illərdən bəri yaratdığı mənəvi sərvəti üzə çıxarmaq üçün tarixin yaddaşını oyadan işıq mərkəzidir... Bu İnstitutda söz sənəti zərgərlərinin yaratdığı incilər söz sənəti sərraflarının əli ilə nizamlanır, hər incinin öz yeri, öz dəyəri müəyyənləşdirilir". Bu il 90 illik yubileyini qeyd edən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda biblioqrafik fəaliyyət bu gün də söz sənəti sərraflarının tədqiqat fəaliyyətinin təməlində duran, onu zənginləşdirən, populyarlaşdıran və inkişaf etdirən  xüsusi və müstəqil bir zehni iş sahəsidir. İnternet, rəqəmsal mühit, interaktivlik və multimediya innovativ yaradıcılıq imkanları verən bir platformadır. Bu platformadan baxılarsa Ədəbiyyat İnstitutunun elmi yaradıcılıq potensialının güzgüsü olan biblioqrafik resursların yeni təqdimat formaları və modern ifadə vasitələri biliklıərin populyarlaşmasındakı səmərəliliyi aydın görünər.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üçün 2013-cü il əhəmiyyətli bir mərhələ təşkil edir. İlk növbədə struktur islahatlarının aparılması, yeni şöbələrin fəaliyyətə başlaması, böyük ədəbi şəxsiyyətlərin dövrü, həyatı, mühiti, yaradıcılığını və müasirləri ilə əlaqələrini hərtərəfli şəkildə tədqiq edən nəşrlərin yaranması, 7 cilddə "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin hazırlanması ilə yanaşı "Nizami adına Ədəbiyyat İnstitutunun nəşrlərinin biblioqrafiyası"nın nəşri mühüm addım oldu. Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq elmimizə həsr olunmuş bu biblioqrafik nəşrlər seriyası ədəbi irsimizi, klassiklərimizi, ədəbi şəxsiyyətlərimizi tanıtmaqla yanaşı, ciddi faktiki elmi keyfiyyət göstəriciləri ortaya qoyurdu.

"Nizami adına Ədəbiyyat İnstitutu. Biblioqrafik göstərici - 2013" Müstəqil Azərbaycanın ədəbiyyatşünaslıq elminin informasiya-biblioqrafiya təminatı vəzifəsini layiqincə yerinə yetirilməsi istiqamətində unikal bir layihənin başlanğıcı oldu. Filologiya elmləri doktoru Tehran Əlişanoğlu bu layihənin elmi əhəmiyyətini qeyd edərək yazırdı: "Unikallığı orasındadır ki, bir yandan bundan əvvəl İnstitutun 80 illiyinə buraxılmış "Nizami adına Ədəbiyyat İnstitutunun nəşrləri. Kitablar" biblioqrafik göstəricisinin (Bakı, "Elm və təhsil", 2013) birbaşa davamı kimi düşünülmüşdür (qeyd etmək gərəkdir ki, həmin göstəricidə hətta 1926-cı ildən 2012-ci iləcən İnstitutun bütün elmi və ədəbi-bədii nəşrləri ehtiva olunmuşdur). Digər tərəfdən isə davamlı olub, hər il üçün nəşri nəzərdə tutulmuşdur; yəni İnstitutun hazırkı 2013-cü nəşrləri ilə tanış olduğumuz zamanda "Biblioqrafik göstərici 2014" çapa hazırlanır, "2015" tərtib olunur və s. Hər iki layihənin ideya müəllifi akademik İsa Həbibbəyli bunu "salnamə" adlandırır: "Nizami adına Ədəbiyyat İnstitutu adlı biblioqrafik göstərici bu elmi-tədqiqat ocağında elm sahəsində baş verən dəyişikliyi və inkişafı dolğun şəkildə əks etdirən əhəmiyyətli salnamədir".

Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında bu qəbildən biblioqrafik mənbələrin mühüm əhəmiyyətini qeyd edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin nəşrə yazdığı ön sözdə deyilirdi: "Çoxillik böyük zəhmətin və axtarışların nəticəsində meydana çıxan bu nəşr milli ədəbiyyatşünaslıq elminin inkişaf yolunu, ideya xəttini, çətinliklərini və uğurlarını real surətdə təsəvvür etməyə, elmi şəkildə öyrənib ümumiləşdirməyə imkan yarada bilən mötəbər mənbədir".

Biblioqrafik salnamələr müəyyən zaman kəsiyində ayrı-ayrı yaradıcı şəxsiyyətlərin, ümumiyyətlə isə İnstitutun fəaliyyətini qeydə almaqla yanaşı, intellektual məhsulun bütün nəşr növlərini əhatə edir. Faktiki elmi keyfiyyət göstəricilərini təqdim etməyə, ciddi elmi tədqiqatlar, bibliometrik təhlillər aparmağa qadir olan biblioqrafik salnamələrə İnstitut əməkdaşlarının Azərbaycanda və xarici ölkələrdə çıxan əsərləri - kitabları, məqalələri, tezisləri, müsahibələri, bədii yaradıcılıq nümunələri, tərcümələri, İnternet resursları və sə daxil edilir.

Davamlı olaraq Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hər il təşkil etdiyi "Ədəbi proses" müşavirələrində edilən məruzələrin daxil edildiyi "Ədəbi proses-2014", "Ədəbi proses-2015", "Ədəbi proses-2016" və s. kimi nəşrlərilə paralel olaraq, hər ilin biblioqrafik göstərcilərinin yaratdığı vəhdət elmi hesabatın yüksək nümunəsi hesab edilə bilər.

Bu illər ərzində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əldə etdiyi nailiyyətlərdə - Azərbaycan və dünya ədəbiyyatı, klassik və müasir ədəbi prosesə dair ən aktual elmi mövzular üzrə dissertasiya müdafiələrinin təşkili, filologiya elminin müasir tələblərinə cavab verən yeni struktur bölmələrin, şöbələrin yaradılması, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin sərəncamı ilə yubileyləri qeyd edilən ədəbiyyatşünas alimlərimizə, yazıçı və şairlərimizə həsr olunmuş elmi konfranslar, sessiyalar, simpoziumlar və s. keçirilməsi, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyi kimi sanballı nəşrlərin işıq üzü görməsi, "Azərbaycan ədəbiyyatının yeni dövrləşdirmə konsepsiyası"nın elmi mühitə təqdim edilməsi, "Ədəbi-proses" yaradıcılıq müşavirələrinin keçirilməsi ənənəsinin bərpası, gənclərin elmi yaradıcılıq təşəbbüslərinin himayə edilməsi, Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq elminin dünya ölkələrində keçirilən tədbirlərdə layiqli təmsil olunması, beynəlxalq ədəbi əlaqələrin inkişafı, dinamik və zəngin informasiya resurslarını yayımlayan www.literature.az saytının yaradılması və s. əldə edilən uğurlar nəşr edilən biblioqrafik salnamələrdə də öz əksini tapmış olur.

Bibliqorafik nəşrlərin ilk buraxılışları yalnız kitab və monoqrafiyaları əhatə edirdisə, sonrakı illərdə elmi toplularda, dərgilərdə, qəzetlərdə dərc edilən məqalələr, Azərbaycanda və beynəlxalq səviyyədə keçirilən konfrans materialları, daha sonra İnternet resursları, 2017-ci ildən isə alimlərin bədii yaradıcılıq nümunələri bölmələri də əlavə olundu. Eyni zamanda klassik ədəbiyyatdan tərcümə əsərlərinin də təqdim edilməsinə qərar verildi.

Biblioqrafik salnamələrin elmi yaradıcılıq repertuarı həm Azərbaycançılıq, Vətən təəssübkeşliyi, Dövləçilik dediyimiz ali missiyaya köklənmiş, həm də elmi, bibliometrik, statistik göstəricilərinə görə ədəbiyyatşünas alimlərimizin yaradıcılıq fəaliyyətinin yüksələn xətt üzrə inkişaf dinamikasının güzgüsünə çevrilmişdi. 

2020-ci ildə sərhədləri aşaraq müxtəlif dillərdə dünya ölkələrində yayımlanan araşdırmaların, məruzələrin, tezislərin əsas başlığı Ali Baş komandanın, Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" çağırışı oldu. Alimlərimizin həmin ildə elmi yaradıcılıq nümunələrinə nəzər salsaq, 44 günlük Vətən mücadiləsi daxil olmaqla Qarabağ savaşının hər anının böyük Vətən sevgisi, Vətən təəssübkeşliyi ilə izləndiyinin şahidi olarıq.  Bu səbəbdən "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunnun əməkdaşlarının elmi əsərləri. 2020" adlı biblioqrafik salnamənin növbəti buraxılışında  Vətən müharibəsi, Qarabağ, Qəhrəman əsgərlərimiz, Şəhidlərimizlə bağlı yaradıcılıq nümunələri üstünlük təşkil edirdi:

2020-ci il həm də COVID-19 koronavirus pandemiyasının yaratdığı sarsıntılar, həyəcanlar, özünütəcrid rejiminin yaratdığı məhdudiyyətlər ədəbiyyatşünas alimnlərimizin yaradıcılıq fəaliyyətinə də təsirsiz qalmadı. Həmin dövr biblioqrafik salnamədəki yazılarda öz izini qoymuş oldu.  Qarabağ, 44 Günlük Vətən müharibəsi, pandemiya ilə bağlı materiallar yaddaş tariximizin əhəmiyyətli mənbələrinə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci il "Nizami ili" elan olundu (05 yanvar, 2021-ci il). Bəşəriyyətin bədii, elmi-fəlsəfi fikir tarixində yeni səhifə açmış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsinin yeni baxış müstəvisində tədqiqi sahəsində də "2021-Nizami Gəncəvi ili" Sərəncamı yeni bir səhifə açmlş oldu. "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərləri - 2021"- buraxılışında təbiidir ki, Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş materiallar üstünlük təşkil etdi. Nizami Gəncəvi irsinin tədqiqi tarixində ciddi elmi iz qoymuş tədqiqatçılarına istinadən estafeti ələ alan çağımızın yeni nizamişünaslar nəsli 2021-ci ildə demək olar ki, bu estafeti şərəflə yerinə yetirərək, dünya elminə inteqrasiya müstəvisində ictimailəşdirməyi bacardı. Nizami Gəncəvi yaradıcılığının ictimailəşdirilməsi, populyarlaşması, cəmiyyətdə və beynəlxalq miqyasda təbliğində müstəsna əhəmiyyətə malikdir.

Nizami Gəncəvi ili"nə ən sanballı töhfə də Nüşabə xanım Araslının rəhbərliyi ilə elmi axtarışlara səfərbər olmuş Nizamişünaslıq şöbəsinin əməkdaşlarının (Zəhra Allahverdiyeva, Təhminə Bədəlova, Yelena Teyer, Vəfa Hacıyeva) böyük Azərbaycan şairinin həyat və yaradıcılığının geniş elmi panoramını yaratdıqları "Nizami Gəncəvi: Həyatı və yaradıcılığı" adlı fundamental tədqiqat əsəri oldu.

"Nizami Gəncəvi ili"ndə ədəbiyyatşünas alimlərimizin Azərbaycanı dünyaya zəngin mənəvi-intellektual kimliklərlə tanıtmasını, xalqlar və ölkələr arasında sülhməramlı elmi ünsiyyətlərə yollar açmasını biblioqrafik salnaməyə daxil edilmiş materailların əhatəsində izləmək mümkündür. Dahi Nizaminin kəlamında deyildiyi kimi, bu da qüvvətin elmdə olduğuna daha bir sübutdur.

44 günlük Vətən müharibəsi, işğal edilmiş torpaqlarımızın şanlı ordumuzun, igid əsgərlərimizin şücaəti ilə azad edilməsi, Qələbə, Zəfər günün qeyd edilməsi kimi möhtəşəm hadisələrdən sonra, 2022-ci il yanvarın 5-də isə dövlət başçısı "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" Sərəncam imzaladı. Bütün bu möhtəşəm tarixi hadisələr ədəbiyyatşünaslığımızın yeni bir "Qarabağnamə"sinin ərsəyə gəlməsinə rəvac vermiş oldu.

Ümumiyyətlə, 2020-2022-ci illər ədəbiyyatşünas alimlərimizin qələmindən çıxan əsərlər ədəbiyyatşünaslıq elmimizin Qarabağ Azərbaycandır!" şüarlı Vətən çağırışı kimi səsləndi. Biblioqrafik salnamələrdə bu əsərlərin geniş repertuarı sistemli şəkildə təqdim edilir. Ədəbiyyatşünaslarımız müxtəlif dillərdə dünya ölkələrində yayımlanan nəşrlərdə yer alan məqalə, məruzə və tezislərində, çıxış və müsahibələrində ədəbiyyat tariximizdə yaşayan və sonrakı illərdə yaşanan həqiqətləri dünyaya bəyan etmiş oldular.

Yüzlərlə monoqrafiyaları, kitabları, araşdırmaları, elmi-publisistik məqalələri, məruzələri, e-resursları və s. əhatə edən biblioqrafik salnamələr ədəbiyyatşünaslığımızda  bütövlükdə bir elmi bilik sistemi kimi formalaşmış, ədəbiyyat, mədəniyyət və elm tariximizin bir hissəsinə çevrilmişdir. Bu gün "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərləri"nin biblioqrafik salnamələri tədqiqatçıların masaüstü istifadə etdikləri vəsait olmaqla yanaşı, nəinki respublikanın, bir sıra xarici ölkələrin elmi qurumlarında, kitabxanalarında, tədris müəssisələrində də və s. geniş istifadə olunur.

Другие новости