Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Обсуждение книги рассказов «Крылатый мост» в проекте «Познакомимся с новой литературой»

25-04-2024 [ 15:04 ] [ прочитано:45 ]
printerA+ | A-
104493

16 апреля в рамках совместного проекта «Познакомимся с новой литературой» отдела азербайджанской литературы Института литературы имени Низами Гянджеви НАНА и «Литературной газеты» состоялось обсуждение сборника рассказов Атагама «Крылатый мост». ". Текст дискуссии представляем читателям в сокращенном виде.

II müzakirə burada

Müzakirədə Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya üzə fəlsəfə doktoru Gülnar Qəmbərova, baş mütəxəssis Pərvanə Kərimova, böyük elmi işçi Mənzər Niyarlı, doktorantlar Səbirə Müzəffərli,

Hənifə Səlifova, oxucu Qəndab Əliyeva iştirak ediblər.

Moderator - filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid.

Mətanət Vahid: "Qanadlı körpü" hekayələr kitabının müzakirəsi ilə bağlı elanımız əksər yazı adamlarının ürəyincə oldu. Ataqamın yeni ədəbiyyatımızın usta nasirlərindən olduğu fikrini çox eşidirik. Onun, demək olar, bəyənilməyən hekayəsi yoxdur. Tehran müəllim, ilk sualla sizə müraciət etmək istərdim: yaxşı hekayə necə olmalıdır və Ataqam hekayələrinin uğurunu təmin edən nədir?

Tehran Əlişanoğlu: Məncə də layihəmiz üçün məhz Ataqamın hekayələr kitabını seçməyimiz çox yerinə düşüb. Çünki qeyd etdiyiniz kimi, daim təqdir olunan müəllifdir, amma ədəbi prosesə çox yansımır. Mənə elə gəlir, bu müzakirə əvvəlkilərdən peşəkarlıq baxımından fərqlənəcək. Çünki qarşımızdakı kitab göstərir ki, ilk cümləsindən sonuncuya qədər biz peşəkar yazıçı ilə üzbəüzük. Bunu daha öncə müzakirəyə çıxardığımız romanların dəyərini azaltmaq üçün demirəm. Biz gördük ki, mətnin özünün doğurduğu elə suallar olur ki, bunlar hardasa müəllifin peşəkarlıq xətasıdır. Yaxşı hekayə necə olur? Mən ədəbiyyat tarixçisi kimi hekayələrlə bağlı xeyli yazmışam. Janrın tələblərini nəzərə alan, təhkiyəsi ədəbi təcrübədən yararlanan mətn istər-istəməz yaxşı alınacaq. Ataqamın hekayələri müəllifin bu təcrübədən peşəkarlıqla yararlanıb öz yazıçı hekayəsini yarada bildiyini göstərir.

Mətanət Vahid: Maraqlı məqama toxundunuz. Həqiqətən, Ataqamın yaradıcılığından ədəbi tənqid çox az bəhs edib. Çağdaş nəsrdə ən yaxşı hekayə müəlliflərindən biri kimi qəbul olunan Ataqamın yaradıcılığı haqqında peşəkarların az yazması nə ilə bağlıdır bəs?

Tehran Əlişnoğlu: Mənə elə gəlir, bu bizdə artıq ümumi sindromdur: mükəmməl mətnlərdən yazmaq çətindir. Müəyyən boşluqları olan mətnlər daha rahat təhlilə gəlir. O baxımdan ki, yazı həmin mətni tamamlayır. Ataqamın yaradıcılığına reaksiyaların az olması bizdə yaxşı mətnlərə münasibətin korşalmasından irəli gəlir.

Mətanət Vahid: Düşünülür ki, mətn özü özünü "müdafiə edib" onsuz da... Adətən, hər müəllifin yaradıcılıq pasportuna çevrilən mətni olur. Ataqamın belə mətni "Nanəli konfet" hekayəsidir. Osman dayının yeniyetmə ikən bircə yanlış davranışı (Bəsirəti kəhrizdə çimərkən gördüyünü bildirən cümləni söyləməsi) sanki bütün həyatının gedişatını müəyyənləşdirir. Uzun illər sonra təsəllini yeniyetmə dostunun oxuduğu mətnlərdə - sözdə tapır. Nanəli konfetə görə dostluq edən yeniyetmənin oxuduğu mətnlər Osman dayının yaddaşını oyadır. "İskəndərin buynuzu var, buynuzu" sözləri şüuraltı ağrısını yeniləsə də, yarasını qanatsa da, Osman dayı bu ağrı ilə ovunur - öz başına buynuz işarəsi tutub ləzzətlə gülə-gülə ağrıyır, dərdini sevir. O, emosiyalarını sözlərlə ifadə etmir. Amma müəllif öz qəhrəmanının ruh halını, ağrılarını onun dinlədiyi mətnə münasibəti vasitəsilə bildirir. Gənc dostunun oxuduğu əfsanənin sonluğunda, hər qapıya bir gil lövhə qoyan dərvişin tövsiyəsində öz yanlışını, taleyini görür və hekayə boyu onun müxtəlif mətn parçalarının öz həyatı, yaşantıları ilə anologiya apardığını görürük. Bu, ümumiyətlə, Ataqamın yaradcılığının üslubi xüsusiyyətinə çevrilir. Nəticə etibarilə, "Nanəli konfet" hekayəsinin poetikası mətn içindəki digər mətnlər vasitəsilə həllini tapır. Bu mətnin uğurunda başqa hansı məqamların rolu var?

Mənzər Niyarlı: Mən bu hekayəni ancaq dilinə görə uğurlu hesab edirəm. Çünki bu hekayənin obrazları çox əsərdə var: Mövludda var, Səyyad Aranda var. Bu hekayənin uğuru Ataqamın dilinin mükəmməlliyidir, səmimi yazır və çox laqeydcəsinə, təmkinli. Mənim "Okeanda iki maymaq" hekayəsi çox xoşuma gəldi. Burada ermənilərin xisləti açılır. Amma hekayələrin dilində elə sözlər var ki, başa düşmək olmur.

Qəndab Əliyeva: Ümumiyyətlə, Ataqam bəyin hekayələrində klassik üslub və modern üslüb vəhdət təşkil edir. Mən Ataqam bəyi son vaxtlar kəşf etmişəm. Murad Köhnəqala da eyni fikri yazmışdı. Düzdür, qeyd edirdi ki, onun əsərlərində ictimai yük azdır, bəzi əsərlərində ideya yoxdur. Amma məncə, elə deyil. Məncə, vacib deyil ki, hansısa əsərə mütləq ideya yüklənsin. Əsər oxucunundur, ideyanı da o çıxara bilir əsərdən.

Tehran Əlişanoğlu: Yəqin, o ideya var ki, oxucu çıxarır da.

Qəndab Əliyeva: Bəli, məncə, hər halda, var. "Nanəli konfet" hekayəsində isə mən bir klassik ağrı hiss etdim. Müşahidələri və bunların mətndə həlli etibarilə Ataqam mükəmməl nasirdir.

Səbirə Müzəffərli: Mənə ilk oxuda elə gəldi ki, Ataqam hekayələrinə maskulin yöndən yanaşır. Amma diqqətli oxuda anladım ki, müəllif, bəlkə də buradakı mənəvi boşluqları önə çəkmək istəyib. Məsələn, qadınların xəyanət etməsi səbəbi. Mənə elə gəlir, Ataqamın hekayələrinin uğuru onun seçdiyi obrazlar sistemindədir. Burada bəzi patoloji tiplər var, şizofrenik, yaxud xəstəhal, ruhsal sağlığı yerində olmayan, travmalı insanlar. Məncə, müəllifin niyyəti cəmiyyətin nəzərə almadığı insanlara diqqət çəkməkdir. Digər məqam canlılarla cansızları eyni müstəvidə təsvirdir.  Məsələn, Osman bəyin Bəsirəti yaşatması üçün daşa həyat verməsi yarımçıq qalan sevgilərini xəyalən tamamlamağa çalışmasıdır. Bu cür təsvirə "Şrödingerin pişiyi"ndə də rast gəlirik. Öz sevgisini fırça ilə yaşatmağa çalışır. Hər iki obraz nakam sevgi yaşayır. Və qovuşa bilmədikləri sevgilərini əbədiləşdirmək üçün onları cansız varlıqlarla əvəzləyib, sanki onlara sonsuzluq yükləyirlər.

Bir də zaman məsələsini vurğulamaq istəyirəm. Zamanı Berqsonun "Duree" konsepsiyasına uyğun işləyib. Hekayələrdə təsvir olunan zamanların inkişafı bir xətt üzrə deyil, spiralvari xarakter daşıyır. Buradakı  zamanlar obyektiv olaraq saatla, dəqiqələrlə ölçülməyən zamandır. Keçmişlə indinin iç-içə keçdiyi, bir-birini yaratdığı vahid  zamandır. Bir də zamanların yanaşı gəlməsi məqamı var, simultanizm. Məsələn, "Barantay" hekayəsində həbsxanadakı zamanla təyyarədəki zaman yanaşı gəlir və ayırd etmək olmur ki, bunların hansı indidir, hansı keçmiş zaman. Məlumdur ki, çağdaş əsərlərdə yaşanılan an keçmişlə əlaqə kontekstində dəyərləndirilir. Hesablaşmalar, seçilmiş fiqurların daxili və xarici həyatlarını detallı tanıtmaq üçün geriyə dönmələrin olması vacibdir. Məhz bu cür retrospektiv dönüşlər bəzi obrazların, xüsusən də patoloji tiplərin, "Nanəli konfet" hekayəsində isə Osman bəyin keçmişi ilə oxucunu tanış etməyə kömək edir. Bütün bunlar, məncə, yazarın müasir nəsr texnikasına yiyələnməsindən irəli gəlir.

Mətanət Vahid: Amma hekayədə Osman bəy deyil, Osman dayıdır. Hekayəçi yazır ki, kənddəki uşaqlar şirindil kişilərə "dayı", acıdillərə "əmi" deyirlərmiş. Məncə, hekayənin ən koloritli hissəsidir bu.

Səbirə Müzəffərli: Bir də məncə, Ataqam hekayələrinə məhz cəmiyyət tərəfindən dışlanmış obrazları seçir.

Tehran Əlişanoğlu: Siz dediniz, ilk oxuda qadınları xəyanətkar təsvir etdiyini düşündünüz.

Gülnar Qəmbərova: Bəsirət ərinə xəyanət edir, Simarə həmişə buna meyilli qadındır... Mənim hekayələrdə bəyənmədiyim məsələ elə budur. Səbirə xanım qeyd etdi ki, sanki hekayələr qadın xəyanətinin səbəbini göstərir, amma mən səbəb tapmadım. Məsələn, Bəsirət niyə xəyanət edir?

Tehran Əlişanoğlu: Səbirə xanım yəqin yalnız "Oycombi"ni nəzərdə tutur.

Gülnar Qəmbərova: Müəllifin bir neçə hekayədə qadınları xəyanətkar kimi səciyyələndirməsini düzgün hesab etmirəm. Düzdür, bu cür obrazlar həmişə var, həyatda da, bədii ədəbiyyatda da. "Qanadlı körpü" hekayəsindəki Simarəni dəli kimi sevən Nəriman həkim, sevdiyi xanıma görə həyatı puç olan "Nanəli konfet"dəki Osman dayı kişi xarakterlərinin daha güclü, qadınların isə zəif, yüksək mənəvi dəyərlərdən uzaq kimi təsvir edilməsinə səbəb olub. Burada, bir növ, gender bərabərliyi pozulur.

Mənzər Niyarlı: "Qanadlı körpü" hekayəsində Abbasın Nərimana göz dağı vermək üçün etdiyi Azərbaycan kişisinə yaraşan hərəkətdirmi? Ondansa Nərimanı döyəydi.

Tehran Əlişanoğlu: Gülnar xanım obrazın "əxlaqsız" kimi yaradıldığını deyir, bu yanaşma ştamp deyilmi?  Həm də obrazın müsbət olması vacib deyil ki... Mənzər xanım, hekayədə Abbas öz dostunun təsirilə Nəriman həkimi Simarənin ona məxsus olmadığına inandırmaq üçün bu yolu seçir. Bu, belə bir müəllif fəndidir. Nəriman uzaqdan gördüyünə aşiqdir, qadının əri isə ona reallığı göstərir. Amma sonda əri dostuna deyir, "dedim axı görməyəcək". Çünki Nərimanın beynində öz Simarəsi var, öz idealı var və ölənə qədər o obraz onun məcnunluğuna çevrilir. Yoxsa bəyəm o, Simarənin ərli qadın olduğunu görmür ki?! Azərbaycan cəmiyyətinə xarakterik olmadığını deyirsiniz, amma bu da onun əxlaqıdır da.

Hənifə Səlifova: "Oyconbi"də qəhrəmanın özü ilə mübarizəsini nümunə kimi göstərmək olar. İblis daim insanın içindədir, yalnız iradəli insanlar bu mübarizədən qalib çıxırlar. Ataqamın müraciət etdiyi bütün mövzuların əsasında insan faktoru dayanır. Bu obrazlar həyatın mənəvi-psixoloji yükünün daşıyıcılarıdır. Onlar bəzən xoşbəxt, sevgi dolu, bəzən aqressiv, problemlər qarşısında çarəsiz, aciz insanlardır. Bu günün insanının keçirdiyi hissləri, yaşadığı ruhi-mənəvi sarsıntıları yeni baxış bucağından təqdim edən müəllif insanın daxilindəki iki "mən"in mübarizəsini, demək olar, bütün hekayələrində göstərməyə çalışır. Müəllifin Osman dayının, Nəriman həkimin, Oyconbinin, "Vurğun"dakı aşiqin, Albay Kuşanın timsalında yaratdığı müasir vurğun obrazları saf, təmiz duyğuların cəmiyyətdə hələ də yaşadığını, müharibələrin, fəlakətlərin insanlığın məhrəm hisslərini yox edə bilmədiyini sübut edir. Hekayələrin əsas ideyası da harmoniyası pozulmuş dünyanı bərpa etməkdir.

Hekayələrdə türk və ərəblərə məxsus ifadələrin işlədilməsi, adət-ənənələrin xatırladılması, simvollardan, bədii ifadələrdən istifadə dilin və üslubun zənginliyindən xəbər verir. Ataqamın hekayələri süjet və kompozisiyası, təhkiyə və təsviri, dilinin koloritliyi, detalların dəqiqliyi baxımından müasir nəsrimizin uğurlu nümunələrindəndir.

Gülnar Qəmbərova: Dilimizdə az hallarda təsadüf olunan söz və ifadələrdən də istifadə edir: ütəlgi, kürpaça, luğaz və s.

Qəndab Əliyeva: Mən "Gecəgörənlər" hekayəsini çox bəyəndim. Oradakı korluğu mənəvi korluqla əlaqələndirirəm. Simvoliklik var burada.

Tehran Əlişanoğlu: Ataqam birbaşa pritça yazmır, amma bütün mətnlərində pritçavarilik var. Xüsusən qeyd etdiyiniz "Gecəgörənlər" hekayəsində aydın görünür bu məqam. Hamımız qaranlığın içərisində yaşayırıq, görmürük, amma kor deyilik. Qaranlığın içərisində səslərin seçilməsi, palitra zənginliyi... Ataqamın hekayələri intellektual yüklüdür. Bayaq Mənzər xanım dedi ki, bu cür obrazlar olub ədəbiyyatımızda. Amma Mətanət xanım da "Nanəli konfet"də dərvişin nağılı ilə əlaqəni vurğuladı, bu pritçavarilik, metaforiklik ki var,  bunlar yoxdur ədəbiyyatımızda. Yəni Ataqam hekayə təcrübəsini yaradıcılığının içərisinə yığaraq bu günün hekayəsini yazır. O ki deyirlər, onun hekayələrində ictimai fon görünmür, əslində isə bütün bu hekayələrdə otuz ilin fonu var. "Nanəli konfet"in yazılma tarixi 1999-dur, kitabdakı hekayələrin yazılma tarixi 2015-ə kimi gəlir və bunların hamısında və birlikdə həmin o ictimai, tarixi fon görünür. Hər hekayəsindəki pritçavarilik elə təəssürat yaradır ki, ictimai yükü azdır əsərin, əslində isə elə bir ümumiləşdirmə aparılır ki, ictimai fon əks olunur.

Mətanət Vahid: Ataqamın hekayələrində müharibə həm var, həm yoxdur. Bəzən atmosferi, detalları, ab-havası, bəzən isə sadəcə, xəbəri var. Amma xalis müharibə hekayəsi yoxdur. Məsələn, "Nanəli konfet"də qaçqın düşərgəsinin detallı təsviri, yaxud "Qanadlı körpü"də sondakı hadisələrin işğal günlərinə təsadüf etməsi həm də dövrün mənzərəsini yaradır. Düşmən tərəfindən atılan mərmilərin evləri yandırması, camaatın yanğını söndürməyin mənasızlığını anlayıb kəndi tərk etdiyi vaxt Nəriman həkimin evinin yanması və o dar macalda həkimin Abbası görmüş olması və s. Burada müharibə vəziyyəti xarakteri açmaq üçün əhəmiyyətli fondur.  "Fələstinli və sərçələr"də iki şəxsin faciəsi fonunda Fələstin müharibəsi, bütünlüklə Qəzzalıların faciəsi görünür. Bu siyahını genişləndirmək də olar. Sadəcə, Ataqam bu məqamları elə estetik gerçəkləşdirir ki, üzərinə vurğu etmədən, pafossuz, çığırtısız, vurğusuz, ola bilər, bəzən oxucu bunun fərqində olmasın. Bununla belə, bayaq Qəndab xanım Murad Köhnəqalaya istinad etdiyi fikri səsləndirəndə də qeyd etmək istədim, mütləqdirmi ki, mətnin ictimai yükü olsun? Təəssüf ki, çağdaş ədəbiyyatın da üzərinə yanlış gözləntilər qoyuruq və sonra tələb edirik ki, mətn gözləntimizi doğrultsun. Elə bil, torpağa qızılgül kolu əkib zanbaq açmasını gözləyirik. Bədii ədəbiyyatda daha çox ideoloji, sosioloji anlamlar axtarmaqdan bir az uzaqlaşmalıyıq, məncə və arabir, deyəsən, bu müzakirədə də bir az ona doğru gedirik. Mən istərdim hekayələrin daha çox estetik tərəflərindən danışaq.

Tehran Əlişanoğlu: Ataqam ictimai məqamı hekayəyə ustalıqla gətirir deyə, oxucu, adətən, öyrəşdiyimiz publisistik vurğunu orada tapa bilməyəndə ona nə isə çatışmır kimi görünür. Ataqamın hekayələrində predmet müasir dövrün insanıdır. Hətta onun əsərlərinin coğrafiyası, belə dünyavi genişliyi də müasir insanı görməyə kömək edir. İnsandan daha ictimai problem var?! Sadəcə, realist ədəbiyyatla modern ədəbiyyatda bu məsələlərin əks olunması fərqlidir. Modern ədəbiyyat ictimai fonu insanın içindən keçirir. Bu baxımdan da Ataqamın hekayələrinin poetikası zəngindir, estetikliyi bütövdür.

Mətanət Vahid: Məncə, bu hekayələrin bir çoxunda hansısa böyük bir dönəmi ifadə edən epizodlar, cümlələr var. Bundan başqa, Ataqam bəzən bir detalla sual yaradır, oxucunu mətnin içərisində axtarışa sövq edir. "Nanəli konfet" hekayəsinin sonunda illər sonra qarşılaşanda özünü Osman dayıya xatırlatmaq üçün təhkiyəçi yenə onların "dostluq himni"ni deməyə başlayır. Yaddaşı oyandıqca səksən yaşlı Osman dayı qeyri-ixtiyari əlini cibinə atır, nə qədər eşələsə də, konfet tapmır - ömür bitir, yəqin ki, daha Bəsirət də yoxdur, o dəlicəsinə sevgi də uzaq xəyala dönüb və indi Osman dayıya qalan əlindən buraxmadığı, sinəsinə sıxdığı sükandır təkcə. Yaxud vaxt var idi, uşağı kətilə çıxartmaq üçün "hansı tanrıya and verəcəyini" düşünüb uşağı öz tanrısına and vermişdi: "Sən Bəsirətin canı, çıx." Belə rəmzi-metaforik məqamlar çoxdur.

Tehran Əlişanoğlu: Ataqamın bütün hekayələri elədir, niyə sizin diqqətinizi daha çox birinci hekayə çəkib ki?

Mətanət Vahid: Hə, mənə olduqca təsir edən, güclü təəssüratlar yaşadan hekayə oldu. Həm də bu kitaba daxil olan hekayələrin, demək olar, hərəsi bir sirri bətnində gizlədir: hansısa bəlkə də bir deyil, çoxqatlı sirri. Və mənə elə gəlir, o biri hekayələr sirri gün işığına çıxarır rahatca, amma "Nanəli konfet"də sirlər sanki qəlsəmə kimi açılıb-yumulur: sözün, ifadənin biri sirri açdıqca, o biri sıxıb özündə saxlayır. Burada sanki sözlər, detallar sirri açmaq üçün yox, daha çox özündə saxlamaq, gizləmək üçündür. Oxucuya daha çox xəyalını qanadlandırmağa imkan verir.

Tehran Əlişanoğlu: Elə görünə bilər ki, o biri hekayələr sirri rahatca açır. Altqat bütün hekayələrində var. O açıq sirlərin altında yenə sirlər var, birində çox, birində az.

Mətanət Vahid: Razıyam sizinlə. Hətta "Qanadlı körpü"nü oxuyanda fikirləşdim ki, müəllif bir romanlıq materialı sıxışdırıb bir hekayəyə. Orada o qədər talelər var ki - bir abzasa sıxılmış. Körpünün adı neçə dəfə dəyişir. Hər dəyişim bir taleyə bağlıdır. Bircə sonuncu adın hekayəsini geniş açıqlayır bu mətn. Ümumiyyətlə, Ataqamın hekayələrinə məxsus olan psixoloji qat bu hekayədə sanki bəsitlik və dərinlik arasında var-gəl edir. Bu hekayədə "körpünün qanadlanmasına" səbəb olan hər bir personajı həm qınamaq, həm də eyni dərəcədə anlayışla qarşılamaq mümkündür. Hekayədə situasiya həm absurddur, həm də faciəvi. Kənd camaatına tamaşa lazımdır, bununçun hər dəfə yeni bir qeybət, dedi-qodu mövzusu. Nəticədə, cəmi bir neçə günə unudulub gedəcək məsələlər evlərin yıxılmasına, gah intiharlar, gah dəlilik kimi faciələrə səbəb olur. Hekayə sanki mental hay-küyün doğurduğu, şar kimi üfürüb böyütdüyü məsələlərin nəticəsində yaranan faciələrə sonrakı laqeydliyi göstərir. Bu hekayələr səbəb-nəticə əlaqələri, motiv və fəaliyyət məsələləri üzərində düşünməyə sövq edir.

Tehran Əlişanoğlu: "Vurğun" hekayəsi də "Qanadlı körpü"nün başqa variantıdır. Necə qurulub: mətnin ilk cümləsindən sonuncuya kimi tamamlanır. Hekayə başlayır: "Azmışdıq" - ikibaşlı fikir. Sonu bu cümlə ilə tamamlanır ki, yasına getməyim ona edə biləcəyim ən böyük pislik olardı. Mətni bütöv mətn kimi metamətnlərə yerləşdirə bilməsək, ideya yerini tapa bilməyəcək, dediyiniz o sirr də çözülməyəcək. Bu hekayə də elədir, o biriləri də.

Qəndab Əliyeva: Bu hekayədəki günah hissi fəlsəfi mənada götürülüb. Həm keçmiş, həm də indiki zamanın qarışığında verilib, paralel yol gedir. İnsan fikirləşir ki, günahı bu yolayrıcında hansı tərəfə qoymaq lazımdır? Məncə, motiv günahdır burada.

Tehran Əlişanoğlu: Ataqamın bütün hekayələrində fəlsəfi tutum var. "Vurğun"da amma sona qədər tövbə məqamı yoxdur. O, vurğundur, fəlsəfi yük budur.

Qəndab Əliyeva: Bəlkə də onun yaxın dostuna xəyanəti heç xəyanət deyilmiş, belə düşünməyə imkan verir hekayə. Amma bu situasiyada qadının xəyanət etməsi intiqam motivinə söykənir, ona görə mən qadını günahlandırıram.

Gülnar Qəmbərova: Məncə, Ataqamın "Qanadlı körpü" hekayələr kitabı çağdaş  Azərbaycan nəsri üçün yenilikdir. Təsvirçilikdən uzaq, az sözlə çox məna ifadə etmək... Bütün hekayələrdə əsas obraz həyatın sərt üzünü görmüş, xoşbəxtlikdən uzaq düşmüş insandır. "Barantay" hekayəsində müəllif deyir ki, Tanrı insanı gildən yaradıb, qalan gili ovcuna qoyub "Buyur, hər kəs öz bəxtinin bəstəkarıdır. Özün yoğur, bay ol" deyib. İnsan isə xoşbəxtliyini qurub-yaratmaqdansa başı silah düzəltməyə qarışır. Fikrimcə, müəllif bu sözlərlə hekayələrindəki həyatları yarım qalmış, tamamilə bütövləşməyən  obrazların əsl faciəsinin səbəblərini göstərir.

Mətanət Vahid: "Fələstinli və sərçələr" hekayəsində isə adından göründüyü kimi, fələstinlilərin həyatı Aban Müəzzinin ovladığı, "ölüdü, diridi" mərcində pul qazandığı sərçələrin halına anologiyadır. Hekayə boyu qəzzalıların qorxuları, itkiləri, faciələri, bu fondakı ağrıya köklənmiş həyat tərzi, bu gündən sabaha ümid və təşvişi - hamısı bir yerdə bizə elə o öldüsü, ya qaldısı bilinməyən sərçələri xatırladır - sanki aqoniyada yaşayırlar. Pota ilə mərcdə olduğu kimi, dəqiq əmindirlər ki, bu dəfə sərçə yüz faiz ölüb, amma Aban Müəzzin sərçənin qanadının altından barmağını basır, quş uçur. Burada siyasi vurğular görünür. Ümumiyyətlə, Ataqam hekayələrində bəzən bircə cümlə ilə təkcə qəhrəmanın yox, bütün ölkənin əhvalını ifadə edir. "Azan səsi generatorların qara tüstüsünə qarışıb Qəzzanın içinə doğru süründü." cümləsindəki kimi.

Pərvanə Kərimova: Mənə o hekayə maraqlı gəldi, o mühitin obrazını yaratmaq üçün adlar var, geyimləri təsvir edir, amma oxucu kimi özümü o mühitin içərisində hiss edə bilmədim. Sanki müəllif o mühiti kənardan izləyir deyə elə o cür də çatdırır, Azərbaycanlı kimi danışır.

Tehran Əlişanoğlu: Bunun üçün sadəcə, Ataqamın poetikasına bələd olmaq lazımdır. Diqqətlə oxusanız görəcəksiniz ki, Ataqamda təsvir və təhkiyə qatı var və bunların yerini elə müəyyənləşdirir ki, təsvir xatirinə təsvir olmur, o özü ilə mütləq təhkiyəni gətirir, bir aydınlanmaya xidmət edir.

Gülnar Qəmbərova: Mənim hekayələrdəki aforistiklik xoşuma gəldi, hikmətləri təsvirə çevirməsi. Bir də bayaq da qeyd olundu, bu hekayələrdə zaman fərqini hiss etmək olmur, bütöv zaman kimi duyulur.

Tehran Əlişanoğlu: Ataqamın bütün hekayələrində ictimai münasibətlər əksini tapır. Biz realist hekayə kimi yanaşsaq, bəzən yanlışa gedə bilərik. Modern hekayədə hədəf fərddir, cəmiyyət də, dünya da, zaman da o fərdin içindən keçir. 30 ildə bizim ədəbiyyatımızın əsas mövzusu Qarabağ olub, başqa mövzu yoxdur, ola da bilməz. Ona görə ki, bilavasitə Qarabağ müharibəsini təsvir etməyən müasir hekayə də bu otuz ili təsvir edir, bunu yaşayan Azərbaycan insanını. Ataqamın hər bir hekayəsi problem hekayədir, böyük ümumiləşdirmələri nəzərdə tutur. O sanki cəmiyyətin kənarında olan insan nəzəri ilə yanaşır məsələlərə, kənar müşahidəçi kimi - poetikası ordan gəlir. Üslub baxımdan Ataqamın hekayələri ilə klassik hekayəçiliyimiz arasında birbaşa bağ tapmaq olmur, amma klassik Qərb hekayəsinin təcrübəsi çox güclü hiss olunur. Elə bu da bizim ədəbiyyatımızın daim tələb etdiyidir ki, dünyaya çıxaq. Dünyaya çıxmırıq, inteqrasiya olunuruq. Bu mənada, Ataqamın ayrıca hekayə üslubu yarada bilməsi yeni ədəbiyyatda uğurlu hadisələrdəndir. Rafiq Tağı hekayəsindən sonra belə mükəmməl şəkildə ayrıca danışa biləcəyimiz hekayəçiliyimiz yox idi.

Mətanət Vahid: Mənə elə gəlir, Tehran müəllimin təsbitlərini söhbətimizin ümumiləşmiş yekunu kimi qəbul edə bilərik. Kimin necə qəbul etməsindən asılı olmayaraq yeni ədəbiyyatı tanıtmaq adına növbəti bir faydalı müzakirə keçirdik. Müzakirələrimizin maraqlı cəhəti həm də budur ki, müxtəlif estetik, ideoloji baxışa malik insanlar olaraq hər birimiz öz təcrübəmizdən çıxış edirik  və fikir rəngarəngliyi yaranır. Bu iki saatlıq maraqlı polemika üçün hər birinizə təşəkkür edirəm. Adəmin "Prometey əfsanəsi" romanını müzakirə etmək üçün bir ay sonra görüşmək ümidi ilə...

Другие новости