Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Кафедра теории литературы: история, научные направления и сотрудники - Тахира Мамед

06-03-2024 [ 13:33 ] [ прочитано:165 ]
printerA+ | A-

Ədəbiyyat İnstitutunda ədəbiyyatşünaslığın bir sahəsi kimi ədəbiyyat nəzəriyyəsi hər zaman araşdırılmışdır. Bədii ədəbiyyatın qanunauyğunluqları, ənənə, mədəni irs, novatorluq, milli xarakter, millilik və beynəlmiləlçilik, realizm və romantizm, ədəbi növ və janrlar ilk başlanğıcda sosializmin tələbləri çərçivəsində - formaca milli, məzmunca sosialist tələblər məngənəsində sıxılaraq öyrənilmişdir. Azərbaycanda 30-40-cı illərdə Atababa Musaxanlı, Əli Nazim, Hənəfi Zeynallı, Mikayıl Rəfili, Məmməd Arif, Mir Cəlal, Mehdi Hüseyn, Mirzə İbrahimov ideoloji təzyiqlərə məruz qalsalar da, dərsliklər, tədqiqatlar, məqalələrlə nəzəri fikrin formalaşmasında mühüm rol oynamışlar. Ədəbiyyat nəzəriyyəsində ardıcılıq və mövzuların əhatə dairəsindəki zənginlik Ədəbiyyat nəzəriyyəsi bir şöbə kimi yarandıqdan sonra sistemli hal almışdır.

İnstitutmuzun tarixində, nailiyyətlərində Ədəbiyyat nəzəriyyəsi şöbəsinin özünəməxsus, fərqli yeri var. 1958-ci ildə yaradılan şöbəyə akademik Məmməd Cəfər Cəfərov əmr əsasında müdir təyin olunmuş və 1960-cı ildə seçki elan edilərkən bu vəzifəyə seçilmişdir. 60-cı illər ədəbiyyatımızda olduğu kimi ədəbiyyatşünaslıqda da yeni mərhələyə keçid dövrüdür. Bu mərhələ özünü Ədəbiyyat nəzəriyyəsi şöbəsinin formalaşdırdığı yeni baxışda da göstərir. Belə ki, Məmməd Cəfər Cəfərovun rəhbərliyi ilə yeni nəzəriyyə məktəbi formalaşır. Həmin məktəbin özəyində Azərbaycan romantizmini dünya romantizminin bir tipi kimi müəyyənləşdirmək dayanır. Akademikin irəli sürdüyü nəzəriyyə yalnız Azərbaycan yox, bütün türk xalqlarının ədəbiyyatları üçün elmi əhəmiyyətə malikdir. Klassik ədəbiyyat ənənələrinə, XIX əsrin sonlarından başlayan milli intibaha, XX əsrin ilk onilliklərinin qlobal tarixi proseslərinə, fəlsəfi nəzəriyyələrinə, dünya ədəbiyyatına yaxından bələd olmadan Azərbaycan, eləcə də Şərq romantizmi tipini müəyyənləşdirmək qeyri-mümkündür. Məməd Cəfər Cəfərovun Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə, Mirzə Cəlil, Hüseyn Cavid, müasiri olduğu yazıçılar, XIX əsr rus ədəbiyyatı klassiklərinin yaradıcılığı üzərindəki tədqiqatları, dünya ədəbiyyatı ilə apardığı müqayisəli araşdırmalar onun nəzəriyyə məktəbinin fundamentallığını və davamlılığını təmin etdi.

Məlumdur ki, 30-cu illərdə repressiyaya uğrayan daha çox romantiklərin idealları idi və romantizmi klassik irslə əlaqələndirmək, onları realistlərlə müqayisə etmək bir tərəfdən qarşısı alınan idealların bərpasına yol açır, digər tərəfdən də ədəbiyyatımıza kompleks nəzəri baxış formalaşdırırdı. Ədəbiyyat nəzəriyyəsi şöbəsinin ilk başlanğıcdan tədqiqatlarının bu istiqamətə yönəlməsi nəzəri fikirdə oyanış kimi dəyərləndirilə bilər.

Yaradıcılığına bütövlükdə nəzər saldıqda şahid oluruq ki, Məmməd Cəfər müəllim tədqiqatlarında kompleks şəkildə ədəbiyatımızın tədqiqinin nəzəri-estetik bazasını işləyib hazırlamışdır. O, özünün layiqli davamçılarını yetişdirdi. Şöbənin yarandığı ilk vaxtlardan aparılan elmi tədqiqatlarda Əziz Mirəhmədov, Kamal Talıbzadə, Yaşar Qarayev, Orucəli Həsənov, Gülrux Əlibəyli, Arif Hacıyev, Qulu Xəlilov, Yəhya Seyidov, Şamil Salmanov, Vəli Osmanlı, Elçin Əfəndiyev, Arif Səfiyev kimi tanınmış alimlər yaxından iştirak ediblər.

AMEA-nın müxbir üzvü və Məmməd Cəfər Cəfərovdan sonra şöbənin müdiri vəzifəsinə seçilən (1982-1992) Yaşar Qarayev Azərbaycan realizmi tipinin mövcudluğunu əsaslandırdı və onun mərhələləri haqda mübahisələrə həlledici aydınlıq gətirdi. O, eyni zamanda dramaturgiya, xüsusən faciə janrına aid tədqiqatları ilə nəzəriyyə tariximizdə, özünəməxsus yer qazandı. Yaşar Qarayev ədəbi-tənqidi məqalələri ilə fəlsəfi-estetik tənqidçi kimi tanınmışdır. Onun şöbəyə rəhbərlik etdiyi dövrdə şöbədə iki bölmə fəaliyyət göstərib: Müasir ədəbi proses (rəhbəri: professor Şirindil Alışanlı) və Ədəbi tənqidin və ədəbiyyatşünaslığın metodologiyası (rəhbəri: professor Şamil Salmanov). Müasir ədəbi proses bölməsinin bazası əsasında professor Akif Hüseynovun rəhbərliyi ilə müstəqil şöbə yarandıqdan sonra həmin bölməni Şirindil Alışanlının təşəbbüsü ilə yaradılan Tarixi poetika (rəhbəri: Şirindil Alışanlı) bölməsi əvəz etdi. Onu da qeyd etmək lazımdır ki, ədəbiyyatşünaslığın bir sahəsi olan ədəbi tənqidə aid son illərə qədər ayrıca şöbə fəaliyyət göstərmirdi. Akademik İsa Həbibbəyli institutumuzun direktoru seçildikdən sonra Ədəbiyyat nəzəriyyəsi şöbəsinin bazası əsasında Vaqif Yusiflinin rəhbərliyi ilə Ədəbi tənqid şöbəsi də yaradılmışdır.

Ədəbiyyat nəzəriyyəsi şöbəsinə 1992-2006-cı illərdə rəhbərlik edən professor Şamil Salmanov tənqid tarixinin nəzəri aspektlərinə, ədəbi tənqidin metodologiya və tipologiyasına, ədəbi prosesin ənənə və novatorluq müstəvisində dəyərləndirməsinə həsr olunmuş əsərlərində ədəbiyyatşünaslığımızın bir sıra aktual problemlərini tədqiq etmişdir.

2006-2012-ci illərdə Ədəbiyyat nəzəriyyəsi şöbəsinə professor Nizaməddin Şəmsizadə rəhbərlik etmişdir. Onun yaradıcılığının əsas istiqamətlərini tənqid tarixi, ədəbiyyatın inkişaf qanunauyğunluqları, ədəbiyyat və ideologiya məsələləri təşkil edir.

Ədəbiyyat nəzəriyyəsi şöbəsi hər zaman yetişdirdiyi kadrlarla fərqlənmişdir. Bu kadrlara nümunə olaraq AMEA-nın həqiqi üzvləri: Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, İsa Həbibbəyli, Nərgiz Paşayeva, Muxtar İmanov, AMEA-nın müxbir üzvlər: Əziz Mirəhmədov, Yaşar Qarayev, dövlət xadimləri, millət vəkilləri: professorlar: Elçin Əfəndiyev, Vilayət Quliyev, İsrafil İsrafilov, fil.e.dr. dos. Əziz Ələkbərli, fil.ü.f.dr. Səyyad Aran, AMEA-da, universitetlərdə çalışıb və nüfuzlu alim kimi tanınan elmlər doktorları, professorlar: Məmməd Əliyev, Timuçin Əfəndiyev, Şirindil Alışanlı, Vaqif Yusifli, Rəhim Əliyev, Məryəm Əlizadə, Rəhilə Qeybullayeva, Hüseyn Həşimli, Asif Hacılı, İsmayıl Vəliyev, İlham Rəhimli, Şamil Vəliyev b.

Ədəbiyyat nəzəriyyəsi şöbəsində son illər klassik Azərbaycan və Şərq ədəbiyyatlarının nəzəri məsələləri, bədii əsərin strukturu, ədəbi növ və janrlar, təhlil metodları, nəzəriyyə tarixi, milli kimlik, mifopoetika, neosufizm və s. kimi aktual problem və elmi istiqamətlərə həsr olunmuş elmi tədqiqatlar aparılmışdır. Şöbə biri fərdi (layihənin qalibi fil.ü.f.dr. Maral Yaqubova), biri isə kollektiv (layihə rəhbəri fil.e.dr. professor Tahirə Məmməd) olmaqla iki dəfə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun qrant layihəsini qazanmışdır. Kollektiv şəkildə yerinə yetirilən layihə əsasında 4 tək müəllifli monoqrafiya (Tahirə Məmməd, Rəhilə Qeybullayeva, Pərvanə Bəkirqızının monoqrafiyaları) və "Ədəbiyyat nəzəriyyəsi" (müəliflər: akademik İsa Həbibbəyli (eyni zamanda redaktor və ön söz müəllifi), professorlar: Tahirə Məmməd, Rəhilə Qeybullayeva, fil.e.dr. dos. Pərvanə Bəkirqızı, fil.ü.f.dr. Maral Yaqubova) iki cildlik monoqrafik tədqiqat çap olunmuşdur. Həmin layihənin elmi nəticələrinin Türkiyədə, Qazaxıstanda, İngiltərədə, Amerikada, Rusiyada tanınmış universitet və elmi qurumlarda təqdimatı keçirilmişdir. "Ədəbiyyat nəzəriyyəsi" layihəsi yerinə yetirilmə səviyyəsinə görə pilot layihə elan olunmuşdur.

Şöbəmizdə hazırda 17 əməkdaş çalışır. Onlardan dördü elmlər doktoru, doqquzu fəlsəfə doktorudur. 1 nəfər elmlər doktorluğu, 3 elmi işçimiz isə fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi ərəfəsindədirlər. Əməkdaılarımız: şöbə müdiri fil.e.dr. professor Tahirə Məmməd, fil.e.dr. professor Akif İmanlı, fil.e.doktoru, dosentlər: Pərvanə Bəkirqızı və Cavanşir Yusifli, fil.ü.f.dr., dosentlər: Rasim Nəbioğlu, Simuzər İsmayılova, Aqşin Dadaşzadə, Maral Yaqubova, fil.ü.f. doktorları: Aysel Qurbanova, Şəfa Əliyeva, Şəhanə Əliyeva, Güntəkin Musayeva, Dilarə Əliyeva, elmi işçilər: Leyla Rzayeva, Şəmsurə İsmayılova, baş laborant, doktorant Günel Əhmədova, operator Xatirə Mahmudova. Adı çəkilən alimlərimiz hər biri əldə etdiyi nailiyyət, yeniliklərə görə kifayət qədər Respublika və Respublikadan kənar elmi ictimaiyyətdə tanınmışdır. Ölkəmizin elmi, ictimai həyatında fəal iştirak edirlər. Professor Akif İmanlı Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Filologiya üzrə Dissertasiya Şurasının, Cavanşir Yusifli Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin Dissertasiya Şurasının üzvləridir. Pərvanə Bəkirqızı Azərbaycan Respublikası Prezidenti yanında AAK -in Filologiya üzrə Ekspert Şurasının müavinidir. Tahirə Məmməd Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının sədr müavini, Maral Yaqubova və Aysel Qurbanova Şura üzvləridir. Şəfa Əliyeva Ədəbiyyat İnstitutunun Gənc alim və Mütəxəssislər Şurasının sədridir. Dilarə Əliyeva Ədəbiyyat İnstitutunun YAP ilk Ərazi partiya təşkilatının sədr müavinidir.

Ədəbiyyat nəzəriyyəsi şöbəsi gənc alim və mütəxəssislərin sayına görə İnstitutda birinci yerdədir. İstər Ədəbiyyat nəzəriyyəsi, istərsə də digər şöbələrdə çalışan gənc kadrlara İnstitutumuzda yüksək qayğı və tələbkarlıqla yanaşılır. Onların elmi işlərinin çapına, konfranslarda iştiraklarına (Respublika və Respublikadan kənar), vaxtında dissertasiyalarının müzakirə və müdafiə olunmasına hər cür şərait yaradılıb.

Şöbə bir sıra elmi seminar, müşavirə və konfransların keçirilməsində baza rolu oynamışdır. Bunlardan ən mühümü kimi "Fizika və lirika" silsiləsindən olan, beynəlxalq və Respublika səviyyəsində keçirilən konfransları göstərə bilərik. Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə keçirilən bu konfranslar elmlərarası əlaqənin güclənməsi, interdsiplinar və multidisiplinar tədqiqatların inkişafı baxımından son dərəcə əhəmiyyətli və aktualdır.

Şöbə əməkdaşları ədəbiyyat nəzəriyyəsi sahəsində aparılan tədqiqatlar əsasında məqalələr çap edən Poetika.İzm jurnalında yaxından fəaliyyət göstərir.

Ədəbiyyat nəzəriyyəsi şöbəsi öz tədqiqatları, mədəni, sosial fəaliyyətləri ilə millətimizə, dövlətimizə xidmət edir və dünya nəzəri fikrindən geridə qalmamağa, ədəbiyyatımızı beynəlxalq aləmdə tanıtmağa çalışır.

Другие новости