Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

TRADE UNION

Vilash (Masalli) tour orginized by the Trade Union of the Institute of Literature named after Nizami Ganjavi

14-03-2017 [ 14:24 ] [ read:844 ]
printer A+ | A-

Nizami adına Ədəbiyyat İnstitutunun Həmkarlar İttifaqının təşkil etdiyi bu tur bir çox fərqli cəhətləri ilə möhtəşəm və yadda qalan oldu. Həmkarlar İttifaqı sədrinin və üzvlərinin bütün detallarına qədər düşünülmüş səfər proqramı ürəkaçan, göz oxşayan səyahət marşrutları ilə, duzlu-məzəli masa söhbətləri ilə, mahnı və rəqs sürprizləri ilə, bədii qiraət yarışmaları ilə zəngin idi. Masallı istiqəmətində yola çıxan avtobusun sərnişinləri ədəbiyyatçılarımız olsalar da, möhtəşəm bir səyyar incəsənət festivalının iştirakçıları təəssüratını yaratmaqda idilər.

Həmkarlar İttifaqının sədri Asif Rüstəmlinin “uğurlar” diləyi ilə start götürən avtobus 40 insanı yeni ünsiyyət sevinclərinə doğru aparırdı. Axı adətən belə səfərlər zamanı insanlar arasında ünsiyyət, mehribanlıq, səmimiyyət, bir kollektivin üzvlərinin duya biləcəyi doğmalıq hissi daha da güclənmiş olur.

Yol boyu aparıcılıq missiyasını öhdəsinə götürmüş Fatma xanımın qırx nəfərlik bir kollektivi diqqət mərkəzində saxlaması, hər kəsə söz verib, dinməyəni belə dindirməsi, güldürməsi, Leyla xanımın məlahətli ifası, gözəl musiqi təranələri yolçuluğumuza bir ayrı rövnəq verirdi.

Masallıda isə tur iştirakçılarını yaraşıqlı istirahət guşələri, əyləncə mərkəzləri, ən əsası isə güllü-çiçəkli, yaşıl donlu təbiət mənzərələri ilə əhatə olunmuş “Viləş” oteli gözləyirdi.

Masallıda olub İstisuya baş vurmamaq mümkün deyil. Ona görə də ilk gəzinti marşrutumuz İstisuya idi. Dəstə-dəstə olub deyə-gülə gəzdiyimiz hər yerdə qayğımıza qalan, bizi gözdən qoymayıb hər istəyimizi, ehtiyacımızı qarşılayan təşkilatçılarımızın diqqətdarlığı xüsusi qeyd edilməlidir.

Səfərin hər gününün ləziz yemək süfrələri həmkarlarımızın maraqlı “masa söhbətləri” ilə davam etdi. Qarşıda isə bizi möhtəşəm bir gecə gözləyirdi. Demək olar ki,bütün “Viləş” otelini öz sehrinə salmış bu gecədə rəqs etməyən, gözəl təranələr altında - yaşlı, cavan, uşaq - qol qaldırıb süzməyən qalmadı. Bir-birinin ardınca səslənən canlı ifalar, Leyla xanımın lirik mahnıları, şıdırğı oyun havalıarı heç kəsi biganə qoymadı. Musiqisi, söz-söhbəti, poeziya sovqatı, mahnı çələngi ilə gəlmiş qonaqlarını bədnəzərdən qorumaq üçün Otel rəhbərliyi məclisimizə üzərrik tüstülətməyi də unutmadı. Hələ atəşfəşanlığı demirik...

Beləcə başa vurulan gecənin səhəri günü üzlərdə sevinc dolu bir təbəssüm izi vardı, sanki insanlar üzünün, sözünün nuru ilə paylaşırdı. Növbəti Yardımlı şəlaləsinə səfər də eyni ahəngdə davam etdi. Şəlalənin şəffaf suyunun şırıltısı ürəklərə, ürəklərin sevinc, gülüş səsləri şəlalənin şırıltısına qovuşdu.

Bakıya dönməyə hazırlaşan tur iştirakçılarını geriyə 4 saatlıq yol gözləyirdi. Amma yol boyu başalayan bədii qəraət yarışması, müxtəlif canlı ifalarla vaxtın necə keçdiyini hiss etmədik. Azərbaycan dilində, fars, ərəb, rus dilində şeirlər səsləndi, elə həmin dillərdə mahnılar oxundu, muğamlar ifa edildi. Hətta folklora, uşaq mahnılarına, xatirələrə, lətifələrə də yer verildi.

 Beləcə “Bakı -“Viləş”- Bakı marşrutu üzrə poeziya və musiqi səyyar festivalımızın karvanı öz dayanacağına yetişdi. Bizsə bu turun iştirakçısı olaraq Həmkarlar İttifaqımızın sədri Asif Rüstəmliyə və büro üzvlərinə minnətdarlıq və təşəkkürümüzü bildirib, yeni səfərlər arzusu ilə yeni iş həftəmizə yüksək ruhla başlamaq üçün evlərimizə yollandıq.

PHOTO GALLERY